Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət
19 avqust 2025
# 15:54

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Bir az əvvəl sosial mediada qarşıma bir videoçəkiliş çıxdı. Bu dəfə “qəhrəmanımız” bir “həkimi-biəməl”dir. Bir zamanlar saç ustası olduğu deyilən, indi isə “Dr. Gülü” adı ilə ictimaiyyətə həkim kimi sırınan Abdullayeva Gülbədə adlı bir nəfər hansısa əməliyyat otağında tibb bacısı ilə birlikdə əməliyyat masasında böyük ehtimalla narkoz altında - anlaqsız vəziyyətdə tam çılpaq şəkildə uzanan pasientin üzərində deyə-gülə sözün hər mənasında “qılınc oynadır”!

Bu sarsıdıcı və ikrahdoğuran görüntülər artıq tibbi peşə sahiblərinin də nə qədər simasızlaşdığının, yolundan çıxdığının göstəricisidir.
Niyə belə bir biabırçılıq açıq-saçıq şəkildə baş verir və kimlərin marağına xidmət edir?

Bu, yalnız etik qırmızı xətti deyil, həm də insan hüquqlarının, şəxsi məxfiliyin və ən əsası insan ləyaqətinin kobud pozulmasıdır.
Gülbədənin diplomu, lisenziyası varmı, yoxmu — bu sual hüquq-mühafizə orqanlarına, tibb sahəsi üzrə müvafiq qurumlara aiddir. Amma bir məsələ açıqdır: narkozda olan, anlaqlı vəziyyətdə olmayan, tamamilə müdafiəsiz bir insana qarşı bu dərəcədə hörmətsizlik və amansızlıq birbaşa cinayətdir!

Hər hansı bir Azərbaycan qadını, anası, bacısı, qızı anlaqlı vəziyyətdə belə bir paylaşılmaya, belə bir alçaldılmağa icazə verərmi? Qətiyyən yox!

Son dövrlərdə, ümumiyyətlə, “həkimlər”in sosial mediada əməliyyat prosesindən açıq şəkildə paylaşdıqları müxtəlif qeyri-insani, qeyri-peşəkar və qeyri- etik görüntülərdən sonra belələri üçün heç bir dəyər anlayışının qalmadığını acı-acı düşünürəm.

“Dost Estetik Mərkəzi”ndə çəkildiyi deyilən videoda sadə vətəndaşa qarşı düşməncəsinə münasibət həkimlik adına qara ləkədir.

Bu hadisə məni bir qadın kimi narahat etməklə yanaşı, həm də cəmiyyətimizin necə dərin mənəvi böhrana sürükləndiyinə görə təəssüfləndirir.

Tibbi etik normalar və insan hüquqları ayaqlar altına atılıb, şəxsi həyatın ən intim məqamları ictimai aləmdə biabırçı şəkildə nümayiş etdirilir. Sosial, psixoloji və hüquqi cəhətdən bu, nə qədər acınacaqlıdırsa, insanlıq adına da o qədər utancvericidir.

Bu ölkədə hər kəsin öz peşəsinə və digərlərinin şəxsi həyatına hörmət etməyi öyrənməsi vaxtı çoxdan gəlib çatıb.

Həkim olmaq yalnız əməliyyat etmək deyil, həm də böyük məsuliyyət, insana hörmət və etik davranış deməkdir. Bu görüntülərdən sonra "Dr. Gülü"nün peşəkarlığı barədə danışmaq artıq mənasızdır və əminəm ki, haqqında lazımi ölçü götürüləcək. Və yəqin ki, bundan sonra “Gülü”nün gülə-gülə pasient üzərində oynadığını görən ağlı başında olan hansısa qadın bu vəsilə ilə “gözəlləşməyi”, “estetik prosedurlar”dan keçməyi seçməyəcək.

Amma düşünürəm ki, həmin görüntüləri çəkənlər, yayımlayanlar və buna göz yumanlar haqqında da ciddi araşdırma aparılmalı və onlara müvafiq cəza verilməlidir ki, belə təhlükəli tendensiya cəmiyyətdə vüsət almasın.

Narkoz altında bir insanın, hər hansı bir şəxsin belə alçaldılması — bu, sadəcə etik cinayət deyil, həm də insanlıq dərsinin nə qədər unudulduğunun göstəricisidir. Bu cür hallarla mübarizə aparmaq, sağlam düşüncəni və insan ləyaqətini önə çəkmək hamımızın üzərinə düşən ən vacib vəzifədir.

Əgər bu gün bu kadrlara baxıb gülüb keçənlərdən və etiraz, qınaq səsimizi ucaltmayanlardan olsaq, yəqin ki, “Dr. Gülü”lərin növbəti “nudist əməliyyat filmi”nin çılpaq qəhrəmanı ya özümüz, ya da əzizimiz, doğmamız olacaq!

# 1179 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər