Nə minişə-minişə gedirsiz?!

Nə minişə-minişə gedirsiz?!
7 may 2014
# 10:47

Kulis.Az Fərid Hüseynin “Biz də beləydik” hekayəsini təqdim edir.

- Bağrı yanmış köpəyuşağı avtobusu elə sürür ki, elə bil təyyarə sürür – heç özüm də bilmirəm ki, bu “bağrı yanmış” sözünü niyə işlədirəm? Hə, yadıma düşdü, bu ifadəni rəhmətlik nənəmin dilindən götürmüşəm. Adətimdir, yazağzı bədənim süst olur, heysizlik bütün canımı bürüyür deyə qüvvətli, təpərli söyüşlər söyməyə can çəkirəm, bu aylarda nənəmin qarğışları, yamanlamaları bəs eləyir. Ancaq elə ki, yazın axırı gəldi, himə bəndəm! Biri ayağımı tapdalaya, ağzım qızışır, elə söyüşlər söyürəm, bu günəcən heç kəs o cür biədəb sözlər eşitməyib.

Avtobusdan düşəndən sonra nədənsə gedəcəyim istiqamətə doğru yox, qanrılıb geri baxıram. Nə görsəm yaxşıdı? Arvadımla mən əl-ələ tutub şirin-şirin söhbət edə-edə gəlirik, mənə nə deyirsə, uğunub gedirəm, arxadan gələn maşına fikir vermirəm, siqnal səsindən sonra qulağım bu sözləri alır:

- Bir sağa-sola baxın da, nə minişə-minişə gedirsiz?... - sürücü bizə uzalı qolunu maşından içəri salıb indiyəcən eşitmədiyimiz söyüşləri də dediklərinin gözünə qatır... Uzaqlaşır... Heç nə demirəm, elə bil, iraq dədəmdən, mən əclaf oğlu əclaf, lalam. Görəsən, o biri sözlərə görə yox, “minişə-minişə” sözünə görə niyə onu maşından düşürdüb burnunun qanın axıtmadım, ay dədə vay! Mənə çatana yaxın görürəm ki, geyimlərindən bizə oxşasalar da, gələnlər arvadım və mən deyiləmmiş. Guya sözləri eşitməmiş kimi qızın əlindən tutan oğlandan soruşuram:

- O, maşını vəhşi kimi sürüb, qolunu da bir metrə çölə çıxardan harın köpəyoğlu sizə nə deyirdi? – oğlan sevinir ki, onlara deyilənləri eşitməmişəm.

- Heç nə! Deyir, ehtiyatlı olun yolu keçəndə, mənə də yazıq olar, sizə də! Belə baxanda düz deyir də.

- Düz deyir, vallah! Ölən ölür canını qurtarır, öldürən zülm çəkir. Allah hamımızı qorusun – başları ilə razılıqlarını bildirib yenə məmnun-məmnun irəliləyirlər... Necə deyərlər, “minişə-minişə”.

Çoxdandır buralara gəlmirdim. Biz burda yaşayan vaxtlar hər şey dağılmışdı, binaların üstünü təzələyirdilər, guya şəhərin ansamblını tamamlayacaqdılar. Ay sizin ansamblınıza nə deyim... Bir vaxtlar yaşadığımız binanın qarşısından keçirəm, paltar ipi bizimkidir, o vaxt kran gətirib bağlatdırmışdım, puluma da heyfim gəlirdi, ağaca çıxa bilsəydim özüm bağlayardım. Evdən köçəndə mərdimazarlar demişdilər ki, ipi kəs götür, pul vermisən. Məndən sonra gələn ağaca dırmaşa bilməz deyə düşünüb, kəsməmişdim.

...Pəncərəmizə baxıram, uşaq əlləri görünür, nəsə yazır, ancaq oxumaq olmur. Həvəsimi saxlaya bilməyib yuxarı mərtəbəyə çıxıram, qapını döyürəm, 6-7 yaşlarında qız uşağı açır.

- Sərdar evdədir?

- ...

- Nuranə evdədir?

- ...

Uşaq sözlərimə cavab verməyib evə qaçır, başqa bir uşaq gəlir.

- Sərdar evdədir?

- Yox.

- Bəs Nuranə?

- O da yoxdur.

Bu dəm qapıya bir gəlin gəlir:

- Kim lazımdı?

- Salam, xanım.

- Salam.

- Sərdarı soruşurdum, evdədir?

- Yox.

- Nuranə də yoxdur?

- Onlar burda yaşamır, bizdən əvvəl qalırlarmış. – Qapının açıq yerindən görünür: bayaqkı balaca qız uşağı pəncərənin qarşısında oturub düz gözümün içinə baxır. Evdəki əşyalar böyük görünür, elə bil bizim ovaxtkı əşyalarımızın üstünə qoyulub. Saat üçün divara vurduğumuz mıxdan heç nə asılmayıb.

- Bağışlayın siz Allah, gərək Sərdara zəng vurub gələydim, düzü, köçdüklərini bilmirdim.

Qadın sağollaşıb gedir, həyətə düşürəm. Paltar ipi yellənir. Pəncərəyə baxıram, bayaqkı qızın başı görükür, mənə baxa-baxa pəncərəyə adımızı yazır: “Sərdar, Nuranə”. Sonra silir adımızı...

...Burda işim vardı, dostuma əlborcu pul verməyə gəlmişdim. Görüşüb pulu verirəm, bir az söhbət edib ayrılırıq.

Qayıdanda yenə bizi görürəm, arvadımla mən harasa tələsə-tələsə gedirik... Bayaqkı adamlar imiş... Əl-ələ tutub yolu qaça-qaça keçəndə soruşuram:

- Bayaqkı o axmaq sürücü nə deyirdi sizə?

Ayaq saxlayan oğlan dillənir:

- Heç nə, deyirdi ki, nə minişə-minişə gedirsiz?!..

Biz də beləydik...

# 3110 dəfə oxunub

Müəllifin son yazıları

# # #