Cavid fenomeni hələ də göz çıxarır...

Cavid fenomeni hələ də göz çıxarır...
3 iyul 2015
# 11:08

Kulis Təranə Şəmsin “Hüseyn Cavid dünən və bu gün” məqaləsini təqdim edir

Turana qılıncdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn Cavid

Ağalar Məmmədovun Hüseyn Cavid haqda fikirləri ədəbi mühiti bir-birinə qatdı.

Deməli, bu gün ədəbi mühitdə nələrin baş verdiyi diqqət çəkirsə keçmişinə, bu gününə və gələcəyinə baxa bilən yaradıcı insanları düşündürməyə bilməz. Maraqlıdır, nədən illər sonra Ağalar Məmmədov nəyə istinadən Hüseyn Cavid məfkurəsinə kölgə salıb onun ruhunu təhqir edərək sosial şəbəkələrdə xoşagəlməyən ifadələrlə çıxışlar edir? Kimliyindən, şəxsiyyətini tanımadığımız bu insan Hüseyn Cavid yaradıcılığına ağır zərbə vurmağa çalışır. Onun dilini və üslubunu təhqir edən məqalə ilə gündəmə gəlməyi sanki özünə şərəf bilir. Sözügedən məsələ ədəbi mühitdə və Cavidsevərlər arasında söz-söhbətə səbəb olmuşdur. Məncə bu gün Azərbaycan Yazıçılar Birliyi bu məsələyə biganə qalmamalıdır. Çünki söhbət Hüseyn Cavid yaradıcılığından gedirsə şair Sovetlər İttifaqında bəraət aldıqdan sonra çox ədəbiyyatşunaslar onun qoyub getdiyi irsi təhlil edərək alimlik dərəcəsinə yüksəlmişdir. Çoxdur belə alimlərimiz. Rəfael Hüseynov ilk olaraq 1984-cü ildə Hüseyn Cavidin arxivindən müəyyən mənada bəhrələnərək “Vaxtdan Uca” əsərini yazmışdır. Həmin əsərlə Rafael Hüseynov o dövr üçün heç kimin deyə bilmədiyini qələmə alaraq Hüseyn Cavid yaradıcılığını və onun kəşməkəşli həyat yolunu gündəmə gətirərək işıqlandırmışdır. Zaman-zaman Hüseyn Cavid haqqında nəşr olunan kitab və monoqrafiyalarda araşdırmaçı alimlərin gəldiyi bir fikir olub: “Həqiqətən Cavid AZƏRBAYCAN xalqı üçün nadir tapıntıdır”.

Hüseyn Cavid dilinin təmizliyi bütün əsərlərində öz əksini tapır. Son dovrün Cavidşunas alimlərindən Azər Turan Hüseyn Cavid yaradıcılığna daha mükəmməl yanaşaraq “CAVİDNAMƏ”ni 2010-cu ildə ədəbi mühitə təqdim etmişdir. Azər müəllim Cavid məfkurəsini əhatə edən dəyərli məqalələrdən birində Hüseyn Cavidin yenidən qurula bilməməsini önə çəkib “ İBLİS”-i təhlil edərək oxuculara çatdırmağa çalışır və qeyd edir ki;

"İBLİS" faciəsi keçmişi, insanın mahiyyətini xatırlamağa dəvət edir, Adəm nəslinin yaddaşını sancır, xilas imkanını nişan verir. Faciənin göstərdiyi qurtuluş yolu ALLAH dərgahından - günahsızlığın dominantı kimi vəd olunan tövbə məqamından keçir.

1937 -ci ildə (18 mart) ideoloji bumeranqın qurbanlarından biri Seyfulla Şamilovun timsalında bolşevik ədəbi tənqidi " Cavidin yenidən qurulması" tələbini insafsızcasına irəli sürürdü. Hüseyn Cavid təklənmişdi və artıq özünü qorumaq üşün tədbirlər görməyə başlamışdı. O da düşündürücüdür ki, məhz həmin illərdə yazdığı "İblisin intiqamı" Cavidin ənənəvi üslübünü, dilini, parlaq düşüncələr aləmini ehtiva etmirdi. Əsərin hansı şərtlər daxilində, təhdidlər müstəvisində yazdığını anlamaq o illərin siyasi abı-havasını xatırlamaq bəs edər.Hüseyn Cavidin 1936 -cı ilin 3 oktyabrında M.C.Bağırova yazdığı məktubu "Bioqrafik məqamlar"-da xatırlatmışdıq.

Mircəfər Bağırov Cavidin məktubuna biganə qalmasa da, hər halda, təhdidləri 1937-ci ilin iyununa kimi davam etdirdi.

Seyfulla Şamilovun təəbirincə desək "İblisin intiqamı" Cavidin özünümüdafiə tədbiri təsirini bağışladı...

"Bir neçə kəlmə də Cavidin yenidən qurulmasını deməliyik... Hüseyn Cavid Əhməd Cavad deyildir. O, burjua məktəbini keçmiş bir yazıçıdır. Onun özünü yenidən qurması nə qədər çətin olsa da, hər halda müşahidə olunur. Onun "Ömər Xəyyam" əsərini götürəlim. Bu əsər müsabiqədə mükafat almışdır. Bu Hüseyn Cavid üçün müəyyən dərəcədə yenidən qurulmadır. Cavid Azərbaycan şairidir. Lakin Azərbaycan həyatından çox az yazır. Neçə ildir ki, Azərbaycan xalqının xoşbəxt həyatı uğrunda gedən mübarizə, qadınlığın yüksəlişi haqqında yalnız bir əsər "Şəhla"nı yazmışdır, halbuki, xalqımızın səadəti, mübarizəsi, xalqımızın yüksəlişi Hüseyn Cavid yaradıcılığında əks etməlidir. Oktyabr revolyusiyasının iyirminci ildönümü gəlir. Cavid isə deyir ki, faşizm əleyhinə yeni bir əsər yazmışdır. O, bu əsərində ölkəmizin tələbini nə dərəcədə ifadə edə bilmişdir? Hər halda onun yaradıcılığı haqqında tənqidimiz olduqca zəif və dayazdır. Onun yeni əsərləri haqqında ciddi məqalə yoxdur. Bu isə bizim nöqsanımızdır" (S. Şamilov deyir)

Cavid isə faşizm əleyhinə yazdığı həmin əsərini meydana çıxarmır, öz ənənəvi yaradıcılıq halından fərqli görünməyi bacarır...

1937-ci ilin 4 iyununda həbs edilərkən Cavidin evindən NKVD məhbuslarının apardığı əsərlərdən biri də, bir az əvvəl qeyd etdiyimiz kimi, bu gün ədəbi aləmə məlum olmayan "İblisin intiqamı" faciəsi olub. İstintaq zamanı şahidlərdən biri Cavidin "İblisin qayıdışı" əsəri barədə də danışır.

İBLİS"-ə tənqidi münasibət necə olmuşdur, bu ayrı bir söhbətin mövzusudur. AMMA daha üzücü və dəhşətli münasibət 1938-ci ildə istintaq zamanı müxtəlif insanların verdiyi və "İBLİS”-i, belə demək mümkünsə şərləyən ifadələrdə görünməkdədir. Şahid qismində dindirilən Mikayıl Rzaquliyev: "İblis" əsərində Cavid əsasən türk ordusunun qəhrəmanını mədh etmişdir", - deyə S. Məmmədova ifadə verirdi... (Azər Turan. "Cavidnamə". Səh. 173-174.)

Sovet dövrünün yazarlarından sayılan Abdulla Şaiq “İBLİS” haqqında öz fikirlərini belə izhar edirdi: “Cavidin İblisi bildiyimiz əsatirli iblis deyildir. O, “atəşli müəmma” insanlara hər fənalığı yapdıran, vəhşətlərə sürükləyən, maddi ehtirasatın, ona qida verən “ağıl və fənnin” simvoludur. Kəskin ağıl və iradə sahibi olması “həyat və həqiqətə açıq gözlə baxmasıilə Qərb millətlərini təmsil edir. İnsanları, millətləri ilə vuruşduraraq ondan istifadə edə bilməsi bəşəriyyəti, bilxassə Şərq millətlərini kəndi zövq, kəndi arzu və səadətinə fəda edə biləcək şəxsiyyətpərəst olması ilə İngiltərə millətinin nümayəndəsidir”. Bu ifadələr Abdulla Şaiqin “Cavidi xatırlarkən” kitabından (səh. 60-61) götürülmüşdür.

Çox tanınmış insanlar Hüseyn Cavid haqqında yazıblar. O cümlədən Anar müəllim “Dünya bir pəncərədir” (1984) kitabında qeyd edir ki, bu gün bizə gün kimi aydın görünən həqiqətlərin təsdiqi üçün hadisələr, illər, onilliklər keçməliydi. Faciələr müəllifi Hüseyn Cavidin öz taleyi faciəvi kəşməkəşlərdən keçib qalib çıxmalıydı. Bugünkü bayram, bugünkü təntənə Cavid qələbəsinin təsdiqidir, əsl sənətin bütün keçəri məqamlar üzərində əbədiyyət zirvəsində çaldığı zəfərdir”.

Bəli, Ağalar Məmmədov gözlərini dörd açıb baxsın ki, çoxları bəhs edib Hüseyn Cavidin keçdiyi kəşməkəşli yaradıcı ömür yolundan. Görünür Ağalar deyilən o insan Cavidin yaradıcılığından tamamilə xəbərsizdir. Hətta A.Məmmədovun qoltuğunda baş gizlədənlər belə deyirlər. “Cavid nə vaxtdan toxunulmaz olub”. Ay özündən müştəbehlər!!! Əgər bilik və savadınız çatırsa Hüseyn Cavid haqqında söz deməyə, onun yaradıcılığına fikir bildirin. İllər sonra niyə onun ruhunu təhqir edirsiniz? Əlbəttə bu gün ədəbi mühit bu haqda düşünməlidir. Yuxarıda araşdırmaçı alim Azər Turanın “Cavidnamə”sindən bəhs etdim. Çox istərdim bu əsərlə çoxları tanış olub oxusun və Cavidin kimliyindən xəbəri olsun.

Bu əsərlə tanış olan Cavidsevərlər onun başına gətirilən müsibətlərdən daha yaxından məlumatlanar və o dövrün ədəbi mühitində kimlər KİM olub, açıq şəkildə lazımı mənbələrə istinad olunmaqla lazımı dəlillərlə tanış ola bilər... Bu əsəri oxuyan Cavidi və onu yardıcılığını sevməyə bilməz!!! Bu sanballı əsər Hüseyn Cavid məfkurəsinin aynada görünən irfani baxış bucağıdır... Hansı ki, insanı özünə tanıdır və kimliyindən xəbər verir. Mən türkəm deyən hər bir vətəndaş Hüseyn Cavidi sevməklə yanaşı onun keçdiyi həyat yolunu dərk edərək Cavid ucalığına hörmət etməlidir.

Bu gün təəccüblü burasıdır ki, CAVİD fenomeni hələ də göz çıxarır. Cavidin adı bu gün də ədəbi müstəvidə bəlkə də əsli, kökü bilinməyən zatların qələmində hallanırsa, demək Boyük Cavid ölməyib. Bu gün 37 repressiyasının küləyi cüzi əsərsə heç də təəccüblü deyil ki, ədəbi mühitdə yaltaqlıqla özünə yer tapanların əksəriyyəti SATQIN çıxacaq. Bu danılmaz faktdır. Bəzi insanlar Cavidin adına kölgə salmaqla nə demək istəyir? Kor-koranə hiss olunur ki, ədəbi mühitdə qütbləşmə gedir. Bu külək hansı səmtdən əsir, məlum məsələdir. Biz türkük, türklüyümüz isə Hüseyn Cavidin əsərlərində öz əksini tapır. Əslində Hüseyn Cavidin mücadiləsi mövcud durumda dilimiz üçün olub, nəinki Ağalar Məmmədovun dediyi kimi “Nə yaxşı repressiya vaxtında düşüb” əks təqdirdə Hüseyn Cavid dilimizi daha da çox korlamış sayılardı. Özünü filosof adlandırıb filosofluğun nə demək olduğunu anlamayan şəxs Hüseyn Cavidi və Əlibəy Hüseynzadəni “Qülbeçə” adlandırıb. Hansı ki, bu sözün mənası dörd cildlik Azərbaycan dilinin izahlı lüğətində belə göstərilməyib. Bu sözün istinad nöqtəsi haradan qaynaqlanır? Dildən bəhs edib müdafiəsinə qaxmaq istəyən A.Məmmədov əvvəlcə Cavidə ünvanladığı sözün mənasını aydınlaşdırıb niyə oxuculara açıqlamır? “QÜLBEÇƏ” hansı dildə nə anlamı verir və ədəbi mühitlə bağlılığı nədən ibarətdir?

Hüseyn Cavid də sovet dovründə başqa yazarlar kimi dəyərli qələm sahibi idi. Nə idi onun günahı? Türklüyümü? Neyləmişdi, nə günahın sahibi idi ki, repressiyaya məruz qalmalıymış? O dövrün üzdə olan şairləri kimi traktordan, kombayndan yazmalıymış?! Bəs Məmmədov düşünə bilmir ki, dahi şəxsiyyət Heydər Əliyev Sovetlər dövründə Hüseyn Cavidin nəşini Karaqandadan Azərbaycana gətirə bilmişdirsə, demək bütün türk dünyasına sübut etmişdir ki, Hüseyn Cavid həqiqətən dünyəvi şəxsiyyət olaraq Azərbaycan şairidir. O dahi irfan qaynağı demək olar ki, canı bahasına dilimizin sağlamlığını qoruyub saxlamağa çalışmış və mənliyini qoruyaraq idrakın gücünə inanmışdır. Sual edim bu gün ədəbi müstəvidə Cavid xislətli şəxsiyyət varmı? Zənnimcə heç türk xalqı Türkiyə türkcəsini qoruyub saxlaya bilməmişdir. Deyərdim ki, hətta Azərbaycan ədəbi mühiti də, öz ana dilinə kənardan baxmalıdır. Unutmayaq ki, leksikonumuza nə qədər əngəlli sözlər daxil olmaqdadır. Hüseyn Cavidin kölgəsini qamçılayan Məmmədov və bu cür insanlar əgər DİLİN mahiyyət etibari ilə nə demək olduğunu başa düşürsə, niyə bugünkü dilimizin müdafiəsinə qalxmır? Çaxnaşan fikirlər burulğanında bütün Cavidsevərlərin tələbi onun ruhunun narahat edilməməsidir. Elə etməsinlər ki, sözügedən bədxahların yaradıcılığı və kimlikləri araşdırılıb ictimaiyyətə təqdim edilsin. Bilən bilir ki, hər oxuyandan Molla Pənah olmur. Çox məsələlərə toxunmaq olar.

Sovetlər birliyi məşəqqətli repressiya dövründə demək olar ki, Azərbaycanın yazan əllərini, görən gözlərini məhv etdilər. Hər halda bu bəlaya düçar olan tək Hüseyn Cavid deyildi. Niyə məhz bu gün aramızda olmasa da Hüseyn Cavidin adı ədəbi mühitdə hallanır. Bu məsələnin anlamını bilən varsa izah etsin. Əlbəttə, mənim oxucu olaraq tələbimdir ki, Cavid ruhuna toxunanlara layiqli cavab verilsin. Bildiyim qədəriylə ədəbi mühitdə dəyərli söz sahibləri Məmmədovu elmi əsaslarla yerinə oturda bilmişlər. A.Məmmədovkimilər başa düşməlidi ki, Cavid ruhunu təhqir etmək nə deməkdir. Mən akademik Kamal Abdullaya, ədəbiyyatşunas-alim Azər Turana və tənqidçi Əsəd Cahangirə çox təşəkkür edirəm. Əgər dəyərli söz sahibləri DİLİNƏ sahib çıxmayanın cavabını vermirsə gündəmdə yer alan Hüseyn Cavid haqqında yazılan təhqiramiz ifadələr oxucuları və Cavid ruhuna hörməti olan hər bir vətəndaşı narahat edir. Çünki Hüseyn Cavid və zamanında bu tipli dühalar Azərbaycan ədəbiyyatının sərvətidir. Biz yalnız bununla fəxr etməliyik. Mən də Cavidsevər kimi səsimi sizin səsinizə qataraq Məmmədova öz iradlı fikirlərimi çatdırıram.

İllər sonra nədir bu dedi-qodu?

Bu xoşagəlməzliklərin arxasında kimlər gizlənir?

Niyə “Cavid” xofu yenidən gündəmdədir?

Dəyərli alimlərimiz, oxucularımız, özünə və sözünə hörmət qoyan hər həs öz haqq səsini qaldırsın! Hüseyn Cavidin bədxahlarından tələbimiz budur ki, imkan versinlər HÜSNÜXUDA şairi əbədi və şərəfli məkanında rahat uyusun. Hüseyn Cavidi sevməyənlər unutmasınlar ki, o, Azərbaycanın Şekspri olmaqla şeirləri dillər əzbəri olan türk dünyasının şairidir. Bu gün türk dünyasının ədəbi mühitində Azər Turanın tərtib etdiyi Cavid əsərlərinin külliyyatı ədəbi irs kimi təhlil edilərək öyrənilir. Yəni Hüseyn Cavid ölmədi. O, onu sevənlərin qəlbində daima yaşayır və yaşayacaqdır.

# 1134 dəfə oxunub

Müəllifin son yazıları

# # #