Fərid Süleymanlı - Qalaktikum

Fərid Süleymanlı - Qalaktikum
13 oktyabr 2023
# 11:07

Kulis.az Fərid Süleymanlının "Qalaktikum" hekayəsini təqdim edir.

Mexael çölündə ümid axtarışı

2231-ci il... Avropa qitəsinin mərkəzində ucu-bucağı görünməyən Mexael çolü... Ətrafda təkəm- seyrək var-gəl edən böcəklər və nəsli kəsilməkdə olan heyvanlar... Günəşin zenitdə olduğu bir vaxtda təxminən 50 dərəcəlik isti hava nəfəs almağı əsl iztiraba çevirir, ancaq nəfəssiz də olmur. Yaşamaq üçün ciyərlərə ərimiş qurğuşun kimi yayılan isti havanı ehmallı da olsa udmaqdan başqa nə çarə?!
Ezekel bütün bu məşəqqəti gözə alıb saatlardı qurduğu pusquda dayanmışdı. Bircə məqsədi vardı
– qızının sağalması üçün loğmanın şərt qoşduğu çöl dovşanını ovlamaq niyyətindəydi. Qızının uzun sürən xəsəlikdən dirçəlməsi üçün Yerdə son ümid nəsli kəsilməkdə olan bir boz çöl dovşanının əti idi. Eşitmişdi ki, Marsdakı koloniyalardan birində qızının mübtəla olduğu xəstəliyi cərrahiyyə yolu ilə sağaldırlar, ancaq Ezekelin maddi durumu buna imkan vermirdi. Çarəni yer üzündə tapmalıydı. Həkimlər əllərindən gələni etsələr də, qızının sağalacağına söz vermirdilər, bu azmış kimi çox yaşayacağına da ümidləri yox idi.
Ancaq onu günəşin amansız şüaları altında dözməyə bir ümid həvəsləndirirdi. Hardansa haqqında eşitdiyi əsrarəngiz yaşlı bir loğman mütəvazi, ancaq qəti şəkildə bu mərəzə son qoyacağına söz vermişdi, fəqət bir şərti vardı; hazırlayacağı məlhəm üçün boz dovşanın əti mütləq şərt idi. Ezekel artıq yer üzərində çox nadir görünən boz dovşanın sorağında çox gəzib-dolaşmışdı, ancaq heyhat... Qoca loğmanın dediyinə görə həmin doşvandan Mexael çölündə tapmaq mümkündür, ancaq az qala bütöv bir qitəni caynağına almış bu azman çöldə dovşan tapmaq çox müşkül məsələydi. Buna baxmayaraq Ezekel qətiyyətliydi.
Qurduğu tələnin yanında kamuflyaj olub günəşin amazsız şüalarından qorunurmağa çalışırdı. Suyunu qənaətlə içirdi. Nə qədər hərəkətsiz və təhlükəsiz görünməyə çalışsa da, başının üstündən uçan polis dronundan yayına bilməzdi əlbət ki. Kamuflyajı rəng və forma etibarilə nə qədər məharətli hazırlasa da, rəng və hərkətə həssas polis dronunun detektorları onu dərhal sezmişdi.
Dron onu görər-görməz vahiməli siren səsi ilə üstünə şığıdı. Polis zabiti səsucaldıcı ilə amiranə göstəriş verdi:
- Dərhal örtüyün altından çıx və əllərini havaya qaldır.

Tükürpərdən səsdən dəhşətə gələn Ezekeli bir anlıq yerində donub qaldı. Nə baş verdiyini anlamağa çalışırdı. Ancaq polisin növbəti səksəndirici əmri onu özünə gətirdi. Ezekel kamuflyaj effekti yaradan örtüyün aldından yavaş-yavaş çıxdı və əllərini havaya qaldırdı. Nə olduğunu anlamaq üçün ətrafda baş verənləri görməi idi. Ona görə başını ehmalca qaldırıb bir neçə metr hündürlükdə başının üstündə sanki havadan asılı qalmış nəhəng polis dronuna baxmağa çalışdı. Günəş gözünü qamaşdırırdığından əllərinin arxasından qıyılmış gözlərlə drona baxmağa cəhd elədi. Polislər onu şübhəli şəxs qismində yaxalamaq üçün zərərsizləşdirməliyidi. Bunun üçün şüuru bir neçə dəqiqəlik bloklayan məsafədən elektrik şoku verdilər. Ezekel elə o andaca canında şok dalğası hiss elədi və tirtap yerə uzandı.


Çarə ilə çarəsizlik arasında

Yarıqaranlıq, darısqal, boğanaq məkan... Cansıxıcı sükunət... Ezekel sərsəm halda gözlərini bu təlaş yaradan mühitdə açdı. Huşu özünə gəlsə də, elektroşokun təsirindən əzələləri hələ də süst idi, tərpənə bilmirdi. Ezekel hələ də nə olduğunu anlamış deyildi. O, Yerin ən nümunəvi vətəndaşlarından idi. Planetdə hakimlik edən vahid bir dövlətin – Cihonnamın qanunları nə qədər sərt olsa da, Ezekel indiyədək bütün məhdudiyyətlərlə mətanətlə dözmüşdü. Yaşamaq üçün təbii resursların qıtlaşdığı dövrdə ailəsinin onun kimi fədakar bir başçıya ehtiyacı vardı. Buna görə Ezekel qanun qarşısında müti bir təbəə kimi davranırdı. 40 yaşı haqlamış bu insanın zərrəcə olsun qara keçmişi yox idi. Bəs birdən-birə nə oldu görəsən? Axı o, özü də bilmədən hansı cinayəti törətmişdi ki, polis dronu qəfildən başının üstünü kəsdirib onu bu məngənəyə düçar etmişdi?

Ezekel bu qara düşüncələrin ağuşunda çarəsizcə çırpınırdı ki, qapı ağır-ağır açıldı. Əzəmətli görkəmilə insanı təşvişə salan veneralissimo rütbəli polis nəfəri təmkinli addımlarla içəri daxil oldu. Qorxu və yorğunluqdan danışmağa heyi olmayan Ezekel maraq dolu baxışlarını polisə zillədi. Bilirdi ki, polisin baxışları çox şey soruşur. Şühbəsiz ki, təcrübəli polis Ezekelin ürəyindən keçənləri ilk baxışdan oxuya bildi. O, “axı mən günahsızam, indiyədək Cihonnamın qanunlarına sadiq nümunəvi vətəndaş kimi davranmışam, cinayət törətmək heç ağlımdan belə keçməyib, bunu siz də bilirsiz. Onda bəs niyə burdayam?” deyə soruşurdu.

Bəli, polis zabiti bunu həqiqətən bilirdi ki, Ezekel indiyədək nəinki cinayət törətməyib, onun heç cinayət törətmək potensialı belə yoxdur. Beyin neyronlarını məsafədən analiz etmək iqtidarında olan neyrodetektor vasitəsilə bütün Cihonnam vətəndaşlarının cinayət törətmək potensialı təhlil edilir və “krimino şkalası” üzrə təsnifatlaşdırılırdı. Polis veneralissomosu Elias vətəndaşlar haqqında baza məlumatlarına istinadən bilirdi ki, Ezekel beyninin neyro quruluşu etibarilə cinayət törətməyə qabil insan deyil. Lakin düşdüyü vəziyyət onu şübhəli şəxs qismində nəzarət altına almağa əsas verirdi.
Güman edirəm məni danışmaq zillətinə məruz qoymadan hər şeyi bütün təfərrüatı ilə danışarsan. Bilirsən səni hansı suallar silsiləsi gözləyir. İstintaq zamanı məni yormamağın sənin xeyrinə olar. Dinləyirəm. – deyə polis hədələyici ritorika ilə danışdı.
- Məgər baxışlarımdan təəccüb yağmır? Axı baş verənləri anlamadığımı çox yaxşı bilirsiz. Axı
bu rütbə sahibi emosiyalarımı fəhm etməkdə aciz olmamalıdı.

Ezekel bu mətləbdə haqlı idi. Cihonnam İnterplanetar Təhlükəsizlik Xidmətinin əməkdaşı olan bu polis nəfəri veneralissimo rütbəsinin uniformasını daşıyırdı. Planetlərarası təhlükəsizlik məsələlərinə məsul bu təhlükəsizlik orqanının 8 xidməti dərəcəsi vardı. Günəş sisteminə ithafən adlandırılan bu rütbələrdən yeddincisi veneralissimo idi. Bu rütbə ən ali xidməti dərəcə olan heliolissomosa çox yaxın idi. Bu da o məna ərz edirdi ki, cənab qayət təcrübəli bir zabitdir və çətin ki, onun gözündən bu qədər bariz emosional vəziyyət yayınmış olsun.

- Görürəm az bilmirsən, Ezekel Enox, – veneralissomo ədalı istehza ilə danışmağa başladı. – Ancaq uzunçuluq eləməyə həvəsim yoxdur. Yəqin cəfəngiyyat danışmağı heç sən də mənim rütbəmə yaraşdırmazsan. Düşdüyün vəziyyətin xülasəsi belədir ki, səni Mexael çölündə tapılmış bir cəsəddin həndəvərində gördük. Özü də məharətlə kamuflyaj olunmuş halda. Özün de, belə olduqda səndən ciddi şəkildə şübhələnməyə əsasımız var, ya yox?
- Xeyr, qətiyyən yoxdur. – Ezekel tərəddüdsüz cavab verdi.
- Bəs günahsızlığını necə sübuta yetirə bilərsən? Bizim sübütumuz var. Səninin
yaxalanmağın dronun video qeydlərində var.
- Məgər bu, cinayətin mənim törətdiyimə dair birbaşa dəlil ola bilər? Bu, hələ hər şeyi sübut
etmir.
- Sübutun qismən inandırıcı olması kifayət edir ki, məhkəmə səni cəzaya məhkum etsin. Çanki səndən başqa şübhəli yoxdur. Məhhəmə niyə sənin əsassız “günahsızam” iddiana inansın ki?
- Yaxşı, bəs siz niyə orda olmağımın səbəbini soruşmursuz? Bu, nüansa diqqətsizliyi rütbənizə yaraşdırmadım.
- Mənə, ya rütbəmə?
- Rütbənizə. Sizi şəxsən tanımıram. Bəlkə təbiət etibarilə diqqətsiz və etinasiz insansınız. Ancaq bu şəxsi keyfiyyətiniz vəzifə öhdəliklərinizə təsir etməməlidir. Bunu bilməmiş olmazsınız.
- Bax, Ezekel, görürəm elektroşokdan sonra zehnin aydınlanıb, iti düşünə bilirsən, ancaq bunu bil ki, özünü ağıllı göstərmək hələ ağıllı olmaq anlamına gəlmir. Sənə orda olmağının səbəbini soruşa bilərdim, ancaq bunu soruşmadan da bilirəm ki, mənə inandırıcı cavab verə bilməyəcəksən. Ancaq madam ki, belədir, soruşuram, niyə bu gün zenit çağında insanoğlunun ayaq basmağa cəsarət etmədiyi quraq çöldə gizlənmişdin? Səni buna nə vadar edirdi?
- Qızımın sağalması üçün bir məlhəm hazırlanmalıdı. Çöl dovşanının əti lazımdı. Onsuz mümkün deyil. Siz məni haqlamamışda təxminən 1 saat əvvəl pusqumu qurub gözləyirdim. Ancaq macal vermədiz.
- Çöl dovşanının nəsli çoxdan kəsilib, Ezekel, məni axmaq yerinə qoyma. Bunu yer üzünün bütün sakinləri bilir ki, ölümcül iqlim böhranından sonra əksər heyvanların nəsli tükəndi, olan-qalanı da Mars və Ay koloniyalarına daşıdılar. Çöl dovşanını ölüm döşəyi olan Mexael çolündə deyil, koloniyalarda axtarmalısan.
- Soraqlamışam, nadir hallarda belə olsa çöl dovşanına rast gəlmək mümkündü. Bir də koloniyaya getmək asan işdi məgər? Koloniyalara ayaq basan sadə Cihonnamlı görmüsüz heç?
Veneralissimo nə qədər təcrübəli və hazırcavab olsa da, bu faktın qarşısında aciz qaldı. Ancaq acizliyini büruzə verməmək üçün zirək tərpənib mətləbi dəyişməyə cəhd etdi:

Heç kəsi bu cəfəngiyyata inandıra bilməzsən, yaxşısı budur cinayəti etiraf et. Bizə hadisənin motivləri lazımdır. Hər şeyi danışmalısan. Bir insanın qətlə yetirilmə səbəblərini bilməliyik ki, bununla mübarizə aparaq. Yaxşı bilirsən ki, yer üzündə insan qıtlığı var. Biz olan-qalan insanları mühafizə etməklə mükəlləfik, əks halda yerdə insan oğlunun nəsli kəsiləcək. Bu isə dünyanı yenidən dirçəltmək ümidini də puç edir. – deyə polis zabiti bir az
əmr, bir az da yalvarış tonunda israrla soruşdu.

Məgər insanın kökü birdəfəlik kəsilsəydi daha yaxşı olmazdımı, mötəbər veneralissimo? Məgər bütün bu ölümcül böhranların səbəbi insan deyilmi? Dünyanı yarımcan qoyan insanı qoruyursunuz ki, o, yenidən dünyanı dirçəltsin? İnsanın buna qadir olduğuna inanırsınızmi, cənab veneralissimo? Ali şüur səviyyəsi olan insan dağıtmağa meyillidir, qurmağa deyil. Məgər əsirlərdir insan oğlunun əməlləri buna dəlalət etmirmi? Bu azmış kimi indi də Günəş sisteminin canına düşüblər. Yerdə açdığı əməlləri göydə də açmazmı azğın insan?

Elias bu acı həqiqətin qarşısında bir anlıq tutuldu. Ezekelin dedikləri quru fəlsəfə yığını deyildi. Bu, tarixin göstərdiyi həqiqət idi. Ancaq Elias insanoğlunun başına gələnlərdən dərs çıxardığına inanırdı. Ona görə Cihonnam İnterplanetar Təhlükəsizlik Xidmətinin bəşəriyyəti qorunmaq missiyasına əzmlə xidmət göstərirdi.

Görünür səmimiyyətim səni fəlsəfi mülahizələr yürütməyə cəsarətləndirdi. Bu mövzuda tamamilə haqsız deyilsən, ancaq mənim də öz səbəblərim var. Bunları hələlik bir kənara qoyaq. Burda olmaq səbəbimiz sənsən. Daha doğrusu çölün düzündə başından aldığı zərbə üzündən dünyasını dəyişən bir insan və onu qətlə yetirməkdə şübhəli bilinən sən. Etirafını gözləyirəm. – Elias hövsələdən çıxdığına eyham vuran səs tonuna keçdi.

Cənab veneralissimo, günahsız olduğumu sübut edən çoxsaylı vasitələr var. Süni intellek sayəsində ən yüksək dəqiqliklə işləyən poliqraf, neyrodetektor, psixoanalitik sorğular və s. və ilaxır. Bunlar hamısı mənim məsum olduğumu birmənalı təsdiqləyəcək. Tələb edirəm
ki, bunları tətbiq edəsiz.
- Əzizim, təcrübə bizə bunu göstərdi ki, heç bir süni intellekt insan qədər ağıllı ola bilməz. Bu cihazları və dediyin vasitələri aldada bilən mahir fırıldaqçılar az görməmişəm. Nə mən, nə də məhkəmə bunları sənin günahsızlığını isbat edən əks-dəlil kimi qəbul etməz, çünki əlimizdə sənin günahkar olduğunu sübut edən çox tutarlı dəlil var. Mexael çölünün dərinliklərində bir meyit və onun yaxınlığında polisdən gizlənməyə çalışan sən. Axtarış zamanı çöldən səndən başqa nəinki insan, heç heyvana da rast gəlmədik. Bu, sənin əleyhinə işləyən çox güclü bir faktdır.
- Nə deyirsiz, indi günahsız olduğum halda bu cinayəti boynuma götütməliyəm? Məgər təqsirkar olmadığımı sübut edən başqa dəlil tapılmazmı görəsən? - Ezekel çarəsiz və ümidsiz halda mızıldandı.
- Əlbət ki, mümkündü. Sənin günahsız olduğunu ancaq və ancaq bir fakt sübur edə bilər. –

Elias qətiyyətlə danışdı.

Ezekel bunu heç gözləmirdi. O, ümid dolu bərəlmiş gözlərini veneralissimosa dikdi. Ondan mədət umarcasına soruşdu:
- Nə?

Çarəyə daha yaxın

Gur işıqlı otaq... Sərinkeşin xoş hal yaradan havası... Eliasın səmimi siması... Ezekel zindandan çıxarılıb polis departamentində Eliasın xidməti otağına gətirilmişdi.

- Mən niyə burdayam?
- İzahımı yaxşı fəhm etməyin üçün daha əlverişli atmosferdə olmağını lazım bildim. Qapalı qaranlıq mühit sənin fəlsəfi təxəyyülünü alovlandırırdı. Sənə isə daha çox real düşünə bilən ağıl lazımdır. – Elias təbəssümlə cavab verdi.
- Məni niyə bu yaxşılığa layiq görürsüz?
- Səni deyil, insanlığı buna layiq görürəm. Sənin timsalında parlaq insan gələcəyi görürəm. Sənin kimilər bu dünyaya məhbəsdə deyil, azadlıqda lazımdır. Sayımız çox azdır, Ezekel. Planetlərarası səyahətə imkan verən yüksək texnologiyamız, insan ömrünü uzadan tibbimiz, insan şüurunu oxuyan süni intellektimiz olsa da, yer üzərində çox az sayda insanoğlu var. Son yüz ildə baş verən müharibələr, dəhşətli iqlim böhranı yer kürəsini yaşanmaz hala gətirdi, insanlığı yer üzündə silmək həddinə çatdı. Biz digər planetlərə qədəm qoymağımızı bu yer üzünə borcluyuq. Biz burda insan olduq, burda tərəqqi etdik, burdan göylərə ayaq açdıq. Bura borcluyuq. Yerin iqlimi nə qədər dözülməz olsa da, Günəş sistemindəki heç bir koloniya ona tay ola bilməz. Alimlər inamla deyirlər ki, bizim yenidən dirçəlmək şansmız var. Ancaq öz külümüzdən yenidən doğulmaq üçün bizə insan gərəkdir. Sənin kimi idrak və vicdan sahibi insan. Bu səbəbdən sənə kömək etməyi özümə borc bilirəm. Bu, sənin timsalında yer planetinə olan lütfkarlığımdır.
Minnətdaram , cənab veneralissimo. Bu, çox alicənab davranışdır. – Eliasın dostyanalığından mütəssir olmuş Ezekel səmimiyyətlə təşəkkürünü bildirdi. – Bəs mən nə etməliyəm? Günahsızlığımı necə sübut edə bilərəm?
- Təssüf ki, bu, bir o qədər asan olmayacaq, Ezekel. Sənin həmin cinayəti törətmədiyini sübut edən fakt kimi video-qeydin olması çox tutarlı olardı.
- Axı bu mümkün deyil, belə bir video-qeydi necə əldə edə bilərəm. Axı həmin ərazi nə təhlükəsizlik kameraları, nə də peyk tərəfindən nəzarətdə deyil. - - Ora heç kəsə lazım olmayan biyabanlıqdır. Yalnız sizin dronlar o ərazidə vaxtaşırı reyd keçirir. O, isə məndən başqa heç kəsi qeydə almayıb. ----Bəxtsizliyin beləsi... – Ezekel iniltili səslə zorla cavab verdi.
-Əslində lehinə sübut tapmaq mümkündür.
- Axı necə? – Ezekel hövsələsiz halda soruşdu.
- Qalaktikum şirkəti var,o, Ultra Sürətli Kosmik Gəmini istismara verib.
- Nə olsun?
- Təmkinli ol, izah edəcəm. Bu gəmi kosmik fəzanı bükərək bir məkandan digərinə sürətlə hərəhət edə bilir. Bu xüsusiyyəti gəmi üçün işıqdan daha sürətli olmağa imkanı yaradır. Bu, isnanoğlunun əsrlərdir xəyalını qurduğu müdhiş bir yenilikdir. Qalaktikum şirkəti uzun illərdir ki, bu layihə üzərində işləyirdi. Bunun üçün bir alim ordusu işə cəlb etmişdi. Nəhayət istəyinə nail oldu. Bu, misli-bərabəri görünməmiş elmi inqilabdır.
- Lütfən, mətləbə gəlin, cənab veneralissimo. Axı bu mənim nəyimə lazımdır?
- Yaxşı, məsələni sənin üçün bir az da açım. Yer üzündə və bütün qalaktikada baş verən bütün hadisə və cismləri məhz işığın sayəsində görə bilirik. Obyekt üzərinə düşən işıq şüasının əksi obyekti görməyinizə imkan yaradır. Obyektlə aramızdakı məsafə nə qədər uzaq olarsa, onu gözlə müşahidə etmək imkanımız da bir o qədər gecikmiş olur. Bu, uzaq məsafəyə görə işıq siqnalının bizə gec çatması ilə bağlıdır. Məsələn, biz səni çöldə dərhal görə bildik, çünki aramızdakı məsafə qısa olduğundan sənin üzərində əks olunan işıq siqnalı bizə bir ləhzədə çatdı. Ancaq milyonlarla kilometr uzaqlıqda olan bir müşahidəçi ən təkmil teleskopla belə səni bizim kimi tez bir zamanda görə bilməz, çünki səni əks etdirən işıq süası ona bizə nisbətən gec çatmış olacaq. Baxmayaraq ki, işığın dəqiq sürəti saniyədə 299.796 kilometrdir.
- Bu elmi təfərrüatlar mənim üçün bir anlam kəsb etmir, cənab. Bu uzunçuluqla mənim
iztirabımı uzadırsız. Rica edirəm, mənim anlayacağım sadə üsluba keçin.
- Bu işin sadə izahı asan deyil. Ancaq bir az da aydınlıq gəlsin deyə belə deyim; fərz edək ki, biz səni bu gün saat 12:00-da gördük. Ancaq bizdən – Elias qolundakı çoxfunksional cihazda sürətli hesablama aparıb fikrinə davam etdi – təqribən on yeddi milyon, doqquz yüz səksən yeddi min, beş yüz qırx yeddi km uzaqlıqdakı bir müşahidəçi səni 12:01-də radələrində görə bilərdi, o da əlbəttə, lazımi avadanlıqlarla təchiz olunarsa. Sənin anlayacağın dildə desəm, səbəb bundan ibarətdir ki, işıq bir saniyədə 299.796 kilometr sürətlə hərəkət edir və bu hərəkət sürəti ilə işıq bir dəqiqə ərzində qeyd etdiyim məsafəni qət edə bilər. Beləliklə, bu məntiqlə lazımi məsafədən baxılarsa, sənin həmin məkandakı hərəkətini müşahidə etmək və video-qeydə almaq mümkündür.
- Cəsəd səndən təxminən 1 km şimal-şərq istiqamətində idi. Biz onu aşkar edəndə hələ yenicə qətlə yetirilmişdi. Bu da səndən şübhələnməyimizə səbəb olan əsas faktdır. Bir sözlə indiki halda bütün faktlar sənin əleyhinə işləyir. Yalnız bir əks-fakt sənin lehinə işləyər və bütün bu arqumentləri tutarsız edə bilər. Bunun üçün sənin həmin ərazidə bütün hərəkətlərini əks etdirən video-qeyd tələb olunur. Bunun yolunu isə izah etdim. Ümidvaram, anlata bildim.
Ezekel yeganə çıxış yolu olan bu izahı anlamaq üçün bütün diqqətini səfərbərliyə alıb dinləyirdi, ancaq çöhrəsindən hüzn və çarəsizlik yağırdı. O, bütün gücünü toplayıb danışmağa çalışdı.
- Yaxşı, deyək ki, sizi anladım. Bəs bu video-qeydi necə təmin edə bilərəm?
- Təkar edirəm, hazırda buna qadir olan texnologiya Qalaktikum şirkətinin Ultra Sürətli Kosmik Gəmisidir. Bu özəl şirkətdir və ödənişli xidmət göstərir. - Səni lazımi şəxlərlə əlaqələndirə bilərəm. Ancaq qalanı sənin öhdəliyində olacaq.
- Məgər istintaqın tərkib hissəsi kimi bunu sizin etməyiniz gərəkmirmi?
- Təəssüf ki, xeyr, əzizim. Dediyim kimi bu, yüksək məbləğdə ödəniş tələb edən xidmətdir və hazırkı qanunlara görə mənim belə bir vəzifə mükəlləfiyyətim yoxdur ki, bunu edim. Bir də ki, əlimdə olan bir neçə inandırıcı dəlil səni ittiham etməyə kifayət edir. Departamentin əsasnaməsinə görə əlavə dəlil toplamaq üçün büdcə sərf etməyə səlahiyyətim yoxdur. Ancaq xilasını arzu edən bir insan kimi sənə tövsiyə verməyi lazım bildim. Azadlığın baha başa gələcək, Ezekel, ancaq əlimdən başqa heç nə gəlmir.
Ezekel yenidən dərin sükunətə qərq oldu. Fikrində başına gələnlərin və onu gözləməkdə olan məşəqqətli günlərin haqq-hesabını aparırdı. Qurtuluş üçün əlində olan bir ümid vardı, o da milyonlarla kilometr uzaqda, əlçatmaz, ünyetməzdə idi. Ancaq bu ümid işartısı belə Ezekeli diri tutmağa yetirdi. Özünü yaxşı tanıyırdı Ezekel. Onu çulğalamış qüssə və ümidsizlikdən arına bilsəydi, əlbət ki, bir çarə tapacaqdı. Söz yox ki, asan olmayacaqdı. Ancaq mütləq çarəsiz də deyildi. Bu ümid işartısının ona verdiyi hey sayəsində Ezekel əyilmiş qəddini dirçəldib Eliasa baxdı:
- Həbsdə olduğum halda özüm özümə kömək edə bilmərəm. Müvəqqəti də olsa, sərbəst
olmağıma şərait yaradarsız?
- Bu çətin deyil. Onsuz da əlimizdə olan texologiya yer üzərinə səpələnmiş 10 milyon Cihonnam vətəndaşının hər birinin addım-addım izləməyə imkan verir. Səni də həmçinin. Mən xidmət rəhbərliyi ilə razılaşdırıb sənə möhlət verəcəm. Ancaq gəl razılaşaq ki, bunun elə bir faydası olmayacaq. Şirkət bunu sənə təmənnasız edən deyil, sənin də o qədər sərvətin yoxdur ki, bu ximəti satın alasan. Madam ki, istəyirsən, bu şansı sənə verməyi özümə borc bilirəm.


Birgə çarə axtarışında

Ala-qaranlıq darısqal bir otaqlı ev... Pəncərədən ucsuz-bucaqsız boz çölə açılan mənzərə... Nimdaş çarpayıda gözləri yarıqapalı uzanmış solğun bənizli qızcığaz... Ezekel gözlərini qızına zilləyib dərindən dərin fikrə dalmışdı. Yoldaşı Maqdalen onun ətrafında var-gəl edib məişət qayğıları ilə əlləşirdi. Ancaq Ezekelin hansı düşüncə dalğasında üzdüyünü yaxşı sezə bilirdi. Təxminən 20 illik birgə həyat sürmüşdülər, birgə çətin və firavan günləri az olmamışdı. Ezekelin mühit şərtləri altında hansı əhvala kökləndiyini bir baxışla duya bilirdi. Onun düşüncəli halı Maqdaleni çox narahat etməyə başladı. Arxadan əlini Ezekelin çiyninə ehmalca qoyub zərif və şəfqətli səslə:
- Gərək nə olduğunu özüm soruşum, əzizim?

Maqdalenin səsi nə qədər lətafətli olsa da, onu səksəndirdi. Ezekel üzünə məcburi təbəssüm yükləyib Maqdalenə baxdı:
- Mənə olan bu həssaslığına münasibətimi hələ dəqiləşdirə bilməmişəm, bilmirəm, bu həssaslığını sevim, ya sevməyim.
- Necə məgər?
- Mən dinmədən qayğılı çöhrəmi görüb diqqət göstərməyin xoşuma gəlir, əlbət. Ancaq olur ki, bəzən səndən nəyisə gizlətmək istəyirəm. Fəqət yüksək duyumun buna imkan vermir. İndi de görüm, necə edim? Bu sayaq həssaslığını sevməli, ya sevməməli?

İkisi də gülüşdülər. Ancaq Maqdalen israr etdi:

- Səni dinləyirəm, əzizim.
- Qoy, bu dəfə təkbaşına həll edim, əzizim.
- Buna qadir olduğuna şübhəm yoxdur, əzizim. Ancaq bu, məni başqa cür sarsıdar. Məgər insan oğlunun nadir tapıldığı bu dünyada bizə bir-birimizdən daha yaxın kimsə varmı?
- Bax, bu da düzdü. O zaman söz ver ki, sonadək təmkinlə dinləcəyəksən. Deyəcəklərim sənə ağır gələcək, ancaq məni o fikirlə dinlə ki, bu dediklərimin bir çarəsi olacaq.

- Artıq narahat olmağa başlayıram, Ezekel. Mətləbə keç, xahiş edirəm.
- Bir müddətdir Mexael çolündə ümid axtarışındayam, bilirsən. Ancaq bu gün ümid axtararkən başqa bir problem tapdım.
Maqdalen nəbz döyüntülərinin artdığını hiss elədi. Bu qədər keşməkeşli həyatda insanın yaşaya biləcəyi bütün çətinlikəri görmüşdülər. Həyatda bütün qəddar çağırışların öhdəsindən gəlmək üçün bütün güclərini səbərbər etmişdirlər. Zərrəcə artıq çətinliyə qatlaşmaq qeyri- mümkün görünürdü. Ancaq səbir edib Ezekeli dinlədi.
- Qəfildən başımın üstünü polis dronu kəsdirdi – deyə Ezekel davam etdi. Demə, yaxınlıqda bir cəsəd varmış – yenicə qətlə yetirilmiş bir insan. Pusqu qurduğum məkana gedərkən rastıma çıxmadı, yoxsa tədbirli davranardım. Əlqərəz, polislər məni qandalladı. Polis departamentində zəhmli, ancaq xoşbəxtlikdən həm də rəhmli bir zabit məni sorğuya çəkdi. Nə yaxşı ki, onu qismən də olsa günahsız olduğuma inandıra bildim, ancaq dediyinə görə məhkəmə onun qədər humanist davranmayacaq. Hazırkı faktlar kifayət edir ki, məhkəmə mənim cani olduğumu qət etsin. Tərslikdən polisin ixtiyarında olan heç bir texnoloji avadanlıqlar o ərazidə qeydiyyat aparmayıb ki, əks dəlil kimi istifadə edilsin. Ancaq çox uzaqda da olsa bir ümid işığı sönük şəkildə üzümüzə parlayır, əzizim.
- Nə? – Maqdalen Ezekelin polisə verdiyi bu sualı elə eyni həyəcan və ümidlə səsləndirdi.
- Bircə bu yadımda qalıb ki, o ümidin adı Qalaktikum adlanır. Onların əcaib texnologiyası varmış. Çox uzaq məsafədən yerdə baş verənləri video qeydə ala bilirlər. Bunun necə baş verdiyini soruşma. İzah edə bilməyəcəm. Onsuz da necə olduğu əhəmiyyətli deyil. Əsas istədiyimizi versinlər.
- Bəs o video qeydi necə əldə edəcəksən?
- Məni sorğuya çəkən zabit məni aidiyyətli şəxslə əlaqələndirəcək. Baxaq, görək, bizə nəyin bahasına başa gələcək.

Maqdalen onsuz da gərgin olan Ezekeli başqa suallarla yormaq istəmədi, baxmayaraq qar uçqunu tək sualları yağdırmaq istəyirdi. Əvəzində qəlbinin dərinliyində tərəddüdlə də olsa, inandığı Tanrıya dua etməyə başladı. Haqqında çox az şey bildikləri Tanrı varmış, o, mütləq qüdrət sahibi imiş. Bu əfsanəvi varlıq nə qədər inanılmaz görünsə də, Maqdalenin ona inanmaqdan başqa bir çarəsi yoxdu idi. Bu, bəlkə də bir ümid idi. Ümidlə inancın bəxş etdiyi əcaib bir hiss. O hiss ki, onu yaşayıb yaşatmağa sövq edirdi.


Çarə göylərdədir

Dörd bir yanı quraq düzənliklə çevrilmiş, üzərində iri hərflərlə Qalaktikum yazılmış azman və vahiməli bir bina... Səmada ildırım sürəti ilə şütüyən, iriçaplı silahlarla yaraqlanmış təhlükəsizlik dronları... Ezekel xeyli eymənsə də, irəliləməkdən çəkinmədi. Bilirdi ki, binaya yaxınlaşmağı qadağan olsaydı, dronlar həyəcan siqnalı verərdilər. Dronların soyuqqanlı qonaqpərvərliyi onu ürəkləndirdi. Bütün gücünü və fikrini toplayıb əzəmətli binanın ehtişamlı qapısına yaxınlaşdı.

Bilirdi ki, onu gözləyirlər. Binanın bir neçə addımlığında qapılar avtomatik olaraq açıldı. İçəridə yarıhərbi üslubda başdan ayağa qara geninmiş hündürboylu, cüssəli, ortayaşlı, yaraşıqlı, lakin zəhmli bir kişi əllərini kürəyində çarpazlamış şəkildə sinəsini qabardaraq militant bir əda ilə Ezekelə baxırdı. O, simasının ciddi cizgilərinə yaraşmayan bir təbəssümlə başını yelləyərək Ezekeli qarşıladı.
Cənab Ezekel, gəlişinizdən məmnunam. – deyərək salamlaşmaq üçün əlini şəstlə
Ezekelə uzatdı.

Ezekel təəccübləndi. Ancaq təəccübünü gizlətməyə çalışsa da, bu, insan üzündə mikromimikaları ustalıqla sezə bilən qara paltarlı cənabın gözündən yayınmadı.
- Mənim adım Aron Avliyadır. Qalaktikum şirkətinin Baş hüquq müşaviriyəm. Sizə müraciətinizlə bağlı yardımçı olmağa çalışacağam. Buyurun, ofisimdə rahat mükalimə aparaq.

Ezekel onun əlini sıxaraq təşəkkürünü bildirdi. Sonra onlar yarıqaranlıq, divarları monoton rənglənmiş uzun bir dəhlizlə irəlilədilər. Təxminən yüz metrlik dəhlizin sağında-solunda heç bir qapı və ya döngə yox idi. Onlar bir neçə dəqiqə danışmadan dəhlizin digər başına tərəf yol qət etdilər. Aronun ayyaqabılarından çıxan taqqıldı səsi bu alatoran dəhlizin qorxuducu cazibəsini artırırdı. Ezekel həyəcanlanmışdı. Ürək döyüntüləri Aranoun ayaq səsləri ilə eyni ahəngdə vururdu.

Nəhayət onlar dəhlizin sonuna – Aronun ofisinə çatdılar. İçəri daxil olar-olmaz Aron Ezekelə nəzakətlə oturmağa yer göstərdi. Onlar üzbəüz oturdular.
Cənab Ezekel, sizin düşdüyünüz müşkül durum haqqında məlumatlıyam. Vaxt itirməmək üçün bu barədə sizə əbəs suallar verməyəcəm. Bilirəm ki, sizə necə kömək edə biləcəyimiz barədə sual sizi maraqlandırır.

- Bəli, baxmayaraq ki, ümumi məlumatlıyam, təfərrüatları bilmək pis olmazdı. Ancaq işin özündən çox məni maraqlandıran, daha doğrusu narahat edən başqa məqamdı. Mən zəngin insan deyiləm. Sizin xidmətinizin qarşılığını necə ödəyəcəm, bilmirəm.
Bu barədə heç düşünməyin, Ezekel. Bu xidmətin qarşılığını nəinki siz, yer üzərində heç kəs qarşılaya bilməz, bir az mübaliğəli də olsa, mən belə deyərdim. Ancaq biz bunu məhz sizin üçün təmənnasız edirik. Əlbət ki, sizi düşündürəcək bu alicənablığımızın səbəbi. Hərçənd buna birmənalı alicənablıq da demək olmaz. Çünki bu işdə bizim marağımız var. Bildiyiniz kimi sizə təklif edəcəyimiz xidmət yeni və inqilabi innovasiyadır. Bu yarıapokaliptik dünyamızda texnologiya nə qədər inkişaf etmiş olsa da, bizim yeniliyimiz misilsizdir. Bu, yalnız yer üzünün deyil, bütün qalaktikanın arzusu idi ki, buna biz nail olduq.
- Ancaq bizi bir məsələ düşündürür. Bir azdan sizə haqqında danışacağım texnoloji yenilik, daha doğrusu onun məhsulu dövlət tərəfindən qəbul olunacaqmı, buna əmin deyilik. Biz dəfələrlə ekperiment aparıb nəticəni dəqiqliyinə əmin olmuşuq, lakin Cihonnam administrasiyası, yaxud onun məhkəməsi bizim texnologiyanın təqdim etdiyimiz dəlili əsaslı hesab edəcəkmi, bax, buna əmin olmaq istərdik. Sizin rastlaşdığınız hadisə isə bizə fürsət verir ki, bunu sınaqdan keçirək. İşdi, əgər bu, məhkəmə tərəfindən məqbul hesab edilərsə, o zaman demək, hüquqda yeni mərhələ açılacaq.
Bax, bu, məni hədsiz sevindirdi. – Çiynindəki yükün xeyli yüngülləşdiyini hiss edən Ezekel məmnunluqla danışdı. – İndi bircə qalır məhkəmənin dəlilə münasibəti. Bəs sizin texnoloji yenilik necə, ona keçə bilərikmi?
- Əlbəttə. – deyib Aron masasından əcaib elektron cihazı götürərək, monitorunu Ezekelə göstərdi. – Bu bizim icadımız olan həmin o əfsanəvi texnologiyanın – Ultra Sürətli Kosmik Gəmininin şəklidir. Sonsuz səmaya hökm edəcəyi üçün onu qədim səma Tanrısının şərəfində Uranus adlandırmışıq. – Aron çiyinlərini çəkərək əlavə etdi – bilmirəm, inanca görə nə vaxtsa, belə biri olub. Nəysə, qısaca desək, bu qurğu fəza- zamanı bükərək işıq ili məsafəsini çox qısa zamanda qət edə bilir. Bu texnologiya bizə imkan verəcək ki, gəmini lazımi məsafəyə göndərib oradan yer üzərində, yaxud tələb olunan başqa bir qalaktik məkanda keçmişdə baş vermiş hadisələri yenidən izləyə və onu video qeydə ala bilək. Hesab edin ki, bu, təhlükəsizlik kameralarının bir formasıdır.
- Axı keçmişi müşahidə etmək üçün bu qədər uzaq məsafəni qət etmək niyə? – Ezekel təəccüblə soruşdu.
- Çünki qalaktikanın hər bir bucağında baş verən hadisə işıq əksetməsi vasitəsilə başqa bir qalaktik məkanda görünə bilər. Lakin məsələ budu ki, işıq yüksək sürətlə hərəkət etdiyindən o, qısa zamanda böyük məsafə qət edir. Onu qabaqlayıb daşıdığı məlumatı yenidən görə bilmək üçün yalnız ondan sürətli hərəkət etmək tələb olunur. Bunu isə kütləsi olan heç bir cism edə bilməz. Bunun yeganə alternativi fəza-zamanı bükərək qalaktik məkanları bir-birinə yaxınlaşdırmaq və beləliklə işıqdan daha sürətli şəkildə yer yedəyişməkdir.

- Əsrlərdir bu ideya anacaq kağız üzrərində nəzəri olaraq mümkün idi. Ancaq bizim yorulmaz zəhmətimiz sayəsində bu qeyri-mümkün ideya gerçək oldu.

- Düzdü, bu, bizə ucuz başa gəlmədi, ancaq bilirik ki, buna tələbat böyük olacaq. Hətta bu itkin tariximizi araşdırmağa, dünyamızın əsrlər öncə necə bir yer olduğunu əyani görməyə imkan verəcək. Bu texnologiyanın vəd etdiklərini düşünəndə həyəcandan damarda qan durmur.
O zaman keçmişə baş vurub sizin tərəddüdlə inandığınız tanrı Uranus haqqında da bilgi əldə edə biləcəyik, elə deyilmi? O zaman ona daha qətiyyətlə inanarsınız – deyə, Ezekel təbəssümlə replika atdı.
Aron özündənrazı tövrlə qaşlarını çatdı və istehza ilə dedi:

- Nəinki o səma Tanrısı haqqında məlumatı, hətta qalaktikanı addım-addım ələk-vələk edərək o Tanrının özünü tapacayıq bu texnologiya ilə, cənab Ezekel.
Aronun qəzəb qarışıq bu rişxəndli ritorikası Ezekeli bir az sarsıtdı. O, ünsiyyətin harmoniyasını pozmamaq üçün dodaqlarına xəfif təbəssüm verib yüngülcə başını yellədi.
- Səninlə olan təcrübəmiz isə bizə başqa perspektiv vəd edir. Belə ki, əgər məhkəmə bu isbatetmə mexanizmini məqbul görərsə, o zaman biz hüquq sistemində də hegemon quruma çevrilə biləcəyik. İnanın ki, məhkəmənin buna müsbət baxmasına elə sizin qədər sevinəcəyik, cənab Ezekel.
- Çətin ki, mənim qədər sevinəsiniz, cənab. Mən pis gündən qurtulmaq üçün buna ümid bəsləyirəm. Sizsə yaxşı gündən daha yaxşı günə çıxmaq üçün. Biz eyni cinahda deyilik.
Aron Ezekelin məyusluğuna çox da məhəl qoymayıb sözünə davam etdi.

Elə günü bu gün Uranus səmanın bağrını dələrək qalaktikanın ta o başından bizə müjdə gətirəcək. Mən veneralissomo Eliasla bu barədə məsləhətləşmişəm. Sizinlə apardığı istintaq müsahibəsindən gəldiyi qənaətə görə hadisədən təminən 2 saat əvvəlki görüntülər bizə hər şeyi aydın göstərəcək. Hadisə isə dünən təxminən bu saatlarda – 12 radələrində baş verib. Bu isə o deməkdir ki, biz dünən saat təqribən 10 radələrindən etibarən ərazinin çəkiliçini aparmalıyıq. Bunun üçün isə Uranus azman bir məsafəni – bir işıq günü məsafəsini, başqa sözlə, - Aron əlindəki cihazın monitoruna toxunaraq sürətli hesablama apardı və əldə olunan rəqəmləri hıqqanaraq oxudu – hesabalamam məni yanıltmırsa, düz on iki trilyon, doqquz yüz qırx səkkiz milyard, altı yüz iyirmi dörd milyon, beş yüz səksən beş min, altı yüz kilometr məsafə qət edəcək və oradan ərazidə baş vermiş hadisələrin video görüntüsünü öz teleskopik obyektivi ilə qeydə alacaq. İnanılmazdı, deyilmi?
- Bəli, mənim üçün tamamilə inanılmazdı, cənab Aron. Bu yuxudu, xəyaldı, ya gerçəklikdi, bilmirəm. Eşitdiklərim mənim təxəyyülümdən çox-çox o yanda bir şeydi. Ancaq necə xoşbəxtəm ki, bu, mümkündü.
- Bu, yalnız sənin deyil, Ezekel, Qalaktikumda xidmət göstərən üç-beş nəfərdən başqa hamının təxəyyülünə yad bir hadisədir. Bu, möcuzədir. Bu, yalnız bəşər tarixində deyil, qalaktikanın tarixində böyük bir sıçrayışdır. Bunun sayəsində biz yenidən dirçələcəyik.
- Bunun belə olacağına ümid edirəm.
- Mənsə, belə olacağını bilirəm. – Aron ədalı qətiyyətlə dedi.

Nəzərlərini bir nöqtəyə dikib bir qədər düşündükdən sonra Aron sözünə davam etdi:

- Belə, cənab Ezekel. Güman edirəm, nəticəni sabah səhər saatlarında sizə təqdim edə biləcəyik. Yeri gəlmişkən, onu da deyim ki, bu məsələdə bəxtiniz gətirib. Belə ki, bir qədər gecikməyiniz işləri qəlizləşdirə bilərdi. O mənada ki, yerdən işıq vasitəsilə danışan infomasiya hər saniyə nəhəng addımlarla bizdən uzaqlaşır. Onun çox uzağa getməsi bizi daha çox xərcə salardı, çünki belə olan halda biz daha böyük həcmdə fəza- zamanı bükməli olacaqdır ki, bu da elə özü qədər böyük büdcə tələb edəcəkdi. Bu mənada şans üzünüzə gülüb.

- Belə, dediyim kimi, bu məsələ bizim üçün son dərəcə böyük əhəmiyyət kəsb etdiyindən hazırkı təşkilati prioritetimiz budur. Məhkəmənin qərarını səbirsizliklə gözləyirik. Sabah sizinlə əlaqə saxlayacam. Əminəm ki, Uranusun müjdəsi sizin və bizim həyatımızda yeni səhifə açacaq.
Ezekel gümrah əhvalla Aronun əlini sıxdı və daxilində sevinc, rahatlıq, ümidin və bir az da nigaranlığın qarışığından yaranmış qəribə bir hissin ağuşunda Aronun müşayiət ilə usandırıcı dəhlizdən keçib pənah gətirdiyi binanı tərk etdi.

Müjdə üstünə müjdə

Yenə ala-qaranlıq darısqal bir otaqlı ev... Yenə pəncərədən ucsuz-bucaqsız boz çölə açılan mənzərə...Nimdaş çarpayıda işıldayan gözlər, açıq bənizlə uzanmış qızcığaz... Maqdalen hərarətli ana şəfqəli ilə qızına – Jemimaya baxırdı. Yarıapokaliptik bir dünyada özünü dünyanın xoşbəxti sanırdı Maqdalen. Niyə də olmasın? Qızı sağalmaz xəstəlikdən dirçələn ana niyə sevincdən pərvazlanmasın? Ezekel peşinə düşdüyü çöl dovşanını min bir möhnətlə də olsa tapıb məlhəm hazırlatmışdı. Bunun sayəsində Jemima günü-gündən sağalırdı.

Maqdalen buna nə qədər sevinsə də, qəlbinin bir küncündə ümidlə buynuz-buynuza gələn bir nisgil vardı. Bu gün Ezekelin məhkəməsi baş tutacaqdı. Qalaktikum şirkətinin təmin etdiyi video- sübut onların son ümidi idi. Maqdalen bir qayğıdan qurtulamaq üzrə ikən digərinə – Ezekelin həbsinə düçar olmaq istəmirdi. Ona görə heç usanmadan inandığı qeydi-adi varlığa – Tanrıya xilas üçün dua edirdi.

Ezekel erkəndən evi tərk edib məhkəməyə getmişdi. Hökm oxunacaqdı. Yeni texnologiya sayəsində təqdim olunan sübut ağlabatan hesab edilərsə, Ezekel azad olunacaqdı. Ancaq artıq bir-neçə saat idi ki, Ezekeldən xəbər yox idi. Axı proses bu qədər uzun çəkməməli idi. Maqdalen qeyri-ixtiyari olaraq təşviş keçirir, ancaq ümidi də əldə vermirdi. O, qızının parlaq gözlərindən aldığı sevinc hissi ilə həyat yoldaşından dolayı keçirdiyi nigaranlığın tən ortasında qalmışdı.

Qapı döyülür... Vərdiş etdiyi döyüntünün ritmindən Maqdalen gələnin Ezekel olduğunu hiss etdi. O, hətta həssas qadın duyumu ilə bu ritmin nikbit notlara kökləndiyini də sezdi. Ezekel müjdə ilə gəlməli idi.

Maqdalen sinəsini yumruqlayan ürək döyüntülərinin təsiri ilə yüyrək addımlayaraq qapıya yaxınlaşır və açır. Ezekel yaxşı bilirdi ki, bir sözə belə lüzum qalmadan Maqdalen mətləbi anlayacaq. Ona qalan isə keçirdiyi xoş hissin diktəsi ilə sadəcə səmimiyyətlə gülümsəməkdir...

# 2187 dəfə oxunub

Oxşar xəbərlər

Maria - Sabir Etibarlının hekayəsi

Maria - Sabir Etibarlının hekayəsi

16:48 30 aprel 2024
Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
# # #