Güllələr demədi geri qayıdın – Günün şeiri

Güllələr demədi geri qayıdın – Günün şeiri
14 iyul 2025
# 11:30

Bu gün şair İsa İsmayılzadənin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Güllələr demədi" şeirini təqdim edir.

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ uşaqsınız… nə yaşınız var…"

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə".

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

1971

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

"Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər..."  - Seçil Oğuzdan şeir

"Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər..." - Seçil Oğuzdan şeir

11:35 17 aprel 2026
"Eşidirsən? Sevinirsən? Ruhun şaddı?"  - Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir

"Eşidirsən? Sevinirsən? Ruhun şaddı?" - Mintac Elsevərin şəhid qardaşına ithaf etdiyi şeir

15:05 16 aprel 2026
"Maşenka, indi hanı şux səsin, şux bədənin?" - Günün şeiri

"Maşenka, indi hanı şux səsin, şux bədənin?" - Günün şeiri

13:30 15 aprel 2026
Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

17:30 14 aprel 2026
Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

14:20 13 aprel 2026
"Ərǝb yazılı quşlar uçurdular ömrümü..."  - Yeni imza

"Ərǝb yazılı quşlar uçurdular ömrümü..." - Yeni imza

13:30 11 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər