Kulis.az Xavər Zahirin “Miraj”dan qeydlər"ini təqdim edir.
Nihat Pirin “Miraj” hekayələr kitabındakı hər bir hekayə ilğım yaradır. Müəllifin mirajı ümidi sınağa çəkir, insanı arzu ilə reallıq arasında çıxılmaz vəziyyətə salır. Özünün də qeyd etdiyi kimi keçmişdən qurtuluş olan hekayələrin hər birində nədənsə qaçış var...
Səs-küylü ad günü ilğımı Seymura pulsuzluğunu unutdurur, kişilik və atalıq rolunu layiqincə oynamağa kömək edir.
Kənddən Moskvaya gedib çıxan Miriş kimliyini itirməkdən, vicdanını ləkələməkdən, günah işlətməkdən, ən əsası da nifrətin əsirinə çevrilməkdən qurtulmaq istəyir.
Əminlik mirajını dağıtmaq istəyən Eşqin yayda qış alması axtarmağın “yükü” ilə alçaldılmış, aldadılmış mənliyindən uzaqlaşır.
Həyat nizamının pozulmasından narahat olan molla Xudayar absurd təklifləri ilə cəmiyyətdəki mövqeyini itirməkdən, faydasız olmaqdan qaçmağa çalışır.
Malik üçün daha ağırdır, məncə. Malik bağışlamaqdan qaçır. Onu güclü edən nifrətini əldən buraxmaq istəmir, atasına bənzəməkdən qorxduğu üçün onu qoruya bilməyən atasını yaşatmağa çalışır.
Uzun illərdən sonra doğma torpağına qayıdan qoca dil boğaza qoymadan yeni evini tərifləyir. İtirdikləri üçün yaddaşını sakitləşdirməyə, təsəlli verməyə çalışır. O, həm yaddaşından qaçır, həm də həsrət hissi ilə qoruduğu xatirələrinin unudulacağından qorxur.
Həmid kişi isə təklikdən, qəbullanmaqdan və ona məlhəm olan sevgi, istilik, istənilmək, axtarılmaq mirajının dağılmasından qaçır...
“Miraj”ın hekayələrindəki ilğım insanın yaşaya bilməsi üçün yaratdığı daxili həqiqətin əksidir. Kitabdakı qəhrəmanlar mirajdan reallığı danmaq üçün yox, onun ağırlığı altında əzilməmək üçün istifadə edirlər.
Bəlkə də, annotasiyanı oxuyub sonra hekayələrə keçməyimin təsiridir ki, hamısında qaçış görürəm. Ya da kitabın üz qabığındakı trayektoriya, cızılmış yol işarəsi məni belə düşünməyə vadar edir. Lakin bir paradoks yaranır, Nihatın qəhrəmanları hara qaçırlar?! Qaçdıqları konkret məkan yoxdur axı…
Kənddən Moskvaya, uzun illərdən sonra doğma yurda, taksi ilə Bakı küçələri boyunca… yəni hamısında səyahət fiziki olmaqdan çıxır, psixoloji yerdəyişməyə çevrilir.
Biraz da “yarımçıqlıq” var qəhrəmanlarda… Onlar nə tam nifrət edə bilirlər, nə tam bağışlaya, nə tam qayıda, nə də tam gedə bilirlər. Ancaq bu yarımçıqlıq onları zəif göstərmir. Əksinə, daha inandırıcı edir. Pafossuz sadə hərəkətləri, bəzən susqunluqları, bəzən də dayanmadan danışmaqları ilə psixoloji portretlərini oxucuya olduqca dəqiq açırlar.
Hekayələri ayrı-ayrılıqda və ümumi təhlil edəndə müəllifin istəyi ilə ziddiyyət təşkil edən nüansı görürsən: Keçmişdən qaçmaq olurmu? Keçmişdən qurtulmaq mümkündürmü?
Kitabda “Erməni-müsəlman davası, Moskva və sair”, “Ölü nağıl” və “Zəng Xədicədən gəlirdi” hekayələrini emosional gücü, daxili psixoloji mətləbləri ilə daha çox bəyəndim. Hətta düşünürəm ki, “Ölü nağıl” hekayəsini ssenariləşdirib ekran üçün işləmək də olar. Ata-oğul “qarşıdurması” çox incə detallarla təsvir olunub.
Ağır hekayələrdir, mənə görə. Bir müddət Nihatla birlikdə işləmək imkanı oldu deyə, onun xasiyyətindəki, ətrafa münsibətindəki həssaslığı gördüm. Məncə, elə yazılarından da onu tanıyanlar Nihatın necə müşahidəçi, xırda hərəkət və adi insan reaksiyalarına qarşı necə diqqətcil olduğunu bilirlər.
Ona görə də hekayələri dərindən oxuyanda görürsən ki, əsas mövzu yoxsulluq, xəyanət, didərginlik yox, ölümün insanda yaratdığı səssizliyin, dağılan etimadın verdiyi əzabın, yaddaşın ağır təzyiqinin oxucuya çatdırılmasıdır.
…və hekayələrin heç birində kimsə mühakimə olunmur.