Kulis.az "Güneydən şeirlər" layihəsi çərçivəsində təbrizli şair Məhəmməd Quruçayın şeirlərini təqdim edir.
Ümid
Səni gözləmək
yağışdan sonra
havaya püskürülən
rütubət qoxusu kimidir
yumuşaq,
uyuyan bir xəyal kimi
ağır,
yüklü bir ümid kimi
İslaq asfaltın əks etdirdiyi
avtomobillərin işıqları
bütün ayın
narkoman röyasında
sənin baxışlarını
yaxalamağa çalışırlar
səni gözləmək
göy üzündə axşamüstü
pərən-pərən buludlar kimidir
parlaq,
gözqamaşdırıcı bir tam ayın
işığı kimi
dağınaq,
tüstülənən ot dumanı kimi
xiyabanda maşın siqnalları
alaqaranlığın nəşəsindən
sənin ətrini
qaçırmaqla boğuşurlar
səni gözləmək
axşam bitincə
gecənin tutqunluğu kimidir
qapqara,
köksünə dökülən saçlarının
uzunluğu kimi
ağappaq,
ağarmış bir ömrün
solqunluğu kimi
Günortasında parkda
Dünən günortaçağı
göldəki bağımlı bir ördəyin
yalqızlığıyla sevişdim mən
orqazm olan sancılar
göl qırağını üzərlərinə çəkib
qamışlığın altında uyudular
Nədən mənim diz ağrılarım,
daha öncə heç bir tısbağanın
tıslamasına vurulmadılar?
divar dibində aşırı dozdan ölən
iydə çicəyinin qoxusu ilə
oturub kokain çəkmədilər?
Dünən sərbəst bir şairi gördüm
boş ciblərindəki sətirləri
park ağaclarının
qafiyəsiz meyvələri ilə
doldururdu.
Dünən günortaçağı
İki baxış LSD atdım suya
gözlərim park gölündə
boğuldular
xülyaçı balıqlar həbləri atıb
gözlərimdə boğdular
özlərini.