Erməniyə əsir düşdü, dəli oldu

Erməniyə əsir düşdü, dəli oldu
5 avqust 2013
# 14:22

Ayşən Əhməd

Mən artıq Ramilladan qorxmuram

Evə girəndə çox qorxdum. Buna qorxu yox, təəccüblənmək, çaşqınlıq da demək olar. Otaqda əcaib simalı, yay olmağına baxmayaraq başında qəribə çalması, əynində qara jaketi olan 45 -50 yaşlı qadın oturmuşdu. O məndən "sən kimsən?" deyə soruşdu.

Dodağımın altında mızıldanaraq "salam" dedim. Yan otaqdan qaldığım evin sahibəsi çıxıb "tanış ol, Ramilladı" dedi. Mən başımla bir də salamlaşıb tez öz otağıma keçdim. Əynimi dəyişib, mətbəxə yemək üçün gedəndə Ramillanın vahiməli baxışları məni yenə ürkütdü.

Bir qədər sonra öz otağıma keçib üstümdən iş yorğunluğumu atmaq üçün yerimə uzanmışdım. Qulaqlığı telefonuma qoşub musiqi dinləməyə başladım. Qışqırıq səsinə diksindim. Hətta qulağımdakı qulaqlıqdan belə keçmişdi bu səs. Yerimdən dik atıldım. Saata baxdım. Əqrəblər gecənin yarısı olduğunu işarə edirdi. Otağımın qapısını açanda gördüm ki, zalda Ramilladan başqa heç kim yoxdur.

Öz-özünə qışqırırdı. Ev sahibəsi çoxdan yatmışdı. Mən yenə çaşqın halda qapını bağlayıb yerimə uzandım. "Bu kimdi, niyə burdadı" suallarını özüm-özümə verə-verə nə vaxt yuxuladım bilmirəm. Oyananda gördüm işə gecikirəm. Su belə içmədən evdən çıxdım. Yol gedə-gedə axşam olanlar beynimdə fırlanırdı. Hər şey yuxu kimi gəlirdi mənə.

Axşam evə qayıdanda ev sahibəsindən axşamkı qadının kim olduğunu soruşdum.

- Hə ,o Ramilla idi. Havalıdı...

- Dəlinin burda nə işi var? Çox qorxdum axşam.

- Mən o biri evimdə yaşayanda qonşu idi. İndi də gəlib-gedir. Yazığım gəlir. Qova bilmirəm.

Bu söz məni necə tutdusa, dayanmadan suallarımı yağdırmağa başladım. Ramilla Şuşada doğulub. Atası polkovnik olub. Qarabağ müharibəsində hamı kimi məcburən köçərkən Ramilla ermənilərin əlinə keçib. Sonra azadlıq veriblər, amma ondan aldıqlarının hesabına...

Evin sahibəsi bir az da deyindi ki, gələndə soyuducuda bir şey qoymur. Əlinə nə keçir, gözünə xoş görünən nə varsa yeyir. Nə qədər yesə də yenə doymur. Evdən xoşuna gələn əşya olarsa götürüb aparır. Heç nədən gözü doymur. Bizə gələndə getmək bilmir. Qorxduğu ancaq kişilərdir. Görəndə ki, getmir, deyirəm ərim gələcək indi. Tez durub gedir. Çox vaxt gələndə qapını açmıram. Amma yazığım da gəlir. Atası ev alıb onun üçün. Öz evində yaşayır. Qohum əqrəbaları da var. Amma heç kimə qapı açmır.

Bu söhbətdən hardasa bir ay keçdi. İşdən çıxıb evə gedirdim. Liftin düyməsini basanda tanış səs gəldi.

- Sənsən, sən kimsən?

Geri çevriləndə Ramillanın tez-tez mənə tərəf gəldiyini gördüm. Əvvəl duruxub qaldım. Qaçmaq istədim. Heç qaçmağa yer də tapmadım düzü. Artıq Ramilla mənə çatırdı. Çox qorxurdum. Özüm özümü sakitləşdirməyə çalışdım. O, mənə çatanda qorxudan gülümsəyib "Necəsən? dedim. "Yaxşıyam sən necəsən?" deyəndə liftin qapısı açıldı. Təsəvvürümə gətirəndə ki, onunla liftə minəcəm, qorxudan nəfəsim kəsilirdi. Arada üzümə baxıb gülürdü.

Əlində üzüm salxımı var idi. Üzümün bir giləsini qoparıb təkidlə mənə verdi. Sonra da başladı məni tərifləməyə. Lift yuxarı qalxdıqca qorxu hissim aşağı düşürdü. Evə çatanda ən əziz adamımmış kimi onu içəri keçirtdim. Artıq mən Ramilladan qorxmurdum. Çünki ondan deyil, onun başına gələnlərdən qorxmaq lazımdı.

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #