Bu gün Azərbaycan kino tarixində ilk rəngli bədii filmin rejissoru Hüseyn Seyidzadənin anım günüdür.
Kulis.az bu münasibətlə onun haqqında materialı təqdim edir.
Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda doğulub. Atası Mirəli bəy tacir, anası Ruqiyyə xanım isə evdar qadın idi. Ailə 1918-ci ilə qədər Qəmərlidə yaşayıb. 1918-ci ildə 8 yaşlı Hüseynin ailəsi doğma yurdu tərk edərək əvvəl Tiflisə, sonra isə Bakıya köçməli olur. Bakıya köçəndə Hüseyn artıq üçüncü sinifdə oxuyurdu...
Həyatda qarşılaşdığı ilk böyük faciəni də elə uşaqlıq illərində yaşayır. Kiçik yaşlarında atasını itirir. Atası Mirəli bəy Qarsda vəfat edir və elə orada da dəfn olunur. Atasının vəfatından sonra Hüseyni və ailəsini əmisi Mirqasım Seyidov saxlayır. O, qardaşının övladlarını öz doğma uşaqlarından ayırmır, onları öz balaları kimi böyüdür.
Hüseyn Seyidzadə bir müddət Bakıda Lenin adına Trikotaj Fabrikində fəhlə işləyir. 1928-ci ildə Bakı İşçi Teatrında kütləvi səhnələrdə çıxış edir və burada aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr onu təhsilini davam etdirmək üçün Leninqrada göndərir. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə isə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir.

Ancaq kinoya olan həvəs və sevgi özünü hələ uşaqlıqdan göstərirdi. Bacısı Zəhra xanım xatirələrində danışırdı ki, “Hüseyn tez-tez dərsi buraxır, kinoya qaçırdı. Pulu olmayanda isə seansdan sonra stullar arasında gizlənib, növbəti seansa da baxırdı. O, elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, “Əlsizlər” filminə çəkdirmişdi”.
Hüseyn Seyidzadə bir ilə yaxın Bakı Kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildə isə Moskvaya yola düşür. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır. Kuleşov və Eyzenşteynin rejissorluq emalatxanasında, “Lenfilm”, “Mosfilm”, Maksim Qorki adına Kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor kimi işləyir. Sovet ekranının adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Pudovkinin rəhbərliyi altında çalışır. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində dublyaj rejissoru və rejissor assistenti kimi işləyir.
Onun müstəqil rejissor kimi kino həyatı “Ayna” filmi ilə başlayır. Amma elə ilk dəfədən də uğursuzluğa düçar olur. Niyazi Bədəlovla birgə çəkdiyi film məlum olmayan səbəblərdən yarımçıq dayandırılır. Bundan sonra yarımçıq qalan “Ayna”nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkirlər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan film bu dəfə “Sovqat” adlandırılır. Baş rolu Leyla Bədirbəyli ifa edir.

1956-cı ildə, nəhayət, kino taleyi Hüseyn Seyidzadənin üzünə gülür. O, Azərbaycan kino tarixində ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filminə quruluş verir. İlk təqdimatından sonra film böyük tənqidlərə tuş gəlir. “Kommunist” qəzetində çıxan yazıda “...Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər... Eybəcər oyunbazlıqlar... Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir...” kimi fikirlər filmin şöhrətinə kölgə salır. Lakin bunların heç biri filmin ekran ömrünü qısalda, şöhrətini və tamaşaçı sevgisini azalda bilmir. Azərbaycanın ən böyük aktyorlarının “çələngi” sayılan bu film 60-dan artıq ölkədə nümayiş olunur.
1960-cı illərdə baş vermiş bir hadisə isə Hüseyn Seyidzadəni xeyli sarsıdır. Belə ki, şair Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin birgə yazdığı “Var olun, qızlar” ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək bu ssenarinin onun 1961-ci ildə “Azərbaycan” jurnalında dərc edilmiş “Bizim sahildə” adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin dayandırılmasını tələb edirdi. Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi kimi təsdiq olunur. Ancaq filmi rejissor Eldar Quliyev çəkir.

Rejissorun 1969-cu ildə ekranlaşdırdığı “Dəli Kür” filminin taleyi də xeyli ağrılı olur. Moskvada Kino Komitəsinə təhvil verilərkən rejissoru filmin finalını dəyişdirməyə məcbur edirlər. Əks halda film, ümumiyyətlə, ekranlara buraxılmayacaqdı. Nəticədə Hüseyn Seyidzadə məcburiyyət qarşısında qalaraq filmin axırını dəyişir. Filmin sonluğu əslində belə çəkilmişdi — Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür və özü də vurulur. Cahandar ağa özünü suya atır, bununla da film başa çatır. Arxadan isə “Ana Kür” mahnısı səslənir. Lakin rəhbərlik göstəriş verir: necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor həmin səhnəni kəsərək dəyişir, sonda Allahyar Cahandarı öldürür. Film uzun zaman bu cür nümayiş olundu. Lakin Xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində filmin ilkin nüsxəsi sonradan tamaşaçılara təqdim olundu.
Bu, rejissorun təzadlı kino həyatında aldığı növbəti zərbələrdən biri olur. “Dəli Kür”dən düz 9 il sonra, 1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmi olan “Qayınana”nı çəkir. Qarşısına çıxan, hətta qəsdən yaradılan maneələrə və haqsızlıqlara rəğmən, o, həm ilk, həm də son bədii tammetrajlı filmi ilə adını Azərbaycanın kino tarixinə əbədi həkk edir.

Bu 9 il ərzində Hüseyn Seyidzadə bir neçə dəfə böyük haqsızlığa düçar olur. Xüsusən də “Qatır Məmməd” filmi ilə bağlı yaranan problem ona mənən ağır zərbə vurur. İlkin variantda “Gəncəbasarlı qisasçı” adlanan bu film studiyanın 25 oktyabr 1970-ci il tarixli əmri ilə Hüseyn Seyidzadəyə verilir. Ssenari isə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunur. Elə ilk oxunuşda Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsirləri aydın görür və iclasda öz fikirlərini açıqca söyləyir. Ssenari müəlliflərinə məsləhətlərini vermək məqsədilə 3 dəfə Moskvaya ezam olunur. Müəlliflər də əvvəlcə onunla razılaşırlar. Ancaq sonradan Hüseyn Seyidzadənin süjeti tamamilə dəyişdirməsinə qəti etiraz edirlər. Uzun mübahisələrdən, çəkişmələrdən və yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Yeni ssenari müəllifləri cəlb olunur. Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır.
Lakin kimlərinsə gizli oyunu nəticəsində film 1974-cü ildə Hüseyn Seyidzadədən alınır. Buna "ssenari üzərində öz bildiyi əməlləri həyata keçirib, filmi istədiyi kimi lentə alıb, 1973-cü il dövlət planını pozub, filmi vaxtında təhvil verməyib və s." kimi bəhanələr səbəb göstərilir. Beləcə, 4 illik əziyyəti heçə sayaraq filmi Rasim Ocaqova verirlər. Deyilənlərə görə, Rasim Ocaqovun qarşısına belə bir şərt də qoyurlar: əgər o, bu filmi çəkib başa çatdıra bilərsə, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı əldə edəcək. Nəhayət, bir neçə rejissorun imtina etdiyi “Qatır Məmməd” filminə Rasim Ocaqov kinoda rejissor kimi ilk işi olaraq quruluş verir. Hüseyn Seyidzadə Qatır Məmməd roluna Əlabbas Qədirovu çəkmişdi. Rasim Ocaqov isə məlum olduğu kimi, Şahmar Ələkbərovu çəkir.

Kinotənqidçi Aygün Aslanlının Fuad Poladov haqda yazdığı “Skafandrlı adam” kitabında aktyorun bir fikri bu kontekstdə olduqca maraqlıdır:
“Seyidzadə «Qatır Məmməd» filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsinizsə, ssenariyə əlavələr eləməyə də icazə verin. Maklyarski, Rapoport nə qanır, Qatır Məmməd kimdir?! Onun haqqında nə yaza bilərlər axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın, qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı: «Mən necə başlamışamsa, elə də bitirəcəyəm, ya da çəkmirəm», — dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi «Qayınana»da nəsə eləməyə çalışırdı. İmkan vermirdilər. Hər tərəfdən sıxışdırırdılar onu. Çünki həddindən artıq ötkəm adam idi. Dili də vardı, dilçəyi də. Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi. Sözünü birbaşa üzə deyirdi. Nə kinostudiyanın direktorundan qorxurdu, nə başqalarından. İstedadlı olduğu üçün və istedadına arxayın olduğu üçün belə xasiyyəti vardı”.
Hüseyn Seyidzadənin kino taleyində aldığı növbəti zərbə “Dərviş Parisi partladır” filmi ilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır. Ürəyi xəstəlik tapır. Elə bu dərd-qəmlə dolu ürək də onun həyatına son qoyur...
Seyidzadələr əsilli-nəcabətli ailə olublar. XIX yüzilliyin sonunda qədim Qəmərli kəndində yaşayıblar. Onların vaxtilə İrəvanda yaşadıqları ev indi uşaq bağçasıdır. Hüseyn müəllimin bacısı Həqiqət xanım Şərqdə ilk qadın ortoped-travmatoloqu olub. O biri bacısı Zəhra xanım isə mühəndis idi. Qardaşlarından Həsən Seyidov Mərkəzi Komitədə kənd təsərrüfatı üzrə müavin, Bağır Seyidzadə görkəmli jurnalist, diplomat və nazir, İbrahim Seyidov isə təyyarə mühəndisi olub. Ümumiyyətlə, o nəslə “Qara seyidlər” deyirdilər. Bu da onların ağır seyid olmaları ilə əlaqədardır.
Ancaq təəssüf ki, belə bir ailənin üzvü, həm də əsl sənətkar və ustad olan Hüseyn Seyidzadə çox böyük haqsızlıqlara, ədalətsizliklərə düçar oldu. Ürək ağrısı tapdı. Üstəlik, ömrünün sonuna qədər tənha yaşadı.

Hüseyn Seyidzadə ömrünün sonunadək rəsmi ailə qurmayıb. Ancaq deyilənə görə, onun münasibətdə olduğu, sevdiyi qadın və bir oğlu olub. Rejissor bu qadınla Moskvada oxuyub işlədiyi zaman tanış olub. Elə o xanımdan da bir oğlu dünyaya gəlib. O, oğluna atasının (Əli) adını qoyur. Rejissorun öz ailəsi ilə hansı səbəblərdən bir yerdə yaşamaması məlum olmasa da, Bakıya qayıdandan sonra onlarla əlaqəsini kəsmir. Oğlu Əli tez-tez Bakıya gəlib-gedir. Amma sonralar hansısa səbəblərdən əlaqə kəsilir. Hətta nə sevdiyi qadın, nə də oğlu onun ölümündən xəbər tutur, yasına və məzarı üstünə gələ bilmirlər. İndi də onların harada yaşadıqları, sağ olub-olmadıqları bilinmir.

Hüseyn Seyidzadənin vəfatından xəbər tutmayanlardan biri də anası Ruqiyyə xanım olur. Ailə üzvləri oğlunun ölüm xəbərinə dözə bilməyəcəyindən qorxaraq, qoca anadan bunu gizlədirlər. Ancaq az müddət sonra rejissorun anası da oğlunun ölümündən xəbərsiz halda dünyasını dəyişir.

Hüseyn Seyidzadə isə həyatla xəstəxanada vidalaşır... Onu haldan salan ürək ağrılarına baxmayaraq, yaşayıb-yaratmaq eşqi ilə hər gün kinostudiyaya gəlib-gedir, işləməkdən yorulmurdu. Amma yenə də xoşagəlməz hadisələr, ünvanına deyilən haqsız iradlar və ədalətsizliklər hər addımda onu izləyir, işinə mane olurdu. Günlərin birində kinostudiyadakı iclasda yaranmış münaqişə vaxtı ona deyilən haqsız iradlara ürəyi dözmür və səhhəti pisləşir. O, bir ay xəstəxanada müalicə olunur. Evə buraxılmağına bircə gün qalmış — 1979-cu il iyunun 2-də ürəyi partlayır. Ölüm də onu haqsızlıqlardan qurtara bilmir. Adi qəbiristanlıqların birində səssiz-səmirsiz, sakitcə dəfn olunur. 1988-ci ildə buraxılan “Azərbaycanın kinorejissorları” kitabına da adı salınmır.