Qeyrət-namus rejissorları

Qeyrət-namus rejissorları
5 may 2014
# 16:13

Sevda Sultanova yazır

Kinonun problemləri ilə bağlı hansısa müzakirə olanda bu sahədə çalışan adamları polemikalara, debatlara razı salmaq az qala Sizif əməyidir.

Mədəniyyət sahəsində çalışan jurnalistlər analoji problemlə tez-tez üzləşirlər.

Məsələn, “Kulis” az-ın “Kinoseans” layihəsinə uyğun müsahib tapmaqda çətinlik çəkirik. Yalnız 3-4 adam var ki, onları da hər dəfə dəvət etmək monoton, birtərəfli münasibət, mövqe yaradır.

“Problem” sözünü eşidəndə adətən kino adamları susmağı seçirlər, müzakirələrdən qaçırlar, həmkarlarının filmləri haqda tənqidi fikir söyləməyə çəkinirlər, hətta öz filmləri ilə bağlı müsahibə verməkdən boyun qaçırırlar.

Tanınmış bir jurnalist müsahibi olduğu rejissordan səbəbini soruşanda cavab absurd olub: “Kino adamları məsələn, daxildə bir-birinin quyusunu da qazırlar, intriqa da aparırlar, amma ədəbiyyat adamları kimi bunu ictimai müzakirə müstəvisinə çıxarmırlar”.

Qısası, kino adamları sağlam, açıq polemikadansa daxili intriqalara üstünlük verirlər. Halbuki, cəmiyyətin, istənilən sahənin inkişafı həm də açıq, cəsarətli polemika mədəniyyətindən, tənqiddən keçir.

Mövzunu həmkarım Aliyə ilə müzakirə edirik. Aliyənin arqumentinə görə, yazıçıların işlədiyi material sözdür, söz silahdır və ona görə də hansısa problemin müzakirəsində “söz” demək onlar üçün çətin deyil.

Bu arqumentə hətta Azərbaycanda ədəbiyyat ənənələrinin kino ənənələrindən qədimliyini və kinematoqrafiyadan fərqli olaraq, tarix boyu ədəbiyyatdakı üsyankarlığın, etirazın, yeni mərhələlərin mövcudluğunu da əlavə edək.

Yazıçı, şair sözlə, rejissor görüntü ilə işləyir. Ümumilikdə Azərbaycan rejissurasının vizual ifadələri (bəlkə də ifadəsizliyi) cəsarət, estetik planda ədəbiyyata uduzub.

Hələ XX əsrin əvvəllərindən dünya kinosu ekspressionist, sürrealist estetikayla işləyib, postmodern elementlərdən istifadə edib, fərqli kino dili tapıb, Azərbaycan kinosu isə yarandığı gündən indiyədək hələ klassik realizmdə qalıb.

Əhvalat mütləq xronoloji ardıcıllıqla ifadə edilməli, hadisə səbəb-nəticə əlaqəsi içində bir nöqtədən başlayıb sona çatdırılmalı, tamaşaçıya hazır məhsul verilməli, obyektiv reallıq təsvir olunmalı və s. və ilaxır.

Sadalanan problemlər ədəbiyyatda da olub və var. Amma bu gün pis-yaxşı ədəbiyyat inkişafdadır, alternativ ədəbiyyat yaranır, heç olmasa, mətnlərə yenilikçi, modernist tendensiyaları gətirmək cəhdi var.

Amma müasir kino sanki dünyadan qopmuş, ondan təcrid olunmuş şəkildə, özü üçün hansısa totalitar qayda-qanunların müəyyənləşdirdiyi naməlum qapalı məkanda yaşayır. Onlar qapalı, alternativsiz məkandan çıxıb yeni dünyaya çıxmağa, kinonu sükunət halından çıxarmağa qorxurlar.

Kinonun qaydalarını pozan, onun ənənəvi strukturunu, kino dilini dəyişməyə, fərqli estetikalar gətirə biləcək nəslin işartıları da yoxdur.

Bizim filmləri izləyəndə, rejissorların müsahibələrini oxuyanda mənə elə gəlir ki, onların müasir dünya ilə bütün bağları qırılıb.

Bir həmkarımızın dediyi kimi dünya kinematoqrafiyası yerə bölünür: dünya və Azərbaycan kinosu.

Məsələnin daha faciəvi tərəfi Azərbaycan kinosunda Samir Qulamov, Şeyx Əbdül kimi sənəti məhz qeyrət-namus, ana-bacı çərçivəsində anlayan insanların sənət iddiasıdır.

Halbuki sənət özü əxlaqdır. “Əxlaq” deyəndə təbii ki, onun coğrafi kontekstini nəzərdə tutmuram. Bu, lokal, funksionallığı itirilmiş milli əxlaqdır.

Mən çılpaq təsvirləri ilə bəşəri, insani əxlaqı ifadə edən Pazolini, Bunuel, Berqman, Bertoluççi əxlaqını nəzərdə tuturam.

# 6166 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər