Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi

Mürtəd Mustafa - Xəyal Məmmədovun hekayəsi
20 avqust 2025
# 15:00

Kulis.az Xəyal Məmmədovun "Mürtəd Mustafa" hekayəsini təqdim edir.

Payız ölmüşdü... Ağacların kitrəsi bərkimişdi... Torpaq donmuşdu...

Sükunəti pozan qarğa səsləri vahimə yaradırdı.

Dələduzlarda qış fəsli idi...

Qış da nə qış! Nə soyuq kimi soyuqdu, nə də isti kimi isti. Elə bil burnunun bir deşiyindən Hermesin, digərindən Afroditin nəfəsi ciyərlərinə işləyir. Sanki qışın hermafrodit çağıdır. Gecəsi qardan ağaran, gündüzü Günəşdən saralan qəribə bir qış fəsli...

- Lənətə gələsən, Hacı! Bu qərara nə lüzum vardı axı? Ha kolonkadan çıxdı, ha ağızdan. Söz eyni, səs eyni, axı nə fərqi var. Minarəyə qədər doxsan doqquz pillə qalxmalıyam. Buna dəstəmaz dözər?! Umayın minnətidir keçib boğazıma, yoxsa... Lənət sənə kor şeytan!

Müəzzinin səsindən cuşa gəlib rəqs eləyən qar dənələri namaza tələsən Hacı Dəmiralın başına papaq hörməyə çalışırdı. Dəmiral tez-tez əlini isti cibindən çıxarıb keçəl başını tumarlayır, isti başını soyuq “papaq”dan qoruyurdu. İti addımlarla Allahın evinə uzanan yolu fəth edən hacı məscidin dar qapısından qıvrılıb içəri keçdi. Bayquş kimi başını boynunda gəzdirib gözucu hamını nəzərdən keçirdi.
- Qoca hardadı?
- Minarədən indicə düşüb. Dəstəməz alır, hacı.
- Tələsdirin onu. Günəş gözünü açmadan şəhərə yola düşməliyəm. Vacib işim var.

Hacının sifəti sübhün alatoranında həmişəkindən daha vahiməli görünürdü, amma məsciddəki adamların simasındakı xofun səbəbi bu gün tam başqa idi. Məsələdən xəbərdar olanlar dodağının altında donquldanır, olmayanlar məşədi Ayduza yaxınlaşıb işin sirrini öyrənməyə çalışırdı. Pıçıltı səsləri get-gedə küyə çevrilirdi. Səslər Hacının qulağından yayınsa da, gözündən heç nə qaçmırdı.

- Məşədi, yenə nə yuxu görmüsən? A kişi, sənə nə qədər deyim ki, gic-gic yuxularınla camaatın ovqatını korlama. And olsun imanıma, elə bu əməlinə görə səni Haviyədə yandıracaqlar. Özü də sənin işin çox ağır olacaq ha! Kök adamsan, piy oda həssas olan şeydir.
- Hacı, vallah yuxu məsələsi deyil. Qaçırdıblar, özü də Həmzə Qıratı qaçıran kimi...
- Ayə, kimi qaçırdıblar?
- Yuxumu!
- İlahi, məni cənnətdəki nadanlardan qoru! Qalxın səflərinizi düzəldin. Çiyinlərinizi və topuqlarınızı birləşdirin. Allahu Əkbər!

Bu məscid Dələduzlar kəndində camaat namazının qılındığı yeganə məkan idi. Dəmiralın ulu babasından miras qalan bu nimdaş bina kəndin namaz əhli üçün Kəbə qədər müqəddəs hesab olunurdu. Hacı ulu babasının adını bilmədiyinə görə məscidə Axbaba ismini vermişdi. Yəni AXund BABA.

Dələduzlarda Hərami adlandırlan başqa bir məscid də vardı. Dəbdəbəsi göz qamaşdıran Allahın bu evinə kimsə cəsarət edib ayaq qoxusunu yaya bilmirdi. Hacı cümə xütbələrinin birində cah-calalı ilə insanda mal-mülk ehtirası oyadan bu imarətdə edilən ibadətin Allah tərəfindən qəbul olunmayacağı barədə fətva vermişdi. Təmtəraqlı bu daş-kəsək topasını Hərami adlandırmışdı. Hacının fətvasından sonra, sanki bu məscidi Allah da unutmuşdu...

Namaz bitən kimi Qoca üzünə pişiyi ölən misirli çöhrəsi yansıdıb məşədi Ayduzun yanına yaxınlaşdı. Seyrək qaşlarını alnının qırışlarında gizlədib, gözlərini bərəldərək fısıltı ilə dedi:

- Məşədi, Dəmiralı mütləq məsələdən agah elə. Aramızda Allaha ən yaxın adam odur. Bu elə-belə məsələ deyil ha! Başqasından eşitsə itə dönəcək.
- Ay Qoca, bir az da gözləyək, görək başımıza nə gəlir. Öz qızım olsa da... Adam şəkk də eləmək istəmir.

Həyatı keçməkeşli olanların üzü həmişə nahamar olur. Dələduzlardakı kişilərin də üzü kələ-kötür və yöndəmsiz idi. Bu kənddə gözə xoş dəyən bircə kişi üzü vardı – Mustafa Rəsulun üzü. Üzü kimi özü də bu kəndə yad olan Mustafa Rəsul. Hacının təbirincə “Mürtəd Mustafa”.
Günəş zenitə qalxana qədər Hacı şəhərə çatmışdı. Görüşün vədəsinə hələ bir saat var idi. Maşından düşüb qamətini dikəltdi. Görkəmini səhmana salıb, yorğun düşmüş cüssəsini tarazlayıb, aramla addımlamağa başladı. Dələduzlarda cəsamətli görünən Hacı, şəhərdə necə də cırtdana bənzəyirdi.

Bir az gəzib dolaşdıqdan sonra Şeyxin evinə doğru irəliləməyə başladı. Cibindəki qutudan bir siqaret çıxardıb dodaqlarının arasına qoydu. Yandırıb dərindən bir neçə qullab aldı. Körpə uşaq kimi mızıldanmağa başladı.

- Təzə görüşmüşdük. Bu dəvətin mütləq bir ciddi səbəbi olmalıdır. Günəşin mürgülüyən vaxtı mən şeyxin yadına niyə düşüm axı! Allah bilir kim qulağına nə fısıldayıb yenə. Bunun da hər deyilənə inanmağı olmaya! Adamı imandan soyudur.

Siqaretin kötüyünü yerə atıb, közünü ayaqqabısı ilə söndürdü. Əyilib kötüyü götürmək istədi, qəfil fikrindən danışıb qapının zəngini basdı.

- Buyurun, hacı Dəmiral. Şeyx üçüncü mərtəbədəki qonaq otağında sizi gözləyir.

- Əmioğlu, inşallah ki, xeyir məsələdir. Kələfimi dolaşdırmayıblar?

- Hacı, hər işdə mütləq bir xeyir var. Hər nə olur olsun bircə kələfin ucun itirmə.

- Ağzından xeyir söz eşitmək istədik, sən də canıma lap xof saldın. Az qala yadımdan çıxacaqdı. Sürücüyə zəng elə maşını qapının ağzına versin. Baqaj doludur. Şeyxə pay gətirmişəm. Hə, bir də siqaretin kötüyünü qapının ağzına atmışam, onu da götürsün. Şeyx görüb əsəbləşər.

Hacı pilləkanları aramla qalxıb qonaq otağına yaxınlaşdı. Şeyxin göz işarəsindən sonra nəzakətlə təzim edib, içəri keçdi. Süfrənin arxasında bardaş qurub oturdu. Səssiz şəkildə Şeyxin zikrini bitirməsini gözlədi.

Minnət Sultanzadənin Şeyx titulunu almasından uzun zaman keçmişdi. Bu günə qədər bir Allahın qulu belə onun peyğəmbər nəslindən olmasına şəkk gətirməmişdi. Onun vasitəsilə edilən duaların Allah dərgahında tez qəbul olunması Şeyxin malikənəsini qibleyi-aləmə çevirmişdi.

Təsbehin daşları bir-birinə dəydikcə qəribə bir zingilti səsi yayılırdı. Elə bil Hacının həyacandan doğan zarıltısı təsbehin zingiltisində əks olunurdu. Üç dəfə səsli şəkildə əlhəmdülillah deyərək başını qalıdırıb gözlərini Hacının üzünə zillədi.

- Dəmiral, ərəblər təsbehə "subha" deyirlər, mənası "Allahı tərifləmək" deməkdir. Müsəlmanlar təsbehi brahmanlardan əxz etmişlər. Bilirdin bunu?

- Şeyx, mən avam adamam, bunları bilməyim müşkül məsələdir. Bir Allah şahiddir ki, mən sizin mərhəmətinizə sığınan, kəramətinizdən güc alan adamam. Allah məni zərrə qədər sevirsə, o da sizin xətrinizədir.

- Maşallah, dilin təsbeh kimidir. Mədh etməyi yaxşı bacarır. Hacı, Dələduzlarda nə hoqqa baş verir?

- Vallahi heç nə baş ver...

Hacı cümləsini tamamlamadan səhər məsciddəki qaynaşmanı xatırladı. Başa düşdü ki, məsciddəki pıçıltını Şeyxin qulağına çoxdan fısıldayıblar. Hacı çox pis pərt olmuşdu. Axı illərdir Dələduzlarda tək Əzrailin işindən başqa Hacının xəbəri olmadan heç bir hadisə baş vermirdi. Bu gün isə baş vermişdi və Şeyxin hali olduğu məsələ onu bura gətirmişdi.

- Deyəsən minbərini itirmək istəyirsən ha! Vəz söyləyən adamın dili qədər qulağı da iti olmalıdır. Dələduzlar aləmə car çəkib ki, məşədi Ayduzun lal qızı bu gecə Allahla danışıb.

- Əstəğfirullah, bu boyda hoqqa olmaz, ay Şeyx. Bir yanlışlıq var. İnsanla danışa bilməyən qız Allahla necə danışsın!

- Get camaatı topla məscidə, başlarına ağıl qoy. Bu qıza inananlar çoxalsa nəyin baş verəcəyini yəqin təxmin edirsən.

- Şeyx, and olsun cəddinə, bu olacaq iş deyil. Bu gün məsələni yoluna qoyacam.

- Məğribə qədər vaxtın var. Günəş batmadan çıxan bu səsləri batır.

Hacı cəld dikəlib, otaqdan çıxdı. Bir az getməmiş uşaq kimi yüyürüb geri qayıtdı. Həyacandan başını itirdiyini bildirib, sağollaşmadan çıxdığı üçün üzrxahlıq etdi. Şeyx başı ilə ona getməsini işarə etdi. Hacı otaqdan çıxan kimi arxasınca səsləndi:

- Dəmiral, o qız camaata bəyan edib ki, bu gün Dələduzlarda hörmətli bir ailənin evindən ölü çıxacaq. Sürücünə de ehtiyatlı sürsün. Qəza edib ölüb eləyərsən. Sən cəhənnəmə, kiçik bir yalanı böyük bir həqiqətə çevirərsən. Mürtəd Mustafanı da qızın həndəvərinə buraxma.

Hacı pilləkanları düşüb, qapıdakı adama yaxınlaşdı.

- Kələfin ucun tapmışam. Qəti narahat olmayın. Payları götürdün?

- Götürmüşəm. Çox sağ ol, Hacı. Bu kitab da məndən sənə hədiyyə olsun. Şeyxə də vermişəm. Yaxşı kitabdır. Yolboyu oxu başın qarışsın. Təsbeh haqqındadır. Ərəblər təsbehə subha deyirmiş e.

Hacı maşına əyləşib dərindən bir nəfəs aldı. Üzünü ovucuna alıb ovuşdurmağa başladı. Maşının pəncərəsinin şüşəsini aşağı endirib bir siqaret yandırdı. Tüstünü böyük bir yanğı ilə ciyərlərinə çəkdi.

Yumruğunu sıxıb şəhadət barmağını dişlədi. Yavaş-yavaş toxtamağa çalışdı. Dodağının altında donquldana-donquldana başını yellədi.

- Qızılay gecə Allahla danışır, bu xəbər məndən əvvəl şeyxə çatır. Gecə və gündüz mələkləri görüşmədən Şeyx məni hüzuruna çağırır. Amma görüş bu qədər sakit keçir. Şeyx də, qapıda duran o heyvərə də əsəbi görünmür. Dünənə qədər Quran oxuyanlar bu gün təsbeh haqqında kitab oxuyurlar. Başa düşə bilmirəm, amma nəsə düz getmir. Şeyxin cəddinə qurban olum, bu da düzələr. Onun bildiyini mən bilə bilmərəm.

Üzünü sürücüyə tutub dedi:

- Sür Məşədi Ayduzun evinə. Vaxtımız azdı, möhkəm sür. Yox, yox! Sakit sür və ehtiyatlı ol! Qocaya da denən camaatı yığsın məscidə. Mən gələnə qədər kimsəni Dələduzlardan çıxmağa qoymasın. Maşını saxla, sonra telefonla danış.

Qızılay məşədi Ayduzun ikinci arvadından olan sonbeşiyi idi. Doğulanda ağlamadığı üçün hamını heyrətləndirmişdi. Zaman keçdikcə Qızılay çox ağlamışdı, amma yenə də heç kim eşitməmişdi. Qızılayın ünsiyyət əzası gözləri idi. Dəniz rəngində olan iri göz bəbəkləri bu qızın qara çöhrəsində ilahi nur kimi parlayırdı. Allah Dələduzlarda biri ilə danışası olsaydı, yəqin ki, o, elə Qızılay olardı.

Dələduzlara çatmağa az qalmışdı. Hacı yolboyu yuxulamışdı. Gözlərini açıb, gərnəşərək qəribə bir səs çıxardı. Əllərini yuxarı qaldırıb sağ-salamat çatdığı üçün Allaha şükür duası oxumağa başladı. Duasını bitirinə qədər telefonuna bir neçə dəfə zəng gəldi. “Amin” – deyib telefonu cibindən çıxartdı. Zəng hələ də davam edirdi. Ekranda oğlu Vaqifin adı yazılmışdı.

- Alo, Vaqif, Qocaya mən demişəm. Ya hamı kimi məscidə get, ya da cəhənnəm ol, otur evdə. Qocaya əngəl törətmə.

- Ata, nənəm öldü!

- Kim öldü, kim öldü?

- Payız nənəm. Payız öldü.

Payız ölmüşdü... Ağacların kitrəsi bərkimişdi... Torpaq donmuşdu...

Qadınların ağlaşma səsləri vahimə yaradırdı.

Qış oğlan çağının doğuşuna hazırlaşırdı.

* * *
Qızılayın insanlara çatdırdığı vəhy təsdiqini tapmışdı. Payızın ölümü möcüzə kimi qarşılanmışdı. Vəsvəsələri inam əvəzləmişdi. Yad üzlər peyda olmuşdu küçələrdə. Ayduzun evi ziyarətgaha çevrilmişdi.

Qızılayla göz-gözə gəlmək insanların simasında ümid işartısı yaradırdı. Onun dəniz mavisi gözlərində öz əksini görənlərin ümidləri yelkən açırdı. Allahın biganə qaldığı yalvarışlara övliyalarla yanaşı, Qızılay da minnətçi düşmüşdü. Adının zikr olunduğu dualar ayinə çevrilmişdi. Bu yalvarışlar mənə “Bütün müqəddəslərə Litaniya duası”nı xatırladırdı.

Müqəddəs Yəhya vəftizçi, bizim üçün dua et!

Müqəddəs Avqustin, bizim üçün dua et!

Mübarək Qızılay, bizim üçün dua et!

Bütün dualar necə də oxşardır, İlahi! Min il bundan öncə oxunan da, Payızın ölümündən sonra yaranan da...

Hər fürsətdə Hacı Dəmirala söz atan Mustafa Rəsul Payız möcüzəsi barədə bir kəlmə də danışmırdı. Xəbər Mustafaya çatanda əl barmaqlarını bir-birinə keçirərək, kiməsə baxırmış kimi gözlərini göyə zilləyib, ciyərlərindəki havanı nəfəsi tükənənə qədər dodaqları arasından yel kimi əsdirmişdi. Qəfil üz əzələsi boşalmış, simasında anlaşılmaz ifadə peyda olmuş, yanağından süzülən göz yaşları ağzının dadını dəyişənə qədər qəhqəhə çəkmişdi.

Gülüş insan hisslərinin ən müəmmalı ifadəsidir. Hələ gülüş səsələrini göz yaşları da müşayiət edərsə! Bu insan üzünün ən sehrli anıdır. Belə gülüşün özü bir möcüzədir. Ağlaya-ağlaya gülən adam... Bəlkə də buna görə Mustafanın bu halı hər ağızda başqa cür yozulub hədislərə dönüşdü.

Mustafa Rəsul ağlın keşiyində duran adam idi. Ağzında boş söz çiynəməzdi. Dilçəyi dilindən böyük olan bu adama hamı hörmət göstərirdi. Hündür boy, çəlimsiz cüssə və rəngsiz dəri. Bir az da Qızılaya bənzəyirdi surəti. Sanki torpağı bir yerdən götürülmüşdü onların.

Günəş Dələduzlardan üz çevirmişdi. Soyuq adamın iliyinə işləyirdi. Küləyin ritminə könül vermişdi qar dənəcikləri. Bəyaza bürünmüşdü yerin üzü. Sanki təbiət gəlincik düzəltmişdi Dələduzlardan.

Cümə namazının vaxtı idi. Qocanın səsi mənasını başa düşmədiyi sözlərə can verirdi. Küləyin uğultusunda boğulurdu azanın səsi. Allahın görüşünə gələnlərin ayaq izləri gəlinciyi ləkələyirdi. Böyük qələbəlik yaranmışdı Axbabada. Dələduzlular yenə təşvişə düşmüşdülər. Qızılay qeybdən yeni xəbər almışdı. Məşədi Ayduz cümə xütbəsində Tanrının ağzı ilə danışacaqdı.

Mustafa Rəsul Axbabanın arxasındakı Buynuzlu qayanın üzərində əyləşib, səbirsizliklə qeybdən gələn xəbəri gözləyirdi. Qızılayın adını zikr edə-edə Axbabaya baxıb gülümsəyirdi. Qəfil qulağı Vaqifin səsini aldı.

- Sənə həsəd aparıram, Mustafa Rəsul.

- Gəl əyləş, Vaqif. Camaatın mənə yazığı gəlir, sən həsəd aparırsan?

- Yazıq elə camaatın özüdür. Gör necə qoyun kimi toplaşıblar tövləyə. Adını belə bilmədiyimiz ulu babamın nimdaş evini Hacı məscid deyə sırıdı bu sürüyə. İllərdi Hacı çobanlıq etdi, deyəsən bu gündən çomağı Ayduz götürəcək əlinə.

- Hacı nə əcəb razı oldu bəs?

- Şeyx həzrətləri belə buyurdu. Allahın ağzı ilə danışan adamla ədavət aparmaq ağılsızlıqdı dedi. Dəli şeytan deyir şeyxi də öldür, özünü də. Bəlkə camaat bundan sonra ağ günə çıxa.

- Öldürmək də, intihar da günahdır.

- Kimə görə günahdır?

- Allaha görə!

- Şeyxin Allahına, ya Qızılayın... Dünən Qızılayla görüşdüm. Ona İsgəndərin buynuzu var...

- Payız bir təsadüf idi. Təsadüflər tez-tez olmur, Vaqif. Görək bu gün qeybdən nə xəbər gəlib.

- Bilir ki, son xütbəsidir, gör nə qədər uzadır e. Başım bunun səsin götürmür artıq. Gedirəm, onsuz bir azdan bütün Dələduzlar biləcək.

- Demədin niyə həsəd aparırsan mənə.

- Sonra deyərəm.

Hacı xütbəsini bitirib, Ayduzu minbərə dəvət etdi. Məşədinin həyacandan bədəni titrəyirdi. Başa düşürdü ki, onun sözləri Dələduzlarda çaxnaşma salacaq. Vəhyin həqiqət və ya yalan olması bir gün ərzində öz təsdiqini tapmalı idi. Dönə-dönə Qızılaydan xahiş etmişdi ki, olacaqların vədəsini uzatsın. Allahın sözünü təhrif etmək olmaz deyə Qızılay etiraz etmişdi başıyla.

Məşədi döş cibindən bir kağız çıxarıb, qatlarını açmağa başladı. Hər sözü olduğu kimi çatdırmaq üçün oxumaq məcburiyyətində olduğunu bildirdi.

- Bismillahir-rahmanir-rahim. Allah-taala buyurdu ki, bu gündən etibarən namazlar Dar əs-Salamda qılınsın. Allahın evinin təmtaraqlı olmasında heç bir qəbahət yoxdur. Təharət imandandır, lətafət yaradandan.
Əziz qardaşlarım! Hamımıza agah oldu ki, Hərami ilə bağlı bütün deyilənlər uydurmadır. Bu məscid rəhmətlik Salam kişinin bizə lütfüdür. Onu Hərami adlandırmaqla Allahı qəzəbləndirmişik. Sabah mənim imamlığımla orada ilk namaz qılınacaq. Sübh namazına sizi gözləyəcəm Dar as-Salamda.

- Afərin sənə Qızılay! - deyərək Mustafa Rəsul elə şaqqanaq çəkib güldü ki, çiyinlərindəki Rəqib və Ətidi belə diksindirdi. Mələklər bir-birlərinə baxıb nəsə yazdılar əməl dəftərinə...

Darrussalam - sülh və əmin-amanlıq yurdu. Salam kişinin də isminə uyğun cənnətin adı. Yaxşı seçimdi - Mustafa yenə dodağının altında mızıldandı.

- İcazənizlə oxumağa davam edirəm - Məşədi boğazını arıtladı.

- Neçə gündür Dələduzlarda bir nəfər intihar etmək istəyir. Bu axşam Ölüm mələyi həmin adamla görüşəcək. Əziz müsəlmanlar, intahar bağışlanılmaz bir günahdır, amma hər kəs iradəsində hürdür. Qızılay dedi ki, biz nə etsək də Allah mürdəşirin sabah üçün ruzisini verib.

- Bu olmadı artıq. Vaqif düz deyir. Qızılayla görüşmək lazımdır – Mustafa düşüncəsini səsində əks etdirə-etdirə uzaqlaşdı Buynuzlu qayadan.
Dələduzlara sükut çökmüşdü. Sanki dilini udmuşdu hamı. Elə bil qiyamət qopacaqdı bu axşam. Bütün evlərdə narahatlıq gəzişirdi. Bacalardan çıxan tüstüyə anaların yalvarışı qarışıb ucalırdı göyə. İlahi, ölümü ağlından keçirən nə çox adam varmış bu kənddə. Bircə mürdəşir Yəhyanın içinə fərəh dolmuşdu.

Bu kənddəki hər bir ölüm Mürdə Yəhya üçün bayram idi. Mürdənin sevinci başqalarının kədərindən doğurdu. Bu adamın rüzisi ölü yumaqdan və can almaqdan çıxırdı. Dələduzlarda qanı çıxan heyvanlara mütləq Yəhyanın əli toxunurdu. Kəndin mürdəşiri həm də qəssab oğlu qəssab idi. Bu peşə ona atasından, atasına babasından, babasına ulu babasından qalmışdı.

Sübh azanın səsi Qocanın salamat olduğunun xəbərçisi idi. Dar as-Salama toplaşanlar sevincdən bir-birlərinə sarılırdı. Dələduzlular ilk dəfə ölümün bu qədər yaxında olduğunu duya bilmişdilər. Cümə namazında olanların hamısı sübh namazına da gəlmişdi. Mustafa Rəsul məscidin küncündə bardaş qurub hamını müşahidə edirdi.

Məşədi Ayduzun suyu çölünə çıxmağa başlamışdı. Havanın soyuq olmasına baxmayaraq saçının dibi nəmlənmişdi. Boynundan kürəyinə süzülürdü tər damcıları. Nə öldürən var idi, nə də ölən.

Qoca iqaməni oxumağa başladı. Məşədi yavaş-yavaş önə çıxdı. Üzünü camaata tutub astaca udqundu. Ürkək səslə dedi:
- Səflərinizi nizama salın. Yoxsa Allah üzünüzü ayrı-ayrı tərəflərə çevirib aranıza təfriqə salar.
Namaza duruşun özü bir ədəbdir. Allahu əkbər.

Hava aydınlaşdıqca Ay üzünü gizlətməyə çalışırdı. Gecə bitmək üzrə idi. Nə öldürən var, nə də ölən. Nə dindirən, nə dinən... Vəsvəsələr alırdı imanın yerini. Yuxusu ərşə çəkilənlər Allahın evində mürgüləyirdi. Günəş artıq pəncərədən boylanırdı...

Bu vaxt bir qadın naləsi sükutu pozdu:
- Qoca, ay Qoca! Biz niyə Allahın qəzəbinə tuş gəldik, a kişi. Evim yıxıldı mənim. Dirəyi uçdu yuvamın. Umay köpüb, can hayındadır. Mundar olmamış gəl bir əncam elə. Mürdəni də götür özünlə.

Qocanın arvadı ərini də, Mürdəni də qabağına qatıb Umayın köməyinə apardı. Bu ailənin güzaranı Qocadan daha çox Umaydan asılı idi. Onun varlığı Qocaya cəsarət verirdi, heyvan böyüyüb süd verməyə başlayanda Qocanın yerişi belə dəyişmişdi. Qurban bayramı ərəfəsi hələ buzov ikən bu heyvanı Qocaya Hacı Dəmiral hədiyyə etmişdi. Hədiyyənin qarşılığında Qoca Axbabanın müəzzini olmuşdu. Dələduzlular illərdi məsciddən ucalan azan səsinə görə bu heyvana borclu idilər.

Dar as-Salamda ağız deyəni qulaq eşitmirdi. Məşədi Ayduzu qaşınma tutmuşdu. Dər damcıları bit kimi dərisində süzülürdü. Umayın ölümü, Mürdə Yəhyanın ruzisinin qəssablıqdan çıxması qeybdən gələn xəbərlə tam uzlaşmırdı. Üzünə baxmasalar da insanlar qulaqlarını Ayduza kəkləmişdilər. Məşədinin həyacandan qanı damarlarında sürətlə dalğalanırdı. Onun qoca bədəni belə nəbzə çox tab gətirə bilməzdi.

Bir sözə ehtiyac vardır. Sadəcə ağıllı bir sözə. Axı insanlar gördüklərindən daha çox eşitdiklərinə inanırlar. Dar as-Salamdakılar inanmağa hazır idilər, amma Məşədinin ağlına heç nə gəlmirdi. İti olmayan zəkası həyacandan daha da kütləşmişdi.

Məşədi Ayduz başını qaldırıb, ətrafa göz gəzdirməyə başladı. Səslər Məşədinin qulağından yayınsa da, gözündən heç nə qaçmırdı. Hacı Dəmiralın çənəsinin altına xeyli adam toplaşmışdı. Ağızlarda qızının adı zikir olunurdu. Bütün üzlərdən narazılıq yağırdı.

Məşədi qəfil Mustafa ilə göz-gözə gəldi. Dərhal əlini cibinə atıb telefonu çıxardı. Arxasını camaata çevirib, ekranı üzünə yaxınlaşdırdı. Üzündə ilk dəfə telefon görən körpənin təəccüb və sevincinə oxşar bir parıltı peyda oldu. İti addımlarla minbərə qalxıb, ötkəm səslə məsciddəkilərə müraciət etdi:
Əziz müsəlmanlar, Dar as-Salamın mübarəkləri!..


Ardı var




# 1052 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər