Mixalkov “Leviafan” haqda: “O, bir dəfə baxmalı filmdir”

Mixalkov “Leviafan” haqda: “O, bir dəfə baxmalı filmdir”
1 aprel 2015
# 12:35

Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor, Nikita Mixalkov Bakıda, Nizami Kino Mərkəzində jurnalistlər, rejissorlar və aktyorlarla görüşərək ustad dərsi keçib.

Ustad dərsində Mixalkov öz kino təcrübəsindən danışaraq hər şeydən əvvəl kino mühitinin vacibliyini vurğuladı. Kinoçəkiliş prosesinin özəlliklərindən bəhs edən rejissor maraqlı məqamlara toxundu:

“Əgər rejissor hələ nə çəkəcəyini bilmirsə, o, ya heyətə “mən bilmirəm nə çəkim, gəlin birlikdə bir şey fikirləşək” deməli, ya da sadəcə olaraq çıxıb getməlidir. Axı bu qədər insan toplanıb, onun göstərişlərini fikirlərini gözləyir. Qışqırıb özünü çırpmağın yeri yoxdur. Rejissor nə çəkəcəyini bilməlidir”.

Söhbət əsnasında rejissor filmlərinin Amerikada göstərilməməsinin səbəblərindən danışdı: “Amerikalılar öz filmlərindən başqa filmlərə baxmırlar. Baxmağı sevmirlər. Baxılmasını istəmirlər. Çünki Amerikanı öz kinosu yaratdı. Amerika kino yaratmayıb, Amerikanı kino yaradıb. Məsələn, tünd eynəkli polis obrazı kinodan amerikan həyatına gəlib. Bilirsiniz, genetik yaddaş ciddi məsələdir. Bizim, eləcə də bir çox xalqların genetik yaddaşında müharibə xofu var. Amerikalılarda bu yoxdur. Yəni öz torpağında müharibə getməsi başqa bir şeydir. Öz torpağında müharibə gedəndə hər şey vuruşur, su şüşəsi də, dodaq boyası da, stəkan da, adam da-hər şey... Amma hansı ölkədəsə müharibə aparmaq tamam başqadır. Bunlar fərqli müstəvilərdir. Kimin üçünsə bu kompüter oyunu kimi bir şeydir; bir pilot özünə kofe tökdü, qalxıb, təyyarəsinə mindi, 15 dəqiqəlik uçuş etdi, kompüterdə nişanlanmış yerləri proqramlaşmış dəqiqədə düyməni basmaqla bombaladı, qayıdanda kofesi hələ soyumamışdı. Amma o bomba tökülən yerlərdə nələr baş verir, insanlar nələr yaşayır, necə ölür... Anlayırsınız? Necə fərqli müstəvilərdir?”

Rus kinosu ilə bağlı sualı cavablandırarkən Mixalkov müasir müəllif kinosu mövzusuna münasibətini də bildirdi: “Ümumiyyətlə müəllif kinosu nədir? Bunu ayırd etmək lazımdır. Məsələ uzun kadrlarda deyil. Siz Zvyaqintsevi soruşdunuz. Məncə, onun filmləri ciddi bir keyfiyyətdən məhrumdur; onun filmlərində milli köklərlə bağlılıq yoxdur. “Yelena” gözəl filmdir, əladır. Amma orada Yelenanın yerinə hansısa əcnəbi ad ola bilər, heç nə də dəyişməz. Anlayırsınız? Elə sonuncu “Leviafan” filmi. Sadə məntiqlər var. Mən indi bu dərinliklərə getmək istəmirəm. Amma məsələn: niyə o mitropolit o qədər boş sahə varkən, ancaq Kolyanın evini söküb kilsəni orada tikmək istəyirdi? Niyə Kolya orada tək-tənha yasayırdi çıxıb getmək də istəmirdi. Mən o filmdə rejissorun kiməsə, hansısa obraza məhəbbətini və ya mərhəmətini hiss eləmədim. “Leviafan”a ikinci dəfə baxmaq istəmirəm, o, bir dəfə baxmalı filmdi”

Xatırladaq ki, N.Mixalkov “Beş axşam”, “Mexaniki piano üçün yarımçıq pyes”, “Oblomovun həyatından bir neçə gün”, “Şahidsiz”, “Qara gözlər”, “Urqa: məhəbbət ərazisi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12” və başqa filmlərin müəllifidir. O, “Günəşdən usanmışlar” filminə görə “Oskar” kino mükafatı laureatıdır.

# 1532 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər