Kulis.az Şəhriyar del Geraninin yeni yazısını təqdim edir.
Milli Qəhrəman Raquf Orucovun həyat yoldaşı, əzizimiz Sevinc xanım danışırdı.
Deyir, rayondan gəlirdik, maşını Raquf sürürdü. Yağış çisələyirdi, axşam vaxtıydı. Qəfil necə oldusa, Raquf idarəetməni itirdi, maşın yoldan çıxdı, yüngülvari qəza yaşadıq, dizindən zədə aldı.
Bizi yaxınlıqdakı xəstəxanaya apardılar, sarğı-filan, xülasə, qayıtdıq Bakıya - evə.
Qəzada hiss elədim Raquf bərk həyəcan keçirtdi, özünü itirdi, azacıq qorxduğunu da duydum.
Açığı, çox üzüldüm buna. Çünki tanıdığımdan bəri ilk dəfəydi Raqufun gözündə qorxu görürdüm.
Bu, məni məyus etmişdi, amma özünə bildirməməyə çalışırdım.
Çox həssas idi, gördü nəsə birtəhərəm, soruşdu, niyə beləsən? Qəzaya görəmi məyussan?
Heç nə saxlamazdıq bir-birimizdən, nə olsa deyərdik, odur ki, özümü saxlaya bilmədim, dedim, yox, qəzaya görə deyil, amma bir söz soruşacam, xətrinə dəyməsin.
Soruş, dedi. Soruşdum, o gün ilk dəfə gözlərində qorxu gördüm, düzünü de, qəzada qorxdunmu? Ömrünün yarıdan çoxunu kəşfiyyatda keçirən, igidliyi, mərdliyi əfsanəyə dönən Raquf avtomobil qəzasındanmı qorxdu? Gülümsədi, gözlərimin içinə baxıb belə cavab verdi: Hə, düz hiss eləmisən, Sevinc, qorxdum, amma ölümdən yox, toydan gələrkən mənasız bir avtomobil qəzasında ölməkdən qorxdum.
Mən ömrümü maşın qəzasında ölməyə hesablamamışam. Qorxdum ki, döyüş meydanında yox, maşın qəzasında ölərəm. Qorxdum ki, Allah mənim taleyimə belə sıradan bir ölüm yazıb…
P.S. Bu söhbət öz təyinatını dəqiq bilən, öz ömrünün mahiyyətini idrak edən hər bir insan üçün mayakdır. Hər kəs dəqiqləşdirməlidir öz ölümünü. Həyat qədər mənalıdır ölümün də necəliyi.
Allah necə haqdı?!