Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Afife Jale, aktrisa

Afife Jale, aktrisa

24 iyul 2026
# 17:00

Bu gün Türkiyə teatr tarixinin ilk müsəlman aktrisası olan Afife Jalenin anım günüdür.

Kulis.az Sadiq İsmayılın tərcüməsində Birgül Geyimcinin aktrisa haqqında qələmə aldığı “Qarşısı kəsilmiş işığın kölgəsində: Afife Jale” yazısını təqdim edir.

“Məni kədərlə yox, düşünərək, sevərək, qucaqlayaraq xatırlayın. Teatr varsa, mən də varam!” – Afife Jale

Afife Jalenin həyatı yalnız Türkiyə teatrı tarixinə düşən quru faktlardan ibarət deyil, eyni zamanda boğulmuş potensialın və təzyiq altında saxlanılan kimliyin insan ruhunda necə dərin yaralar açdığını göstərən sarsıdıcı psixoloji hekayədir.

O, sadəcə səhnəyə çıxmaq istəyən gənc qadın deyil, həm də ailəsi və cəmiyyət tərəfindən özü olmaq hüququ əlindən alınmış bir insanın mənəvi və fiziki yükünü daşıyan faciəvi fiqurdur. Afifenin hekayəsi insanın özünü reallaşdırma arzusunun qarşısı alındıqda ruhda necə dərin, görünməz və çox vaxt sağalmaz yaralar açıldığını göstərir.

1902-ci ildə İstanbulda doğulan Afife Osmanlı dövründə müsəlman qadınların səhnəyə çıxmasının qadağan edildiyi bir vaxtda böyümüşdü. Uşaqlıqdan teatra maraq göstərdi, aktrisa olmaq xəyalını ailə təzyiqinə baxmayaraq daxilində yaşatdı. O, 1918-ci ildə Darülbədayiyə tələbə kimi qəbul edilən 5 qadından biri oldu. Lakin bu qəbul belə gizli şəkildə baş tutmuşdu, çünki qanuna görə müsəlman qadınların səhnəyə çıxması hələ də qadağan idi.

Qadağalara baxmayaraq, ilk dəfə 1920-ci ildə "Jale" təxəllüsü ilə səhnəyə çıxdı. Bu, türk teatrı tarixində səhnəyə addım atan ilk müsəlman qadının addımı idi. Bu təşəbbüs onun həm azadlığına, həm də faciəsinə çevrildi. Polis reydləri, işdən çıxarılma, ailəsinin sərt reaksiyası və cəmiyyətin rəddedici mövqeyi qısa müddətdə həyatını mühasirəyə aldı. Afife bir tərəfdən səhnədə var olmaq arzusunu yaşadır, digər tərəfdən isə həm dövlətin, həm də cəmiyyətin təzyiqləri ilə mübarizə aparırdı.

Açıklama yok.

Bu çərçivə Maslovun nəzəriyyəsini daha da mənalı edir. İnsan ehtiyaclarını iyerarxik sistemdə izah edən "ehtiyaclar piramidası" modelinin yaradıcısı Abraham Maslov piramidanın zirvəsinə “özünü reallaşdırma” ehtiyacını yerləşdirir. Ona görə, hər insanın daxilində "potensial olaraq ən yaxşı versiyasına çatmaq" istiqamətində təbii meyil var. O, bunu belə izah edir:

"İnsan nə ola bilərsə, o da olmalıdır”.

Maslova görə, hər insanın daxilində bir səs var. Bu daxili səs insanı yaratmağa, özünü ifadə etməyə, sosial rolların çərçivəsindən çıxmağa və öz orijinal mənliyinə doğru addımlamağa səsləyir. Lakin bu səs boğulduqda ruh narahat olur, daxili gərginlik başlayır. Maslovun tərifinə görə, özünü reallaşdırmaq son nöqtə deyil, ömür boyu davam edən böyümə, məna və bütövlük səyahətidir. Bu yol qapananda insanın psixoloji bütövlüyü sarsılır; depressiv əhval-ruhiyyə, təşviş, özünəinamın itməsi və fiziki əlamətlər üzə çıxır.

Afife Jalenin həyatı tam olaraq belə bir mühitdə formalaşdı: özünü reallaşdırmaq ehtiyacı sistematik şəkildə boğulan, əngəllənən bir qadının hekayəsi...

Sənətə olan ehtirası onun üçün Maslovun tərif etdiyi mənada özünü reallaşdırma çağırışı idi: səhnəyə çıxmaq, özünəməxsus kimlik yaratmaq, istedadını ifadə etmək və sənətlə var olmaq. Lakin o, qadınların səhnəyə çıxmasının qadağan olunduğu dövrdə doğulmuşdu. Bu qadağa Afifenin varlığının tam mərkəzinə yönəlmiş müdaxilə idi. Olmaq istədiyi qadınla cəmiyyətin "belə olmalısan" dediyi qadın arasında yaranan o dərin uçurum, ruhunda çətin sağalan yara açdı.

Müasir psixologiya məhz bu nöqtədə xəbərdarlıq edir:

“Həqiqi mənliklə məcburiyyət qarşısında formalaşan mənlik arasındakı münaqişə böyüdükcə, insanın mənəvi bütövlüyü parçalanmağa başlayır”.

Açıklama yok.

Bu qırılma yalnız dövlətin qadağaları ilə məhdudlaşmırdı; Afifeni ən çox ehtiyacı olduğu yer – ailəsi də rədd edildi. Humanist psixologiyanın qurucularından olan Karl Rocersə görə, fərdin özünü reallaşdıra bilməsi üçün o, şərtsiz qəbul edilməlidir. Afife isə əksinə, ailəsi tərəfindən "ayıb", "təhlükəli", "uyğunsuz" adlandırılaraq təzyiqə məruz qaldı. Bu cür rədd edilmə tənhalıq, aidiyyət hissinin itirilməsi, günahkarlıq və kimlik münaqişəsi yaradır.

Sosial təzyiq də bu yaranın üzərinə duz basdı. Qadın olaraq səhnədə görünməyin cinayət və təhlükə sayıldığı dövrdə Afife daxili səsini eşitməkdə də, bu səsi müdafiə etməkdə də tamamilə tək qoyuldu. Bu tənhalıq zamanla ruhunda dərin daxili sürgünə çevrildi.

Onun faciəsini ən bariz şəkildə göstərən əlamətlərdən biri isə şiddətli baş ağrıları idi. Dövrün qeydlərində "dözülməz sinir ağrıları" kimi xatırlanan bu ağrılar, neyropsixoloji baxımdan, böyük ehtimalla, illər boyu toplanan travmaların bədən dili ilə təzahürü idi. Xroniki stress, təhlükə həyəcanı, sənətçi kimliyinin boğulması, polis reydi qorxusu, ailə və cəmiyyət tərəfindən rədd edilmək... Bütün bunlar sinir sistemini daim həyəcan siqnalı vəziyyətində saxlayan amillər idi.

Travma çox vaxt sözlərlə deyil, bədənlə danışır. Afifedə bu, miqren, əzələ gərginliyi, avtonom sinir sisteminin həddindən artıq həssaslığı və üz nevralgiyası şəklində özünü göstərdi.

Ağrıların dözülməz həddə çatması onu morfinə yönəltdi. Lakin bu yönəliş zamanla onun həssaslığını daha da dərinləşdirən və həyatının nəzarətini əlindən alan ağır asılılığa çevrildi.

Sonda Afife Jalenin həyatı ağır baş ağrıları ilə başlayan, morfin asılılığı ilə davam edən, sənətindən qopma, kənarlaşdırılma, tənhalıq, qapanma və ümidsizliklə dərinləşən daxili çöküşlə nəticələndi. Cəmiyyət təzyiqi onun potensialını yox edirdi. Sənətçi qadın və insan olaraq varlığı özü olmaq hüququnun əlindən alınması ilə tədricən əridi. Sənətindən məcburi şəkildə uzaqlaşdırılan Afife morfin asılılığı ilə mübarizə apararkən, 1941-ci ildə hələ 39 yaşında ikən Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında səfalət və tənhalıq içində həyata əlvida dedi.

Açıklama yok.

Bütün bu əzablara baxmayaraq, Afifenin hekayəsinin ən təsirli tərəfi qadağalara rəğmən səhnəyə çıxmaqdan çəkinməməsidir. Bu, onun öz kimliyinə sədaqətinin, müqavimət gücünün, məna axtarışının və mənliyini qorumaq cəhdinin ifadəsi idi. Lakin hər dəfə səhnəyə çıxması eyni zamanda həbs olunmaq qorxusu, təcrid olunma hissiyatı, dəyərsizlik duyğusu və kəskin təşviş yaradırdı. Beləliklə, müqavimət ilə kövrəklik onun ruhunda bir-birinə möhkəm düyünləndi.

Bu gün geriyə dönüb baxdıqda, Afife Jalenin hekayəsi bizə acı bir həqiqəti xatırladır:

“Özünü reallaşdırmaq arzusu boğulduqda ruh yaralanır, bədən reaksiya verir. İnsan öz işığını daşıya bilməyəcək hala gəlir”.

Və o sual illər keçsə də, eyni ağırlıqla qarşımızda durur:

"Bir qadının sənətdə, cəmiyyətdə və ictimai həyatda görünməsi məhdudlaşdırılanda nə baş verir?"

Afifenin həyatı bu suala sakit, lakin sarsıdıcı cavab verir:

“Bir işıq sönür... lakin o işığın hekayəsi qaranlığı aydınlatmağa davam edir”.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər