Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?
13 noyabr 2025
# 12:10

13 noyabr görkəmli yazıçı Saday Budaqlının doğum günüdür.

Kulis.az bu münasibətlə Nadir Yalçının “Azərbaycanın ən yaxşı yazıçısı haqqında” yazısını təqdim edir.

Azərbaycan nəsrini sanbala mindirən müəllifin – Saday Budaqlının 70 yaşı tamam olur.

Bu nə deməkdir? Niyə onun yaradıcılığı – cümləsi, bənzətməsi, təhkiyəsi, mövzusu yüz cümlə, yüz bənzətmə, yüz təhkiyə və yüz mövzu içində fərqlənir?

Saday Budaqlı haqqında, demək olar, hər gün fikirləşirəm. Xoşbəxtlikdən, qələmindən çıxan nümunələri oxuyandan sonra onunla canlı ünsiyyətdə də olmuşam, davranışını, ətrafda baş verənlərə reaksiyasını, xaotik məqamda təmkinini, sakitlikdə aramla – qışqırmadan, səs-küy salmadan xoşuna gələn, gəlməyən şeylər haqqında danışığını diqqətlə müşahidə etmişəm.

O, danışdığı kimi yazır?

Qətiyyən. Saday Budaqlı yazdığı kimi yaşamağa çalışır. Daha dəqiq, o, yazdıqlarının, istedadının, mütaliəsinin haqqını vermək uğrunda mücadilə aparır. Bunu müxtəlif məqamlarda, hətta susanda belə büruzə verir. Azərbaycanda bəzi orta yaşlı və ahıl müəlliflər Saday Budaqlı nümunəsindən örnək götürüb sanballı qalmağın yollarını axtara, hörmətlə yaşlanmağın didaktikasını öyrənə bilərlər.

Saday Budaqlının belə sehirli qalmasının bir səbəbi də bütün yerlərdə görünmək canfəşanlığından uzaq dayanmasıdır. Bu barədə o elə cavanlar üçün də yol göstərir. Qolumuzdan yapışıb qulağımızın dibində nəyisə diqtə etmir – həyat tərzi ilə əyani canlandırır.

Onun prozasında da bu məqam özünü bütünlüklə göstərir. Saday Budaqlı izah edən, bütün qabıqları soymağa çalışan müəllif deyil. O baş verən hadisələrlə, situasiyalarla ovqatı, gedişatı, demək istədiyini göstərir. “Danışma, göstər!” adlandırdığımız müasir nəsr tələbini Saday Budaqlının yaradıcılığı ilə şifrələyə bilərik.

Bəzən elə bir məqamda, məsələn, “Uduş”, “Döngə”, “Firuzə qaşlı sırğa”da (ən çox təsirləndiyim nümunələrdir) hamımızın başına gələn, yaxud içində olduğumuz situasiyanın elə ustalıqla bədii həllini tapır ki, öz həyatındakı bu cür məqamları yada salıb onun həzzini yaşamaq, ondan tutunub mənasız yaşamadığını müəyyən etmək istəyirsən.

Saday Budaqlı heç nəyi düyünləşdirib o vəziyyətdə saxlamır. “Açıq final” dediymiz pünhan hekayə sonluqlarında da yaratdığı sual işarəsi mütləq düyünlərin açılmasına xidmət edir.

Saday Budaqlı böyük bir nəsr epoxasını bağlayıb yeni cığır açan – yeni proza epoxası yaradan müəllifdir. Bizim azyaşlı prozamızda bu, elə-belə nüans deyil. Azərbaycan nəsri yaranan gündən dəridən-qabıqdan çıxıb. Əvvəl-əvvəl camaatı maarifləndirmək, geriliyə sinə gərmək uğrunda yazıb-pozublar.

Sonralar da Sovet hökumətinin ideologiyaları uğrunda qol çırmalayıblar. Kifayət qədər də yaxşı nümunələr yaranıb.

Altmışıncıların yaradıcılığı ilə mənzərə dəyişsə də, yeni, canlı, diri, müasir nəsrimizin təməlinin qoyulması yolunda Saday Budaqlını danmaq qeyri-mümkündür. Əkrəm Əylisli stili, təhkiyəsi o qədər genişmiqyaslı və geniştəsirlidir ki, bu selin qarşısına bənd tikmək qəliz məsələdir. Saday Budaqlı bu qəlizliyi asanlaşdıraraq təzə səhifə açdı.

Hekayə yazmaq - öyrədilməyən, öyrənilən sənətdir. Kiminsə əlindən tutub “bu cür yaz, bu cür hiss elə, bu cür başa düş, bu cür müşahidə et” demək absurddur. Təlqin olunmayan mülahizələr, qənaətlər, intuitiv məsələlər var. Hekayə bunların cəmi olduğu üçün onu təlqin edib öyrətmək, bu mexanizmi aşılamaq olmur. Amma şəxs kimlərisə oxuyub öz istedadından istifadə edə bilir. Məhz Saday Budaqlının “Yolüstü söhbət” kitabı (hekayələri və “Zədə” romanı yer alıb) oxuyub öyrəniləsi nəşrdir. Mən bu yazı ilə həmin kitabı oxumağı bütün oxuculara və müəlliflərə tövsiyə edirəm.

Saday Budaqlının yaradıcılığı barədə çox geniş yazmaq mümkündür. Baxmayaraq ki, o, həmişə yazarkən sözə xəsislik edib – zərgər dəqiqiliyi ilə seçib-sonalayıb, nəyi yazmaq, nəyi yazmamaq dilemmasında daha çox “nəyi yazmaq lazım deyil” mətləbi ətrafında fikirləşib. Bəlkə də, mətnə qarşı bu qədər tələbkarlıq onu daha çox yazmağa, daha çox nəşr olunmağa imkan vermir. Amma biz ondan yeni roman, yeni mətn gözləyirik.

Saday Budaqlı bütün obrazları ilə tanışdır və həmin obrazları hər vəchlə insanlarla tanış etmək niyyətindədir. Hekayələrini oxuduqca həmin insanların hansı xarakterdə olduğunu dəqiq bilmək olur. Sürətli təhkiyə və sürətli həyat fonunda bu xarakter, bədii tipiklik yaratma ustalığı onu müəllif kimi maraqlı edən ən vacib nüanslardandır.

Bax, indi bu yazını oxuyursunuz və mən Saday Budaqlının yaradıcılığına tam bələd olsam da, onun haqqında yazmaqda çətinlik çəkirəm. Bəzi müəlliflər və bəzi əsərlər var ki, onlar haqqında yazmaq çətindir, məsuliyyətlidir.

Milli ədəbiyyatımızda Saday Budaqlı həmin simalardandır.

Belə ləyaqətli və peşəkar olduğunuza görə, çox sağ olun, Saday müəllim.

# 281 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər