Xəyanət üstündə öldürülən qadın – Təvəkgül Boysunardan Hekayə

Xəyanət üstündə öldürülən qadın – <span style="color:red;">Təvəkgül Boysunardan Hekayə
30 may 2019
# 18:28

Kulis.az Təvəkgül Boysunarın “Axşamüstü” adlı hekayəsini təqdim edir.

Sağa dönən kimi bazarın içində nəsə maraqlı bir hadisənin baş verdiyini hiss elədim. Çünki hamı başını çevirib diqqətlə eyni tərəfə baxırdı. Addımlarımı yeyinlədib bir az qabağa gəldim və həmişə filmlərdə gördüyüm səhnə bu dəfə gözlərimin önündəcə canlanmağa başladı. Bir tərəfi polisin biləyinə vurulmuş qandalın digər ucu, bazarda tez-tez gördüyüm və üzdən qiyabi tanıdığım bir adamın biləyində idi. Adam, bütün baxışların ona yönəldiyini bildiyi üçün özünü sındırmadan, fəxarət hissi ilə, polislərin və taleyin onu apardığı tərəfə addımlayırdı. Yan-yörədəki və arxadakı polislər də onları müşayiət edirdi.

Hadisənin nədən ibarət olduğunu kimdən soruşa bilərəm deyə gözlərimi adamlara dikib diqqətlə baxanda bir nəfər orta yaşlı kişinin, həbs olunan oğlanın arxasınca baxarkən dilinin ucunda nəsə dediyini və polislər getdikdən sonra üzünü çevirib yoluna davam etdiyini, bazarın içərilərinə doğru irəlilədiyini gördüm. Tez özümü onun yanına verdim və addımlarımı onun addımlarına uyğunlaşdıraraq yanınca getməyə başladım:

­- Bilmirsiz, nə məsələydi?

­- Adə, heç nə, özünü bədbəxt elədü də. Qızı bıçağliyib, indi, deyirlər, ağır veziyyətdədü.

­- Niyə bıçaqlayıb? Qızın nəyiydi o adam?

- Qızın ikinci yoldaşıydu. Gözəl də gəliniydü e. Orda, bazarın içündəki o maqazündə işdiyürdü.

- Nə üstündə bıçaqlayıb? - deyə təkrar soruşdum.

- Nə bilüm, vallah. Deyir guya ailə cinayətüdü, namus üstündə eliyüb.

Kişini yola salıb ondan ayrılandan sonra artıq bazarın düz axırlarında idim və bıçaqlanan qızın kim olduğunu bilməkdən ötrü mağazalara bir-bir baxmaq üçün iti addımlarla bazarın girişinə tərəf gedirdim.

Təxminimdə yanılmamışdım. Bayaq yanından ötərkən diqqətlə baxmadığım mağazalardan yalnız birinin qapısında “bağlıdır” sözü görünürdü. Bu, o qızın işlədiyi mağaza idi. “Gözəl gəliniydi” sözlərini eşitdiyim an təsəvvürümdə ilk olaraq canlanan o qızın.

O, artıq neçə il idi ki, burda işləyirdi. Hər dəfə bazara girəndə onu mağazanın içində sakit və fikirli halda oturan görürdüm. Cəmi bir neçə gün öncə isə baha qiymətə də olsa, bəzi yazı materiallarını çapdan çıxarmaq üçün bu mağazaya üz tutmuşdum. Printerdəki nasazlığı birtəhər aradan qaldırandan sonra qız, nəhayət ki, yazılarımı çap edə bilmişdi, amma daha sonra pulumu səhv hesablamış, mən onun səhvini deyəndə çaşqın halda üzümə baxmış və üzümə baxa-baxa beynində yenə də hesablamağa çalışmış, axırda isə bir az aralıdakı digər printerin yanına gedərək kalkulyatoru gətirmişdi.

Onun qara və qısa saçlarını, kağızlardakı yazıya ötəri nəzər salan gözəl gözlərini, çox da hündür olmayan boyunu, A4 vərəqlərinin kənarından yapışan barmaqlarını və boyası soluxmuş səliqəli dırnaqlarını yadıma saldıqca bir tərəfdən də təsəvvürümdə xəyanət səhnəsini canlandırmağa çalışırdım.

“Bağlıdır” yazılan qapının arxasında isə uzun rəflərə düzülmüş kitablar görsənirdi və mənə elə gəlirdi ki, qızın yoxluğundan istifadə edərək hardansa mağazanın içinə dolan külək, həmin kitabların üzünü açıb ilk səhifələrini yelləməkdədir.

...Axşam düşürdü; mən, bazardan çıxıb ağrıyan ayaqlarımla yavaş-yavaş evə doğru gedirdim.

# 3703 dəfə oxunub

Oxşar xəbərlər

Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

15:03 16 iyul 2025
"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

18:39 15 iyul 2025
Fraqmentar təfəkkür - Nizami Bayramlı

Fraqmentar təfəkkür - Nizami Bayramlı

19:00 14 iyul 2025
"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

10:00 13 iyul 2025
Nizaminin "Sirlər xəzinəsi"ndə  ölüm məqamları - Fərid Hüseyn

Nizaminin "Sirlər xəzinəsi"ndə ölüm məqamları - Fərid Hüseyn

09:00 11 iyul 2025
Cenifer Lopezin konsert turu başlanıb

Cenifer Lopezin konsert turu başlanıb

17:30 10 iyul 2025
# # #