Bir banka şorabadır ədəbiyyat

Bir banka şorabadır ədəbiyyat
14 dekabr 2012
# 11:08

Ayna Məmmədova

Demək belə...

Sən demə yazı yazarın arxasından boylanmalıymış...Şəxsi mövqelər at oynatmalı, ədəbiyyat, yazı bunların fövqündə başını ikiəlli tutmalıymış...

Yəni son illərin ədəbi prosesləri belə deməyə əsas verir.

Demək ki, kimin kreslosu varsa, o kreslonu laxlatmaq üçün kim daha çox tənqid yazacaq- buymuş ədəbiyyat...

Siyasi movqelərin yarışmasıymış ədəbiyyat.

Sözün baha satıldığı, mövqelərin faizə verilməsiymiş ədəbiyyat...

Bir yazımda ədəbiyyatı bir banka şorabaya bənzətmişdim. Yəni şoraba düzgün qoyulmayıbsa, mütləq banka qapağı atacaqdır. Amma indi şorabaya o qədər kimyəvi antioksidantdan zaddan qatırlar ki, ədəbiyyatı da süniləşdiriblər.

Demək belə..

Qan Turalı yazıçı Anardan müsahibə alar-almaz “beyin hüceyrələri” fəaliyyə təbaşladı. Hərəsi Turalı bir cür suçladı. Bu bir müsahibə idi. Həm də o müsahibələrdən ki, bir roman qədər təsir imkanına malikdi. Yəni müsahibə almaq da, əlbəttə yaxşı müsahibə almaq da müəyyən qədər istedad, bilik, dünyagörüşü və psixoloji savad tələb edir. Elə bu müsahibəyə yaxşı münasibət bəsləməyən insanların da bu əslində psixoloji durumundan xəbər verir. Günel Mövlüdun bütün yazılarını olmasa da, bəyəndiyim yazıları olub. Amma onun bu müsahibəyə bu cür aqressiyası, vulqar ifadələr işlətməsi ona yaramır və yaraşmır.

Turalı ədəbiyyata xəyanətdə günahlandırmaq, onun Anarın qəlyanından başının dumanlandığını düşünənlər də oldu.

Dəyərli qələm sahiblərinin bu müsahibəyə belə münasibəti də bəlkə də başa düşüləndi. Çünki illər öncə Qan Turalı da onlar kimi fikirləşirdi. Yəni onlarla eyni səngərdə idi. Amma zaman keçdi, Tural bir körpü missiyasını həyata keçirmək istədi. Bütləri dağıtmaq, stereotipləri qırmaq kimi...

Həm də bir dərgi redaktoru kimi də Turalı anlamalıydılar.

Tural müsahibədən əvvəl köşəsindəki cümlələrlə sanki mesaj vermişdi- məni ədəbiyyata xəyanətdə günahlandıracaqlar. Yəni bu Tural üçün də asan olmamışdı. Bu mesajın şifrəsi beləydi. Yəni Turalın yerinə kim olsa, bu addımı atacaqdı. Bu “anlaşma” vacib və labüd idi. Güya Anarı, Elçini tənqid edən hansısa köşə nə zamansa kimlərəsə lazım olacaqmı?

Əksinə gənc nəslin yaşlı nəslə əl verməsi və bu əlin də sıxılması humanistlik deyilmi?

Elə ədəbiyyat özü humanistliyə xidmət etməli deyilmi?

Nə qədər ki qəlbimizdə kin, küdürət var, o ancaq öz içimizi yeyib dağıdacaq.

Əslində bu müsahibə həm də Anarı tanıtdı, Tural bu müsahibə ilə imicini korlamadı.

Düzdü, Anarın Limonovla, Sorokinlə bağlı fikirləri ilə mən də razı deyiləm.

Amma hər bir yazıçının da öz yazıçısı olur. Bizim bədbəxtliyimiz bəlkə də ondadır ki, biz bildiyimizi ən yaxşı hesab edirik.

Sadəcə burda bir nüans var ki- bunu qəbul etməyənlər, bir az eqolarına təslim olsalar, onlar da eyni şeyi edəcəkdilər.

Bu bir ədəbiyyat hadisəsi olmalı, şəxslərin, mövqelərin dartışmasına çevrilməməlidi...

Eqolaşmanın böyüməsi, kvadrata yüksəlməsi ədəbiyyatın məhvi deməkdi...

Zamanla bu da düzələcək...

Səmimiyyət həmişə qələbə çalır- buna inanın!

# 1038 dəfə oxunub

Oxşar xəbərlər

# # #