Kulis.az şair Aqşin Yeniseyin yeni şeirlərini təqdim edir.
	Səhər saat 7
	
	tənhalıq yalnız insana xas hal deyil.
	tənha yollar görmüşəm, kimsənin yürümədiyi
	tənha ağaclar görmüşəm, kölgəsində kimsənin oturmadığı
	tənha itlər görmüşəm, qaraqabaq - kimsəyə hürməyən
	tənha arılar görmüşəm pəncərə şüşəsində çırpınan
	tənha qollar görmüşəm 
	gecələr yalnız öz bədənini qucaqlayan.
	
	Gecə saat 5
	
	mən ümidlərimi yox, 
	inandıqlarımı itirdiyim üçün yalqızam
	indi qarı yağmayan nakam qışam
	gülü açmayan solğun yazam
	küləyi əsməyən sazaqsız payızam.
	sənin çox olduğun hər yerdə mən çox azam
	düşün ki, bir ağacam
	yerə tökülmüş keçmiş yarpaqlarımı dilənirəm küçələrdən
	"hamı" sözünün mənasını indi anlamışam:
	"hamı" - sənsən!
	
	
	Ayrılıq
	
	biz başqalarına sevgili olmamaq üçün sevgili olduq.
	biz başqalarının dostluğuna əngəl olmamaq üçün dost olduq.
	biz başqalarının ayrılmamağı üçün... 
	...ayrıldıq
	
	
	
	Köhnə xatirə
	
	torpağa qarışmış köhnə bir dostumu yad edirəm
	həmişə deyirdi ki, bir gün gələcək sən də mənim kimi
	öz ürəyinə səyahətə çıxacaqsan
	sevdiyin dostlarının və sevdiyin qadınların
	"fəxri xiyabanı" ilə qarşılaşacaqsan
	və
	geri dönüb unutduğun adamları yenidən unudacaqsan.
	qaçacaqsan... susacaqsan... 
	sənə həmişə sadiq olan künclərə qısılıb ağlayacaqsan...
	belə yaşayacaqsan.
	Və budur:
	Gecə...
	Boş küçə...
	onu axtarırsan gizlicə...
	Sevdik, bu da nəticə:
	Heç-heçə...
AzVision.az