Nazirliyin ehtiyat etdiyi filmimiz

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

24 iyun 2022
# 15:00

Bu aralar mediada Şeyx Əbdülün “Qaynana” filmi ilə bağlı qalmaqallı açıqlamaları, Kinematoqrafçılar İttifaqının seçilmiş yeni sədri Rasim Balayevin ünvanına arqumentsiz fikirləri yer alır. Hər sahədə Şeyx Əbdül kimi yararsız provokativ fikirlər söyləyən şoumenlər mütləq vardır. Misalçün, siyasətdə Əli Əliyev və ya Sərdar Cəlaloğlu bu obrazın uğurlu nümunələridir.

Amma məsələ Şeyx Əbdülün əsassız fikirləri deyil. Məsələ qalmaqal aclığı çəkən, problem olmayan yerdə necəsə problem axtarmağa çalışan mədəniyyət yazarlarıdır. Uzun illik qəzet və sayt təcrübəsi olan adam kimi həmkarlarımı, əlbəttə ki, anlayıram. Elə bizim doğma Kulis-də də ara-sıra qalmaqallı yazılar gedir. Bütün hallarda qalmaqal mütləq hansısa problemi qaldırmalıdır, üstəlik, kino sahəsində bu qədər problemin bol olduğu ölkəmizdə...

Ona görə istəyirəm, bu yazımda mədəniyyət sahəsində çalışan əziz həmkarlarıma kino sahəsində qalmaqal qoxuyan bir neçə maraqlı mövzu verim.

Misalçün, keçmiş kino, indiki Audiovizual və interaktiv media şöbəsinə yeni rəhbərlik gələndən bəri bir tammetrajlı bədii film istehsal edilərək ictimaiyyətin müzakirəsinə verilməyib.

Onda bəs kinoya ayrılan pullarla – 2019-cu ilin martında dövlət başçısının sərəncamıyla ayrılmış beş milyon, 2020-ci ilin dövlət büdcəsindən ayrılmış 7,5 milyon, ötən il və bu il ayrılmış 6 milyon yarım manatla hansı hadisələr baş verib?

Yaxud başqa məsələ, rəsmi səviyyədə təsdiqlənməmiş məlumatlara görə, Asif Rüstəmovun “Mərmər soyuğu” filmi hazır olsa da, mövzusuna görə nazirlik nümayiş etdirməyə tələsmir və ya ehtiyatlanır. Filmin süjeti yaradıcıları tərəfindən belə təqdim olunur: “Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır”.

Yəni deyilənlərə görə, Qurban İsmayılovun, Elşən Əsgərovun və Natəvan Abbaslının baş rollarını paylaşdığı filmdə ata, oğul və oğulun sevgilisi arasında məhəbbət üçbucağı yaranır. Hətta süjetdə oğulun atası ilə sevgilisini bir yataqda tutduğunu təsvir edən epizodun da olduğu deyilir. Mental düşüncəmizə zidd olduğunu düşünərək, rəsmilər filmin nümayişindən çəkinirlər. Və filmin taleyi ilə maraqlanan mediaya, onun festivallara göndərilməsi barədə açıqlama verməklə necəsə unutdurmağa çalışırlar. Əgər dövlət büdcəsindən xərclənən maliyyə ilə çəkilən film göstərilməyəcəksə, bunun məsuliyyətini kim daşıyacaq: nazirlik, ya müəllif?

Əlbəttə ki, məsələ üzrə cavabdeh quruma sorğu göndərə bilərdim. Məsələ ondadır ki, kino şöbəsindən gələn cavablar qeyri-dəqiq və qeyri-müəyyəndir. Məsələn, sonuncu dəfə nazirliyə belə bir sorğuyla müraciət etmişdim:

Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir", Asif Rüstəmovun "Mərmər soyuğu" bədii filmlərinə dövlət büdcəsindən nə qədər vəsait xərclənib?

Hər iki filmin nümayişi nə vaxta planlaşdırılır və hansı festivallara göndərilib?

"Qarın qulu" animasiya filminə nə qədər büdcə ayrılıb?

Sorğuya bir həftə sonra cavab gəlir, bu, bir yana. Cavabın məzmununa diqqət yetirək: “Sizin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə daxil olmuş 26 may 2022-ci il tarixli informasiya sorğunuza aidiyyəti üzrə baxılmışdır.Dövlət büdcəsindən mədəniyyətin ayrı-ayrı sahələri üzrə Mədəniyyət Nazirliyinə ayrılmış büdcə vəsaiti və həmin vəsaitin xərclənməsi ilə bağlı hesabatlar Nazirliyin və müvafiq dövlət orqanlarının internet saytlarında qanunvericiliyə uyğun olaraq ictimaiyyətə təqdim olunur.

Nəzərinizə çatdırırıq ki, beynəlxalq təcrübəyə uyğun olaraq filmin kütləvi nümayişindən və geniş tamaşaçı auditoriyasına təqdimatından sonra həmin filmin istehsalına xərclənmiş vəsait ilə əlaqədar ictimaiyyətə məlumat açıqlana bilər.

Nəzərə almağınızı xahiş edirik”.

Birincisi, hər iki filmin nümayişi və hansı festivallara göndərilməsi ilə bağlı suallara cavab verilməyib. İkincisi, “vəsaitin xərclənməsi ilə bağlı hesabatlar Nazirliyin və müvafiq dövlət orqanlarının internet saytlarında qanunvericiliyə uyğun olaraq ictimaiyyətə təqdim olunur”sa, niyə linklər, mənbələr göndərilməyib? Bu, hansı saytlardır? Və üçüncüsü, beynəlxalq təcrübədə “filmin kütləvi nümayişindən ona çəkilmiş xərc açıqlana bilər” kimi bir qayda yoxdur. Üstəlik, qanunvericiliyimizdə də belə maddə mövcud deyil. Qısası, dövlət büdcəsindən ayrılan vəsait birmənalı şəffaf olmalıdır...

Ümid edirəm ki, mövzu axtaran mədəniyyət yazarlarına bir balaca yardımçı ola bildim.

# 2669 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #