Bu yazı Allahdan qorxmadan, quldan utanmadan yazılıb - "Yad et məni" qalmaqalı

Bu yazı Allahdan qorxmadan, quldan utanmadan yazılıb - "Yad et məni" qalmaqalı
23 may 2025
# 12:00

Kulis.az Lütviyyə Əsgərzadənin Elmira Qasımovanın "Yanlışlıqlar, həqiqətlər" yazısına "“Yaddaş yanlışlığı” yoxsa …" adlı cavab yazısını təqdim edir.

Dünya şöhrətli alim, akademik Rafiq Əliyev müsahibələrindən birində deyir: "Bilmədiklərimiz bildiklərimizdən milyon dəfə çoxdur" və "O yerdə ki sonsuzluq var, demək sonsuz bilmədiyimiz şeylər var". Nə qədər sanballı ifadələrdir.

Əlbəttə ki, bildiklərimiz, bilmədiklərimizin yanında bir qum dənəsidir. Bunu elmin bütün sahələri ilə məşğul olanlara aid etmək olar. Bilmədiklərimiz olduğu qədər bildiklərimiz də var. Müqəddəs kitabımızda “Heç bilənlərlə bilməyənlər bir olarmı?” (əz-Zümər surəsi) – deyə ifadə edilir və Allah içinizdən iman edənlərlə özlərinə elm verilənlərin dəyərini yüksəldər” (əl-Mücadilə surəsi), - deyə buyrulur.

Vaxtilə Albert Eynşteyn yazırdı ki, “Elmsiz din topal, dinsiz elm kordur.” Bu iki perspektiv arasında ümumi cəhətləri tapmaq, onları bir araya gətirmək gözəl bir dünyaya aparan yoldur (dinlə elmin vəhdəti). Həyat və fəaliyyətləri ilə buna müvəffəq olmuş möhtəbər şəxsiyyətlər var. Lakin hər adam bu tendensiyaya əməl etmir. “Din olmasaydı, dünya xaosun içində olardı” və bəzən biz bunun şahidi oluruq. Yazımı bu məcrada başlamağım təsadüfi deyil.

“Ədəbiyyat qəzeti” hər sayını səbrsizliklə gözlədiyim və ara-sıra öz yazılarımın da yer aldığı, elm və ədəbiyyat adamları üçün ən gözəl tribunadır. Hər həftə qəzeti almaq mənim üçün bir adət halını alıb. Adətim üzrə “Ədəbiyyat qəzeti”nin yayınlanan son sayını da aldım (19.05.2025). Həmişəki kimi, qəzetdə bir-birindən dəyərli yazılar yer alıb və demək olar ki, bütün materialları oxudum. Bunlardan biri də həmkarım, filologiya elmləri üzrə fəlsəfə doktoru E.Qasımovanın qəzetin bu sayında gedən “Yanlışlıqlar, həqiqətlər” başlıqlı məqaləsidir. Məqaləni oxudum, uzun illər haqqında yazılan və artıq təsdiqini tapan bir mövzudan bəhs edilir, yanlışlıqlar və həqiqətlər başlığı altında. Dediyim kimi, bu məsələdə həqiqətlər artıq bəllidir, bunu bilərəkdən problemə çevirməyə ehtiyac yoxdur.

Həqiqətlərdən bəhs edərkən, məqalədə verilən yanlışlıqlara münasibət bildirmək istəyirəm. Qeyd etdiyim kimi, məqalədə problem kimi, bəhs olunan məsələ haqqında keçən əsrdən üzü bəri məqalələr yazılıb, müxtəlif fikirlər irəli sürülüb. Söhbət tənzimat dövrü ədəbiyyatının banilərindən olan Mahmud Əkrəm Rəcaizadənin (1847-1914) "Füyuzat" jurnalında dərc olunan, 6 bəndlik "Yad et!" şeirindən və ədəbi mühitdə yaratdığı maraqdan və ona yazılan nəzirələrdən gedir (2 iyul 1907-ci il say 21).

Məqalə bundan sonra Azərbaycan “uzun müddət ədəbi tənqiddə M.Ə.Rəcaizadənin orijinal əsəri kimi təhlilə cəlb edilən bu romantik - sentimental şeirin əsl müəllifinin fransız şairi Alfred de Müsse olduğu fikri” ilə davam edir. Qeyd edim ki, məqalənin müəllifi bir otaqda üz-üzə oturduğum həmkarımdır. Məqaləni oxuduqca keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Sanki illərlə məqalə müəllifi ilə üz-üzə oturub danışdığım mülahizələrimi kimsə özümə oxuyur, sadəcə imza mənim deyil.

Hətta yaxşı xatırlayıram, mən “Yad et” şeirinin M.Ə.Rəcaizadənin olmadığını, Alfred de Müsseyə (Türk ədəbiyyatında A.Müsset kimi yazılır) aid olduğunu, bilgisayarımdakı “Alfred de Müsse qovluğunu açıb müəllifin şəklini və şeirin orijinalını ("Rappelle-toi") göstərdiyimi. Sonralar biz bu mövzuda xeyli danışmışıq, çünki yazının müəllifinin sitatlar gətirdiyi Vüsalə xanım Əsədovanın "Füyuzat" məcmuəsində ədəbiyyat məsələləri” adlı dissertasiya işinin şöbəmizdə müzakirəsi keçiriləcəkdi.

Bir sözlə, Alfred de Müsse adı və şeirin əsl müəllifinin olması fikri bu xanıma o qədər xoş gəldi və diqqətini çəkdi ki, məndən Müsse haqqındakı mənbə və məlumatları elektron poçtuna göndərməyimi xahiş etdi (o zaman onun nə bilgisayarı vardı, nə də meil adresi. Verdiyi meil qızına məxsus idi. Bir haşiyə çıxım ki, göndərdiyim bütün fayllar bu gün də bilgisayarımda qorunur). Bu da azmış kimi, dissertasiyanın ətrafında danışacağını bildirərək, materialları fləşkarta yükləməyimi xahiş etdi. Onu da etdim. Bilgisayarımdan Məti Osmanoğlunun məqaləsini tapdım.

Qeyd edim ki, problemlə bağlı tədqiqatların içərisində hörmətli M.Osmanoğlunun "Ədəbiyyat qəzeti"ində çap olunan "Yad et!" Azərbaycan şeirində fransız modası” adlı məqaləsindəki mülahizə və qənaətləri daha etibarlı mənbələrə söykənir (21 oktyabr 2017).

M.Osmanoğlu yazır:

"XIX əsrin türk ədəbiyyatında "Yad et!" "modası" Rəcaizadə Mahmud Əkrəmdən əvvəl başlamışdı. 1886-cı ildə bu şeiri türkcəyə Nigar binti Osman "Tahattur et" ("Hatırla") adı ilə nəsrlə sətri tərcümə etmişdir”.

Bəzi mənbələrdə Türk ədəbiyyatında “ilk tərcüməçi qadın” olaraq Fatma Aliyə göstərilir. Hətta onun rəsmi türk lirəsinin üzərində əks olunub. Səbri Gürsəs, Ali Korcu və digərləri bu yanlışlıqlara, “Cevdət Paşanın qızı Fatma Aliyə Georges Ohnetin 1888-ci ildə yayımlanan “Volonte” adlı əsərini, 1889-cu ildə “Məram” adıyla çevirməsinə və onun “ilk qadın tərcüməçi” olmasına münasibət bildirib: “Fatma Aliyə xanımın Türk lirəsinin üzərində (Georges Ohnetin 1888-ci ildə yayımlanan Volonte adlı əsərini, 1889-cu ildə Məram adıyla çevirmişdir) Qərb ədəbiyyatından ilk tərcüməçi qadın yazıçı kimi rəsminin verilməsinə etiraz edərək bu ifadənin yanlış olduğunu, 1886-ci ildə Alfred de Mussetdən etdiyi “Rapelle-toi” adlı şeiri ilə Nigar xanımın ilk qadın tərcüməçi olduğunu, Ali İhsan Kolcu isə Rapelle-toi adlı şeirin “Tahattur et” adıyla nəsr tərcüməsinin böyük diqqət gördüyünü , hətta Rəcaizadə Əkrəmin bu tərcüməyə nəzirə olaraq “Yad et” adlı bir şeir yazdığını vurğulayıb. Yəni M.Ə.Recaizadənin “Yad et” şeirinin nəzirə olmasi fikri artıq öz təsdiqini tapıb, biz də bu mənbələrdən xəbərdar olduğumuz üçün məqaləmizin adında “nəzirə şeirə yazılan nəzirələr” sözünü qabartmışıq.

Tənzimat sonrası ədəbiyyatın “ilk qadın şairi” sayılan Nigar xanım 7 yaşından Madam Garosun Kadıköydəki yatılı okuluna verilmiş və burada fransız, yunan, italyan dillərini, pianino, rəsim və tikiş tikmə sənətini öyrənmiş, Şükrü Əfəndidən Türk, ərəb və fars dili dərsləri almışdı. Fransız dilini və Fransız ədəbiyyatını çox gözəl bilmişdi. Bu səbəbdən fransız şairi Alfred de Müssenin "Rappelle-toi" ("Yad et") şeirinin onun tərcümə etməsi fikri dəqiq və dəyişməzdir.

Sağlığında etdiyi hərəkətlər, fərqli və müasir həyat tərzi, zərifliyi ilə özünəməxsus məkan yaradan Nigar Xanım qadın dünyasını əhatə edən yeni şeir və ədəbiyyat üslubunun formalaşmasında öncül olmuşdur. O, fransız romantiklərindən, xüsusilə Alfred de Musset, Alphonse de Lamartine və Viktor Hüqodan güclü təsirlənmiş, son dərəcə həssas, səmimi, duyğulu yazılar, platonik və lirik şeirlər yazmışdır (Bekiroğlu, Nazan, “Nigâr Hanım”, TDV İslâm Ansiklopedisi, C 33, İstanbul 2007, s. 83-85). Digər tərəfdən, Nigar xanımla Rəcaizadə Mahmud Əkrəmlə yaxın tanışlığı, dostluğu hətta bəzi mənbələrə görə, eşq yaşadığı, bəzi mənbələrə görə isə “M.Ə.Rəcaizadənin təsirində qaldığı” qeyd olunur (Nigar Hanım./TDV İslâm Ansiklopedisi, 2007, İstanbul, cild 33,s.83-85). Bu barədə mənbələrdə fərqli fikirlər çoxdur. Məqsədimiz nə şeirin tərcüməsi, nə də kimə məxsusluğu deyil, çünki bu barədə yetərincə yazılar yazılıb. Məqsədimiz, məqalə müəllifinin bu mövzuya hansı məqsədlə müraciət etməsidir.

Xatırlayıram ki, Vüsalə xanım Əsədovanın müzakirəsində dissertasiya işi haqqında ən obyektiv danışan mən, ən kəskin danışan isə məqalənin müəllifi olmuşdur. Bu gün özünü sığortalamaq məqsədi ilə, yazını məhz mənim onunla bölüşdüyüm mülahizələrim üzərində qurmağına baxmayaraq, V.Əsədovanın fikirlərini əsas gətirməsi bunun göstəricisidi. Biz zamanında Vüsalə xanımın işi haqqında obyektiv şəkildə fikir bildirmiş, işinin dəyərini vermişik. Nədənsə, müəllif ona ilk dəfə Alfred de Müsse və onun "Rappelle-toi" şeirindən (qeyd edim ki, mən Türk qaynaqlarından istifadə etdiyim üçün Müsset kimi tələffüz edirəm), Nigar binti Osman və onun “Tahattur” tərcüməsindən bəhs edən şəxs olaraq adımızı çəkmir. Məqalədə, fikrimizi, düşüncələrimi özününküləşdürmək və özünü müəyyən məqamlar üçün sığortalamaq məqsədi güdüldüyü aşikardır. Və bu ilk deyil. E.Qasımova son kitabında bu məsələlərə toxunanda, nədənsə yenə adımızı çəkməyi unutmuş, fikirlərimiz mənimsənilmişdir. Halbuki, Alfred de Müsse və onun şeiri haqqında ona ilk məlumatı və əlimdə olan bütün mənbələri ona mən vermişdim.

Sanki oxucunun sualını duyuram: niyə?

Çünki bu mənbələri məndən alanda mənim adımı kitabında çəkəcəyini, minnətdarlıq edəcəyini bildirmişdi. Heç demə hər şey “körpünü keçincəyə qədərmiş”. Onun kitabında verdiyi sözə əməl etmədiyini görüncə, fikir bildirmək istəsəm də, mədəniyyətim buna yol vermədi. Öz-özümə, yaşına ver, Lütviyyə, - dedim. Amma bu yazını yazması və mənim mənbələrimi görməzdən gəlməsi, mənbə olaraq öz kitabını göstərməsi, özünə və yaşına yaraşmayan hərəkəti yazının yazılmasına səbəb oldu. Halbuki, iş prosesində hər yeni bir mövzudan danışanda, yeni bir fikir bildirəndə, mənə xəbərdarlıq edən də məhz E.Qasımova olurdu: ”Heç nəyi heç kimə demə. Burada ağızdan çıxan hər sözü, hər fikri mənimsəyirlər”. Doğru deyibmiş...

Sözsüz ki, bir otaqda oturan iki əməkdaş kimi bizim aramızda belə söhbətlər, fikir mübadiləsi çox olur. Məsələn, məqalə müəllifinin uzun illər akademik Məmməd Cəfər Cəfərovla işləməsinə, onun yaradıcılıqla məşqul olduğunu bilməsinə, tədqiqat sahəsinin imzaların araşdırılması olmasına baxmayaraq, onun (M.C.Cəfərovun) ilk hansı imza ilə yazdığını bilməyib. Mən akademikin ilk dəfə “Kündəgir” adı ilə yazdığını söyləyəndə heyrətlənmişdi. “Ola bilməz, demişdi. Mənbə olaraq M.C.Cəfərovun “Xatirələr” memuarını gətirdim, səhifəsinədək ona göstərdim. Sonralar bu onun qızı ilə birlikdə çıxan kitabında öz əksini tapdı. Amma bu məni o qədər də narahat etmədi, çünki bu yaxşılığı ona mən bilərəkdən etmişdim. Düşünmüşdüm ki, ömrünü “Molla Nəsrəddin” jurnalına, oradakı gizli imzaların açılmasına həsr etdiyi üçün onun haqqıdır.

Qeyd edim ki, bu yazını yazmağa damənim haqqım var, çünki bu mövzuda “Western poetry, “Servet-I Funun” and Huseyn Javid // Literaru magazine. Sprıng Long Island Unıversıty, Hudson, USA, ISSUE 123. – 2018. – № 1. – p. 113-123” adlı məqaləmdə qismən, “Arayışlar və Yönəlimlər” adlı 1.Uluslararası Türkoloji Kongresində “Nazire Şiire Yazılan Nazireler: Alfred de Musset ‘Rappelle-Toi’, Ekrem Recaizade ve Azerbaycan Şiiri” adlı məruzə ilə çıxış etmişəm (“Asgerzade, Lütviyye. “Nazire Şiire Yazılan Nazireler: Alfred de Musset ‘Rappelle-Toi’, Ekrem Recaizade ve Azerbaycan Şiiri”, 1. Uluslararası Türkoloji Kongresi: “Arayışlar ve Yönelimler”, ed. Selçuk Atay, 59, Karabük: 16-18 Mayıs 2022). Mərmərə universitetinin dosenti Hatice Kılıç Dərgi park kimi, önəmli bir dərgidə yayınlanan “Tahran-İstanbul hattında dil ve ulus inşası (1863-1920)” adlı məqaləsində məqaləmi qaynaq olaraq göstərir (2024, Cilt: 16 Sayı: 2, 935 – 957), amma səmimiyyətimdən, bilgilərimdən, materiallarımdan yararlanan birinin bir təşəkkür etməyə ləyaqəti çatmır. Düşünürəm ki, bu 81 yaşlı müəllifin, öz təbirincə desək “yaddaş yanlışlığıdır”.

Onu da qeyd edim ki, bəhs etdiyim məqaləm beynəlxalq aləmdə də diqqət çəkmiş və mənim elektron poçtuma yazaraq, “məqaləmin aktuallığını və potensial təsirini nəzərə alaraq, jurnalda (“Journal of Lifestyle and SDGs Review”) dərc olunmaq üçün əlyazmamı təqdim etməyim üçün rəsmi dəvət göndərmək istədiklərini bildirmişlər. Məktubda yazılır: “Hörmətli müəllif.

Komandamız hazırda gələcək sitat üçün böyük potensiala malik müstəsna məqalələr seçir və "1-ci Beynəlxalq Türkologiya Konqresi"nin materiallarını nəzərdən keçirərkən tapdığımız "Nazire şeirinə yazilan nazire" adlı işiniz bizi heyran etdi. Məqalənizin aktuallığını və potensial təsirini nəzərə alaraq, əlyazmanızı jurnalımızda dərc olunmaq üçün təqdim etmək üçün sizə rəsmi dəvət göndərməyi uyğun gördük” və s.

Son olaraq qeyd edim ki, mən məqalədə bir çox məsələlərə toxunmadım, bu müəllifin özünə aid olan, bələd olduğu şeylərdir. Mən yalnız məni əlaqədar edən məsələlərə münasibət bildirdim. Məqalə hansı məqsədlə yazılıb bilmirəm, amma onu bilirəm ki, alim etikasına əməl olunmayıb, halalla haram qarışdırılıb. Allahdan qorxmadan, quldan utanmadan yazılıb. Professor Rafiq Əliyev yazır ki, "Allahsız alim tanımıram". Mənsə, deyirəm, - tanıyıram.

Əbu Turxan deyir ki, “insan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda müyəssər olur.” Dünya da fanidir insan da. Əbədi Yaradandır... Ancaq fani olan hər şey həm də əbədidir. Dünyanın sakini olan insan fani olduğunu bilsə də, əbədilik uğruna müəyyən işlərlə uğraşir, fani dünyadan köçdükdən sonra da adını yaşatmaq üçün. İnsana bölünən pay bərabər deyil, kimi 100 il yaşayır, kimi 50 il, kimi də daha az. Əsl iş verilən ömrü necə yaşamaqdır. Tarixdə qalmaq üçün nə az, nə də çox yaşamaq şərt deyil. Əməlləriylə, xidmət etdiyi missiya ilə tarixdə yaşamaq, əbədilik qazanmaq hər bir insanın öz əlindədir.

Bəzisi yaxşı işlərlə, bəzisi pis işlərlə. Bildiyim budur ki, kim nəyə xidmət edirsə, o cür xatırlanacaq, yaxşı yaxşı kimi, pis pis kimi. Və kim necə xatırlanacaqsa, deməli elə yaşayıb. Bizdən sonra çox şeyi dəyişdirə bilərlər, lakin insanların yaddaşındakı xatirələrimizi dəyişdirə, yenidən pozub yaza bilməzlər.

E.Qasımova yenə “Ədəbiyyat qəzeti”ndə gedən bir məqaləsində milli ədəbiyyatşünaslıq elminə nadir töhfələr vermiş Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov haqqında xatirələrini bölüşərkən yazır: “Biz ondan öyrəndik, ona oxşadıq”. Fikrimizcə, özünü Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov “geniş elmi dünyagörüşə malik olan görkəmli alim Ə.Mirəhmədov məktəbinin davamçısı kimi görən biri üçün bu qəbulolunmazdır. Yazılan məqalə bu fikri təkzib edir.

# 338 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #