Biz qurbanıq, yoxsa Mikayıl?

Biz qurbanıq, yoxsa Mikayıl?
13 fevral 2015
# 08:30

Keçən həftə yadımda maraqlı hadisələrlə qalıb.

Elgiz Əkbər onun verilişi haqqında yazdığım yazıya cavab verdi. Təşəkkür edirəm. Çox alicənab tərzdə cavab verdi və eyni tərzdə tənqidi inkar etdi. Mənim Elgiz bəylə heç bir ədavətim yoxdu, hətta şəxsinə hörmətim var, bir tamaşaçı kimi narazılığım onun aparıcısı olduğu “Adam içində” verilişində baş verən olaylaradı. Ola bilər ki, yazını oxuyub mənimlə razılaşdığı məqamlar olub, amma ictimaiyyətə açıq müsahibəsində bunun əksini deyib və mənim yazımı umu-küsü adlandırıb.

Görəsən, ancaq efirdən gördüyüm hörmətli Elgiz bəydən nə umu-küsüm ola bilər?! Heç bir. Bu sadəcə deyilməli olan sözlər idi, deyildi də, zatən razılaşmağını gözləmək sadəlövhlük olardı. Televiziya insanlarının sözləri və hərəkətləri hesablanmış olur, məsələn elə Mikayılın əks-səda yaradan müsahibəsi! Bu müsahibə birmənalı qarşılanmadı, amma Mikayıla acıyanlar daha çox oldu, çünki orada biz azərbaycanlıların sarı simini titrədən sözlərdən məharətlə istifadə edilib.

Mikayıl çıxıb dedi ki, ailə saxlayıram, uşaq böyüdürəm, yoxsa mənim "Sevimli şou"da nə itim azıb?! Mən Markesi oxuyan, Ramiz Rövşənin şeirlərini əzbərə bilən adamam. Amma məcburam o şounu aparmağa, orda qol açıb oynamağıma baxmayın. Əslində ağır adamam, tamadalıq etdiyim toylarda heç oynamıram da. Bunu oxuyub doluxsundunuz. Yazığınız gəldi Mikayıla. Az qaldınız ki, pensiyanızın yarısını ona yollayasınız, çünki ailəyə baxır, uşaq böyüdür. Axı ailə bizdə müqəddəsdi, üstə gəl kitab da oxuyur deyə Mikayıl intellektualları ürəyindən vurdu.

O qədər yaralıyıq ki, bu kitab mövzusunda hətta Mikayılın kitab oxuması bizi fərəhləndirir. Məncə, kitabı çox şişirdirsiniz. Məsələn, hörmətli Cəlil Cavanşir "Quranı-Kərim"i əzbər bilir, hafizdi. Amma ateistdi. Bir kitabı iki nəfər oxuyub fərqli-fərqli anlaya bilər, yəni ki, məsələ interpretasiyadadı. Cəlil Cavanşir də, Əbu Bəkr əl-Bağdadi də "Qurani- Kərim"i oxuyublar, amma göründüyü kimi fərqli interpretasiya ediblər, nəticələrini isə özünüz bilirsiniz.

Mikayıl “Sevimli şou”nun hesabına pul qazanır ki, övladlarına yaxşı təhsil versin və onlar o şounun izləyicilərinə oxşamasın. Anladınız? Adam sizin övladlarınızın korlanan zövqü hesabına öz övladlarına parlaq gələcək hazırlayır. Əlində də “bu sosial sifarişdi” cümləsini bayraq edir, edirlər əsasən. Siz səviyyəli TV proqram hazırladınız insanlar baxmadımı?

İntellektual şou təqdim etmək üçün intellekt gərəkdir.

Kənddə bir xəsis kişi var idi, sahələrində adamları işlədirdi, sonra isə danışdıqlarının əksinə 150 manat əvəzinə 100 manat verirdi. Bir dəfə o haqqı yeyilən fəhləyə deyiblər ki, get haqqını istə, zəhmət çəkmisən. Fəhlə deyib ki, kişilikdən deyil, ailəyə baxır, halal xoşu olsun.

“Ailəyə baxıram” sözü çoxunuzun ürəyinə yol tapdı və yenə Mikayıla haqq qazandırdınız. Adam yediyi qaba tüpürdü, müğənniləri təhqir etdi, onlardan dost olmaz dedi. O qədər söz dedi ki, onların izləyicilərin haqqında. Acınacaqlısı da odur ki, izləyiciləri onun müsahibəsini oxumayıblar, Mikayıl bundan əmin idi deyə belə danışdı, danışa bildi.

Keçənlərdə özümü məcbur edib “Sevimli şou”ya baxdım. Adı da elə seçilib ki... Yəni sevimlidir, sən sevmirsənsə, demək, sən pissən. Meditasiya edən, Markes oxuyan, Ramiz Rövşən şeirlərini əzbər bilən adamdan efirdə bircə işıq sezirsinizmi? Mən yox. İşıqdan əsər-əlamət yox idi, yəni insan bu qədər gözəl rola girər? Burada bir istedad ölür, "Oskar" ağlayır Mikayıl üçün. İnanırsınız bir anlıq acıdım da ona.

Tamaşaçıya hesablanmış cavablar verən Mikayıl qınaq obyekti olmaqdan çıxıb oldu Əzabkeş Mikayıl. Öz-özümüzə dedik: “Axı o övlad saxlayır!” Sanki biz dovşan saxlayırıq.

Deyin! O fədakar polkovniklə Mikayılın oxşarlığı varmı?

Biz Mikayılı bağışladıq.

İndi deyin görək insan alverində təqsirləndirilən Maral Tahirqızının təqsiri sübuta yetirilərsə və o, desə ki, ailə saxlayıram, övlad saxlayıram, vallah yoxsa priton işlətməzdim onu necə, bağışlayacaqsınız?

Bir qadın çarəsizlikdən bədənini satırsa, təmənnasız-filansız ona çıxardıb 10 manat verərsiz? Axı o da övlad saxlayır.

Maraqlıdır mənə, biz Mikayıl kimilərin qurbanlarıyıq yoxsa onlar bizim kimi tamaşaçıların?!

Hər xalq layiq olduğu Mikayıla sahibdir

# 1555 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #