Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma
31 oktyabr 2025
# 16:05

Kulis.az APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Əbhər şəhəri” yazısını təqdim edir.

Əbhər şəhəri Zəncan əyalətinin mərkəzi sayılan Zəncan şəhərindən sonra əyalətin ikinci ən böyük və ən sıx məskunlaşan şəhəridir. Bu şəhər Zəncanın 90 kilometr cənub-şərqində və Tehranın 230 kilometr qərbində yerləşir. Şəhərdən Təbrizə qədər olan məsafə təxminən 400 kilometrdir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Əbhər şəhəri əslində Əbhər rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Hidəc, Sayın Qala kimi daha kiçik şəhərləri ilə əhatə olunub.

Əbhər düzənlikdə, Əbhərçay və Dəliçay çaylarının yanında yerləşir. Şəhərin şimalında Ağdağ, Qarluq və Şotorkuh (Dəvədağı), cənubunda isə Malladağı və Çalçala dağı silsilələri yerləşir. Bu gözəl şəhərin ətrafı kilometrlərlə uzanan üzüm və meyvə bağları, eləcə də tarlalarla əhatələnib. Şəhər özünün üzümü ilə şöhrət tapıb. Bu səbəbdən Urmiya (Urmu) kimi Əbhərdə də şəhərin simvolu olaraq üzüm heykəli qoyulub. Əslində Əbhər şəhərinin yaranmasına təkan verən əsas amillərdən biri də coğrafi amillər idi. Ətrafında nisbətən böyük allüvial və münbit torpaqlar yaradan Əbhər çayının axını kənd təsərrüfatının yüksəlişi üçün böyük bir amil idi. Lakin bu şəhərdə yalnız əkinçilik yox, sənaye də bəlli bir səviyyədə inkişaf edib. Əbhər rayonu Zəncan əyalətinin sənaye mərkəzi hesab olunur. Son illərdə şəhər sürətlə böyüyərək genişlənib, əhali sayı artıb. Eyni zamanda, Əhbər görməli və tarixi yerləri ilə də məşhurdur.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Əbhər şəhərinin əhalisi 99 285 nəfər, Əbhər rayonunun əhalisi isə 159 324 nəfərdir. Şəhərin əhalisinin böyük əksəriyyəti tarixən Azərbaycan türkü olub. Yerli əhali bu gün də Azərbaycan türkcəsində danışır. Şəhərin əhalisinin əksəriyyəti şiə müsəlmanlardır, lakin sünni müsəlmanlar da azlıq olaraq bu şəhərdə yaşayır.

Əbhərin tarixinə qısa baxış

Azərbaycanın bir çox bölgələri kimi, Əbhər bölgəsi də çox qədim tarixə malikdir. Əbhər şəhərində yerləşən uzun tarixə dayanan Təpə Qalada aparılan arxeoloji qazıntılara görə, bu bölgənin tarixi 6000 il əvvələ gedib çıxır. Təpə Qalanın ən qədim yaşayış təbəqəsi Tunc dövrünə aiddir. Bu tarixi qalada Tunc dövrünə aid əşyalarla yanaşı, Dəmir dövrü, Parfiya və İslam dövrünə aid eksponatlar da tapılıb. Tarixçilər hesab edirlər ki, Təpə Qalasında aparılan qazıntılarda tapılan əşyalar Zaqafqaziya və ya Kür-Araz mədəniyyətini təmsil edir.

Eramızdan əvvəl II minillikdə Əbhər çayı dərəsi xeyli çiçəklənib. Eramızdan əvvəl 9-cu əsrdə midiyalılar bu bölgədə baş qərargahı Abharçayda olan müxtəlif tayfaların birliyini yaradıblar. Lakin bəzi tarixi qaynaqlara görə, Əbhər şəhərinin əsası Sasanilər sülaləsindən II Şapurun (309-379) dövründə qoyulub. Hicri 4-cü əsrin əvvəllərində Əbhər Azərbaycan valisi Yusif ibn Əbu Sacın ərazisində yer alsa da, lakin sonralar bir müddət Deyləmilərin hakimiyyəti altına keçib.

Moğul İlxanlığı imperatorluğu dövründə, xüsusilə də Abhar yaxınlığındakı Sultaniyyənin böyük Moğul İmperatorluğunun paytaxtı seçilməsi dövründə bu bölgə yol şəbəkələrinə görə daha çox əhəmiyyət qazanıb və daha çox inkişaf edib çiçəklənib. Jan Şarden (1643 - 1713) yazır ki, Səfəvilər sülaləsindən II Şah Abbasın dövründə Əbharın 2500 evi və bağı olub. Əbhərə səyahət etmiş 17-ci əsr fransız səyyahı Jan Tavernier öz kitabında Əbhərin dağıdılmış qədim bir şəhər olduğunu bildirib.

(Osmanlı coğrafiyaşünası və kartoqrafı Nasuh Əfəndiyə aid edilən 16-cı əsrdə Əbhər xəritəsi)

Qacarlar dövründə Əbhər bol bağları və axar suyu olan Xəmsə (Zəncan) vilayətinin inkişaf etmiş və nüfuzlu bölgəsi kimi xatırlanıb. Qasımlu soyundan Əmir Əfşari ailəsi və Ayırlu soyundan Zülfiqari nəsli Qacarlar dövründə Xəmsə əyalətində hakimiyyəti ələ keçirmiş türk soylu iki hakim ailə idi. Güclü Əfşar tayfaları müxtəlif tarixi dövrlərdə və bir neçə mərhələdə Azərbaycan və Zəncan bölgələrinə köç ediblər, Əfşar tayfalarının Xəmsə bölgəsində məskunlaşmasının son mərhələsi Səfəvilər dövrünə təsadüf edir. Bilirik ki, Əfşarlar (Avşarlar) Səfəvi imperiyasının qurucusu olan Qızılbaş tayfalarının tərkib hissəsində yer alıb və bu imperiya çökdükdən sonra Nadir şahın əli ilə böyük və güclü bir dövlət qurmuşdu. Qacarlar dövründə, Fətəli Şah Qacarın dövründə Əbhər bağlarını, onun təmiz və rahat evlərini tərifləyən digər məşhur səyyah, Napoleon Bonapartın elçisi Juber idi. Nəsrəddin Şah Qacarın hakimiyyəti dövründə (1848-1896) kral artilleriyası mərkəzi bazalarından birini bu şəhərdə qurmuşdu.

Daha əvvəlki yazılarımızda da bildirdiyimiz kimi, 1925-ci ildə Pəhləvi hökumətinin qurulmasıyla Azərbaycanda durğunluq və hətta geriləmə dönəmi başladı. Azərbaycanı və onun məşrutə inqilabında (1905-1911) rolunu yaxşı bilən Rza şah Azərbaycanı zəiflətməyə çalışdı. Təbii ki, Rza şahın bu yanaşmasında Azərbaycan xalqının Türk olması da təsirsiz deyildi. Pəhləvi hökuməti farsçı və irqçi hökumət idi. Əslində kökü çox daha keçmişlərə dayanan, ancaq məşrutə inqilabı ərəfəsində yenidən bir nəzəriyyə kimi ortaya çıxan farsçılıq düşüncəsinin mahiyyətində türk və ərəb düşmənliyi var. Bunun üçün də bu düşüncə Rza şah dönəmində rəsmi dövlət siyasətinə çevrildiyində Güney Azərbaycan türklərinin ana dili yasaqlandı və istər təhsil sistemində istər bütün dövlət ərkanında Azərbaycan türkləri aşağılandı və təhqir olundu. Bu siyasətin son məqsədi Azərbaycan türklərinin kimliyini, mədəniyyətini məhv etmək idi.

İran dövlətinin son yüz ildəki siyasəti Azərbaycan türklərinin bir qismini assimilyasiya etməyi bacarsa da, bu şəhərdə Azərbaycan mədəniyyəti hələ də yaşamaqdadır. Daha əvvəlki yazılarımızda Azərbaycanın başqa şəhərləri haqqında dilə gətirdiyimiz kimi, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır. Unutmaq olmaz ki, Azərbaycanın kimliyi və mədəniyyəti bu amillərlə məhdudlaşmır. Bu mədəniyyəti yeməklərin adlarında və hazırlanma üsullarında, xalçalarda və üzərində toxunan naxışlarda da görmək olar.

Təbii ki, dövlətin Azərbaycan türklərinin assimilyasiyası üçün yürütdüyü siyasətlərin, xüsusən də Zəncan əyalətində və Əbhər şəhərində müəyyən qədər uğurlu olduğunu danmaq olmaz. Bir növ, Zəncan və Əbhər şəhərlərinin qərbində yerləşən şəhərlərlə müqayisədə assimilyasiya siyasətlərinin Zəncan, Əbhər kimi şəhərlərdə və onların şərq bölgələrində yerləşən şəhərlərdə təsirinin daha çox olduğunu söyləmək olar. Çox üzülərək etiraf etmək lazımdır ki, bu şəhərdə farsca danışanların sayı günü-gündən daha artmaqdadır.

Günümüzdə Azərbaycan gəncliyi hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlı görünür. Əbhər gənclərinin fəaliyyəti təkcə Azərbaycanın mədəniyyətinin və dilinin qorunub saxlanılması və inkişafı ilə məhdudlaşmır, bu gənclər son illərdə dəfələrlə İran hökumətinin Azərbaycan türklərinə qarşı yürütdüyü siyasətlərə qarşı fərqli yollarla öz etirazlarını bildiriblər. Bir cümlə ilə demək olar ki, Zəncan və Əbhər kimi şəhərlər farsçılıqla Azərbaycan türkçülüyünün qarşıdurmasının güclü şəkildə davam etdiyi bir şəhərdir. Amma bu qarşıdurma ədalətsiz bir şəraitdə üz verir; elə ki, farsçıların əllərində hakimiyyətin bütün imkanları və qaynaqları var, digər tərəfdən isə Azərbaycan xalqı və Azərbaycan milli fəalları öz cüzi fərdi resursları ilə çaba göstərməkdədirlər.

# 128 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər