"İncə xətlər, dərin düşüncələr..." - Özbək professorun ustad dərsindən qeydlər

"İncə xətlər, dərin düşüncələr..."  - Özbək professorun ustad dərsindən qeydlər
26 aprel 2026
# 10:00

Kulis.az Şahanə Müsfiqin "Ustad dərsi: İncə xətlər, dərin düşüncələr" yazısını təqdim edir.


Özbək professorun ustad dərsindən qeydlər

Azərbaycanın bədii təhsil mühitində son illər müşahidə olunan canlanma yeni layihələr və beynəlxalq əməkdaşlıqlarla daha da güclənir. Bu istiqamətdə diqqətçəkən təşəbbüslərdən biri də ölkəmizin əsas yaradıcı ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) həyata keçirilən ustad dərsləridir.

Sənətin incə qatlarına səyahət

Bu baxımdan, 13-17 aprel tarixlərində universitet yenə də son dərəcə canlı, rəngli və həm də tarix qoxulu idi. Bu canlılığın mərkəzində isə Rəssamlıq fakültəsi dayanırdı. Bu günlərdə fakültəyə hər daxil olanda insanın diqqətini ilk cəlb edən yaradıcılıq dolu hərəkətlilik oldu. Axı Rəssamlıq fakültəsi universitetin Teatr sənəti, Audiovizual sənətlər və Musiqi sənəti fakültələrindən fərqli olaraq hər zaman daha sakit, daha həlim olub. Burada auditoriyalarda musiqi, monoloq, dialoq səslərindən daha çox kətan üzərində süzən fırçanın xəfif pıçıltısı, həvənin taqqıltısı, tikiş maşınının uğultusu eşidilir.

Bu dəfə isə auditoriyalarda sanki zaman bir qədər ləngiyirdi, tələbələr xırda detallar üzərində işləyir, rənglərin incə keçidlərini tapmağa çalışır, hər xətti ölçüb-biçərək çəkirdilər. Bu, sadəcə dərs deyildi, sənətin içində yaşanan bir proses idi.



Bu prosesin mərkəzində isə Behzod Hacımetov dayanırdı. Özbəkistan Respublikasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu-nun “Miniatür və kitab qrafikası” kafedrasının professoru olan ustad rəssam miniatür sənətinin incəliklərini tələbələrimizə daha geniş şəkildə çatdırmaq üçün qardaş ölkədən Azərbaycana- ADMİU-ya dəvət olunub.

O, burada dizayn, qrafika, sənətşünaslıq və digər ixtisaslarda təhsil alan tələbələr üçün bir həftə müddətində ustad dərsləri keçdi, miniatür sənətinin tarixi, məktəbləri, rəssamları, üslub və istiqamətləri haqqında mühazirələr dedi. Bu dərslərdə tələbələr çox aktiv və böyük bir həvəslə iştirak etdilər. Professor onların hər birinə ayrı-ayrılıqda tapşırıqlar verir, sonra isə onların işlərini yaxından izləyirdi. O, tələbələrin işlərinə yaxınlaşır, bəzən sakitcə müşahidə edir, bəzən isə bir neçə incə toxunuşla bütöv kompozisiyanın istiqamətini dəyişirdi.

“Xətt canlı olmalıdır”

Dərslərin birində şahidi oldum ki, tələbələrdən biri çəkdiyi fiqurun konturlarını dəqiqləşdirməkdə çətinlik çəkirdi. Hacımetov onun yanına yaxınlaşıb fırçanı əlinə aldı və dedi: “Xətt sadəcə sərhəd deyil, o, nəfəs almalıdır”. Bu cümlə auditoriyada qısa bir sükut yaratdı. Sonra hamı yenidən işinə qayıtdı, amma artıq fərqli diqqətlə.
Bu ustad dərsləri boyunca texniki biliklər ötürülsə də, əsas vurğu düşüncə tərzinin dəyişməsinə yönəlmişdi. Miniatür sənətindəki dəqiqlik, səbr və ritm tələbələr üçün yeni bir baxış bucağı yaratmışdı. Onlar artıq yalnız “çəkmirdilər”, gördüklərini və hiss etdiklərini daha dərindən anlamağa çalışırdılar.

Fərqli sahələr eyni məqsəd yolunda…

Özbək professor bir həftə müddətində fərqli zamanlarda Rəssamlıq fakültəsinin qrafika, sənətşünaslıq, geyim dizaynı, bədii toxuculuq ixtisaslarında ustad dərsləri keçdi. Bu dərsləri birləşdirən əsas məqsəd isə eyni mövzunun - miniatür sənətinin fərqli sahələrdəki tətbiqinə dərindən yiyələnmək idi. Bir tərəfdə miniatür kompozisiyası qurulurdu, digər tərəfdə həmin ornamentlərin müasir geyim üzərində tətbiqi müzakirə olunurdu.



Hərdən miniatür sənəti haqqında danışanda bəziləri bunu “köhnə sənət” kimi qəbul etdiklərini deyirlər. Düzü, rəssamlıq sənətinə dərindən bələd olmasam da, bir ədəbiyyatçı kimi miniatür sənəti mənim də hər zaman diqqətimi çəkib. Xüsusən, Nizami Gəncəvinin “Xəmsə”sinin, Firdovsinin “Şahnamə”sinin miniatürləri mənim üçün hər zaman maraqlı olub. Amma bu dərslərdə iştirak etdikcə miniatür sənətinə baxışım bir az da dəyişdi, çox qədim tarixə malik bu sənətin müasir dizaynın da bir hissəsi ola biləcəyini, hətta olduğunu özüm üçün kəşf etdim.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərovanın geyim dizaynı ixtisasında təhsil alan magistr tələbələrinin əl işləri Behzot Hacımetovun son dərəcə marağına səbəb oldu. Müasir dizaynlər üzərində miniatürlərin çox incə və dəqiq işləri həm bu sənətə olan sonsuz maraqdan, həm də peşəkar münasibətdən xəbər verirdi. Bu dərslər zamanı Behzot Hacımetov Özbəkistan, İran, Türkiyə və Azərbaycan miniatür sənəti, bunlar arasındakı fərqli və oxşar cəhətlər, üslub xüsusiyyətləri haqqında geniş məlumat verdi. Onun söylədiyi bir cümlə isə xüsusilə diqqətimi cəlb etdi. Belə ki, özbəkistanlı professor miniatür sənət əsərlərinin nə qədər bir-birinin üzünün köçürülməsi olsa da, heç zaman bir-birinin kopyası olmayacağını dedi. Maraqlıdır, sürəti köçürülür, amma kopyası deyil. Bunun əsas səbəbi isə miniatür sənətinin xırdalıqlarıdır. Yəni o rəsmlərdə o qədər xırda, incə detallar var ki, onu olduğu kimi köçürmək heç zaman mümkün deyil, mütləq ki, rəssam oraya özündən nəsə əlavə edəcəkdir. Ona görə də ilk başda bir-birinin sürəti kimi görünən rəsmlər, əslində, bir-birindən fərqlidirlər.

Təcrübə mübadiləsi və yeni perspektivlər

Bu layihə yalnız tələbələrlə məhdudlaşmadı. Universitetin müxtəlif kafedralarında təşkil olunan görüşlərdə müəllim heyəti ilə geniş müzakirələr aparıldı. Bu müzakirələr zamanı tədris metodlarının yenilənməsi, praktiki məşğələlərin artırılması və beynəlxalq əməkdaşlıq imkanları diqqət mərkəzində oldu.

Xüsusilə, Azərbaycan və Özbəkistan arasında ortaq mədəni köklərin mövcudluğu bu dialoqu daha da məhsuldar edir. Miniatür sənəti hər iki ölkənin bədii irsində mühüm yer tutduğundan, qarşılıqlı təcrübə mübadiləsi bu sahənin inkişafına əlavə stimul verir.


Ənənədən müasirliyə uzanan körpü

Bu ustad dərsləri daha geniş bir layihənin tərkib hissəsidir. Layihənin əsas məqsədi miniatür sənətinin unudulmaq təhlükəsi ilə üz-üzə qalan ənənələrini yenidən canlandırmaq, onları müasir tədris sisteminə inteqrasiya etməkdir. Bu, yalnız keçmişə qayıdış deyil, eyni zamanda gələcəyə yönəlmiş strateji addımdır.

Miniatür sənətinin bərpası və inkişafı, yeni nəsil rəssamların yaradıcılığında bu ənənələrin davamlılığını təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə ustad dərsləri körpü rolunu oynayaraq klassik sənətlə müasir düşüncə arasında balans yaradır.



Dərslərin son günü- aprelin 17-də ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova da həm özbəkistanlı professor Behzot Hacımetovun, həm də tələbələrin ustad dərsləri ilə bağlı təəssüratlarını öyrənmək, eləcə də bir həftə ərzində hazırlanan yaradıcılıq işləri ilə yaxından tanış olmaq üçün ustad dərsində iştirak etdi. Özü də miniatür sənətinə böyük rəğbət və maraq bəsləyən xanım rektor bu görüşdə Behzot Hacımetovla işgüzar söhbətləri zamanı bu cür pedaqoji-yaradıcı mübadilələrin iki ölkənin həm təhsil, həm də mədəni əlaqələrinin inkişafında böyük önəm daşıdığını vurğuladı. Tələbələrin əl işlərindən razı qalan C.Mahmudova bu cür gənc və bu sənətə həvəskar tələbələr sayəsində Azərbaycanda da miniatür sənətinin inkişafına inandığını dedi.



Behzot Hacımetov isə həm universitetdəki yaradıcı mühitdən, həm də tələbələrdən son dərəcə razılıq etdi: “Burada tələbələrin həm nəzəriyyəyə, həm də əl ilə rəsm çəkməyə maraqları çox böyükdür. Fikrimcə, müəllimlər, professorlar miniatür sənətinə daha çox diqqət yetirdikcə, tələbələr də maraqlanacaq və daha dərindən öyrənəcəklər. Mənim fikrimcə, insanlar bütün hallarda ənənəvi sənətə, öz tarixlərinə qayıdacaqlar. Gördüyüm qədərilə, bu hiss və sevgi azərbaycanlı gənclərin də ürəyində var”.

Həmin dərsdə tələbələrin əl işlərinə bir daha və daha diqqətlə baxmaq imkanı qazandım. Hər birində fərqli yanaşma, fərqli üslub hiss olunurdu. Amma hamısını birləşdirən bir şey var idi – incəlik və diqqət.



Bu ustad dərsləri sadəcə bir tədris proqramı kimi yox, daha çox bir başlanğıc kimi yadda qaldı. Behzod Hacımetovun gətirdiyi təcrübə və yaratdığı mühit göstərdi ki, miniatür sənəti keçmişin yadigarı olmaqdan çıxaraq, bu günün və gələcəyin canlı yaradıcılıq istiqamətinə çevrilə bilər.

Fotolar: Azər Həsənov, Şahanə Müşfiq

# 167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər