Unuda bilmədiyim-Könül Həsənqulunun şeirləri

Unuda bilmədiyim-Könül Həsənqulunun şeirləri
30 iyun 2014
# 12:23

Kulis.Az Könül Həsənqulunun yeni şeirlərini təqdim edir.

Qaranlıq

gecənin
silahları susdurub - köndələn yıxan saatlarıdı...

bax
ovuclarıma sıxmışam

başımın üstündə qaynaşan qara qarğaların
kin vurnuxan qanadlarını

və susdurmuşam

susdurmuşam içimdə

Züleyxanın qara zindan misalı
Yusifə zülm edən məkrini

ağrılarını

gecənin

kor qaranlığıdı

gəl

Ayı –

dağların ətəyinə
Günəşi –

bir körpənin əllərinə tapşırmışam

tutsunlar

saxlasınlar sabahacan

Kiçik formatda küçə

küçədə əl izləri var –

çəkilib üzüaşağı

həzin bir sığal

damlarda göz yaşları...

ordasa yaydı

ovcunda tutub bir kişi üst-üstə iki çörək

sol qolunda saatı

əlində

qara eynək

çörəyin üstündəsə

qat-qat öpüş izləri –

anamın dodaqları

bu –

sənin fotoşəklindir

ata!

Unforgettable

mən kafelərdəki jazz`ı sevirdim
sənsə içalatı

inan ki, indi

unuda bilmədiyim bir şey varsa –

o da bəmbəyaz
bahalı boşqabın içindəki qanlı
ucuz

toyuq içalatıdı!

# 3199 dəfə oxunub

Müəllifin son yazıları

# # #