“Meyxana adında ədəbiyyat yoxdur, bu, jarqondur " - Şair Zakir Fəxri ilə müsahibə

“Meyxana adında ədəbiyyat yoxdur, bu, jarqondur " - Şair Zakir Fəxri ilə müsahibə
16 fevral 2026
# 14:27

Kulis.az şair Zakir Fəxrinin Lent.az-a müsahibəsini təqdim edir.

- Şair taleyi nədir?

- Şair taleyi anlamaqdır. İnsan gülə, çiçəyə, suya əyilir. Amma dağa əyilmək olmur, o ucadadır. Gərək, başını qaldırasan. Çünki zirvə Allahdan bir nişanədir. Allahı anlamaq lazımdır. İbn Ərəbi deyirdi ki, aynaya bax, Allahı görəcəksən. Nəsimi də "Haqq mənəm" deyirdi. Yaradan səndə öz xislətini yaradıb. Allahı elmlə anlamaq olar. Lakin mən çox əminliklə bilirəm ki, mütləq başqa bir sivilizasiya bizə qarışıb. Şübhəsiz, Vatikanda bu sirlər var. Gəlmələr olub və onlar bizə qarışıb. Süni intellekti insan təfəkkürü yükləyir. İlahi bir qüvvə var, bizi də o yükləyir.

- Allah?

- Bəli. Bəlkə də, başqa bir şeydir, amma mövcuddur, bizi proqram kimi yükləyən bir şey var. İnanıram ki, insan nə vaxtsa uçub. Çünki ola bilməz ki, biz yuxularda uçduğumuzu boşuna görək.

- Qardaşınız Birinci Qarabağ Müharibəsində şəhid olub...

- Bəli. Kamil... Bakı Dövlət Universitetinin hüquq fakültəsini oxuyurdu. Getdi müharibəyə. Döyüşdə ilk dəstələri yaratmışdı. Türk genefondu var. Dünyada bütün savaş türkün üstündədir. Türk böyük məhfumdur. Dünyanın ən qədim dastanı "Bilqamıs"dır. Orada boyların birində Şəkinin Kiş kəndinin adı keçir. Millətləri aşirətlərə bölüb parçalamaq istəyirdilər. Bizdə dağ tərəfdə yaşayanlara - Kəlbəcərdən, Laçından gələnlərə kürd deyirdilər. O da Sovet dövrünün təbliğatı idi. Bu, dövləti zəiflətmək üçündür. Rusiya adında bir dövlət yoxdur. Rusiyanı almanlar yaradıb. O, bir eksperiment idi. Çin əhalisinin 3/4-ü assimilyasiya edilmiş türklərdir. Türk xalqlarını xırda ticarət, arvadbazlıq, eyş-işrətlə məğlub ediblər. Atillanı, Çingiz Xanı, Əmir Teymuru tənqid edirlər bəzən. O vaxt dövlət qurmaq çox çətin idi. Dünyanı ziyalı zümrəsi idarə edir. İdarə etməyin ən asan yolu isə insanları daimi sıxıntıda saxlamaqdır.

- Zakir müəllim, gündəmi izləyirsiz? Bu gün baş verənlər, Ramiz Mehdiyev və sair...

- İçəridə bir Ramiz Mehdiyev klanı var idi. Biz zamanında dava edəndə çoxu qorxurdu danışmağa. Amma indi ona xidmət edənlər Mehdiyevi söyür. Canlarını qurtarmaq üçün. Mehdiyev rusların istinad nöqtəsi idi, dağıldı. Yaltaqlıq, bataqlıq çörək mənbəyi ola bilməz.

- Sizə bəzən sufi şairi də deyirlər...

- Bəli. Azərbaycan ədəbiyyatında sufiliyi çox az adam bilir. Bir şüar kimi özlərinə ədəbiyyatçı deyirlər. Məsələn, Cəmil Həsənli tarixçi olsa da, onun ədəbiyyata girişi var. Cəmil böyük alimdir. Onun siyasi əqidəsi kiminsə xoşuna gəlməyə bilər. Mən də narazı idim. Ona dedim ki, at siyasəti, sən böyük alimsən. Cəmil nə qədər şərlənmiş insanı təmizə çıxardı.

- Bəzən köhnə nəsil Sovet hökumətini tərifləyir. Sizin münasibətiniz necədir?

- Sovet sistemi bizə təhsil verdi, amma bunu sevdiyindən yox, ideologiyasını yeritmək üçün edirdi. Rusiya bizə Akademiya, alimlər verdi. Amma başqa tərəflərdən aldı. Deyirdilər, işləməyən dişləməz, amma əməyə görə qiymət yox idi. Ali məktəbi bitirib 105 manat maaş alırdın. Bir neçə ildən sonra isə 120 manat. Amma elmi potensialını ortaya qoy, yeni kəşflər et, o hesaba alınmırdı. Sovet sistemi bizə rüşvəti miras qoydu. İnsan necə bərabər ola bilər? İdeal cəmiyyət qurmaq mümkün deyil. Hamı yaxşı dolanışığı düşünür, elm heç kimin ağlına gəlmir. Avropada kimsə yolda yıxılır, heç kim yaxınlaşıb qaldırmır onu. Ağlınıza gələrdi ki, uşaq gedib məktəbdə müəllimi güllələsin? Biri çıxıb deyir ki, ABŞ-da gündə bu cür hadisələr olur. Və ya qiymət artımı ilə bağlı deyirlər ki, Avropada qiymət bizdən bahadır.

- Siz həm də tərcüməçiliklə məşğulsuz.

- Dünya ədəbiyyatından xeyli əsər çevirmişəm. Əvvəl mübahisə edirdilər ki, şeiri tərcümə edəndə xeyli söz əlavə edirsən. İngilislərdə qəm fərqli anlayışdır. Onu tərcümə edəndə mütləq ayrı söz əlavə etməliyəm. Absurd bir ifadə var: türk dilindən Azərbaycan dilinə çevirmək... Sənin dilin nə dilidir bəs?

- "Uyğunlaşdırmaq" demək olar.

- Bəli. Özbək dilindən, Qazax dilindən uyğunlaşdırmaq. Əslində, ədəbiyyat da bir proqramdır. Artıq yazılı ədəbiyyat qurtarır. Telefonla yazır çox adam. Mənim iki telefonum Bodrumda itib, içindəki bütün yazılar gedib.

- Fəxri adlar haqqında nə düşünürsüz?

- Bunlar bizə Sovet dövründən gəlib. "Xalq şairi" nədir? Xalqsız şair olur? "Şərəf" ordeni nədir? Bu orden döyüşdə ola bilər. Elə əsgər olur ki, döyüşdə qəhrəmanlıq göstərir, amma onu görmürlər, çatdırmırlar deyə, orden almır. O, ədalət prinsipini pozur. Şairə ev, pul verərlər ki, get çaxırını iç, yazını yaz.

- Yaradılış haqqında nə düşünürsüz?

- Deyirlər ki, hamımız Adəmlə Həvvadan yaranmışıq. Belə çıxır ki, hamı bacı-qardaşdır? Sünni-şiə məsələsi nədir? Onları orada, bunları da burada idarə etmək üçün yaradılmış bir şeydir. Vəhabiliyi Səudlar yaratdılar. Bir nəfər müsəlman milyarder deməz ki, müsəlman ölkəsində yaşamaq istəyirəm.

- Gənclərə münasibətiniz necədir?

- Həmişə deyirəm ki, cavanlara laqeyd baxmayın. İkinci Qarabağ Müharibəsi oldu. Şikayətlənirlər ki, bu barədə yaxşı əsər yazılmadı. Yaxşı ədəbiyyat gec yaranır. Yazılacaq. Cavanlar kor deyil. Böyük ədəbiyyata yaxşı pul ayrılmalıdır. Dünya ciddi ədəbiyyatla tanınır. "Qalmaz belə, qalmaz dünya" şeirimə bəstələnən mahnı 30 il televiziyalarda verildi, amma Qarabağ işğaldan azad olunandan sonra oxunmur. Elə bilirlər, yaxşı şeydir. Ermənilərlə barışıq olandan sonra Zeynal Cabbarzadə yazdı ki, "Kür, Araz, Ararat, nə gözəldir bu həyat". Tarixi itirməzlər. Ən böyük əsərlər tarixə, dövrə, müharibələrə istinad edən əsərlərdir.

- Azərbaycan Yazıçılar Birliyinə niyə elə gec üzv olmusuz?

- 1988-ci ildə üzv oldum. Bizi oraya yaxın qoymurdular. Vaqif Bayatlını, məni ora qoymurdular. Biz üzv olanda rəhmətlik Yusif Səmədoğlu onlara dedi, indi bunları idarə edin görək, necə edəcəksiz. Yenə mən arada insafa gəlirdim, Vaqifi, ümumiyyətlə, idarə etmək mümkün deyildi.

- Meyxanaya münasibətiniz necədir?

- Elə ədəbiyyat yoxdur. Meyxana jarqondur. Romanımda bir neçə bənddən ibarət hissə var, onu meyxana kimi deyiblər, 7 milyondan çox izlənib. "Bala-bala yol aldım Yaroslava" adlı bir meyxana halına salıblar.

Foto: Rüfət Mustafayev © APA GROUP

# 170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər