Kulis.az professor Elman Quliyevin "Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya" yazısını təqdim edir.
Zəngin tarixə malik Azərbaycan ədəbiyyatı əsrlər boyu özünəməxsus inkişaf yolu keçmişdir. Müasir dövr Azərbaycan ədəbiyyatı üçün həm məhsuldar, həm də keşməkeşli bir dövr sayılır. Çağdaş mərhələdə öz məhsuldar yaradıcılığı ilə ədəbiyyatımızı zənginləşdirən, ədəbi proseslər zəminində sənətinin formalaşmasını təmin edən, Azərbaycan bədii nəsrinin inkişafında müstəsna xidmətləri ilə seçilən sənətkarlardan biri də Hüseynbala Mirələmovdur. Hüseynbala Mirələmovun çağdaş Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus mövqeyi ilə seçilməsi təsadüfü deyildir. Azərbaycan ədəbiyyatında insan amilinə ardıcıl müraciəti, milli dəyərlərin bədii ifadəsindəki mühafizəkarlığı onu yeni dövrün qabartdığı və önə çəkdiyi imzalarından biri etmişdir. Yazıçının nəsri mövzu və problematika, qəhrəman tipologiyası baxımından ciddi maraq doğurmuşdur. İstedadlı bir qələm sahibi kimi o, öz estetik idealını, əsərlərinə gətirdiyi həyat materiallarını qəhrəmanlarının xarakter və hərəkətlərində göstərməyə həmişə müvəffəq olmuşdur. Ona görə də Hüseynbala Mirələmov sənətinin estetik mahiyyətinin araşdırılması ədəbiyyatşünaslığımızda hər zaman aktuallığını qoruyub saxlaya bilmişdir. Zalxa Orucovanın “Hüseynbala Mirələmovun bədii nəsri” mövzusunda yazmış olduğu monoqrafiya bu baxımdan səciyyəvidir.
Müəllif monoqrafiyada H.Mirələmovun bədii nəsrini bir neçə kontekstdən təhlilə cəlb etməyi aktual hesab etmişdir: ailə məişət mühiti və qəhrəman; tarixi-siyasi mühit və qəhrəman; çağdaş sosial-siyasi həyat və qəhrəman və s.
Zalxa Orucova haqlı olaraq göstərir ki, yazıçının qəhrəman konsepsiyasının əsasında kamil insan, bütöv şəxsiyyət dayanır. Çünki Hüseynbala Mirələmov yaradıcılığında şəxsiyyətin (xarakterin) bütövlüyünü təbii varlığı ilə sosial təbiətinin harmoniyası müəyyənləşdirir. Yazıçının əsərlərində ilk növbədə, şəxsiyyət başlanğıcına artan maraq ön mövqedədir. Ailə-məişət hekayətindən, həmçinin sosial problemlərin inikasını önə çəkən əsərlərdən mənəvi-əxlaqi konteksti aparıcı olan romanlara keçid H.Mirələmov yaradıcılığındakı keyfiyyət dəyişməsinin konseptual mahiyyətini göstərir. Onun yaradıcılığında insan, hər şeydən əvvəl, təbii varlıq kimi öyrənilir. İnsanın daxili dünyasının mürəkkəblikləri, ziddiyyətləri, qeyri-adilikləri bədii təsvirin mərkəzinə gətirilir.
Bildiyimiz kimi, H.Mirələmovun povest və romanlarında qəhrəmanların daxili aləmlərinin bütün tərəflərinin – ziddiyyət və mürəkkəblikləri, sevgi və həyəcanları ilə təsvir edilməsi bu yaradıcılığın öz yaxın sələflərinin birbaşa varisi kimi çıxış etməsinə vəsilə olmuşdur. Yazıçı ilk hekayələri ilə içindəki insan amilinin qüvvətli çalarlarını sərgiləməyi həmişə bacarmışdır. Ədəbiyyatın birmənalı olan və heç bir zaman təsirini azaltmayan yeganə aksiomu var: ədəbiyyat insanı yazır. Ədəbiyyat elə bir sahədir ki, ordakı qatilin daxilindəki adamlığın, fərarinin içindəki vətən sevgisinin anlanılmasına istiqamətlənmiş bir cığır var. Müəllif yalnız insanı yazır, ona hökm vermir, onu hər bir cəhətləri ilə birgə sənətə gətirməyə səy göstərir. Bütün bu yaradıcılıq keyfiyyətləri Zalxa Orucovanın araşdırmalarında nəzəri-estetik kontekstdə özünün dərin təhlilini tapa bilir.
Azərbaycan ədəbiyyatında insan amilinin davamlı yer almasında, milli dəyərlərin bədii ifadəsində Hüseynbala Mirələmovun estetik düşüncəsi öz funksionallığını bu gün də davam etdirməkdədir. Yazıçının qəhrəman konsepsiyasının əsasında dayanan bütün vacib məsələlərə monoqrafiyada bu və ya digər nəzəri müstəvidə münasibət bildirilir. Zalxa Orucovanın yazıçının nəsrini mövzu və problematika, qəhrəman tipologiyası, insan və zaman və s. problemlər kontekstində təhlilə cəlb etməsi və bu təhlilləri nəzəri bütövlükdə təqdimi ciddi maraq doğurur. Qeyd etməyi lazım bilirəm ki, Hüseynbala Mirələmov istedadlı bir qələm sahibi kimi öz estetik idealını, əsərlərinə gətirdiyi həyat materialını qəhrəmanlarının xarakteri və hərəkətlərində göstərməyə həmişə müvəffəq olmuşdur. Monaqrafiyada bu məsələlərin konkret nümunələr əsasında təhlil olunması kifayət qədər yer alır.
Müharibə, xüsusilə “Qarabağ” mövzusu son dövr ədəbiyyatımızın başlıca mövzusudur. Hüseynbala Mirələmov yaradıcılığında bu mövzunu hədəfə alaraq daha çox zamanın dərdlərindən, ağrılarından yazmağı lazım bilsə də, başlıca məqsədi insanın ağrılarına enmək, onun yaşantılarını bədii mətnə gətirmək olmuşdur. Monoqrafiyada Hüseynbala Mirələmov yaradıcılığının bu keyfiyyəti cəmiyyət problemləri, insan və müharibə problemləri, eyni zamanda insanın lirik-psixoloji düşüncələri çərçivəsində dəyərləndirilir.
İnanıram ki, gənc ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Zalxa Orucovanın “Hüseynbala Mirələmovun bədii nəsri” monoqrafiyası yazıçının bədii irsinin araşdırılması, bu sənətin daha çox insan və zaman kontekstındə dəyərləndirilməsi baxımından mirələmovşünaslığın yeni töhfəsi olacaqdır.