Niyə mətbəxdə oturursunuz?

Niyə mətbəxdə oturursunuz?
11 noyabr 2015
# 14:38

Bu yaxınlarda Bakıda ev aldıq. Ev axtarışları əsnasında mənə insanların yaşayış tərzi haqqında elə bir şey məlum oldu ki, haqqımızda əlli il sosioloji kitablar oxusaydım, onu bilə bilməzdim.

Sən demə, Bakıda yeni tikilən bu böyük, dəbli binalarda və mülklərdə yaşayan insanlar səhərdən axşama qədər, qeyri-yemək saatlarında da mətbəxdə otururlar.

Evin qalan hissələri, növbənöv otaqlar faktiki olaraq, istifadəsiz qalır. Digər otaqları bəzəyirlər, qapısını bağlayıb çıxırlar. Onları mətbəxdə oturmağa heç kəs məcbur etmir. Özləri, təbii şəkildə yığışırlar mətbəxə.

Təxminən iyirmi evin qapısını açıb içəri girdim. Hamısı dedi ki, otaqları bağlamışıq, qalıb. Günümüz mətbəxdə keçir. Mətbəx Bakı evlərinin paytaxtıdır. Ailənin mühüm hadisələri mətbəxdə baş verir. Hətta ev alqı-satqısı söhbətləri də orada gedir.

Avropa tərzində mətbəxlə qonaq otağını birləşdirənlər çoxdur, amma burada söhbət onlardan getmir, mətbəxi ayrı, öz yerində saxlayan evlərdən söhbət gedir.

Görəsən, niyə? Niyə 150, 200, 300 kvadrat metrlik evlərin başqa bir otağında yox, mətbəxində oturub-dururlar?

Kasıblar ev soyuq olanda mətbəx isti olduğuna görə günlərini mətbəxdə keçirirlər. Ancaq Azərbaycan varlıları da bütün günü mətbəxdə oturduqlarını deyirlər.

Televiziyada hörmətli müğənni Manaf Ağayevin mülkündən veriliş gedir. Birini Yelizavetanın, birini çar Nikolayın, o birini kraliça Viktoriyanın otağı üslubunda qurub-bəzəmiş hörmətli müğənni belə deyir: “Vallah, bu qədər bəzəmişəm, o otaqları yoldaşımın zövqülə, bunları öz zövqümlə qurmuşam, amma elə günüm mətbəxdə keçir. Başqa otaqlarda otura bilmirəm. Elə bil, mətbəxdə oturmasam, sıxılıram, rahat olmuram.”

Başqa bir hörmətli müğənni Rahidə Baxış böyük dəbdəbəli evini bir yerli qadın jurnalına tanıdır, müsahibənin axırında deyir: “Ən sevdiyim məkan mətbəxdir. Vaxtımın çoxunu orada keçirirəm.

Demək olar ki, qonaq otağına çox az hallarda girirəm. Əvvəl mətbəxdə televizor yox idi, bütün gün qonaq otağında otururduq. İndi isə mətbəxdə də televizor olduğundan hər bir işimizi orada görürük.”

***

Xalqların cürbəcür xüsusiyyətləri var. Bunların arasında hansıların təhsilsizlikdən, geridəqalmışlıqdan, ibtidailikdən doğduğu, hansının əsl etnik sosial xüsusiyyət olduğunu təyin etmək asan deyil.

Gözümüzün qarşısında böyük bir şəhər sökülür, yenidən tikilir. Şəhər insanının davranışı necə reaksiya verir bu böyük prosesə, Azərbaycanda olmayan Şəhər elmləri (Urban studies) sahəsi üçün çox maraqlı materiallar müşahidə olunmadan itib gedir.

Bakı evləri, mətbəxləri kiçik olanda bu, nəzərə çarpmırdı. Evlər böyüyən kimi hamı toplaşdı mətbəxə.

Bizim mətbəxdə oturmaq xasiyyətimiz etnik sosial xüsusiyyətdir, ya ibtidailik, geridəqalmışlıq?

Əgər birincidirsə, ona “pis”, ya “yaxşı” qiymət vermək olmaz, belə şeyləri yalnız konstatasiya etmək olar və səbəbləri haqqında danışmaq olar.

Bəlkə odmərkəzçilikdən gələn ocaq başına yığışmaq instinktidir bu?!

Ya bəlkə şüuraltının diktəsilə bizim insanlar qədim əcdadlarımız kimi yeməyə, suya yaxın yerdə əmin-arxayın hiss edirlər özlərini; indi yemişəm, amma qoy uzağa getməyim, yemək buradadır... /bbc/

# 7837 dəfə oxunub

Oxşar xəbərlər

Maradonanın əlindəki top və Musa Yaqub - Cavanşir Yusifli

Maradonanın əlindəki top və Musa Yaqub - Cavanşir Yusifli

17:00 15 may 2024
Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

Dünyanı dəyişmək mümkün deyilsə, çıxış yolu nədədir?

15:00 15 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
# # #