“Səməd Vurğun Qacarı təhqir etdiı”

“Səməd Vurğun Qacarı təhqir etdiı”
26 yanvar 2013
# 08:30

Əli Əmirli 1948-ci ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1971-ci ildən mətbuatda bədii əsərləri ilə çıxış edir. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, ümumiyyətlə, hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir. Məşhur "Bala başa bəla", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", "İyirmi ildən sonra", "Varlı qadın" və s. pyeslərin müəllifdir. İyirmidən çox pyesi ölkə teatrlarında tamaşaya qoyulub. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib. 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb.Ə.Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə də məşğuldur. Hazırda o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq" kafedrasının dosentidir.

- “Mesenant” tamaşası barədə danışaq. Bu əsərin səhnələşdirilməsi ilə sanki xalq Tağıyevə bir də qayıtdı. Bu tamaşa elə bil Tağıyevi ancaq mif kimi qələmə verənlərə bir dərs oldu həm də, yoxsa?

- Etiraf edim ki, Hacı Zeynalabdin Tağıyev haqqında pyes yazmaq heç ağlıma da gəlməzdi. Ümumiyyətlə, həmişə təriflənən adamlara münasibətim çox vaxt birmənalı olmur, həm də Tağıyev haqqında bildiyim bəzi faktlar (fakt hələ həqiqət deyil) heç də onun xeyrinə deyildi. Təklif və ideya Mədəniyyət və Turizm nazirinin müavini, teatr işinin gözəl bilicisi Ədalət Vəliyevdən gəldi. Əsər çox tez yazıldı, istedadlı rejissor dostum Bəhram Osmanov ona quruluş verdi. Tamaşa gözlədiyimizdən çox-çox böyük uğur qazandı. Premyeranın ertəsi günü bütün qəzetlər tamaşa və təbii ki Tağıyevdən yazdılar. Heç bir tamaşam haqqında bu qədər tərifli resenziya yazılmamışdı. Sənin dediyin kimi, xalq həqiqətən bu böyük şəxsiyyətə yenidən qayıtdı, onu yenidən tanıdı. Amma mənim məqsədim Tağıyevi yenidən mifləşdirmək, onu ideallaşdırmaq olsaydı, əsər plakat pyesdən uzağa gedə bilməzdi. Mənim bu pyesdə ali məqsədim xeyriyyəçiliyin, mərhəmətin fəlsəfəsini, mənasını açmaqdı: doğrudanmı biz elədiyimiz hər bir yaxşılığa görə əvəz ummalı, başımıza gələn hər bir müsibətə görə Allaha “Nədən?” sorğusu göndərməliyik? Tamaşaçıların reaksiyası göstərdi ki, bizim mesajlarımız ünvanına çata bilib. Əlli dəfədən çox oynanan bu tamaşa həmişə anşlaqla keçdi. Onun ömrü daha uzun ola bilərdi, təəssüf ki, tamaşada məşğul olan aktyorların bir çoxu dünyasını dəyişdi, onlarla da bir yerdə tamaşa özü. Axı teatr tamaşası kinodan fərqli olaraq canlı orqanizmdir.


- “M.S.S – mən səni sevirəm” bu günün problemləri üçün maraqlıdır, gələcəkdə də əsərin bu qədər aktual olacağına inanırsınızmı? Bir də o əsərdə sanki şişirdilmiş bir müəllim obrazı var və o həmin obraz bütün mənzərəni ideal ab-havaya gətirmək istəsə də, sanki öz ideallığı ilə ümumi mənzərəni süniləşdirir. Siz necə düşünürsünüz?


- Mən pyes yazanda gələcəyi deyil, bu günü nəzərə alıram, tamaşaçılarım müasirlərimdir, onların fikri, zövqü, münasibəti mənim üçün birinci yerdə dayanır. “M.S.S. – mən səni sevirəm” pyesi də eləcə. Bu pyes 23 il əvvəl mənim “Ərizə” adı ilə səhnəyə qoyulan ilk əsərimdir. 1990-cı ildə Bakıda 20 yanvar qırğınından sonra fövqəladə vəziyyət və komendant saatı şəraitində Dövlət Gənc Tamaşaçılar Teatrında əsərin məşqləri gedirdi, biz heç bilmirdik premyera baş tutacaq, ya yox, amma tutdu, özü də böyük uğurla. Premyerada iştirak edən görkəmli sənətkarımız Həsənağa Turabov onda Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri idi, məni təbrik elədi, öz teatrına əməkdaşlığa dəvət etdi. O vaxtlar “Ərizə”də məktəbliləri oynayan aktyorların bir çoxu bu gün “M.S.S.”də valideynləri, müəllimləri oynayırlar. Teatrın bugünkü direktoru Mübariz Həmidov o vaxtlar çox gəncdi, şagirdlərdən birini, gərək ki Tofiqi oynayırdı. Kəmalə Hüseynova onda Reyhanı, bu gün isə Reyhanın anası Mələyi oynayır, Nübar Novruzova Nazını oynayırdı, indi isə Nazının anası Səkinənin rolunu canlandırır. Maraqlı prosesdir. Ən vacibi isə əsərin 23 ildən sonra da böyük uğur qazanması, tamaşaçılar tərəfindən coşqu ilə qarşılanmasıdır. Müəyyən məqamlarda sənin hiss etdiyin süniliyə gələndə isə... İstər haqlı, istər haqsız, mən tamaşaçı rəyi ilə həmişə hesablaşıram, necə deyərlər, müştəri həmişə haqlıdır. Sualın birinci hissəsinə qayıdıb əlavə etmək istərdim ki, qoy bu pyes gələcəkdə heç bir maraq kəsb etməsin, aktuallığını tamam itirsin, bu da o halda olacaq ki, rüşvətə meyl bu xalqın canından çıxacaq. Mən bu mənəvi inkişafa sevinərdim.


-“ Vaqif” dramı ilə bağlı Səməd Vuğuna qarşı olanlar olub. Bu əsərdə Ağa Məhəmməd Şah Qacarın obrazı təhrif edilib. Siz isə “Ağa Məhəmməd Şah Qacar” adlı çox dolğun bir səhnə əsəri yazmısınız. Bu əsəri yazmaq doğru düşüncəyə qayıdışa olan ehtiyacdan yarandı, yoxsa başqa səbəblərə əsasən?


- Səməd Vurğunun “Vaqif” dramı heç şübhəsiz Azərbaycan dramaturgiyası tarixində ən populyar və ən sevilən əsər olub. Bu pyeslə Səməd Vurğun Vaqifi bir şair kimi layiq olduğundan xeyli artıq populyar elədi, Ağa Məhəmməd şah Qacarı isə layiq olmadığı qədər aşağıladı. Amma Vurğun poeziyası o qədər xəlqi, o qədər qüdrətli idi ki, tamaşaçılar ona tarixi faktların təhrifini nəinki bağışlayır, hətta bu iki fərqli şəxsiyyəti tarixdən deyil, elə bu pyesdən öyrənirlər. “Vaqif” dramı tarixi hadisələrə və ilk növbədə Qacar şəxsiyyətinə daha obyektiv yanaşan Ə.B.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” dramını bir növ unutdurdu. Mənim Qacar şəxsiyyətinə müraciətim bəlkə də hər cəhətdən fərqli iki dramaturq münasibətində orta həddi müəyyən etmək istəyi ilə bağlıdır. Biz fövqəladə əhəmiyyətli tarixi şəxsiyyətlərlə o qədər zəngin deyilik ki, on yeddi il farslı-azərbaycanlı İran dövlətinə şahlıq eləmiş, dağınıq bir ölkədə vəhdəniyyət yaratmış, 150 illik Qacarlar xanədanının bünövrəsini qoymuş Ağa Məhəmməd şah Qacar kimi böyük bir dövlət xadiminin üstündən bir pyeslə xətt çəkək. Bütün xalqlar dünyaya qan uddurmuş fatehlərinə heykəl qoyur, fəxr eləyir, biz isə onun dilindən “Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin” deyirik. Nə qədər gözəl deyilsə də, bu, Qacar həqiqəti deyil. Amma bir şeyi də unutmaq olmaz ki, pyes bədii əsərdir, tarix kitabı deyil. “Möhtəşəm yüz il” serialını hər cür qınağa tuş gətirənlər tarixi əyləncə üçün nəzərdə tutulmuş seriallardan deyil tarix kitablarından öyrənsələr yaxşıdır.


- Əsərlərinizdə müsbət qadın qəhrəmanlarına daha çox yer verirsiz. Sanki qadını kişidən daha ali qəhrəman kimi görürsüz və belə də əks etdirirsiz?


- Səhnə əsəri o zaman uğur qazanır ki, onda maraqlı kişi obrazları ilə bərabər parlaq qadın obrazları da olsun. Əbdürrəhim bəyin yuxarıda adını çəkdiyimiz pyesinin oynanmamağının və ya az oynanmasının əsas səbəblərindən biri bəlkə də orda qadın personajların yoxluğu ilə bağlıdır. Mənim dramaturgiyama gəldikdə isə mən yeni pyes haqqında düşünəndə ilk olaraq baş qadın obrazını düşünürəm. Bütün hadisələr, konfliktlər, intriqalar məhz qadın ətrafında baş verir, süjetin inkişafının katalizatoru da qadındır. Hətta deyərdim ki, mənim əsərlərimdəki kişilər qadınları tamamlamaq funksiyası daşıyırlar. “Varlı qadın” axır üç ildə Azərbaycandan kənarda yeddi ölkədə müxtəlif dillərdə tamaşaya qoyulub. İki beynəlxalq teatr festivalında məhz “Ən yaxşı qadın rolu” nominasiyasında mükafata layiq görülüb. Dramaturgiya tarixinə fikir versəniz özünüz şahid olarsınız: Maqbetin yanında əlləri daha çox qana batmış Ledi Maqbet, Hamletin yanında füsunkar Ofeliya, ər qatili Gertruda, Romeonun yanında qətiyyətli, ehtiraslı, fədakar Cülyetta var! Niyə uzağa gedirik, elə Cəfər Cabbarlının, İlyas Əfəndiyevin pyeslərindəki qadın obrazlarını yada salsaq kifayətdir.


- Bir də ölkəmizdə dram əsərlərinə iddialı olan yazarların azlığı, sizcə, nəylə bağlıdır?

- Bu çox təbiidir. Dramaturgiya ədəbi yaradıcılığın bəlkə də ən mühafizəkar növüdür. Roman bir janr kimi dramaturgiyadan xeyli cavandır, amma gör nə qədər dəyişikliklərə, transformasiyaya uğrayıb, dramaturgiya isə çox ləng dəyişir, özü də az. Dramaturgiyanın möhkəm, sındırılması mümkün olmayan çərçivəsi, dəyişməyən qanunları var, amma ədəbi yaradıcılığın ən şirin, bir az da sehrli növüdür dramaturgiya. Ümumiyyətlə, dramaturji təfəkkürü, teatr mədəniyyəti, ən əsası da güclü teatr sevgisi olmayan yazıçı üçün yaxşı pyes yazmaq çətindir, hətta mümkün deyil. Belinski dramaturgiyanı ədəbi yaradıcılığın tacı adlandırırdı. Əlbəttə, bu fikirdə bir qədər şişirtmə var, amma həqiqətdən o qədər də uzaq deyil.


Dram yaradıcılığının üstün cəhətlərinə gəldikdə isə, mənim üçün birinci yerdə tamaşaçı ilə canlı ünsiyyət dayanır. Əgər kitabı hər kəs təklikdə oxuyursa, dram əsərinin tamaşasına eyni vaxtda üç yüz – beş yüz adam baxır. Tamaşaçı reaksiyasını dərhal görürsən. Pyesin yazı prosesi az vaxt aparır, rezonansı isə böyük olur. Əsər uğur qazanırsa, illərlə səhnələrdən düşmür. Məsələn, bayaq adını çəkdiyim “Varlı qadın” 1998-ci ildə yazılıb, iyirmi dəfədən çox tamaşaya qoyulub, axırıncı premyerası yola saldığımız ilin noyabrında Ukraynada baş tutub. Bu komediya hazırda 12 teatrın repertuarındadır. Onu da deyim ki, Azərbaycanda yazıçıya gəlir gətirən yeganə yaradıcılıq sahəsi də məhz dramaturgiyadır.


- Adətən, dramaturqlarla müsahibələrdə onlar dram janrının məhdudiyyətlərindən və səhnəyə, aktyora, vaxta və s uyğunlaşma problemindən danışırlar, amma nədənsə heç kəs bu janrın üstünlüyündən danışmır...


- Bilirsən, istedadı olan adam savadsız olsa belə şeir qoşar, bayatı çağırar, bir az savadı olan hekayə, nağıl, hətta roman da yaza bilər. Dramaturqda isə yazıçı istedadından başqa, bir az əvvəl dediyim kimi, yüksək teatr mədəniyyəti, yaxşı təhsil, geniş dramaturji mütaliə, teatra sonsuz məhəbbət və anadangəlmə artistizm olmalıdır. Təsadüfi deyil ki, dünyanın ən güclü dramaturqları həm də aktyor olublar. Bizdə isə yazıçılar, hətta jurnalistlər var ki, bir dəfə də teatrda olmayıblar. Adam roman yazır, amma teatra getmir. Mən o adamı qınasam da, başa düşməyə çalışıram, hamının teatrı sevməyi vacib deyil. Amma bir şey də var ki, teatrı bilməyən, kino ilə maraqlanmayan, ciddi musiqini duymayan, baletə və operaya biganə olan, təsviri sənəti qavramağa çalışmayan yazıçının romanını ancaq özü kimilər oxuya bilər.

Bu gün sizi hansı əsərlər və hansı bədii nümunələr, müəlliflər cəlb edir, kimləri oxuyursuz?


- Adam yaşa dolduqca onun mütaliə çərçivəsi xeyli daralır, o artıq nəyi və kimləri oxumaq seçimini çoxdan müəyyənləşdirmiş olur. Eyni zamanda müasir dünya ədəbiyyatında populyar olan yazıçıların əsərləri ilə tanışlığı da vacib bilirəm. Bu qəbildən son vaxtlar Y.Vişnevskinin “İnternet şəbəkəsində tənhalıq”, X.Hüseyninin “Küləyi qovanlar” və “Min parlaq günəş”, B.Şlinkin “Qiraətçi”, E.Şəfəqin “Eşq” və “İskəndər”, O.Pamukun demək olar ki, rus dilinə tərcümə olunmuş bütün əsərlərini oxumuşam. Xalid Hüseyninin romanları öz dərin emosionallığı və dramatizmi ilə məni sarsıtdı, qəlbimi göynətdi. Elif Şafaqın hər iki romanı isə heç vaxt yaddan çıxmayacaq süjeti olan romanlardır, xüsusilə “Eşq”dəki Mövlanə ilə Şəms Təbrizi xətti. Gənc Azərbaycan ədəbiyyatı da məndə maraq doğurur, yeni adlar, imzalar... İzləməyə çalışıram, hətta oxumağa təşəbbüs də edirəm, amma gənc dediyimiz yazarların romanlarından çox onların köşə yazılarını daha böyük məmnuniyyətlə oxuyuram. Gənc yazarlar içərisində diqqətimi daha çox çəkən Təranə Vahidin hekayələri oldu. Onun hekayələri gözəl şeir kimidir, dəfələrlə oxumaq və təsirlənmək mümkündür.


Kaspi.az

# 5618 dəfə oxunub

Müəllifin son yazıları

# # #