Üzeyir Hacıbəyovun, yoxsa Kamal Abdullanın "Əsgər"i? - "Gülçöhrə və Əsgər"in məşqindən reportaj

Üzeyir Hacıbəyovun, yoxsa Kamal Abdullanın "Əsgər"i? - "Gülçöhrə və Əsgər"in məşqindən reportaj
14 noyabr 2025
# 12:00

Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı Kamal Abdullanın "Gülçöhrə və Əsgər" pyesi əsasında Əsgər Əsgərovun quruluş verdiyi eyniadlı tamaşanın məşqindən reportajını təqdim edir.

Noyabr yağışları samuray kimi hücum çəkir adamın üstünə. Nəhayət, “katana”lardan yayınıb Musiqili Teatrın binasının qabağına çatıram:

- Binanın arxasına keç, ordakı qapıdan içəri gir.

Rejissor Əsgər Əsgərovun izahında qapını tapıb içəri girirəm.

Qapıdakı nəzarətçi məni məşq salonuna aparır. Qapını açıb qabaq sıralardan birində əyləşirəm. Salonda Əsgər bəy və bir neçə adamdan başqa heç kim yoxdur.

Səhnədə sükut elə bil nəfəs alır.

Zalda tək-tük işıq yanır.

Səhnənin ortasında yarıaçıq bir pərdə, səssizcə tərpənən dekorun kölgəsi və astadan salona dolan musiqi…

Musiqinin ecazında rejissor Əsgər Əsgərovun səsi gəlir:

- Tək gəlmisiniz?

- Bəli.

Zarafatyana:

- Baxın, görün bəyənirsiniz.

***

Zal susur. O sükutun içində pıçıltılar eşidilir. Məşqə hazırlıq gedir.

Üzeyir bəyin Əsgəri artıq bura sığmır. Kamal Abdullanın pyesində o, müharibədən, ideologiyadan, cəzanın və unutmağın sərhədindən keçib gəlir.

O, indi yalnız bir sevgi qəhrəmanı deyil, həm də yaddaşının içində ilişib qalan bir xalqın obrazıdır.

Kamal Abdullanın cümlələri, misraları sanki səhnədə nəfəs alır. Üzeyir bəyin musiqisi elə bil uzaqdan, dənizin o tayından gəlir. Onun notları bu dəfə xoşbəxt sonluğu yox, bir xalqın qırılmış yaddaşını daşıyır.

Məşq zalında hava ağırdır. Kiminsə cibindəki saat yavaş-yavaş “döyünür”. Vaxt özü də səhnənin ritminə tabe olur.

***

Üzeyir bəyin “Arşın mal alan”ında həyat qədər sadə və parlaq olan süjet - sevgi, gülüş, təmtəraqlı toy - bu pyesdə sükutun, itkinliyin və xatirələrin dərinliyinə “enir”. Əslində, Kamal Abdulla Əsgəri səhnədən yox, yaddaşın ilğımından danışdırır.

O, bir xalqın kollektiv şüurunda donub qalmış melodiyanı oyadır. İndi o melodiya sevincin yox, itmiş zamanın musiqisidir.

***

Rejissor Əsgər Əsgərov çox incə, sanki şair dəqiqliyi ilə tutub: onun üçün səhnə təkcə hadisələrin cərəyan etdiyi yer deyil, zamanın toqquşduğu məkandır.

Bu tamaşada hər şey ikiqatlıdır: işıq ümid və dondurucu soyuq, musiqi həyat və ölümün səsi, dialoq isə sevgi və etirafdır.

Kamal Abdulla bu ikiqatlığı dilin içində qurur.

Hər səhnədə Üzeyir bəyin musiqiləri gəlir qulaqlarıma…

Telefonda ara-sıra pyesin yazılı versiyasına nəzər salıram. İlk dəfədir ki, bir tamaşaya belə baxıram. Açığı, xoşuma gəlir.

Hansısa cümlə olduğu kimi deyilməyəndə istəyirəm ki, ayağa qalxıb bərkdən oxuyum pyesdəki cümləni.

Ancaq sonra telefonu söndürüb bütün diqqətimi məşqə verirəm.

Gülçöhrə və Əsgər susanda dünya danışır, onlar danışanda isə dünya susur.

Bu fikir səhnədə bir növ, leytmotivə çevrilir.

Bu, adi məhəbbət hekayəsi deyil. Kamal Abdullanın dünyasında Gülçöhrə və Əsgər artıq bir-birinə qovuşmayan sevgililər yox, yaddaşla unutqanlıq arasındakı sərhəddə qalan iki ruhdurlar.

Əsgər unudulmuş zamanın adamı Gülçöhrə isə gözləməyin metaforasıdır.

Bəzən aktyorlar danışmır, sadəcə baxışlarla oynayırlar. Həmin baxışlarda Üzeyir bəyin gülüşü, Kamal Abdullanın sükutu var.

Bir səhnədə Gülçöhrə dəniz kənarında dayanır. İşıq onun üzünə düşür, amma dənizi görmürük. Yalnız səs…

“Sən məni niyə atdın, Əsgər ağa?! Niyə bə gəlib çıxmırsan, canım-gözüm?! Mən sənə dedim axı, tez gəl. Nə uzun çəkdi bu ayrılıq?! Sən məni unutdunmu? Mənim dediyim sözü unutdunmu? Niyə, Əsgər, ağa, niyə, niyə, niyə, sevdiyim?!

Dəniz onu çağırır, amma o, cavab verməyə qorxur.

Səssizlik bəzən cavabdan üstündür.

"Marseldəkilər bir-birinə qısılmış vəziyyətdə ikən hər şey sükuta və qaranlığa bürünür. Qaranlıq yavaş-yavaş çəkilir, gur işıq ətrafı bürüyür..."

***

Gülçöhrə Əsgəri gözləyir. Gəlməsə belə… Onun missiyası səbir və yaddaşdır sanki…

Səhnə bu dəfə danışmır. Heç kim danışmır. Hər şey səssizdir. Sanki tamaşa özü nəfəsini tutub.

Zalın dərinliyində kiminsə boğazı quruyur, kimsə astaca öskürür, amma səslər dərhal yox olur.

***

Məşq bitir. Salondan çıxıram. Asta addımlarla binanın çıxışına doğru gedirəm.

Yağış hələ də çisələyir.

Bu dəfə qaçmıram. Başımı qaldırıb dumanlı səmaya baxıram:

Məni daha gözləmə, bu da bir işdi –
doğuldum, yaşadım dünyada.
Məni daha gözləmə –
gözləmə dünyaya gələn
gəldiyinə qayıda.

Səni mən unutmaram –
xatirən
ən naməlum dumanlara
bürünəcək.
Səni mən unutmaram –
Ana bətninə qədər
unutmadıqlarım tək.

Məni daha gözləmə,gəlib yığılma
səni görməyən gözlərimə.
Səni mən unutmaram
Səni mən unutmaram,
Məni daha gözləmə.

Müəllifin digər materialları:

Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

Avtomobil qəzası, insult, dəm qazı, xərçəng... - Gənc yaşda vəfat edən yazıçılarımız


# 156 dəfə oxunub

Oxşar xəbərlər

“Kitabi-Dədə Qorqud”un 6 boyu Koreya dilinə tərcümə edilib

“Kitabi-Dədə Qorqud”un 6 boyu Koreya dilinə tərcümə edilib

13:38 14 noyabr 2025
"Səs” qəzeti fəaliyyətini dayandırır

"Səs” qəzeti fəaliyyətini dayandırır

13:25 14 noyabr 2025
Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

11:24 14 noyabr 2025
Artıq səni dinləyə bilmirəm... - Günün mahnısı

Artıq səni dinləyə bilmirəm... - Günün mahnısı

11:00 14 noyabr 2025
“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru”  Londonda təqdim edildi

“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru” Londonda təqdim edildi

10:05 14 noyabr 2025
Səhnəmizin unudulmaz "Məşədi İbad"ı - Çilingərlikdən böyük səhnəyə

Səhnəmizin unudulmaz "Məşədi İbad"ı - Çilingərlikdən böyük səhnəyə

18:35 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər