Tarixi bədiiləşdirmək, ya romantikləşdirmək?

Tarixi bədiiləşdirmək, ya romantikləşdirmək?
30 dekabr 2015
# 11:00

(Elçinin “Baş” romanı haqqında)

Bu gün SSRİ zamanında və məkanında yaşamış, fəaliyyət göstərmiş yazarların və ziyalıların keçmişlə bağlı darmadağın edilmiş xatirələri (yaddaşları) və izlənilən (hətta elmi-fantastik mövzulu romanlarda belə) gələcək haqqındakı xülyaları (təsəvvürləri) onların məqalələrində, romanlarında aktual problem və ictimai-siyasi mübarizə üsulu kimi əks olunmaqda davam edir... Onlar sistemi dağıdılmış, itimai-siyasi, sosial dalğaları qarışdırılmış totalitar ölkənin azad, müstəqil insanları, xüsusən, yaradıcı insanları kimi xeyli sayda cavabı qeyri-müəyyənliyə dirənən müəmmalı suallarla üz-üzə qalıblar... Fransanın “Le Monde” qəzetində müasir rus romançıları ilə bağlı maraqlı bir yazı çap olunub. ( “Yazıçılar Putinə qarşı” –tərc. N.Hüseynli) (http://qaynar.info/xeber-moskva-yazclar-putin-qar-t1432.html) Məqalədəki fraqmentallıq imkan verir ki, biz də onun mövzumuza uyğun detallarını tezislər şəklində sıralayaq: “Bizim gələcəyimiz yoxdur, ancaq keçmişimiz var. Bu hər yerə yayılmış zəhər kimidir; Sovet İttifaqının kabusu hələ də insanların yaxasını buraxmayıb və onları izləməyə davam edir. Bu kabus yazarları hətta elmi-fantastik əsərlərdə də izləyir; “Boris Akuninin romanlarında hadisələr Sovet imperiyası dönəmində baş verir, Lüdmila Uliçkayanın kitabları isə başdan-başa sovet dönəmindəki hadisələri əhatə edir, sanki o bununla uşaqlıqda aldığı travmalardan yaxasını qurtarmağa çalışır” – deyə Dmitri Milçin bildirir; Müasir rus ədəbiyyatında, janrlar dəyişə bilər, stil dəyişər, amma həmin xəstəlik mütləq öz təsirini göstərəcək. İndi Rusiyada yeni nəslin ən parlaq yazarı Vsevolod Beniqsen də axrıncı “antiutopik” romanında, KQB-nin bütün dissidentləri bir araya topladığı və onlara ürəklərindən nə keçirsə yazmağa icazə verdiyi bir xəyali adanı təsvir edir; Cəhənnəmə xoş gəlmisininz... Bura karyerasına KQB-də başlamış Vladimir Putinin Rusiya cəhənnəmidir. Onun rejimində eynilə Beniqsenin iyrənc adasında olduğu kimi, heç bir yazıçı vicdanla deyə bilməz ki, rejimin senzurasında əziyyət çəkmir: hakimiyyətin qoruyucu mələkləri diqqətlərini ən çox televiziyaların üzərində toplayıb, yazarların üzünə bütün televiziyalar bağlıdır; Uliçkaya etiraf edir ki: “Mədəniyyətlə qaba gücün toqquşması zamanı adətən ikinci dalib gəlir”…. Lakin bu kədərli gerçəkliyə baxmayaraq, mədəniyyətin müdafiəçiləri müqavimət göstəməyə davam edirlər; SSRİ özlüyündə elə bir adamyeyən nəhəngin cəsədidir ki, hələ də basdırılmayıb. Gəlin onu Almaniya ilə müqayisə edək, belə ki, Qərb orda bir qəbir qazıb bütün nasist keçmişini həmin yerdə basdırmağa kömək etdi. Bizdə isə Yelsinin dövründə, cəsədi taxta kəpəyinin içinə atıb dedilər ki, o özü çürüyəcək, bizsə irəli addımlamalıyıq; Dmitri Piroqovun (1940-2007) yaddaşını itirmiş Rusiyanın portretini çəkdiyi üç romanı dərc ediləcək” və s…

Bu gün Azərbaycan ədəbiyyatında yaşlı və gənc nəslin romançıları da həmin tarixi suallarla üz-üzə qalıb... Yuxarıdakı örnəkləri təsadüfən seçməmişəm. Rus romançılarını narahat edən mövzuların mahiyyətini, onların həm də bir ziyalı, ictimai düşüncə sahibi kimi özündə məsuliyyət hiss edən mənəviyyat adamıtək mücadiləsini nəzərə çatdırmaq istəmişəm. Onlar bizim yazarlardan fərqli olaraq keçmişi, tarixi, yaddaşı romantik ovqat üçün yox, cəmiyyətin ictimai-siyasi, sosial düşüncəsindəki ətaləti, buqələmunluğu, liberal və məsuliyyətsiz yaşam tərzinə aludəliyi dağıtmaq üçün “silkələyirlər”. Onlar tarixi nağıllaşdırmırlar, onlar keçmişdən və gələcəkdən bu günü qaydaya, nizama salmaq, bu günün insanını düşündürmək naminə istifadə edirlər.

Elçinin “Baş” romanını oxuyanda Dmitri Piroqovun romanları üçün işlədilmiş ifadəni xatırlamalı oldum: “Yaddaşını itirmiş Rusiyanın portreti”... Yaddaşa, tarixə dönüş zərurəti bütün zamanlarda olub. Bu gün isə bu yaddaşı bərpa etmək və yanlışları, səhvləri təkrarlamamaq ehtiyacı var. Xalqımızın obrazlı təfəkkür potensialı o qədər geniş olub ki, tariximiz haqqında da həmişə emosional və pafoslu danışmışıq. Uşaqlıqdan asıb-kəsən, vurub-tutan, qanla dolu tuluğa, torbaya baş qoyub “lazımi ünvana” göndərən igid baba-nənələrimiz (Tomris, Cavanşir, Babək, Koroğlu və b.) haqqında eşitdiyimiz hekayətlərdən biri də Sisianovun bəlalı “baş” məsələsidir ki, indi xalq yazıçısı Elçinin irihəcmli romanında baş mövzuya çevrildi...

İ.Əfəndiyevin “Hökmdar və qızı” faciəsinin motivləri əsasında yazdığı “Hökmdarın taleyi” kinopovestindən yadımızda qalan bir çox səhnələrlə burada yenidən rastlaşdıq. Oxşar, eyni dioloq və monoloqdan ibarət səhnələrin təkrarına da rast gəldik. Məsələn: “Hüseynqulu xan: – Bəs, sən nə təklif edirsən? – soruşdu. Molla Fərəculla: – Rusların təbəəliyini qəbul etdiyin üçün, Fətəli şah səndən çox incikdi. Onunla barışmaq və ona sığınmaq lazımdı…– dedi. – Mən bu iki daşın arasında Fətəli şahla necə barışım ki, ruslarla xosunlaşmağa başlamışdım?.. – Ibrahim xanın adını çəkdin… O Ağa Məhəmməd şahın nəşini Irana qaytardı. Sən də belə bir iş gör… Hüseynqulu xan darıxdı: – Molla Fərəculla, mən səni başa düşmürəm. De, görək, fikrin nədi? – Sən də Sisianovun başını Fətəli şaha hədiyyə göndər! Molla Fərəcullanın bu sözləri çox gözlənilməz səsləndi və bunu, elə bil, özü də hiss edib: – Onsuz da, rus ilə bizimki qurtardı! – dedi.– Nə qədər ki, sən Hüseynqulu xan varsan, nə edirsən, et, rus sənin ən qəddar düşmənin olacaq! Belə olan təqdirdə axıracan getmək lazımdı. Divin biri getdi, o birisindən yapışaq! Hüseynqulu xan Molla Fərəcullaya baxıb əvvəlcə bir söz demədi, sonra qarşısında oturanları bir-bir gözdən keçirib: – Nə deyirsiniz?– soruşdu. Heç kim cavab vermədi. Hüseynqulu xan: – Allah baiskarın cəzasını versin!– dedi və dərindən köks ötürdü:– Molla Fərəculla ağsaqqalın dediyi olsun! Məclis iştirakçıları razılıq əlaməti olaraq başlarını tərpətdi. Hüseynqulu xan ayağa qalxdı:
– Cəllad Ibadullaya deyin, işini səliqəli görsün! (http://rc32.ucoz.ru/publ/f_ndiyev_elcin_yaradiciligi_hokmdarin_taleyi_3/1-1-0-249)

“Hökmdarın taleyi” əsərindəki bu səhnə “Baş” romanında da təkrarlanır (s.30-31), sadəcə burada Molla Fərəcullanın əvəzinə Molla Müzəffər Ağa danışır... Həm də hələ tələbəlik illərində oxuduğumuz “Mahmud və Məryəm” romanının intonasiyası, dili (hətta uzun-uzun və “və” lərlə dolu cümlələri), saray, hökmdarın məsləhət-məşvərət səhnələri, o səhnələrdəki saray əyanlarının monoloq və dioloqları, sevgilər, xəyanətlər, əhd-peymanlar, qətllər, edamlar, üsyanlar yadımıza düşdü...

Ədəbiyyatda həmişə bir “yazar problemləri” anlayışı olub, bir də “problem yazarları”... Elçinin mövzu və ideya axtarışlarında konkretlik və məhdudiyyət yoxdur, təkrarlar , yenidən qayıtmalar olsa da, müxtəlifliyə meyl və daha çox mövzuların yazarı olmaq istəyi onda həmişə güclü olub...

“Baş” romanını “Həyatım ağrıyır” (Ə.Məmmədxanlı) və “Bir də bu dünyaya gəlməyə tövbə” (A.Abdullazadə) - epiqraflarının sızıltılı, kədərli gələcəklərdən, tale və hadisələrdən xəbər verən ahəngi, ovqatı ilə oxumağa başlayırıq. Müəllif proloqda bir xəbərdarlıq da edir: “...tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar. Çünki heç nə tapmayacaqlar”. (s.3) (Elçin.”Baş”. “Azərbaycan” jurnalı, xüsusi buraxılış. Bakı, noyabr.2015,176 s.)

26 fəsildən ibarət olan romanın 1-ci fəslində M.F.Axundovun “Aldanmış kəvakib” povestindəki “Şah Abbas məşvərəti”ni xatırladan bir yığıncağın müşahidəçisi oluruq. Hüseynqulu xan Bakının taleyini həll etmək üçün əyan-əşrəfini toplayıb və məsləhət istəyir. “...Hacı Muxtar xalçalarının üzərinə salınmış döşəkçələrdə bardaş qurub dairəvi oturmuş məşvərət iştirakçıları – bəylər, Bakı ağsaqqalları, ətraf kəndlərdən dəvət olunmuş axundlar gözlərini o qıpqırmızı qızaran közə zilləyib susmuşdular”. (s.5) Əlacsız, Pusiya imperiyası kimi böyük bir hakimiyyətin təzyiqi qarşısında bu susqun, danışmağa söz belə tapmayan (“Hacı Həsənağa – Hüseynqulu xanın divan idarəsi katibliyinin rəisi- qarşısındakı dəftərçəsinə yazmağa söz tapmadı” –s.6) ağsaqqallar, axundlar, bəylər, mollalar, vəzir –vəkil və 500-600 atlı civarında olan müharibə gücü ilə bir iş görmək iqtidarında olmayan, müqavimət göstərə bilməyən Hüsynqulu xan artıq təslim vəziyyətində məşvərət keçirir. O, məşvərət iştirakçılarından ciddi heç nə gözləmir, ancaq “suda batan saman çöpündən yapışar” məntiqi ilə son addımını atır. “Anamın kitabı” tragikomediyasındakı dramatizmlə səsləşən bir nüansı da gözdən qaçırmaq olmaz. Bu zamanda da ruspərəst (Dilmanc Şərif bəy), türkpərəst (Mahmud bəy) farspərəst (Molla Müzəffər ağa) qüvvələr var idi. Dilmanc Şərif bəy deyir: “Rusiya bu gün böyük bir maarifə və mədəniyyətə, böyük bir elmə, ədəbiyyata hamilədir. Rusiya təəbəliyini qəbul etməklə və bu şərtlə ki, əhd-amanımıza bivəfa çıxmayaq. Rusiyanın maarif və mədəniyyətə doğru hərəkatından biz də fayda görəcəyik. Bizim də övladlarımız Peterburqda, Moskvada, Avropada təhsil alıb, qayıdıb gəlib millətimizi maarifləndirəcəkdir, ağalar...” (s.12) Yəqin ki, Bakı xanlığının dilmancı Şərif bəy böyük şərqşünas alimimiz M.Kazımbəyin prototipidir. “...O, artıq dəqiq bilirdi ki, provaslığı qəbul edib, Mixail adını almış Mixail Şərif bəy Peterburq universitetinin şərqşünaslıq kafedrasının müdiri, professordur”. (s.68)

Mahmud bəy isə dünyada yalnız türklərin mövcudluğu naminə qalan millətləri qılıncdan keçirmək istəyir: “ Allah mənə bir qılınc verəydi ki, bir həmləsiylə yer üzündəki bütün rusları, Avropadakı o firəngləri, ingilisləri, o birilərini, hamısını o qılıncdan keçirəydim!... Elə farsları da!...Ərəbləri də!... Həbəşləri də!...” Səlimin qarşısına İsmayıl, Süleymanın qarşısına Təhmas, Bəyazidin qarşısına isə Teymur çıxacaq...Molla Müzəffər Ağa isə dini tərəfdaşlıq duyğularından , ya nədənsə İrana meyillənir və bu siyasətini reallaşdırmaq üçün tarixi məqamdan istifadə edərək , Sisianovun başının kəsilib Fətəli şaha hədiyyə kimi göndərilməsini təklif edir. (s.49)

Görünür, “Yaddaşını itirmiş Azərbaycan”a da hərdən nələrisə xatırlatmaq lazım olur. XIX əsrin əvvəllərində Sisianov hadisəsi, Gülüstan, Türkmənçay müqavilələri, Azərbaycanın seçim qarşısındakı faciəvi durumu (Rusiya?, İran?, Türkiyə? Yoxsa tamam başqa bir “Güc”ə sığınmaq?), XX əsrin əvvəllərində yenə həmin ölkələrlə (sadəcə inqilablarla yenilənmiş) əlaqəli dramatik situasiya və XXI əsrin əvvəlləri – bu gün... Tarix və onunla birgə səhvlərimiz də təkrarlanır...

Romanın süjetindəki hadisələr tarixdən tanışdır. Müəllif hadisələrin tarixi gedişatına o qədər də müdaxilə etmir. Bakının Qoşa qala qapısı yanında Sisianovla danışıqlar zamanı Hüseynqulu xanın qardaşı oğlu (bəzi mənbələrdə əmisi oğlu) tərəfindən ona atəş açılması, başının kəsilib İran hökmdarıFətəli şaha göndərilməsi, Azərbaycan torpaqları uğrunda Rusiya, İran mübarizəsi, Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumları, Yemelyan Puqaçov macəraları, Yekaterina, Pavel, Aleksandr hakimiyyətinin oyunları və s. bu kimi reallıqlar məğzini itirmədən əks olunur. Əlbəttə, müəllifin də fikri bu yayğın tarixi məlumatları xatırlatmaq yox, məhz oxucunun tarixi yaddaşına müdaxilə etmək, hətta bir çox məqamlarda orada “redaktə” işləri aparmaq ideyası ilə bağlı olub...

Əsərdə obrazlar mənfi-müsbət, milli - qeyri-milli, qəhrəman-qorxaq, cəsur-namərd, sədaqətli-satqın və s. qütbləşmiş təsvirlər əsasında formalaşmayıb. Yaxşıdır ki, müəllif onların xarakterini, xislətini, mənəvi-psixoloji anatomiyasını müxtəlif situasiyalarda, tarixi-ictimai sınaq və imtahan məqamlarında açmağa cəhd edir. Bütün əhvalatlar, düşüncə, fikir axını “baş”la başlayan hadisələrdən qaynaqlanır. Romanda çoxlu “baş”larla rastlaşırıq. Fərqi yoxdur – fiziki ya zehni-ideoloji baxımdan kəsilmiş, cəllad, qəssab kötüyü üstündə dığırlanıb yerə düşən başlar ( məsələn, Sisianovun, Y.Puqaçovun, Dantonun başı), siyasət oyunlarında düşünmə qabiliyyətini belə itirən, qalmaqalda, rəncidədə olan başlar (məsələn, Hüseynqulu xanın və onun məşvərətçilərinin başı), dünyanın gedişinə hegomonluq idddiası ilə müdaxilə etmək istəyən başlar (məsələn, rus çarlarının başı), ictimai rəyini, razılıq və etirazını uğultu, qışqırıq və qiyamla bildirən kütlənin başı, kolbadakı spirtin içərisində saxlanılan “cinayətkar” qadın və kişi başları (“-Bilirsiniz,-dedi,-Peterburqda spirtin içində iki baş saxlayırlar. Biri kişi başıdır. O biri qadın başıdır. Onların ikisi də cinayətkar olub, ikisinin də başını kəsiblər. O başları kolbada spirtin içinə qoyub saxlayıblar ki, gələcək nəsillər bilsin Rusiyada cinayətkarlar necə olub. Çünki gələcəkdə dünyada cinayətkar olmayacaq. Kolbadakı o başların gözləri açıqdır, bir-birlərinə baxırlar. Deyirlər ki, gecələr qaranlıqda onların səsi gəlir, bir-birləri ilə danışırlar”. s.40) və s.

Kötük üstündə, balta altında olan başlarla davranış və ona insanların münasibəti maraqlı, istehzalı üsulla təsvir edilir. Ölmüş Sisionovun başını Tehrana göndərmək lazım olduğu üçün onu bədəndən ayırmaq tapşırığını Hüseynqulu xan Bakı qəssabı (maraqlıdır ki, cəllada yox, qəssaba həvalə edilir bu iş...) Balarızanın şəyirdi Lal Qafaroğluna tapşırır. “Lal Qafaroğlu Sərdarın saçlarından dartıb, boğazını qabartdı və sağ əlindəki dəhrəni (yəqin ki, burada müəllif dəhrə ilə baltanın o qədər də fərqli bir alət olmadığını düşünüb. Əslində isə Lal Qafaroğlunun əlində dəhrə yox, balta olmalı idi. Baş kəsiləndə baltadan, bağda “budama” işləri zamanı isə adətən dəhrədən istifadə olunur – İ.M.) qaldırıb, bir zərbə ilə boğazının dibindən kəsib knyaz Sisianovun başını bədənindən ayırdı.

Sisianovun başını torbaya atıb, leşini də ayaqlarından tutaraq sürükləyə-sürükləyə qaldırıb kəl arabasına yüklədilər və araba tərpənəndən sonra Qəssab Balarzanın şəyirdi kötüyə tərəf getmək istəyəndə, Qəssab Balarza onun qolundan yapışıb:

- Hara?-soruşdu.

Şəyird:

- Kötüyü götürək də , - dedi.

Qəssab Balarza açıq-aşkar bir mütəəssirliklə:

- Hara götürək, alə? –soruşdu,-Bunnan sonra mən onda ət kəsib camaata sataciyəm?

Və iri, kök bir adam olan Qəssab Balarza yanlarını basa-basa Qoşa qala qapısından uzaqlaşdı, quzu qoyunun dalınca düşən kimi, şəyird də onun ardınca getdi.

Qəssab Balarza bircə dəfə ayaq saxlayıb, uzun illər boyu ona xidmət etmiş o kötüyə tərəf arxaya baxdı və elə bil öz-özünə:

- Heyif onnan! –dedi.-Yaxçı kötüy idi, zay oldu!..” (s.45)

Amma bu kəsilmiş və torbaya qəssabların mal başı kimi atdığı baş-Sisianovun başı imperatriça Yekaterina zamanında eyni aqibətli başqa bir başın da təxminən bu cür həqarətə məruz qaldığının şahidi olmuşdu - Yemelyan Puqaçovun başının... Hətta onun edamı və başının bədənindən üzülməsi prosesi bir teatr tamaşası assosasiyası doğurmuşdu. Rusiyanın, onun hakimiyyətinin ən sadiq oğlu-Sisianov və Rusiyaya, eləcə də onun hökumətinə üsyan etmiş xəyanətkar “Yemelka”nın da başı kötük üstündən oxşar nifrətli nəzərlərin müşayəti ilə dığırlanmışdı... Edam meydanına qəfəsdə gətirilmiş Puqaçov qorxudan və həyəcandan əsim-əsim əsirdi, dayanmadan “mənim günahlarımı bağışla, ey provoslav xalqı!” –yalvarışını təkrarlayırdı. Lakin hökm oxunmuşdu və “xalq” deyilən bir toplm uğultu ilə ona lənət oxuyur və ən ağır üsullar ilə qətlə yetirilməsini istəyirdi. “Meydana yenə sükut çökdü və Puqaçov o müdhiş sükut içində dizləri üstdə edam kötüyünün qarşısında oturdu. Daha doğrusu, onun vücudu, elə bil birdən-birə əriyib, bir maye kimi dizləri üstə yerə töküldü. Cəlladlardan biri onun saçından yapışıb, başını edam kötüyünə tərəf çəkdi. O biri cəllad isə sağ əli ilə baltasını qaldırdı və elə o andaca Puqaçovun başı kötüyün üstündən eşafotun döşəməsinə düşdü. Elə həmin cəllad da tələsik – elə bil həmkarını qabaqlamaq istəyirdi - əyilərək, sol əli ilə başın saçlarından (?-İ.M.) tutub yuxarı qaldırdı və öz məharətindən gözgörəti qürur duyaraq, Yemelka Puqaçovun başını dövrə ilə eşafotun ətrafına yığılmış kütləyə göstərdi”. (s.37)

Kütlə, xalq, lümpenlər, proletariat, prollar... İctimai düşüncə əsasında formalaşıb sivil və mədəni cəmiyyət ola bilməyən qaraguruh bir toplum... Seçən, alqışlayan, qaldıran, qarşısında səcdəyə dalan da bu toplum, sonradan “yaratdıqları” qəhrəmanları satan, edam zamanı ən ağır cəzanı tələb edib, ölümünə tamaşa səhnəsi quran da bu toplum...

Müəllif Sisianovun uşaqlıq və gənclik illərinə qayıdanda xalq və hakimiyyət, fərd və cəmiyyət problemi ilə bağlı maraqlı bir “keçid” edir. Rus xalqının ictimai həyatı, düşüncəsi və tarixi-siyasi hadisələrin həllində onun sosial-psixoloji aspektdən qərar verə bilmək səviyyəsi göstərilir. Onu da qeyd edək ki, belə kütləvi səhnələrdə toplumun milliyyəti unudulur, çünki “kütlə” anlamının özünün spesifik “milliyyəti” olur sanki... Belə səhnələrdə bütün xalqların qaraguruhu bir-birinə bənzəyir, çünki, cahil və savadsız, fövqəlinsan ola bilməyən varlıqlarda heyvani-fizioloji üstünlük, təhlilsiz, analizsiz hökmlər, nifrət, qisas dalğası daha güclü olur. Məsələn, romanın 17-ci fəsilində Abbas Mirzənin hüzuruna qoyulmuş Başa (Sisianovun başına) Qurd Kərimin lomba ilə tüpürməsi və sonra şahın əmri ilə bu tüpürcəyi “yalaması” səhnəsində də bu instiktiv emosionallıq “cavabını alır”. “Və bu vaxt Qurd Kərim birdən-birə Başın sifətinə tüpürdü və Xacə Əbdül Rəhman Qurd Kərimin bu gözlənilməz hərəkətindən diksindi.

Qurd Kərim isə Azərbaycan dilində:

- Köpək oğlu!..-deyib, şəstlə Abbas Mirzəyə baxdı”. (s.126) Lakin Qurd Kərimin şaha xoşgetsin nifrəti təhlükəli bir reaksiya ilə üzləşir. “-Sil!..- dedi və o pıçıltıda elə bir ahəngrüba gücü var idi ki, elə bil, Abbas Mirzənin əmri yox, o pıçıltısı Qurd Kərimi – bu yekəpər, bədheybət adamı diz üstə başın qabağında çöməltdi və Qurd Kərim yaşıl ipək çuxasının ətəyi ilə Başın üzünə, burnuna düşmüş tüpürcəyi ehmallıca sildi

Abbas Mirzə gözlərini başa zillədi və hələ də dizi üstə çömbəlib ayağa qalxmağa cəsarət etməyən Qurd Kərim araya çökmüş o sükut içində fikirləşirdi ki, bu tüpürmə əhvalatının axırı nə olacaq?”s.127)

Bir çox səhnələrdə kütlənin “başı” imtahandan keçir... Hətta zalım, qəddar və qaniçən kimi təsəvvür edilən hökmverən başçılar çox zaman həmin o “məzlum” xalqdan ədalətli və humanist olur. Puqaçovun əvvəl başını kəsib sonra bədənini dörd yerə parçalayırlar. Amma xalq bu icraya qarşı hiddətlidir. O, əksini gözləyirdi, sanki tamaşanın ləzzətini qaçırdılar... “Ancaq kütlənin kəsilmiş başı görmək ehtirası indi qızğın bir narazılıqla əvəz olunmuşdu, qadınlar, kişilər də, qocalar, cavanlar da bir-birlərinə qarışıb bu dəfə cəlladları fitə basırdı, ən qatı küçə söyüşləri ilə söyürdü, çünki, hökmə görə, əvvəlcə diri-diri Puqaçovun əllərini, ayaqlarını kəsməliydilər, başı isə ancaq bundan sonra balta ilə bədənindən ayırmalıydılar və Puqaçovun diri-diri doğranmasını görmədiyi üçün kütlə hiddətə gəlmişdi, qeyzlə qışqırırdı:

- Cəlladlara rüşvət veriblər!..

- Cəlladlar oğrudur!..

- Cəlladlar rüşvət alıb!..

Və yalnız cəlladlar Puqaçovun leşini sürükləyərək kötüyün üstünə qaldırıb sidqi-ürəkdən və cidd –cəhd ilə əvvəlcə şaqqalayıb, sonra da dörd yerə böləndə, meydana yenə razılıq uğultusu yayılmağa başladı”. (s.38)

Tarix boyu çox olub ki, maarifçi ziyalılar, yazıçılar, filosoflar, siyasi liderlər və islahatçı humanistlər xalqa ədalətli şah arzulayıb, bu arzu uğrunda inqilablar edib... Ədəbiyyatımız da, Nizamidən üzü bu yana bu mücadilənin içərisində olub. Amma Axundovun Yusif Sərrac misalını unutmamışıqsa, həmin “ədalətli xalq” Yusif Sərracı “İsgəndər bəy Münşi”də asdı, “Axundovda” yoxa çıxartdı... Xalq dar ağacı, ölümlər, edamlar, qanlı baltalar görməyəndə hökmdarın hökmünü saymır, onu əfəl, fərsiz hesab edir... Ona görə dahi Nizami öz şahlarını ədalət məqamına çatdırandan sonra bir-bir sıradan çıxartdı. (Xosrovu oğluna öldürtdü, Bəhram Guru mağarada itirdi, İsgəndəri əvvəl tərki-dünya etdi, hakimiyyətdən uzaqlaşdırdı, sonra öldürdü və s.)

“Pavel Sisianov sonradan bildi ki, Ülyahəzrət II Yekaterina həmişəki kimi insanpərvərlik göstərərək, gizli əmr verib ki, Yemelka Puqaçovun da, quldur Afanasi Perfiliyevin də əvvəlçə başları kəsilsin, sonra şaqqalanıb dörd yerə bölünsünlər”. (s.41)

Sisianovun başı Mahmud bəyin atının yəhərindən sallanmış torbanın içərisində Tehran yolu gedirdi... Molla Müzəffər ağa da onlarla yanaşı addımlayırdı və hey Allaha yalvarırdı ki, bu “baş” təklifini Hüseynqulu xana verdiyi üçün Allah onu bağışlasın. Mahmud bəy, Molla Müzəffər ağa, Lal Qafaroğlu və Mahmud bəyin inandığı 14 atlı – hamısı bu “başı” müşayət edirdi... Müzəffər ağa yol uzunu azanın vaxtını, səslənməsini həsrətlə gözləyir ki, namaz qılsın...

Romanın sonrakı hissələrində Sisianovla, xüsusən Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlı xeyli təsvirlər yer alıb. Daha çox tarixi faktlar, adlar və xranalogiya roman mətni üçün ağırlıq gətirir. Xüsusilə də 14-cü fəsildə (Knyaz P.D.Sisianovun qraf N.İ. Timofeyev –Boqoyavlenskiyə məktubu s.101-106) . Sisianovun öz əsli-kökü, gürcü knyazlıqları və çarlıqları ilə bağlı kəskin siyasi addımları, qohumu çariça Mariya, onun general Lazarevlə olan münasibətləri, onun Lazarevi xəncərlə sinəsindən vurub öldürməyi bir çox məqamlarda uzadılır. Müəllif Sisianovun rus imperiyasına sədaqətini az qala hər epizodda vurğulayır. Sisianov Gürcüstanda çar nəslinin həmin torpaqlardan kökünü kəsmək üçün imperator Aleksandra müraciət edir ki, onların bütün nümayəndələrini başqa torpaqlara köçürmək üçün icazə versin...

Romanın əvvəlində oxucuda elə təsəvvür yaranır ki, müəllif Hüseynqulu xanı əsərinin baş qəhrəmanı seçib, lakin tədricən məlum olur ki, əslində yazıçını tariximizin “Sisianov” faktı narahat edib. Əsərdəki hadisələrə, insanlara, onların talelərinə və fəaliyyətlərinə ənənəvi “lənət olsun düşmənə”, “rədd olsun qəsbkarlar” şüarının pafosu ilə deyil, sadəcə, obyektiv və subyektiv səbəblərin soyuq məntiqi və analitik təhlillərdən doğan anlayışlı yanaşma ilə qiymət verilir...

Rus xalqının sadiq “əsgəri” olmuş, Rusiyanı, çar Aleksandrı səmimi bir sevgi ilə sevən Sisianov haqqındadır, əslində roman... Əvvəl onun canlı-canlı iştirak etdiyi hadisələr, sonra qanlı-qanlı əldən-ələ keçən başının macəraları və bunlarla da bərabər, rəngsiz, çəkisiz, ölçüsüz, zamansız, məkansız və heç bir ağrı hiss etməyən ruhunun “baş” itkisinin əzabından xilas olub Haqqa qovuşa bilməməsi... Qəribə hisslər keçiririk... Allahın yaratdığı insan vücudunu parçalayıb, başını bədənindən ayırmaq, vətənpərvər, igid, mömin qiyafəsində bu başla siyasi oyunlara girmək cəhdləri ikrah hissi doğurur... Hətta Mahmud bəygil Sisianovun başını Tehrana aparanda yolda evində gecələdikləri Hacı Muxtar bəyin də “gözü düşür” başa... Böyük qiymətə onu ruslara qaytarmaq xəyalında olur. Əlbəttə, pul müqabilində yox, rus hakimiyyətinə sadiqlik anlamında. Hacı Muxtar bəy də böyük güclər arasında sığınacaq, arxa axtarır və yenə “əbədi seçim” –rus?-türk?-fars? -qarışıqlığını çözməyə çalışır. Sonda isə: “Bu divlərin birinin istisində qızınmağı bacarmalısan – başqa cür mümkün deyil...” (s.81) Lakin bu Baş yolunda çox başlar rəzil olur. Onu müşayət edən Lal Qafaroğlu xəncərlə özünə qəsd edəcək həddə gətirilir, Mahmud bəy hörmətsizliklə eşiyə atdırılır... Baş isə ölümündən sonrakı taleyində insanlardan və hadisələrdən yüksəkdə - onların boş və mənasız bir gedişat olması nəntiqini anlayacaq dərəcədə uzaqda dayanır.

“Onun hissləri bir çəkisizlik, boşluq içində idi, yox, bu hisslər çəkisizlik içində deyildi, çəkisizlik elə bu hisslərin özündə idi, çünki bu hisslər daxildə deyildi, daxildən gəlmirdi, çünki daxil yox idi, cismani heç bir şey yox idi, bu hisslər bütün ətrafa yayılmışdı.

Əslində, burada (harada?) ətraf da yox idi. ətraf hər tərəf idi və hər tərəf ancaq şəffaflıq idi, bu hisslər də o şəffaflıq içində hər tərəfdə idi, buna görə də O, görünən o məkanda hər tərəfdə hər şeyi görürdü...

O, ONU maqnit kimi özünə çəkən qüvvəyə doğru uçmaq istəyirdi, o qüvvə ONU bütün bu gördüklərindən qoparıb aparacaqdı, ancaq görünən o məkan və görünən o məkandan ONA baxan Baş –ONUN Başı –ONU buraxmırdı...(s.5)

Cismani başda da narahatçılıq vardı, çünki “...boğazın laxtalanmış qanı quruyub siniyə yapışmışdı. Boğaz hələ əyilməmişdi, dik durmuşdu və Baş da boğazın üstündən açıq gözləri ilə dik baxırdı. Onun sağ gözü bərəlib az qala hədəqəsindən çıxacaqdı, sol gözü isə büzüşüb alacalanmışdı, ağzı azacıq açılmış, dodaqları yüngülcə sol tərəfə əyilmişdi və o anlarda Hacı Muxtar bəyə elə gəldi ki, baş kəsilməmişdən əvvəl nəsə demək istəyib, ancaq macal tapmayıb, deyəcəyi o sözlər də təpilib onun içində qalıb”. (s.76)

Gürcü qızı çariça Mariya da general Lazarevi, ona sevgi bəsləyən bir insanı xəncərlə vurub öldürür. Qafqaz ,sanki qatillər, qaniçənlər diyarıdır... lakin çariça generalı onu Peterburqa sürgün etdiyi üçün qətlə yetirir. Sisianovu isə Bakının açarını aldığı üçün öldürürlər... Rus siyasəti və Qafqaz, türk psixologiyası çarpazlaşmasında kluminativ notlar artır. Canişin Sisianovun düşərgəsinə daxil olub oradan at oğurlamaq istəyən Qafqazlının haqqında verlən qərar və ona raksiya diqqəti çəkir: “Avara bir Qafqazlının onun düşərgəsinə necə soxula bilməsindən hiddəti get-gedə artan və qızdırmanın da gəldiyini hiss edən baş komandan:

- Yox!-dedi,- Onun şalvarını, alt paltarını, qurşaqdan aşağı əynində nə zibili varsa çıxarın, özünü də eşşəyin belinə bağlayıb. buraxın! At aparmaq istədiyi evinə qoy onu eşşək aparsın!

Araya sükut çökdü və rus dilini bilmədiyi üçün gələcək taleyindən xəbərsiz olan Qafqazlı bu sükut içində bu dəfə yalnız açıq-aydın bir qorxu-hürkü ilə gah Sisianova, fon Qrendfalda, gah da Suxaryovla paruçikə baxırdı və bu vaxt kapitan Suxaryov gözlənilmədən:

- Qafqazlılarla belə hərəkət etmək olmaz, zati-aliləri!-dedi,- Onları asmaq olar, gülləlmək olar, ancaq bu cür təhqir etmək olmaz!”...

Əsərdə artıq Azərbaycan romançılığının məzmun və həcm yaratma prosesində spesifik “gedişlərindən” birinə çevrilmiş hər obraz üçün məhəbbət və erotik macəralar səhifəsi açmaq üsullarına da rast gəldik. Sisianov sirləri, Markiza Natalya de Lafonjenin məktubundan məlum olan “Mixail Jevaroviç de-Lafonje Sizin oğlunuzdur”- müasir mətbuat dillə desək, şok açıqlaması (hətta romanın bir yerində ONUN -Sisianovun şəffaf və hər şeyə laqeyid olan mövcudluğu Mişelin –knyaz və markizanın “nəcib” xəyanətləri və zinalıqları nəticəsində dünyaya gələn Mişel Sisianovun taleyi ilə bağlı bəzi nüansları müşahidə edəndə “bulanır”...), general Lazarev və çariça Mariya “kriminallığı”, Abbas Mirzə və Sarı Çoban qızı şəhvətinin sevgi ola bilməyən, məhəbbətə və sədaqətə çevrilə bilməyən “qara səhifəsi”, tarix və folklor mətnlərindən də oxucuya tanış olanYekaterina əhvalatları və s. Hətta xədim Xacə Əbdülrəhmanın insanlardakı bu hissin -sevgi və şəhvət hissinin sirrini öyrənmək istəyi ilə araşdırmaları, müşahidələri, fars və Azərbaycan dilində “Leyli və Məcnun”ları dönə-dönə oxuması da bir macəraya çevrilir...

Elçin romanında keçmişi təkrar vərqlədi. Əslində, məlum ifadə ilə desək, yenilər unudulmuş köhnələrdir... Unudulmuş köhnələri yenilədi... Biz də oxu prosesində ona qoşulduq... Rus, Azərbaycan, türk, fars tarixinin xronologiyasından seçilib əlaqələndirilmiş detalların bədiiləşdirilmiş fraqmentləri roman mətni yarada bilib. Bu mətndə Elçinin bütün əsərləri üçün ənənəvi, şablon dil və ifadə üsulları da çoxluq təşkil edir. Aydındır ki, mövzu keçidləri zamanı müəllifin üslubunu dəyişməsi çətin olur. Bəlkə də mümkün olmaz, lakin məsələn, “Toyuğun diri qalması”, “Dolça”, “Baladadaşın ilk məhəbbəti” ilə “Baş”ın eyni dil, təhkiyə, təsvir və Ifadə xüsusiyyətləri əsasında mətnləşdirilməsi monotonluq yaradır. Belə çıxır ki, oxucu mövzu, ideya və məzmunundan asılı olmayaraq Elçinin bütün əsərlərini eyni bədii ovqatla oxumalıdır. Roman bitir və düşünürük... Düzdür, başlar yadımızdan çıxmır, “mən Atillayam!” –deyib qışqıran türkçü Mahmud bəy, çar nəslinə Ağabəyimin qarğışı (çar Nikalayın başında çatlayan) və onlarla digər obrazlar, tarixin dərsləri, ibrətləri yadımızdan çıxmır, Elçinin “və”lərlə dolu, bitməli yerdə bitməyən uzun-uzun cümlələrinin intonasiyası yadımızdan çıxmır, amma ideya, qayə, bədii kəşf, nə idi, nədən ibarət idi? Böyük yazıçıların böyük romanları böyük oxucular, böyük ideyalar, nəzəriyyələr, yeni estetik –intellektual baxış və düşüncə istiqamətləri yaradır. Hətta yeni, fərqli düşünə bilən oxucu tipi də yarada bilir. Bu roman bizdə nəyi dəyişdi? Bu roman bizim cəmiyyətin ictimai şüuruna hansı ideya toxumunu əkdi? Bu roman bizim bugünkü Azərbaycan ictimai-siyasi, sosial gerçəkliyində hansı “ürəyimizdən tikan çıxardan” cəsarətli bəyanatını obrazlı şəkildə səsləndirdi? 50 illik yaradıcılıq təcrübəsi olan, zamanlar, mühitlər, məmləkətlər, hakimiyyətlər görmüş, bir kitabxanalıq kitab oxumuş Elçin bu gün bizə- tarixinin keçidində ilişib qalmış, isti, soyuq, psixoloji və s. müharibə və mübarizələr burulğanında başını itirmiş azərbaycanlı oxucusuna elə bunumu demək istəyirdi? Sonda “eh”-deyib, (sanki, hər şey –dünya da, hakimiyyət, var-dövlət, həyat və ölüm –hər şey heçə, sıfıra bərabərdir) sükutla xəyala dalmaq ədəbiyyatın öz insanı üzərində qələbəsi ya onun qarşısında məğlubiyyətidir?..

Hilbert Çesteron tarixi romanlar haqqında deyirdi ki, tarixi romanların müəllifləri obrazlarını iki-üç istiqamət üzrə hərəkət etdirir. Belə tarixi roman yazılanda hadisələr bir neçə epoxada, beş-altı tarixi obrazların fonunda cərəyan edir. Bu dövrün insanları haqqında bir neçə epizoddan başqa yeni nə isə yazmaq olmur. O səbəbdən də bəlli mövzuların ədəbiyyata gəlişi təkrarlara gətirib çıxarır. Bu bir rəssamın bütün ömrü boyu yarpaq çəkməsinə və ya heykəltəraşın daima heykəlin sağ ayağını düzəltməsinə bənzəyir. Qədim zamanlardan bu yana müxtəlif hadisələr, dünyamiqyaslı, tarixin gərdişini dəyişən hadisələr olub. Onların üzərindən görmədən keçid etmək doğru deyil...

Romanın finalında oxuyuruq.”-Ya Allah ,- deyərək barmağını Başa tuşladı.- Bu, heç!.. Bu buyquq quluydu!.. Şuşa müsibətinin cəzasını bunların hökmdarına ver! Eşidirsən, məni? Mən ömrümün axırına kimi gecə-gündüz Sənə yalvaracağam ki, Rusiya hökmdarı da öz övladları ilə, xanımı ilə birlikdə, bir-birinin gözü qabağında gülləbaran edilsin!.. Və Ağabəyim ağa səsini qaldırdı – bu səsdə xahişdən, yalvarışdan qat-qat artıq dərəcədə bir hökm var idi.- Sən bunu eşidəcəksən!.. Eşidirsən məni?! Sən bunu eşidəcəksən!..

Baş şam işığında işıldayan şüşə gözləri ilə Ağabəyim ağaya baxırdı və elə bil, o anlarda yarıaçıq ağzı ilə nəsə demək istəyirdi”. (s.174)

İmperiyaya qadın şairənin qarğışı ilə tamamlanan romanın ideyası belə bəsit düşüncədə doğrudanmı bizim tarixi taleyimizin düyününü aça biləcək çıxış yolu hesab edilə bilər?.. Müəllif tarixdən necə istifadə edib, Soljinitsinin ifadəsi ilə desək, “realistcəsinə rəvayət söyləmək üslubu” tarixi roman spesifikası ola bilərmi? Elçin neçə dövlətin neçə əsrlik tarixini araşdırır, təhlil və analiz edir amma bu günə gəlib çıxa bilmir, bu günə toxuna bilmir. Söhbət bu günümüzlə oxşar, paralel hadisələrin təsvirindən getmir... Romanda tarix təkrarlanır, hadisələr çoxalır, lakin taleyimizin 200 il bundan əvvəlki kuliminativ nöqtəsində dirənib qalırıq. İki əsr əvvəldəki siyasi münasibətləri, tarixin dərslərini, faciələrini, təkrarını qələmə almaq hələ müəllifin ictimai təfəkkür sahibi kimi bu günün yazarı olmaq səlahiyyətini təsdiq edən fakt deyil. Belə çıxır ki, bu günün ictimai-siyasi, sosial faciələrindən də kimsə daha iki əsr sonra yazacaq... 200 illik gecikmələr ədəbiyyat tarixi, dünyanın inkişaf sürəti üçün çox deyilmi? Bizim təcrübəli romançılarımız görə biləcəklərindən və yaza biləcəklərindən bu şəkildə yan keçəndə adam inciyir... Yəqin ki, hələ ədəbiyyatşünaslarımız romanın aktuallığı haqqında fikir söyləmək istəyəndə bu cümləni çox təkrarlayacaqlar: “Romanda təsvir edilən tarixi hadisələr bu günümüzlə də səsləşir”...

Bəli, adamı sarsıdan da məhz bu “səsləşmələr”, “da”,”də”lərdir... Mən bir oxucu kimi bu günümün bədii şəklini, obrazını, portretini istəyirəm yazıçımdan, romançımdan. Onu hansı üsulla, hansı mövzu və ideya qəlibində təqdim etməsi məni az maraqlandırır. İstər tarixə qayıtsın istər yadplanetlilər haqqında yazsın, fərq etməz, yetər ki, orada mən və mənim cəmiyyətimin insanları olsun –bütün tərəfləri ilə...

Mətnin digər qüsurlarından biri də ondan ibarətdir ki, müəllif sanki hər cümləsini şərh edir. Aforizmlər, şeir misraları və ya sadəcə müəllif təəssüratı ilə obrazlara və hadisələrə münasibət formalaşdırır. Məsələn, “General-mayor Lazarev imperiyanın ləyaqətli bir soldatı idi və şərəfli bir soldat ömrü yaşayaraq, Zaqafqaziya riyakarlığının qurbanı oldu” (s.57) Axı bu roman cümləsi deyil, oçerk, publisistik məqalə, rekveym və s. mətninə aid ola biləcək bir cümlədir. Lazarevin “ləyaqətli və şərəfli imperiya əsgəri” olması faktını, eləcə də “Zaqafqaziya riyakarlığı” qənaətini oxucu özü əldə etməlidir ( əlbəttə ki, bədii mətn mühitində). Elçin “şərəf”, “ləyaqət”, “riyakarlıq”, “mənfur”, “igid” və onlarla belə ifadələrdən istifadə edərək obrazlarını səciyyələndirməyə çalışıb. “Mənfur Xacə Sarı Çoban Qızına baxıb gülümsədi... (s.113) Belə açıq təqdimatlar bədiiliyin şərtlərini pozur... Romanda xeyli yer tutan politoloji izahatlar da bu qəbildəndir. Məsələn: “Şirvan xanlığı onsuz da əvvəl-axır rus padşahlığının qəyyumçuluğunu (?-İ.M) qəbul edəcəkdi, çünkü, belə görünür ki, tarixin gedişatı artıq Qərbin irəliləməsi, Şərqin geridə qalması ilə hərəkət edir. Cavad bəy kimi igid bir adam nəyə nail ola bilərdi? Gəncə xanlığı kimi bir xanlıq yer üzündən silindi, Gəncənin adı da dəyişdirildi, yüz ikldən sonra kim xatırlayacaq bu adı? Ancaq üləmalar yazacaq ki, bu şəhərin belə bir adı olub, halbuki, Cavad xan da İbrahimxəlil xan kimi öz xanlığını rusların təəbəçiliyində (? -İ.M) qoruyub saxlaya bilərdi və camaatı da bundan faydalanardı. Ona görə faydalanardı ki, artıq elm, təhsil qərbə meyl etmişdi – bu daha gün işığı kimi aydın bir şey idi və bunu görməmək nadanlıq idi. Səlahəddin kimi bir təbib neçə müddət idi ki, Hürü Bəyim xanıma bir əlac tapa bilmirdi, çünki elmi çatmırdı və bunu heç kim başa düşməsə də Hacı Muxtar bəy başa düşürdü. Bu gün türkəçarə ilə, ya da ki, yalnız ilahiyyatı yaxşı bilməklə irəli getmək olmazdı – bax Sultan Səlim ağıllı adamdır, üzünü Avropaya tutub, nadanlar imkan versə, onun Nizami-Cədidi, şəksiz ki, Osmanlılara böyük fayda gətirəcək. Millət ürfan olmalıdır və millət ürfan olmasa, onun aqibəti də fəna olacaqdı –hacının buna şəkk-şübhəsi yox idi və rus ordusundakı nizam-intizamı, qayda-qanunu gördükcə Hacı Muxtar bəyin belə bir ürfan arzusu get-gedə artırdı” (s.81)

Romanda dil – üslub, təsvir, təhkiyə və məna-məzmun baxımından bəzi qüsurlarla rastlaşdıq. Məsələn, “...Hüseynqulu xan manqal gətirdib, məşvərət otağının ortasına qoydurdu. Manqalın qızaran közləri, elə bil, bu otaqdakı həyəcanı, qorxunu-hürkünü, çaşqınlığı daha da artırırdı...” (s.5) Sarayda, otağın ortasında üstüaçıq manqalda fasiləsiz yanan kömürü (onun yaratdığı dəm qazını) necə təsəvvür etmək olar? Bu günlərdə bölgələrimizin birindəki çayxanada kömürdən bu şəkildə istifadə edən cavan bir oğlan dəm qazından zəhərləndiyi üçün dünyasını dəyişmişdi... Təbii ki, otağı manqalla yox, yəqin ki soba vasitəsi ilə qızdırmaq olar...

“...Novxanı düzlərindən yığılan donbalan Avropanın, ələlxüsus da Firəngistanın şah saraylarında ən ləziz və bahalı ərzaq hesab olunurdu...” (s.7) Donbalanın Novxanı düzlərində olub-olmamasını dəqiq bilmirəm, amma ərzaq yox, yabanı bitkidir.

Bir abzaslıq cümlənin strukturuna, (mən uşaq vaxtımdan Elçinin əsərlərini oxuyurdum və həmişə də fikirləşirdim ki, o, niyə nöqtədən az istifadə edir, cümlə göz-görəti bitir, amma o, elə hey vergüldən, tredən qoyub sözünə davam edir...) xüsusən, oradakı “ehtiyac” sözünə əlavə edilmiş məcaza diqqət edək: “Az qala iki saat idi ki, məsləhətləşmələr gedirdi və uzun-uzadı danışıqları xoşlamayan, çox zaman kimin nə dediyinə əhəmiyyət verməyib öz bildiyini edən, kəmhövsələ bir adam olan Hüseynqulu xan bu dəfə heç kimin sözünü kəsmirdi, məclis əhlindən kim söz istəyirdisə, danışırdı və düzdür, bəzən fikir xanı bu məşvərət otağından uzaqlara aparırdı, danışanın nə dediyinin fərqinə varmırdı, ancaq xanlıq taxtında oturduğu dövrdən bəri, bəlkə də, ilk dəfə idi ki, onun içində məsləhətə, təklifə ülgüc ağzı kimi iti, həssas bir ehtiyac var idi – bu boğulanın təhtəlşüur olaraq saman çöpündən yapışmaq cəhdi kimi bir şey idi və Hüseynqulu xan özü də bunu başa düşürdü”. (s.5) “Özü də bunu başa düşürdü” –cümləsinin isə romanda sayı hesabı yoxdur...

“Sərdar Sisianov altı mindən artıq soldatla şəhərin qabağını kəsmişdi, general Zavalişinin gəmiləri də yenə gəlib Bakının qabağını kəsdirmişdi, Hüseynqulu 400, lap olsun500-600 atlı ilə hücum çəkib rus ordusunu məğlub edəcəkdi?” (s.6) Bu da bir cümlə hesab olunur. Sintaktik təhlildə müəllimləri mat qoyan bir cümlə. Belə cümlələrin də sayı sayılmazdır...

Müəllif təhkiyəsində də xeyli qüsurlar var. Məsələn, müəllifin dilindən deyilir: “O vaxtkı rus padşahı, indiki Aleksandrın atası, taxta çıxan kimi, qoşunları geri çağırdı, Sisianov da onlarla birlikdə rədd olub çıxıb getmişdi, Bakı xanlığında rus qalmamışdı, ancaq bunun əhəmiyyəti yox idi, Qacarın qəzəbindən qan qoxusu gəlirdi və şah onu iki dəfə Şuşaya çağırdı”. (s.8) Əlisa Nicat Viktor Suvorovun “Sonuncu respublika” əsərini tərcümə edəndə Amerikanın və Ruzveltin adı gələn kimi qəflətən mötərizə açıb qarğış yazırdı: “Başın batsın Ruzvelt!”(həmin kitabda s.26) Tərcüməçi və təhkiyəçi mətnə, süjetə necə müdaxilə edə bilər?..

Və yaxud, “panika”, “informasiya”, “traktirşik”, “soldat”, “kapral” “sapoq”,“arxitektura” “isterik”və s. onlarla xarici sözü olduğu kimi bədii mətndə işlədən müəllif “qarnizon” sözünün mənasını izah edir: “Bakıda liman şəhərinin üsul-idarəsi yaranmalı idi, şəhərdə min nəfər rus soldatından ibarət qoşun dəstəsi – ruslar buna qarnizon deyirdilər –yerləşdirilməli idi, xana isə ildə on min qızıl rubl məvacib veriləcəkdi – bir sözlə, Bakı xanlığı Cənubi Qafqazın xəritəsində yoxa çıxırdı”. (s.12)

“Knyaz əlahəzrətdən Yelizavetpolun icazəsini aldığı kimi, Aleksandropolun da icazəsini alacaqdı və bu arzu, bu istək neçə müddət idi ki, gözəl bir yapışqan kimi, knyazın beyninə yapışmışdı” (s.21)

“Knyaz Sisianov bu gün səhər tezdən 200 süvarisinin müşayəti ilə həmin yerə gəldi, ancaq burada onu Molla Müzəffər Ağanın başçılığı ilə duz-çörəklə Bakı ağsaqqalları gözləyirdi, Bakı Qoşa Qala Qapısının açarını da onlar təqdim etmək istəyirdi”.(s24)

“Knyaz Sisianov əvvəlcə heç nə anlamadı, təəccüblə fikrindən keçdi ki, bu güllə səsləri haradan gəlir və eyni təəccüblə də yerə sərilmiş yavərinə baxdı, ancaq Hüseynqulu xanın isterik çığırtısından sonra başa düşdü ki, nəsə, nəzərdə tutulmamış bir hadisə baş verib.(s.26)

“Uzun boylu, bədheybət görkəmli, çopur, təknəsi çıxan (?-İ.M) Afanasi Perfiliyev isə açıq-aşkar özündə deyildi...(s.37)

Romanın kuliminasiya nöqtəsində, (o yerdə ki ictimai-siyasi hadisələrin mahiyyəti məntiqlə izah olunmalıydı) müəllif Hüseynqulu xana 4-5 şairin şeirini dedizdirir. (M.P.Vaqifin 13 bəndlik “Görmədim” müxəmməsini, Saib Təbrizinin, Ş.İ.Xətayinin və Aşıq Qurbaninin şeirlərini)...

“...kim inanar ki, belə bir məqamda xanın bütün içindən şeir misraları püskürür və o da var gücü ilə o püskürtünün ağzını qapamağa çalışır... Və o misralar qarşısıalınmaz sürətini artırdı...” (s.30-31) və s.

Bu cür misalların sayını istənilən qədər artırmaq olar. Amma mən məqalənin girişindəki fikrə qayıtmaq istəyirəm. Ağılın, intellektin, mədəniyyətin, humanizmin zor və yalanla üz-üzə, göz-gözə dayandığı və ikincinin qalib gəldiyi bir vaxtda ədəbiyyat kimin, nəyin tərəfindədir? Tarixin dolanbaclarıda səngər qurub rəvayət danışmaq... Eh, siz Azərbaycan romançıları...

Müasir dünya və eləcə də rus ədəbiyyatı öz sözünün –bədii, obrazlı, fəlsəfi və siyasi sözünün qiyməti, dəyəri uğrunda mücadilə edir, baş qoyur... Bu mübarizə və mücadilənin, söz şəhidliyinin özü artıq böyük ədəbi həqiqət obrazına, simvoluna çevrilməkdədir. Bu ədəbi qəhrəmanlıq olmadan eyni cəmiyyətdə yaşayan oxucu ilə yazıçı arasında ancaq şirin-şirin yalanlar, şirin-şirin nağıllar mürgü döydürəcək...

# 1196 dəfə oxunub

Oxşar xəbərlər

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #