Bu kitabları oxumaq lazım deyil...

Bu kitabları oxumaq lazım deyil...
31 yanvar 2022
# 10:20

Kulis.az Simran Qədimin “Kitabın kitabını bağlayaqmı?” silsiləsindən ““Oxu proqramı”nı necə qurmalıyıq?” essesini təqdim edir.

“Mədəniyyəti məhv etmək üçün kitabları yandırmağa ehtiyac yoxdur. Sadəcə, elə edin ki, insanlar onları oxumağı dayandırsınlar”.

Rey Bredberi

Kitab sırf məcburiyyət qarşısında – təhsil almağa, ixtisas artırmağa, karyerada inkişafa nail olmağa görə oxunulursa, mütaliənin sürəkliliyi, gələcək aqibəti sual altına düşür, haradasa, hansısa məqamda yarıda kəsilir. Təhsilimizi başa vurar-vurmaz, ixtisasa aid bilik və bacarıqlarımızın yetərincə artdığını düşünən kimi, karyerada müəyyən mərtəbəyə çatıb yerimizi azca rahatlayan andaca kitabın kitabı bağlanar. Adamın oxumağa istəyi tezcə itib yoxa çıxar, gücü-enerjisi, heyi-həvəsi tükənər, marağı ölər.

Mütaliə, əsasən, ötəri, müvəqqəti yox, davamlı, daimi xarakter alanda effekt göstərir. Planlı, sistemli oxu strategiyası zehni aktivliyə, həqiqi və ardıcıl inkişafa, necə deyərlər, təkamülə yol açır.

Kitabla bağlı həvəsləndirici, motivasiya və təbliğat tipli yazıların, videoların, demək olar, hamısında bənzər tezislər irəli sürülür: “Gündə 50 səhifə oxusanız, ayda 5 kitab edər!”, “İmkan tapan kimi - avtobusda, metroda, qatarda, təyyarədə, haradasa kimisə, ya nəyisə gözləyəndə də oxuyun! Axı gündə 2 saatlıq mütaliə ayda 10 kitab deməkdir!”, “Sürətli oxuma texnikalarına əməl edin, günaşırı 1, yox, yox, ayda 20 kitab!”...

Bu cür fikirlərdə müəyyən həqiqət payı olsa da, çox vaxt deyilənlərlə reallıqlar üst-üstə düşmür, insanlar bunun mümkünlüyünə şübhəylə yanaşır. Ayda 15-20, ildə 200-300 kitab oxumağı hələlik bir kənara qoyub daha kiçik, amma möhkəm addımlar ataq. Məsələn, dəyərli, səviyyəli, faydalanacağımızı düşündüyümüz bircə kitabla başlayaq...

Heç nə mənimsəyə bilmədiyimiz yüz kitab oxumaqdansa, az-çox özümüzə nəsə qatan bircə kitab bitirmək daha yaxşıdır.

Vaxt tapa bilməyən insanlar istisna olmaqla – hərçənd belələrinin varlığı şübhəlidir – hər kəs əziyyət çəkmədən, asanlıqla özündə oxuma ənənəsi, vərdişi formalaşdıra bilər. Deyək ki, idman edirmiş kimi, gündəlik rejim, qrafik qurub zehni gimnastikayla məşğul olmağa başlayırıq. Səhər yarım saat, günortadan sonra iyirmi, axşamüstü isə on dəqiqə zaman ayırmaqla cəmi bir saatlıq oxu seansları təşkil edirik. Mütaliə alışqanlığı yarananadək əvvəl-əvvəl gündə iyirmi, on beş, hətta on dəqiqədən də başlamaq olar.

Bəs nəzəriyyədə hər şey belə asan görünürsə, təcrübədə niyə hər kəs bunu gerçəkləşdirə bilmir? Çox səbəblər sadalamaq olar: mütaliənin effektivliyinə şübhəylə, barmaqarası yanaşmaq, sosial şəbəkələrdən üç-beş status, internetdən beş-on xəbər oxuyub “onsuz da oxuyuram!” prinsipinə güvənmək, komfort zonasından çıxmaqdan zərər gələcəyinə inanmaq, bilmədiyimiz şeylərin nə qədər çox olduğunu bilməkdən qorxmaq, eqoizmin, narsisizmin şiddətli təzyiqiylə oxumağa ehtiyacımızın olmadığını fikirləşmək, nə oxuyacağımızı müəyyənləşdirə bilməmək, ərincəklik, tənbəllik etmək, ya da, sadəcə, bu haqda düşünməmək, düşünmək istəməmək...

Elmi tədqiqatlara görə, hansısa işə qarşı içimizdə yaranan maraq, həvəs hissi 72 saat ərzində tədricən azalıb yox olur. Eyni məntiqi mütaliəyə də şamil edən alimlər oxu zamanı arada verilən üç gündən artıq fasilənin motivasiyamızı öldürəcəyini deyirlər. Yaddaşın diri saxlanmasından, həvəsin sönməməsindən ötrü üç-beş səhifə də olsa, boşluq buraxmadan, ara vermədən hər gün kitab oxunmalıdır. Ya da, başqa sözlə desək, nizam-intizam, qaydalara əməl etmək çox tez tükənən, uçub getmə, efemer xassəyə malik həvəsdən, motivasiyadan daha önəmlidir.

Bəzən xoşumuza gəlməyən, sanki bizi özündən itələməyə çalışan kitabları yarıda qoymaq istəmirik, heç nə başa düşməsək, zövq ala bilməsək də, robot kimi, vərəqləri çevirib, gözlərimizi səhifələr boyunca gəzdiririk. İkrah hissi keçirib mütaliədən tamam soyumaqdansa yolun yarısından qayıtmaq yaxşıdır. Diqqətlə oxusaq da, oxuduğumuzdan heç nə ala bilmiriksə, həmin kitabı inadla sona çatdırmağın nə mənası var?

Amma bu o anlama gəlməməlidir ki, hər şeyə ağız büzüb, “bəyənmədim, mənlik deyil!” etiketi yapışdırıb bəhanələr uyduraq, mütaliədən qaçmaqdan ötrü sui-istifadəyə yol verək. Belə davranmağın da öz fəsadları var. Neyrobioloqlara görə, beyin natamamlığı, aldığı məlumatların havada, boşluqda asılı qalmasını sevmir. Ona görə də hər kitabı yarımçıq qoymaq alınan bilgilərin sinapslar, neyronlar arasında işlənməsinə əngəl törədir, belə demək mümkünsə, hekayələr bitmədiyindən, fikirlərarası rabitə, əlaqə qurulub dövrə qapanmadığından yadda heç nə qalmır. Zamanla beyin çirklənir, “informasiya tullantıları”yla dolub-daşır, sağlam mühakimə qabiliyyətindən uzaqlaşmağa başlayır.

“Oxu proqramı”nın qurulmasında daha bir üsul eyni dönəmdə paralel olaraq bir neçə kitaba üz tutmaq, növbəli şəkildə iki-üç əsər oxumaqdır. Bu, bəzən beyində qarışıqlığa, xaotikliyə yol açsa da, bir çoxları üçün həm yeknəsəqlikdən, yoruculuqdan qaçmağa, həm də müxtəlif mövzularla, müəlliflərlə tanış olub sürətlə oxu arealını genişləndirməyə imkan yaradır.

Fərqli kateqoriyalardan kitablara müraciət etmək, yazıçıları, janrları sınaqdan keçirmək düşüncə tərzinin, zövqün daşlaşmasına, həyata baxış bucağının daralmasına mane olar. Müxtəlif dünyagörüşləri, bir-birinə zidd fikirlər nə qədər anlaşılmazlıq, çaşqınlıq yaratsa da, dərin təhlillər aparmağa təkan verir, həqiqətin ortaya çıxmasını stimullaşdırır.

Bir kitabın, bir müəllifin, bir insanın monopoliyasına düşmək açıq fikrə qarşı yönələn ən böyük təhdiddir.

Elmi-kütləvi, maarifləndirici kitabla paralel bədii əsər oxumaq bir çoxları üçün yoruculuğun, darıxdırıcılığın qabağını alırsa, iki eyni kateqoriyadan kitab oxumaq əsərlər arasında qeyri-adi müqayisələr aparmağa, bənzər mövzulara ağlagəlməz fərqli rakurslardan baxmağa imkan yaradar.

Kağız, elektron, ya audio kitablar arasında seçim edərkən, adətən, “ya, ya da...” kimi binar düşüncə tərzinə üstünlük verilir. Halbuki bunun əksi olan tamam başqa, belə demək mümkünsə, “həm, həm də...” deyilən bir prinsip də var. Yəni həm kağız, həm elektron, həm də audio kitablardan istifadə edərək mütaliə prosesini daha aktiv, çevik, rəngarəng bir formaya salmaq...

Əgər söhbət konkret məsləhətdən gedirsə, riderlər internetdə yayımlanan gündəlik yazıları, məqalələri, esseləri oxumaqdan ötrü əvəzolunmaz vasitədir. Digər tərəfdən, audiokitablardan oxuyub-oxumamaqda tərəddüd etdiyimiz, haqqında az məlumata sahib olduğumuz kitablarla tanışlıq üçün də yararlana bilərik. Gözlərimizi yormadan, sürətlə, dalbadal bir neçə kitabdan iyirmi dəqiqəlik, yarım saatlıq parçalar dinləyər, daha düzgün, operativ kitab seçimi edərik. Ya da əksinə, oxuyub bəyəndiyimiz əsərlərə təkrarən qulaq asıb zövq almaq, nəzərdən qaçan məqamlara diqqət yetirmək olar.

“Oxu proqramı”nı necə qurmaqla bağlı çox yazılar yazılsa, fikirlər səsləndirilsə də, konkret düstur, hazır resept, təbii ki, yoxdur. İstənilən halda bir adama yarayan hansısa üsul başqası üçün xeyir verməyə, keçərli olmaya bilər. Ona görə də əsas məsələ, öz səsinə qulaq verib, bütün deyilənlərdən, önhökmlərin tələsindən uzaq arayıb-araşdırmaq, təcrübə toplayıb öz yolunu tapmaqdır.

# 2195 dəfə oxunub

Müəllifin son yazıları

# # #