Azər Aydəmir: "Həyatda belə olmasam da, ekranda səmimi olmağa çalışıram..." - Müsahibə

Azər Aydəmir:  "Həyatda belə olmasam da, ekranda səmimi olmağa çalışıram..." - Müsahibə
13 oktyabr 2025
# 10:00

Kulis.az Kamil Əlisoyun aktyor Azər Aydəmirovla müsahibəsini təqdim edir.

- Çəkiliş meydançasında, iş başındasınız. Nə çəkilişi gedir?

- Sevindirici haldır ki, 2011-ci ildə Cənab Prezidentin müvafiq sərəncamıyla serialların, televiziya filmlərinin inkişafı üçün müəyyən vəsait ayrılmışdı. Serialların kütləvi çəkilişi də həmin ilə təsadüf etmişdi. Həmin illərdə kifayət qədər tanınmış rejissorlar, simalar və bəzi maraqlı əsərlər ortaya çıxdı. Hazırda həmin rejissorlar gözəl serial və filmlər çəkirlər. Həmin köməyin nəticəsində biz də aktyor kimi, ssenarist kimi püxtələşdik. İctimai TV və digər telekanalların efirində gedən “Əqrəb mövsümü”, “Vətəndaş A”, “Körpü”, “Gündəlik” kimi miniseriallar istehsal etməyə başladıq. O seriallar keyfiyyət baxımından digər uzunmüddətli seriallardan fərqlənir. Bunu əsas və rəhbər götürərək, bu ilin may ayında yenidən Sərəncam imzalandı və serialların inkişafı üçün vəsait ayrıldı. Amma “Əqrəb mövsümü”nün müəllifi olaraq məni sevindirən o oldu ki, bu dəfə ayrılan vəsait artıq gündəlik, uzunmetrajlı və çoxseriyalı seriallar üçün deyil, məhz “Əqrəb mövsümü” və mənim həmkarlarımın çəkdiyi “Vətəndaş A” serialı üslubundakı layihələrin inkişafı üçün ayrılan vəsaitdir. Bu nəyə görə məni qürrələndirir? Hazırda çəkdiyimiz serialın rejissorları – mən, Emil Quliyev və digərləri bunun bir növ lokomotivi olmuşuq. İndi maliyyə ayrılandan sonra həm də şərtlər qoyulur ki, seriallar keyfiyyətli olsun. Bu seriallardan biri də çəkilişləri gedən “Qırmızı Zona” serialıdır və 12 seriyadan ibarət detektiv trillerdir. Rejissor Elvin Rüstəmzadədir və ekran əsəri ATV telekanalında yayımlanacaq. Seriyaların sayı azdır. Nəyə görə? Çünki əsas şərtlərdən biri də odur ki, sırf serial xatirinə çəkilən serial deyil, büdcəsi çox və qısa seriyalar da olsa, insanların baxacağı və müzakirə edəcəyi seriallar istehsal olunsun.

- Deyəsən, son dönəmlər ən çox tələbat duyulan aktyorumuz sizsiniz, həm tamaşaçılar tərəfindən, həm də rejissorlar tərəfindən...

- Çox sevindirici haldır ki, elə deyirlər. Mən də eşitmişəm. Bu, yəqin ki, öz işini və peşəni sevməkdən, öz vəzifəni insafla icra etməkdən irəli gəlir. Mən bu sahəni çox sevirəm. Hər zaman demişəm ki, kino mənim həyatımdır. Mən özümü başqa sahədə təsəvvür etmirəm. Görünür ki, ürəkdən yanaşır və sevərək işləyirəm deyə, belə bir qənaətə gəlinib. Düzdür, indi sual yarana bilər ki, onda sevilməyənlər vəzifələrini sevərək icra etmir? Ola bilsin, ola bilsin... Mən hər zaman demişəm ki, tanınmaq başqa, aktyorluq və obraz yaratmaq başqa hədəfdir.

- Həm tammetrajlı, həm qısametrajlı filmlərə çəkilirsiniz. Yutub platforması üçün çəkilən filmlərdə də tez-tez sizi görürük. Bu filmlər arasında sizin üçün fərq varmı?

- Qətiyyən yoxdur. Çünki mən ssenari müəllifi kimi, ilkin olaraq, ssenariyə və hekayəyə baxıram. Vaxtımı boşa sərf etməyi sevmirəm. Həyat qısadır. İstəyirəm ki, çəkiləcəyim filmlər tamaşaçılar tərəfindən sevilsin və baxılsın. Ona görə, istər serial, istər bədii film, istərsə də qısa bir film olsun, mənə təklif ediləndə hekayəyə baxıram və anlayıram ki, bu hekayə tutacaq, seviləcək, ya yox. Düzdür, hərdən səhvlər də edirəm. Analizim səhv çıxır. Amma bu, hər bir aktyorun başına gəlir, çalışıram, yaxşı işlər görüm.

- Düzdür, çox vaxt bunu tam açıq demirlər, amma qonorarlar sizi qane edirmi? Məsələn, aktyorlar bir serialdan, filmdən qazandığı qonorarla həyatını nə qədər təmin edə bilir?

- Təəssüflər olsun ki, qonorarlar, əlbəttə ki, kifayət deyil. Aktyor sırf qonorarlar üzərində həyat yoluna çıxsa, onun üçün çox çətin olacaq. Düzdür, mənim elə həmkarlarım var ki, onlara həsəd aparıram. Həm teatrda, həm bir neçə serialda, həm bədii filmdə, həm səsləndirmə, dublyaj sahəsində çalışırlar. Onlara əhsən deyirəm. Çünki, sadəcə, elə olduğu təqdirdə özünü və ailəni təmin edə bilərsən. Amma bu, əlbəttə ki, insanın canından, yaşından, zamanından gedir. O insanlar, demək olar ki, evdə tapılmırlar. Əlbəttə ki, bir aktyor kimi mənim də yaralı yerim qonorardır. Düşünürəm ki, qonorarlar çox olmalıdır. Lakin bu, sahədən asılı bir məsələdir. Sistem, mexanizm, reklam bazarı ilə serial bazarının hələ tam inteqrasiya edə bilməməsindən doğan bir problemdir. Həmin o körpü yaransa, düzgün sistemləşsə, serial, kino, televiziya və reklam biznesi vahid bir struktur kimi fəaliyyət göstərsə, onda qonorarlar avtomatik qalxacaq.

- İndiki filmlərimizi tez-tez retro filmlərimizlə müqayisə edirlər və belə görünür, bu müqayisədən retro filmlərimiz qalib ayrılır. Siz bu haqda nə düşünürsünüz?

- Bu, nostaljik hisslərdir deyə düşünürəm. Bilirsiniz, bir filmə istər retro olsun, istər indiki dövrün filmləri, uşaqlığından bu yana dəfələrlə baxsan, həyatı boyu həmişə eyni film səni müşayiət eləsə, fonda olsa belə, o, bir müddət sonra sənin nostaljik xatirənə çevrilir. İnsanlar təhətlşüurunda öz nostaljik xatirələrini yaxşı və ya pis filmlə çaşdırırlar. Yenə deyirəm, bu, psixi qavrama məsələsidir. Mən demirəm ki, bizim retro filmlərimiz pisdir. Amma, deyirəm ki, bizim elə yaxşı müasir filmlərimiz də var ki, bəlkə də 4-5 retro filmə dəyər.

- Müasir filmlərimizdə çatışmayan nədir? Maliyyə yoxsa istedad?

- Hər ikisi, məncə. İstedadlarımız var, amma hərdən onlar cəlb olunmurlar. Hərdən sanki istedadlar kölgədə qalır bir az. Mənim, misal üçün, kifayət qədər tanıdığım həmkarlarım var ki, təəssüflər olsun ki, ya rejissorlarımızın yadından çıxır, ya da düzgün kastinq xidmətindən istifadə etmirlər. Amma “istedad nə qədər çox olsa, basılmaz vətən”. Özüm indicə fikirləşdim bu sözü. (Gülür). Maliyyə, sözsüz ki, ciddi rol oynayır.

- Aktyorların peşəkarlığı bəs necə? Xüsusən, seriallarımızdakı aktyor ifaları qeyri-təbii təəssüratı yaradır. Peşəkar aktyorlar yetişdirə bilirikmi?

- Peşəkar aktyorları hazırda mühit, praktika yetişdirir. Müxtəlif sahələrdən olan - keçmiş KVN-çi, keçmiş Politexnik, iqtisad universitetini bitirən insanlar, zaman göstərir ki, kinematoqrafiyada daha çox iş görürlər. Aktyorları yetişdirə bilmirik. Onlar özü yetişirlər. Bu da bayaqkı suala verdiyim cavabda dediyim kimi, sevgidən irəli gəlir. Əgər bu sahəni sevir və burda olmaq istəyirlərsə, əlbəttə ki, dünya ölkələri və yaxın ölkələrin tendensiyasını, ümumiyyətlə, televiziyanı bilməli, öyrənməlidirlər. Düzdür, nəzəriyyəni bilmək daha gözəldir. Özümü misal çəksəm, deyə bilərəm ki, mən praktikayla başlayıb, indilərdə nəzəriyyəni öyrənirəm. Həmçinin mənim dostum - rejissor Emil Quliyev də güc strukturlarında çalışmaqdan rejissorluğa keçib. Amma indi fikir verirəm ki, haçan onu görsəm, masasının üzərində müəyyən romanlar, ssenarilər, film çəkilişləri üzrə dahilərin kitabları, dərslikləri olur. O deməkdir ki, sənətə kənardan gəlirlərsə, “qeyri-peşəkar” adlanan insanlar sənəti sevirlərsə, sonradan peşəkarlaşırlar. Ancaq indiki dövrdə mühit öyrədə bilər insanı. Bəli, kənardan gələn peşəkar təsadüfi də olsa, olur. Özüm də nümunə hesab edilə bilərəm.

- Sizin fikrinizə istinadən demək olarmı ki, bu sahədə praktika nəzəriyyədən daha önəmlidir?

- Azərbaycanda, bəli. Amma dünyada yox. Azərbaycanda kino, serial sənəti müstəqillik dövründə, sərt səslənsə də, yetim, kimsəsiz irəlilədi deyə praktika, əlbəttə ki, insanlara kömək oldu. Xüsusilə də, reklam bazarı.

- Necə olur ki, qeyri-peşəkarlar filmlərə yol tapır?

- İstəkdən irəli gəlir. Yenə də deyirəm, niyə peşəkarlar tapa bilmirlər? Belə bir söz var: “İstedadlılara kömək elə, istedadsızlar özləri yol tapacaqlar. Amma bu fikir də ikibaşlıdır. Populist olaraq deyə bilərdim ki, çox heyif, istedadsızlar öndədir, istedadlılar kölgədə qalıb. Amma, kinonun kapitalist dönəmində günah kölgədə qalandadır.

- “Sovet şkolası” deyilən bir ifadə var idi. İndi də kino məktəbimiz var?

- Sovetdən qalan müəyyən dəyərlər və nəzəriyyələr var ki, sütun olaraq hamımız onun üzərində irəliləyirik. Amma düşünürəm ki, məktəbi indi fərdlər formalaşdırır. Söhbət hansısa həyatını dəyişmiş korifeylərdən getmir. Yaşayıb-yaradanlar müəyyən yol və struktur formalaşdırırlar. Bu, düzgün strukturdurmu? Düzgün məktəbdirmi? Onu zaman göstərəcək. Biz öz xəmirimizi özümüz yoğururuq.

- Tez-tez ədəbiyyatçılar arasında belə mübahisələr olur: Yazıçılarımız niyə dünyaya çıxa bilmir? Kino adamları arasında da bu mübahisələr olurmu? Məsələn, aktyorlarımız dünyaya çıxa bilirmi? Çıxa bilmirsə, bunun səbəbi nədir?

- Təbii ki, belə mübahisələr var. Dünyaya çıxmaq individual fərdlər tərəfindən mümkündür. Elə insanlar var, o insanların sevgisi mənim də sevgimdən böyükdür ki, dünyaya çıxa bilir. Düzdür mən rejissor deyiləm, amma rejissorları nümunə gətirə bilərəm: Hilal Baydarov, Elvin Adıgözəl, Azər Quliyev və sair. Cavan uşaqlardır, yaşca məndən kiçikdirlər. Lakin onları artıq Venesiya, Kann, Koreyanın Busan festivalı tanıyır. Bu, insanın yaradıcılıq üsyanının nə qədər böyük olmasından xəbər verir. Amma bu nümunələr azdır. Onlara da kömək lazımdır. Öz müşahidələrim onu göstərir ki, hazırki Mədəniyyət Nazirliyinin komandası da, başda cənab nazir olmaqla, Azərbaycan Respublikası Kino Agentliyi də buna ciddi təkan verir. Niyə öz sözlərimdən əminəm? Çünki qeyri-rəsmi olaraq müəyyən görüş, tədbirlərdə, müzakirələrdə iştirak edirəm, ARKA-nın, Nazirliyin planlaşdırdığı və etdiyi işləri görürəm. Mənə elə gəlir ki, onlar dinamikayla davam etsələr, inşallah ki, həvəsdən düşməsələr, yaxın 5 il ərzində biz də “Qarabağ” futbol klubu kimi xaricdə daha çox səs-küy yaradacağıq. Çünki indi müəyyən işlər görülür. Azərbaycanın və digər ölkələrin birgə istehsalı olan bədii filmlər gündəmdədir. Hazırda cənab Prezidentin Sərəncamına uyğun olaraq, ölkəmizdə 40 faizə qədər “Cash rebate” funksiyası tətbiq olunur. Bu nə deməkdir? Xarici film istehsalçıları Azərbaycanı məkan olaraq seçsələr, azərbaycanlı aktyorları filmlərində çəksələr, onların Azərbaycanda xərclədikləri pulun 40 faizi istehsalçıya geri ödənilir. Bu yeni Sərəncam 29 may 2025-ci ildə imzalanıb. Bu da 1 il ərzində öz bəhrəsini verəcək, verməyə bilməz. Burda artıq beynəlxalq əlaqələr, layihələr, filmlər, tərəfdaşlıqlar ortaya çıxacaq ki, biz onun növbəti 3-4 ildə yaratdığı səs-küyü görəcəyik.

- Məcburən və ya xətir-hörmət üçün, ya da qonorar xətrinə çəkildiyiniz film olubmu?

- Təbii ki, mənim pulsuz da çəkildiyim film olub. Çünki məsələyə həm aktyor, həm prodüser olaraq yanaşıram. Misal üçün, baxıram ki, gözəl əsərdir. O layihəni ərsəyə gətirmək üçün komandanın pulu yoxdur və ya azdır. Burda, düzdür, ikitərəfli sərfiyyatdan söhbət getsə də, mən anlayıram ki, bu, həm mənə, həm də onlara divident gətirəcək. Ona görə də, belə ortaq əməkdaşlıqlarımız olub. Amma dediyim kimi, əsas hekayə gözəl olmalıdır. Mənim üçün önəmli olan budur.

- Teatrla kino arasındakı fərq nədir? Sizdə bunların yeri hardadır? Teatrda öyrəndikləriniz sizə filmlərdə mane olub?

- Mənim üçün, əlbəttə ki, kino birinci yerdədir. Teatrda çalışan həmkarlarımın, demək olar ki, hamısı həm kinoda, həm teatrda çalışanlardır. Biz tək-tük adamlardanıq ki, yalnız kino ilə məşğuluq. Fərqli yerlərdədir deyə düşünürəm. Teatr insanlarının məsuliyyəti daha böyükdür. Həyata baxışı daha genişdir. Bu həyatda onlara uğur diləyirəm. İşləri də daha çətindir.

Yox, maneə yaratmayıb. Mən 1 tamaşada oynamışam. Amma müxtəlif ölkələrdə. Maneə yaratmasa da, teatr səhnəsində olan çərçivələrdən söhbət gedir ki , orda kifayət qədər çərçivə var, mən 5-10 il bu işlə məşğul olsaydım, müəyyən maneələr yarana bilərdi. Amma ona baxmayaraq, misal üçün, burda - çəkiliş meydançasında Qurban İsmayılovu görürük. Mənim üçün o, canlı korifey, əfsanədir. Həyatını teatra həsr etmiş insandır. Onun gicgahında keçirici bir düymə var. Qurban bəy teatr səhnəsində onu teatra, kamera qarşısında kinoya keçirir. Bu onun peşəkarlığıdan irəli gəlir. Elə aktyorlar varmı ki, teatrla kinonu ayıra bilsin? Bəli, var. Amma elələri də var ki, ayıra bilmirlər. Kinoda da teatr səhnəsindəki kimi qalırlar. O da bundan irəli gəlir ki, müstəqillik dövründə kinomuz kifayət qədər inkişaf etməyib və insanlar da teatra daha meyilli olub. Bu, keçid dövrünü yaşaya bilməyən sənətkarlara aiddir ki, seriallar indi onlara kömək edir ki, yavaş-yavaş adaptasiya olsunlar.

- Yeri gəlmişkən, teatrlarımızın bugünkü vəziyyəti, repertuarları, aktyor ifaları, rejissor işləri sizi qane edirmi? Ürəyinizcədirmi? Sənətsevər bir dostunuzu könül rahatlığı ilə tamaşalarımıza aparırsınızmı?

- Təəssüf ki olsun ki, vaxtla bağlı olaraq, teatrlara gedə bilmirəm. Bu barədə də nəsə fikir bildirə bilmirəm.

- Dövlət dəstəyi ilə də filmlər çəkilir tez-tez. Sizcə, bu filmlərdə aktyor və rejissorlar müstəqilliklərini nə qədər qoruya bilirlər?

- Hazırda bu istiqamətdə güclü tendensiya görülməkdədir. Səhv etmirəmsə, son illərdə 12 film çəkilib. Yarısı istehsala buraxılıb, yarısı istehsal prosesindədir. Bədii filmlərdən söhbət gedir.

Bilmirəm, 15 il qabaq – mənim kinoya yeni gəldiyim dövrdə necə idi. Amma, hazırda mən də müəyyən proseslərdə iştirak etdiyim üçün ARKA-nın müsabiqə yolu ilə elan etdiyi filmlərdən bəzilərini görmüşəm, bəzilərinin ssenarilərindən xəbərim var. Məndə olan məlumata görə, bir nəfərə belə ssenaridə müdaxilə olunmayıb. Bu o deməkdir ki, şükürlər olsun ki, dövlət heç bir şəkildə yaradıcı prosesə qarışmır. Düzdür, tabu mövzular var ki, Azərbaycan kinematoqrafları bunu bilir. Bunlar nəinki Azərbaycanda, bütün dünyada keçərlidir. 5 punktdan ibarətdir ki, mən onları səsləndirməyəcəm. Misal üçün, onlardan biri uşaq zorakılığı, dini mövzular və sair. Bu mövzulara, təbii ki, toxunmaq olmaz, biz də toxunmuruq. Heç toxunmaq da istəmirik. İnanmıram ki, elə bir müəlliflər olsun ki, bu mövzularda filmlərdə nəsə göstərmək istəsinlər. Amma geri qalan bütün yaradıcı proses, mən həmkarlarımdan eşitmişəm ki, tamamilə azaddır. Dövlət heç bir şəkildə müdaxilə etmir. Yeganə müzakirə olunan məsələ həmişəki kimi büdcədir, ona görə ki, o, hər zaman mübahisə mövzusudur.

- Son dövrlərdə, xüsusilə, Əlixan Rəcəbov, Taleh Yüzbəyov və sizin layihələriniz böyük maraqla qarşılandı. Böyük auditoriyalara çıxdı işləriniz. Sizcə, bu uğurdur? Rəqəmlər keyfiyyətin göstəricisidirmi?

- Rəqəmlər birmənalı olaraq keyfiyyətin göstəricisi deyil. Amma yaxşı şərhlər keyfiyyətin göstəricisidir. Mənim müşahidələrim onu göstərir ki, bizim ortaq layihələrimizdə və yaxud Talehin, mənim, Əlixanın ayrı-ayrı layihələrimizdə 90 faiz etibarilə müsbət şərh, rəylər alırıq. Onların sayı çox olur və bəli, onların çoxluğu bizim üçün önəmlidir. Onlar müsbətdirsə, deməli, biz düzgün yoldayıq. Əlbəttə, tənqid də olur. O da bizim işimizdir də, tənqid də eşitməliyik, tərif də. Amma bizim digər həmkarlarımız var. Yutubda və ya qısa filmlər sahəsində çox bərbad kontent ortalığa qoyurlar, amma onların baxış sayı bizlərdən 100 minlərlə çoxdur. Belə tendensiya da var. Nəticə etibarilə, biz çalışırıq ki, keyfiyyətli iş görək.

- Sizin üçün hansı daha uğurludur? Taleh Yüzbəyov yoxsa Əlixan Rəcəbov?

- Vallah, hərəsi fərqli bir istiqamətdə çalışan sənətçilərdir. Mən onlara rahatlıqla sənətçi deyə bilərəm. Yəqin, bu sözüm bir çox insanların xoşuna gəlməyəcək. Onları qətiyyən müqayisə etmirəm. Biri Hollivud yönümlü kontenti Azərbaycana gətirmək istəyir və təbii ki, imkan yaransa, bunu edə biləcək gücdədir. O biri isə daha çox fəlsəfi Avropa kontentini ölkəyə gətirmək istəyir. Söhbət Taleh Yüzbəyovdan gedir. O da, əlbəttə ki, imkan yaransa, mənə elə gəlir ki, gözəl işlər görə bilər. Bunun sübutu da odur ki, “Korkut Ata” Film Festivalında ssenarisinə görə qalib gəlib. Hər halda bu, danılmaz faktdır. Düzdür, hamımız kommersiya sahəsindən gəldiyimizə görə, hərdən ssenarilərimiz və yaxud ədəbi materiallarımız peşəkarlar tərəfindən qəbul olunmaya bilər. Lakin artıq festivallar, təltiflər bunu fakta çevirir.

- Sizin Hikmət Rəhimovla birgə işləriniz rəğbətlə qarşılanır. "Əqrəb mövsümü" serialı da bunlardan biri oldu. Sizcə, burda serialın detektiv janrında olması buna təsir etdimi? Çünki bizim film bazarında detektiv film və serialların sayı çox deyil. Ola bilər ki, "Əqrəb mövsümü" məhz bu boşluqdan yararlandı?

- Sözsüz ki, janr burda öz rolunu oynadı. Detektiv janrına çoxdandır ki, müraciət olunmurdu. Sonuncu iki filmi əgər nümunə gətirsək, bu, Sovet hökuməti dağılan ərəfələrdə çəkilən “İstintaq və qətl” filmidir. Müasir dövrdə də bu, “Xeyirlə şərin rəqsi” filmidir. Təəssüflər olsun, bu film populyarlıq qazanmadı. Uzun boşluqdan sonra “Əqrəb mövsümü” çıxdı və sevildi. Burda, sözsüz ki, başda sosial şəbəkələr, Hikmətin Rəhimovun aktyor kimi, Emil Quliyevin rejissor kimi peşəkarlığı da böyük rol oynadı. Özümü qeyd etmirəm, yəqin, özüm də rol oynadım. Bütün bunların toplamında nəticə göz qabağındadır. Çalışırıq ki, digər həmkarlarım da, mən də ondan da daha yaxşı işlər görək. Görməliyik də. Şərt deyil ki, orda Hikmət olsun, mən olum və ya Emil olsun. Çünki xalq olaraq, yaradıcılıq bizim qanımızdadır.

- Azər Aydəmirin bu dərəcədə sevilməsinə səbəb nə oldu?

- Bir az təvazökarlıqdan kənar və uzaq səslənəcəkmi, bilmirəm. Bu suala, əslində, normalda cavab verməli deyiləm. Sevgiyə görə təşəkkür edirəm. Bir məqamı vurğulamaq istəməsəm də deyim - həyatda belə olmasam da, ekranda səmimi olmağa çalışıram. (Gülür).

- Sizin haqqınızda tamaşaçılar gözəl şeylər düşünür, danışır, yazır. Hamımız bunu görürük. Bəs Azər Aydəmirdə Azərbaycan kinosunun korifeylərindən biri olmaq iddiası varmı? Bu potensialı özündə hiss edirmi?

- Bunu zaman göstərəcək... Korifeyi korifey edən insanların rahat, gözəl şəraitli evində bir stəkan çayla masa arxasında oturub ailəcə bir filmə kiməsə görə dəfələrlə baxmasıdır. Əgər mənim seriallarım o kateqoriyaya keçəcəksə, deməli, avtomatik olaraq, o şans məndə olacaq.

- Milli və xarici aktyorlar içərisində kumiriniz kimdir? Hansısa aktyoru özünüzə ustad hesab edirsiniz?

- Kimisə ustad hesab etmirəm, amma, əlbəttə ki, baxıb öyrəndiyim kifayət qədər aktyorlar var. Bunlar, əsasən, Hollivud aktyorlarıdır. Əfsus ki, ad çəkə bilməyəcəyəm, amma Hollivud məktəbinə diqqətlə nəzər yetirirəm.

- Sonda filmimiz və tamaşaçısı üçün nə arzulayırsınız?

- Arzum odur ki, Azərbaycan kinosu, mədəniyyəti heç vaxt Azərbaycan vətəndaşının başını aşağı eləməsin.

Fotolar: Rüfət Mustafayev

# 603 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər