Macərapərəst yazıçı "Dəfinələr adası"nı əvvəlcə necə adlandırmaq istəyirdi?

Macərapərəst yazıçı "Dəfinələr adası"nı  əvvəlcə necə adlandırmaq istəyirdi?
13 noyabr 2025
# 10:15

13 noyabr tanınmış şotland yazıçı Robert Lüis Stivensonun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Xəyal gücü, macəra sevgisi və azad ruhu ilə ədəbiyyat tarixində iz qoyan şotland yazıçısı Robert Lüis Stivenson 1850-ci il noyabrın 13-də Edinburqda dünyaya gəlib.

Uşaqlıqdan zəif səhhətinə baxmayaraq, Stivensonun xəstə yatağında keçirdiyi günlər onun təxəyyülünü gücləndirib, gələcəkdə “Dəfinələr adası” kimi dünya ədəbiyyatının klassikasına çevriləcək əsərlərin əsasını qoyub.

Gənclik illərində ailəsinin dini inanclarına və cəmiyyətin sərt qaydalarına qarşı çıxan Stivenson bohem həyat tərzini seçdi. O, universitetdə hüquq təhsili alsa da, mühəndis atası kimi peşəkar sahədə deyil, qələmində öz yolunu tapdı.

Yazıçının Avropadakı səyahətləri, xüsusilə Fransada keçirdiyi illər onun ilk əsərlərinə ilham verdi. “Bir daxili gəzinti” və “Bir eşşəklə səyahət” kimi kitablarında səyahət ruhu və azadlıq hissi ön plana çıxırdı.

Stevensonun həyatı yalnız ədəbi axtarışlarla deyil, həm də böyük bir eşqlə yadda qaldı.

Fransada tanış olduğu amerikalı Fanni Osborn ilə olan münasibəti həm çətin, həm də ilhamverici idi. Sağlamlığını itirməsinə baxmayaraq, Stivenson sevgi və yazıdan güc alaraq yaşadı.

Onların 1880-ci ildəki evliliyi yazıçının həyatında yeni bir mərhələ açdı – o, artıq yalnız səyahətçi və romantik deyil, eyni zamanda dünya ədəbiyyatına “Doktor Cekil və cənab Hayd" kimi dərin psixoloji əsərlər bəxş edən yetkin bir yazıçı idi.

Toydan sonra cütlük Nyu-Yorka, oradan da Liverpula köçdü. Robert xoşbəxt idi. Bu dövrdə onun ən məşhur əsərinin yaranması istiqamətində ilk addımlar atıldı.

Maraqlıdır ki, “Dəfinələr adası” romanını əvvəlcə “Gəmi aşpazı” adlandırmaq istəyirdi. Süjetin bəzi hissələrini atası təklif etmişdi – məsələn, qəhrəmanın gizləndiyi “alma çəlləyi” və Billi Bonsun sandığı fikirləri ona məxsus idi.

1883-cü ildə nəşr olunan “Xəzinə adası” Stivensonu bir anda məşhurlaşdırdı.

Stivenson son illərində sağlamlığı naminə Sakit okeandakı Samoada məskunlaşdı. Yerli xalq onu “Tuzitala” – “nağılçı” adlandırırdı.

1894-cü ilin dekabrında, cəmi 44 yaşında insultdan dünyasını dəyişdi. Samoalılar onu sevdikləri yazıçı kimi Britaniya bayrağına büküb, Vea dağı zirvəsində torpağa tapşırdılar.

Robert Lüis Stivensonun həyatı xəstəliklərlə dolu olsa da, o, insan ruhunun azadlığını və macəra eşqini öz əsərlərində ölümsüzləşdirdi.

“Dəfinələr adası”, “Doktor Cekil və cənab Hayd” kimi əsərlər bu gün də oxucuları xəyalın gücünə inandırır.

“Dəfinələr adası”nın qəhrəmanları kimi, Stivenson özü də həyatını macəra dolu bir səyahətə çevirmişdi və bu səyahət hələ də oxucuların qəlbində davam edir.

# 636 dəfə oxunub

Oxşar xəbərlər

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur  ədəbi cərəyanlar

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur ədəbi cərəyanlar

12:00 18 yanvar 2026
"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

Qusarda bəstəkar Elza İbrahimovanın büstünün açılışı oldu

15:30 17 yanvar 2026
Səddam Laçının kitabının IV nəşri  çap olundu

Səddam Laçının kitabının IV nəşri çap olundu

13:50 17 yanvar 2026
İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

İnsanlar yaratdıqları obrazların içində yaşayırlar... - Cim Kerridən sitatlar

13:20 17 yanvar 2026
Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi

12:40 17 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər