Bir çamadan şeirini yandıran şair - O, axırıncı dəfə bacısına nə demişdi?

Bir çamadan şeirini yandıran şair - O, axırıncı dəfə bacısına nə demişdi?
5 noyabr 2025
# 10:30

Bu gün məşhur satirik, qəzəlxan Baba Pünhanın doğum günüdür.

Kulis.az İradə İsaqın "XXI əsrin Sabiri adlandırılan Baba Pünhanın ömür yolundan" yazısını təqdim edir.




Bu gün "XXI əsrin Sabiri" adlandırılan Baba Pünhanın doğum günüdür. Biz çoxdan həsrət qaldığımız haqq sözü deyən satirik bir şairi tapdığımıza görə sevmişdik onu. Rəsmi olaraq, onu xalq şairi kimi təqdim edə bilməsək də, o, əsl xalqın şairi idi. Müasirlərindən və bir çox sələflərindən fərqli olaraq, Baba Pünhan kürsülərdə pafoslu səslənmək üçün qələm ələ almazdı. Nə Yazıçılar İttifaqına üzv olmaq üçün, nə prezident təqaüdü almaq üçün, nə yeni tikilən binalarda ev almaq üçün şeir yazmamışdı. Akademik təhsili də yox idi, hecanın, əruzun, siyasi elmlərin xüsusi təhsilini almamışdı. Yaxşı şair canıyanan vətəndaş olmaqla başlayır əslində. O da hər an cəsarətli şəkildə vətəndaş mövqeyini ortaya qoyurdu.

Bacısı Yaqut Abdullayevanın dediyinə görə, bir dəfə şair öz qəzəllərini gözdən keçirəndə özü də təəccüblənib demişdi ki, “nə qədər sərt yazmışam, heç hiss eləməmişəm, görəsən necə dözüblər sözlərimə?!”.

Xoşbəxt o şairdir ki, onun hətta bir şeiri dillər əzbəri ola bilib. Baba Pünhanın şeirlərini dinləməyən az adam tapılar. O da özünü biləndən şeir yazırdı. Əlinə qələm aldığı gündən də təxəllüsünü Pünhan olaraq qəbul etmişdi. Bəlkə çoxları bilmir. Onun real adı, familiyası ilə təxəllüsü çox az uyğun gəlirdi. Atababa Seyidəli oğlu Mədətov. Onun əsl adı belə idi. Baba Pünhan ləqəbini gəncliyindən götürməli olmuşdu. Əslində, şeiri 12 yaşından yazırdı. Adını gizləməyinə səbəb vardı. Şeirlərini gəncliyində kimə oxuyurdusa, onun yazdığına inanmırdılar, o da Ömər Xəyyam kimi məcbur olub, guya başqa şairin şeirlərini oxuduğunu deyərmiş. Xəyali şairin adı da gizli qalmalı idi və bu uğurlu ad Baba Pünhan oldu. Çamadanla dolu şeirlərinin çoxunu yandırmışdı. Çapa vermirdilər deyə yandırırdı, haqsızlıqlara bu cür üsyan edirdi.

Məsələn, 25 yaşında yazmışdı bu şeiri.

Həyat məktəbində oxuyuruq biz,
Həyat özü bizim müəllimimiz,
O bizi öyrədir, bizə dərs verir,
Bəzən düzgün verir, bəzən tərs verir.

Əzizim, düşməyək əyri yollara,
Düzlük ilə görək çıxarıq hara?
Sizə Qabus kimi, Brahman kimi,
Nəsihət eyləmək deyildir işim,

Yazıram həyatda gördüklərimi,
Çünki mən şairəm, budur vərdişim.

Qəzəlin qaydasıdır, ərəb, fars sözləri olmadan o dadsız görünür. Amma Baba bəlkə yeganə şair idi ki, bir kəlmə belə alınma sözlərdən istifadə etmədən nəhəng şeirlər yarada bilirdi.

Tez-tez Hacı Mailin Füzuli şeir məclislərinə gedərdi və həmişə də son söz ona verilərdi, çünki ağır məclisin hüznünü kimsə sonda dağıtmalı idi. Üstəlik, bu qədər sadə, məzəli yazan yox idi. Hətta Hacı Mail bir neçə dəfə onun kimi belə sadə şeirlər yazmağa cəhd elədi, düşünmüşdü ki, “nə var bu sadəlikdə şeir yazmağa?!”. Amma o sadəlik və dərinliyin bərabərinə düşə bilməmişdi.

Xəlqi əyləndirməyə hər cür şərait bizdə var,
Ağlamaq üçün Bakı, gülməkçün Şəki
Əladı ki...

Gəz, dolan hər gün bazarı,
Bir ucuz ərzaq üçün
Hər kiloda yüz qram vursun çəki
Əladı ki...

Elə şair Hacı Mailin Füzuli şeir məclisi də ona ilk və kiçik şöhrəti gətirdi. Əli qəzetə çatanlar bir müddət bu şeirləri qəzetlərdə çap etdirdilər və qəzetlər onun yolunu televiziyaya saldı. İlk əvvəllər kimsə onun metroda montyor işlədiyinə də inanmırdı. Baba Pünhan bəlkə böyük şair idi. Amma onun tanınmasında və sevilməsində “Qulp” verilişinin danılmaz rolu oldu.

İlk oxunan şeiri də “İt günündə” şeiri idi.

İtim gəl dur önümdə,
Gəl başına dönüm də,
Sən Pünhanın günündə,
Pünhan da it günündə!

Hətta prezident Heydər Əliyev də onun şeirlərini “Qulp”dan dinləyərdi və onun səmimiliyinə görə sözlərini qəbul edərdi.

Onun bir şair kimi fərqliliyi həm də rus və xarici dillərdə qəzəllərin yazılması idi. Məsələn, “Medlenno-medlenno” şeirini götürək.

Azerbaydjan v novıy vek
İdet medlenno-medlenno
Kto imenno ne znaö
Vedet medlenno-medlenno
Baba Punxan pri smerti,
Vzəl pəlu smerti,
Pğet medlenno-medlenno

Və ya:

Qapıları Avropaya açdıq, fəqət meydana yox,
Bir muzey tək qorunan meydanımız üçün
Thank you

Qulp olanda qulp qoyur, qulp olmayanda mız qoyur
Hər şeyə bir qulp qoyan Pünhanımız üçün
Thank you.

Evində isə Məhəmməd Füzulinin kitabından başqa kitabı da yox idi. Əslində, dərin mütaliəsi olmamışdı. Bu sırf istedad idi. Soruşanda ki, “belə gözəl təbin var, niyə sevgi şeiri yazmırsan?”. Əlini saqqalına çəkib “bu yaşımda ayıbdır, mənimki elə budur” deyərdi. Məclislərdə, küçə-bayırda göstərilən böyük ehtiramdan məmnun olsa da, o, bu şöhrətin dərdində deyildi, sadəcə, yazdıqlarının qalmasını, yazılmasını, bilinməsini istəyirdi.

Baba Pünhana sağlığında öz qəzəllərinin muğam üstündə oxunmasını da görmək nəsib oldu. Ona bu həzzi Alim Qasımov yaşatmışdı.

Baba Pünhan çox böyük maddi sıxıntılar da görmüşdü. Həyat onu çox sıxmışdı. Amma deyirlər, əgər həyat səni sıxırsa, deməli, səndən nəsə vacib bir şəxs yaratmaq istəyir.

Baba Pünhan da cəmiyyətə yerin altından gəlmişdi. O, 25 il metropolitendə elektrik vəzifəsində çalışmışdı. Divar qəzetində satirik dillə metronun çatışmazlıqları ilə bağlı qəzəllər yazması müdiriyyətin xoşuna gəlməmişdi. Onun maaşını kəsib, daha ağır işə keçirmişdilər. Əvvəl elektrik olsa da, sonra fəhlə kimi də işləyib, nərdivan daşımalı olmuşdu.

Ev, ailə üçün çalışan maddiyyat adamı deyildi. Başqaları üçün, imkansızlar, xəstələr üçün qapılar döyərdi. Ondan kömək umanların da işini düzəltməyənə qədər əl çəkməzdi. Yaxşılıqda imamların yolunu davam etdirməyə çalışırdı. Özünü heç vaxt düşünməzdi. İnsanları daha çox düşünərdi. Çoxları onun bakılı olduğuna da inanmırdı. Qarabağın dərdini həmişə çəkərdi.

Bayrağı əldə neçə ildir ki, türk oğlu gəzir,
Hara sancsın axı bayraq
Qarabağ getsə əgər?!

Belə narın və müəmmalı gedişlə Pünhan
Ümid Allahadır ancaq,
Qarabağ getsə əgər!

Baba Pünhan hər şeyi özünə dərd edən insan idi. Bütün bu dərdləri o, içərisində çəkdiyi üçün 1991-ci ildə ağır infarkt onun ürəyini parça-parça etmişdi. Həkimlər çox yaşayacağını güman etmirdilər. Allah isə ona bu hadisədən sonra 13 il yaşamağa möhlət verdi. 2001-ci ildə şuntlama əməliyyatı keçirdi. 2004-cü ildə təkrar əməliyyat keçirdi.

Həkimlər xəstəliyinə görə onun saqqalını qırxmışdı. Bu saqqalı isə o, 20 Yanvar hadisəsindən sonra saxlamışdı və əhd eləmişdi ki, torpaqlarımız azad olunmayana qədər də ona əl vurmayacaq. Ağsaqqalı simasına qəribə bir nur verirdi. Son əməliyyatdan çıxandan sonra onu evə Akif İslamzadə gətirdi. Ertəsi gün də heç nə olmamış kimi dükan-bazarı gəzərdi. Oğlu Nahid Mədətzadə onun son gününü belə xatırlayırdı. “Dünyasını dəyişən günü səhər ertədən kəskin baş ağrısından şikayətləndi. Təcili yardım çağırdıq, əvvəl hətta həkimlərlə də zarafat edirdi, amma qəfildən halı pisləşdi. Tez onu Mərkəzi Klinik Xəstəxanaya apardıq. Yolboyu bir kəlmə kəsmədi, bircə əlini çiynimə qoydu. Amma bir daha onu ayıq vəziyyətdə görə bilmədik, xəstəxanada 11 gün komada yatdı”.

Bacısı Yaqut xanım deyir ki, “Babanın xəstəxanadakı ümidsiz vəziyyəti məni çox çaşdırmışdı. Dua edib, Allahdan kömək istəyirdim. Tez evə qayıtdım. İçəri girəndə gözüm kitab rəfindəki kitabına sataşdı. Gəldim kitabı açanda təsadüfən bu şeir çıxdı qarşıma. Ondan sonra səsimi kəsib, üsyanımı dayandırdım.

Bir qonaq var hər yerə pünhan gələr, aşkar edər,
Gəlsə pünhan, salma hay-küy,
Bu əcəldir, susginən!”

Tanrı ölüm ayağında ona fürsət vermişdi. O, bir gün qabaq çox sevdiyi kitablarının nəşr olunduğunu görə bilmişdi. Kitabının nəşri və nəvəsinin doğulması ölümündən qabaq sevindiyi ən xoş hadisələr idi. Son kitabı olan “Kim nə götürdü?”nü çıxarandan sonra son arzusu 3 kitabını birləşdirmək idi. Hətta nəşriyyatda da ona “sizi yenə gözləyirik” deyəndə “gözləməyin, daha gəlməyəcəyəm” demişdi.

2004-cü ilin aprelində, son kitabı nəşriyyatda hazırlananda o, əcəllə vuruşurdu. Həkimlər onun oyanmayacağını bilirdilər. Oyansa belə o, çarpayıya bağlı vəziyyətdə və az yaşayacaqdı.

Bacısı Yaqut iddia edir ki, ölüm ayağında qardaşını öz evində canlı görüb.

“Kimsə inanmasa da, bu məni narahat etmir. Əsas o mənə son sözünü dedi.
Dedi: niyə belə ağlayırsan?
Dedim: belə qəfil getmək olmaz.
Dedi: heç qəfil gedənlər olmayıb? Mən də onlardan biri.
Dedim: mən dua edirəm ki, sən qayıdasan.
Dedi: mənim şikəst olmağımı istəyərsən?
Dedim: yox.
Dedi: onda mənim qayıtmağımı istəmə.
Sağlığında deyirdi çox xəstəyəm, amma elə sağlam görünürdü ki, inanmırdıq belə tez bizi tərk edəcək. Hətta belə bir şeiri də var.

Can bacı, canım bacı, əldən gedir canım bacı,
Öldü Pünhanın çox erkən, bilmədim, sən bilmisən”.

Dostu rəssam Hacı Eldar da nəhs yuxu görmüşdü. Görmüşdü ki, Hacı Zeynalabdinin yas mərasimidir və fatihə verir. Ölümünə yaxın bunu Babaya danışanda “o Hacı mənəm, mənim üçün də fatihə verərsən” demişdi. Komada olanda dostu nəşr etdirdiyi kitabla, diskini gətirib onun balışı altına qoyur və deyir “Sən yuxunu düz yozmuşdun Baba, bilirəm dönmək istəmirsən, fürsət də olsa qayıtmazsan, nə qədər ki, dirisən, qoy sənin fatihəni verim, özün də eşit. Və ürəyimdə Tanrıya yalvardım ki, əgər məni eşidirsə, mən bir əlamət görüm. Bu zaman aparatdakı oxun siqnal səsindən sonra 20-dən 62-ə qədər qalxdığını gördüm və təkrar ox 20-ə endi. Anladım ki, o, məni eşidib”.

Xəstəxana pulunu isə imkanlı dostları, xüsusən Hacı Eldar ödəmişdi. Ailəsini kassaya yaxın durmağa belə qoymadılar.

Baba Pünhan həyatın hər üzünü görmüşdü. Qədərin kəm gününü də, şən gününü də eyni mətanətlə qarşılamışdı. Amma bu dünyadan köçəndə hər bir atanın borcu olan övladlarının problemlərini həll edə bilməmişdi.

Ev probleminə görə qızı Cəmalənin yoldaşından boşanması onu çox sarsıtmışdı. Qızına demişdi ki, “fikir eləmə, Sadiq nəvəmi özüm böyüdəcəyəm”.
Baba Pünhanı həyat çox ağır sınaqlardan keçirmişdi. Amma deyəsən, bu sınaq hələ də bitməyib. Onun şeirləri böyük məhəbbətlə sevilsə də, hələ də tam qəbul olunmamaq kimi bir problem yaşayır bu gün. Ciddi ədəbiyyatda Baba Pünhanın yeri hələ tam möhkəmlənməyib deyə bilərik. Amma onun hansısa bir misrasına göz atmaq yetər ki, deyilənlərin qısqanclıqlardan doğduğunu anlamayasan.

Tanrıya şükür elə Pünhan,
Bu çətin gündə səni,
Kimi əldə, kimi dildə,
Kimi aşkar, kimi pünhan oxuyur.

Əslində, Baba Pünhanın xatirəsinə və sənətinə məhəbbət o qədər böyükdür ki, sevənləri, dostları heç kimdən heç nə gözləmədən əsrlərlə qalacaq, onun şairliyinə layiq bir sərdabə ucaltdılar.

Heykəltəraş Tanrıverdi, rəssam Eldar Mikayılzadə onun məqbərəsini Kürdəxanı qəbiristanlığında möhtəşəm sənət əsəri kimi il mərasiminə qədər təhvil verdilər. Hətta tikinti materialları satanlar eşidəndə ki, bunlar Baba Pünhanın məzarı üçün alınır, pul götürməyiblər. Yelkən modelində 12 imam eşqinə 12 sütunlu hazırlanan məzar sandıq şəklindədir, baş tərəfində bir çıraq yanır. Onun sənətinin işığıdır bu. Sandığın üzərində daşdan papağı, təsbehi, möhürü həkk olunub. Qəbrin 4 yanından kitab heykəlləri qoyulub ki, onun səhifələrində şah beytləri həkk olunub. “Mən nə dedim ki?!” şeiri isə məqbərənin içəri tərəfindən işlənib. Bu qəbrin hazırlanmasında, xaricdən gətirilən bahalı material və maddiyyat işlərinin haqqını gözəl bir insan ödəyib. Özü bu haqda danışılmasını istəməsə də, düşünürəm ki, mənim bir müəllif kimi bu adı çəkməyə haqqım var. Həmin şəxs onun yaxın dostlarından olan Mir Möhsün Ağa ziyarətgahının rəhbəri Hacı Nizamdır. Şairə verdikləri bu dəyər üçün əməyi keçənlərin hər birindən Allah razı olsun!

Bir zamanlar Baba Pünhan yazıb, yaradan, yaşadan şair idi. Bu gün isə susaraq yaşayan, nur saçan vətən daşına çevrilib o. 56 yaşında vəfat etmiş bu böyük şairin ədəbi çırağının işığı neçə pərvanələri cəm edəcək. Bu çırağın şöləsi hələ çox çöhrələri güldürəcək. Tanrı ona şeirlərində yaşamaq ixtiyarı verdi. Və divarları da şeirlə yonulan böyük şairə layiq, gözəl bir məqbərə qismət etdi.

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim,
Mən nə dedim ki
Pünhan, mən əməl dəftərini şeirə çevirdim,
Yəni onu təkrar elədim,
Mən nə dedim ki?!.

Həqiqətən də, Baba Pünhan sən nə dedin ki?!

# 176 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər