Ömrün itən dövrünə yanan şair

Ömrün itən dövrünə yanan şair
3 sentyabr 2022
# 15:00

Kulis.az Fərid Hüseynin "Şəhriyar del Gerani niyə depressiyadan çıxa bilmir?" adlı yazısını təqdim edir.

Dostum Şəhriyar del Geraninin ikinci dəfədir ki, evinə oğru girir və bir sıra əşyaları ilə baərabər kompüterini aparır. Bir dəfə Xırdalanda evinə oğru girmişdi, yaxın günlərdə də oxşar hadisə İstanbulda təkrarlandı. Şəhriyarın xeyli yazıları da kompüterində imiş. Son romanı, 20-dən artıq şeir və bir o qədər də hekayəsi. Şair indi depressiyadadır. Bu, xırda imtahanı olduqca ağır keçirir. Nə üçün xırda imtahan yazıram, çünki mən Təbriz zindanında Şəhriyarın gözlərinin əlifbasından “ölüm”, boynunun “əlifba”sından “saat meydanında kəndirdən asılmaq”, ürəyinin əlifbasından “dörd divar arasında çürüyüb getmək” sözlərini oxumuşam, amma onu bunca dərindən sarsılan görməmişəm. Görünür, ömrü Allah verir deyə onu itirəndə, gündəlik həyata qurban verəndə az heyfislənirik. Ancaq yaradıcılığa sərf etdiyimiz zamanı özümüzünkü bilirik deyə onu itirəndə bu itkini daha dərindən duyuruq...

Şəhriyarın facebook-dakı statuslarından da anlayıram ki, indi xeyli dərəcədə təsəlliyə qapalıdır, nə desən bu qulağından alıb, o birindən verəcək, heç nə indiki halda onun könlünü soyutmayacaq Axı necə soyutsun? Məsələn, beş oğulu olan, biri isə dünyadan vaxtsız köçmüş anaya necə deyə bilərsən ki, eybi yox, ağlama, başqa balaların var? Axı o ana hər uşağa görə fərqli sancılar çəkib, hamiləlik müddətində bədənində dürlü harmonik dəyişikliklər baş verib, ona görə də müxtəlif ovqatlara qapılıb, sonra o doğulan uşağı fərqli bir övlad kimi böyüyüb. Hər ana övladı vasitəsi ilə yaradılışın individuallığını duyur, ona görə də oğlunu itirən ana həm də o individuallığı qeyb etdiyini dərindən duyur. Şəhriyar da öz doğurduğu, yaratdığı şeirlərin, hekayələrin, onları meydana gətirən ovqatların, yazı proseslərinin təkrarsızlığını dərindən duyur deyə bunca narahatdır, “daha yaxşısını yazarsan” kimi təsəlliləri qəbul edə bilmir.

“Nazimin Hikmət “Məmləkət xainini” yazdığı dövr idi”. Bu cümləsi Orxan Kamal yazıb. Yəni şairin ömrü şeirlərini, əsərlərini yazdığı dövrlərdən ibarətdir. Şəhriyar həm də yazıları vasitəsi ilə ömrünün itən dövrünə yanır. Çünki o illəri, yaradıcılıq ovqatlarını xatırlamaq üçün o şeirlər şairə lazım idi. Sanki hər şeir şairin yaratdığı ovqatın şəkilləridir. Şəhriyarın ömrünün bir dönəminin albomu da beləcə itib... Albomunu itirmiş, ömrünün unudulmaz anlarından xatirələr yad əllərə düşən adama isə yazırlar ki, sən daha gözəl yerlərdə şəkillər çəkdirərsən...

Nizami necə yazırdı:

Qazanmaq çətindir, itirmək asan,

Əlin boş olan vaxt xoşbəxt olursan.

Bu adi insanlara xitabdır, sadə insanlar nələrisə çətinliklə qazanıb, asanca əllərindən verirlər. Dərin düşünəndə anlayırlar ki, sadəcə heç nə əldə edə bilmədikləri dövr onlar üçün rahatlıq möhləti olur. Amma yaradıcı adamın əli heç vaxt boş olmur, ya nəsə yazır, ya da nə isə düşünür. Ona görə də xoşbəxt olmayanın – yaradıcı adamın “xoşbəxtliyinin” - yazdıqlarının oğurlanması mal-mülkün çalınmasından daha kədərlidir.

Məhəmməd Peyğəmbər İmam Əliyə deyibmiş ki, məndən sonra sizə daha çətin olacaq. Bu sözləri eşidən ətrafdakılar soruşub ki, axı ən çətin işi siz gördünüz, ərəbləri bir bayraq altına topladınız, dinimizin kitabını yaratdınız, bundan ağır nə ola bilər ki? Peyğəmbər cavab verib ki, tənzil – Quranın yaranma dövründə dostu düşməni ayırd etmək asan idi. Çünki çoxları Quranın yaranmasına (yaradıcılığa) şəkk gətirə bilmirdilər. Ona görə dəqiq tərəf tutmağa məcbur idilər. Amma məndən sonra təvil – Quranın təfsiri, çoxsaylı yozumları dövrü başlayacaq. Onda hamı bir adam kimi dinə inandığını deyəcək və hər kəs eyni anda maskalanacaq.

Müasir dünya söz azadlığı dövrüdür. Demokratiya çağıdır. Əslində isə, saysız-hesabsız fikir yozanlar yaranıb, hər fikir bir maska altında təqdim olunur. Biz şairlər o “təvillərdən” - yozmalardan qaçmaq üçün “tənzili” – yaratmağı seçmişik. Doğrusu, yaradıcılıq, bu mənada maskalananların arasında dostu-düşməni daha asan tanımağa yönəlib. Ədəbiyyat, - yaratmaq - “tənzil dövrü” həyatı asanlaşdırmaq üçün bizə gərəklidir... Şəhriyar “tənzil” - yaratma dövrünün materiallarını itirib deyə dərindən düşünəndə “təvil” zamanın riyakarlığını dərk etmək onun ruhunu incidir...

Yazı elə bir şeydir ki, bir şair yazdığı şeirlərdə, onlarla başqa sevdiyi şairin də ovqatını yaşadır, hiss etdirir, eləcə də əksər şeirin üz tutduğu, xitab etdiyi real insanlar olur. Onlar da həmin şeirlərdə yaşayırlar. Oğurlanan əsərlələ birgə onlar da qeyb olur. Bu bir növ sakinlərin qaçqın-köçkünlüyünə bənzəyir. Yəni torpaq – Şəhriyarın ürəyi yerində qalıb, amma sakinlər – insanlar o yurddan uzaq düşüblər. Şəhriyar indi öz canının qaçqın-köçkün yurdu olmasına görə bunca narahatdır... Ondan daha artıq isə öz obrazlarından – “Şəhriyar dövləti”nin vətəndaşlarından nigarandır...

Daim Vətən olasan, şair... Keçmiş olsun...

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

# # #