Bu şeir müharibə haqqında ən gözəl şeirdir

Bu şeir müharibə haqqında ən gözəl şeirdir
24 may 2013
# 10:09

Kulis.Az İsa İsmayılzadənin “Güllələr demədi…” şeirini təqdim edir.


Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…


1971

# 16744 dəfə oxunub

Oxşar xəbərlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər