Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Yazıçı Mirmehdi Ağaoğlu

Yazıçı Mirmehdi Ağaoğlu

15 oktyabr 2026
# 13:00

Bu gün yazıçı Mirmehdi Ağaoğlunun doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "Mirxalis" adlı yeni hekayəsini təqdim edir.


Babam, nənəm və
övladları üçün

Əmim zəng vuranda palçıqlı cığırla dəfn yerinə tələsirdim.

“Hardasan?”, - ötkəm səslə soruşdu.

“Qəbiristanlıqda, - dedim, - sən hardasan?”

“Evdə!” – Üstümə acıqlandı.

“Dəfnə getmədin?” – Təəccüblə sual verdim!

“Bir adam tapılmadı göndərəsiz məmənin yanında qalsın?” - əmim özündən çıxdı.

“Mən kənddə adam tanıyıram? Qızlardan biri kimisə yollayardı də. Biz özümüz güclə çatmışıq, birbaşa qəbiristanlığa sürdüm. Uje başlayıb”.

“Nə isə!” – Əmim təəssüflə söylədi və mənim vəziyyətdən çıxmağım üçün verəcəyim cavabı gözləmədən telefonu bağladı.

Elə bil içimdə nəsə qırıldı.

Dəfn yerinə çatanda cənazəni artıq qəbrə qoymuşdular – üstünü torpaqlayırdılar. Molla “Yasin” oxuyurdu. Payızın yağışına-soyuğuna baxmayaraq xeyli adam gəlmişdi. Dəfn yerinə yaxınlaşanda qohum-əqrəbanın kədərli çöhrələrini, yaşlı gözlərini görüb lap pis oldum, hıçqıraq boğdu, ayaqlarım tutuldu, irəli gedəmmədim. Oğlum da yanımda dayandı. Bizdən qabağa düşən atamsa camaatın arasına girmişdi, təziyədarlıq edənlərə ağlaya-ağlaya qarşılıq verirdi, səsini aralıdan eşidirdim.

Hələ yoldaykən kənddən zəng vurub hansı tərəfdə olduğumuzu soruşanlara tapşırmışdım ki, biz gəlib qapıya çatmayınca cənazəni qaldırmasınlar, gözləsinlər. Bizi keç, heç olmasa, atam bacısı ilə vidalaşa bilsin, onu son mənzilə yola salanların arasında addımlasın. Ancaq atam razı olmamışdı, qoy, necə bilirlər, o cür də etsinlər. Dünya görmüş kişiydi, yaxşı anlayırdı ki, bibimin basdırılmağı gecikdikcə, şivən qoparan yetim qızları, üz-gözünü cıran bacıları, yas yerinə gələn qadınlar sakitləşən deyillər.

Maşınım nasaz olsa da Bakıdan kəndimizə qədər uzanan yüz yetmiş kilometrlik yolu bacardıqca möhkəm sürmüşdüm. Babamı, üç qardaşını çiynində son mənzilə yola salmış atam dəfnin ortasınasa çata bilmişdi. Adamın ümidi hər şeydən kəsiləndə doğmasının dəfnində iştirakı da təsəlli və fərəh bilir. Görünür, bu da hər adama nəsib olmayan bir naxışdır. Qərib əmimin də əlinə ilk dəfə belə imkan düşmüşdü.

Ancaq bibimgildən üçcə ev aralıdakı ata yurdunda qalsa da son dəfə öz qardaş borcunu yerinə yetirib dəfndə iştirak edə bilməmişdi.

Gərək edəydi!

Ən çox onun haqqı çatırdı!

Qardaş-bacıların vətəndə yaşayanlarının ən böyüyü, ağsaqqalı kimi bu matəm izdihamının başında dayanmağı vacib idi.

Çaşqınlıqdan bunu düşünən olmamışdı.

Əmim ömür sərmayəsinin xeylisini qəriblikdə xərcləmişdi. Mən gözümü açandan onun sorağını Moskvadan almışdım. Bir ara doxsanıncı illərin əvvəllərində arvadı və oğlu ilə Bakıya köçsə də vətəndə baş çıxara bilmədiyini görüb təzədən qürbətə sığınmışdı. İki-üç ildən bir, xüsusən Novruz ərəfəsində, yaxud doğmalardan kimsə öləndə qısa müddətli gəlişlərini nəzərə almasaq, bu ilin yayına qədər ömrünü orada keçirmişdi.

Bu ilin yayında isə atamgillə Vatsap danışıqlarının birində qərarını açıqlamışdı: Kənddə gəlir, yaşamağa.

Atamın qardaşları içində Mirxalis əmimi hamı çox sevirdi. Hərçənd digər əmilərim də xasiyyətcə həlim sayılırdılar - deyəsən, həlimlik bizim qanımızdaydı, - ancaq Mirxalis əmim tərsliyi tutana qədər – bu da bizim qanımızdaydı – hamıdan həlim idi, nadir hallarda təmkinini pozardı. Onda da susub adamın gözlərinə zillənərdi. Odur ki, onu çox istəyərdik. Onu çox istəməyimizin başqa mühüm səbəbi də vardı. Əmim qürbətdə yaşasa da özünün iki ailəsi ilə yanaşı – iki dəfə evlənmişdi, görəsən bu da qanımızdan gəlmirdi? – həmişə doğmaları ilə də maraqlanıb. Düzü, Moskvada böyük biznesi olmayıb, ömür boyu mənzil istismar idarəsində çilingər işləyib, bununla belə qənaətlə yığdıqlarını Azərbaycanda qoyub getdiyi qohum-əqrəbası üçün də xərcləyib. Onun vətənə hər gəlişi kiminsə çətin işinin həlli demək idi: Xəstə varsa, müalicəsinə köməklik ediləcək, toyu olan varsa, cer-cehizindən alınacaq, yas düşübsə, xərcin çoxu çəkiləcək. Gələ bilməyəndə də pul yollayardı. Vaxtında bibimin müalicəsi üçün də az pul tökməmişdi.

İsti yay günlərinin birində şimaldan əsən sərin mehlə birlikdə əmim də qayıtdı. Qayıtdı, nə qayıtdı! Gecəni bizdə keçirəndən sonra səhəri gün tezdən kəndə yollandı. Ev neçə vaxtdır boş qalmışdı. Əmim çoxdandır yiyəsiz qalan ata yurduna əl gəzdirdi. Otaqlardan birinin dəlmə-deşiyini qapayıb içində yuyunmağa şərait yaratdı ki, öz gücünə yerindən dəbərə bilməyən doxsan üç yaşlı məməsini çimizdirmək asan olsun. Hazırlıq işləri yekunlaşandan sonra gedib arvadı gətirdi.

Nənəm axır iki ili yeznəgildə qalırdı. Baba yurdunda yaşayan mərhum əmimin böyük oğlu işini şəhərə salandan məcburən nənəmi bibimə tapşırıb arabir ailəsini də özü ilə Bakıya aparırdı. Əvvəl-əvvəl bir həftə, on gün çəkən bu gedişlər sonralar bir aya, ay yarıma qədər uzandıqca elə bil əmimoğlugil də, bibimgil də, onlarla bahəm bizqarışıq başqa qohumlar da arxayınlaşdılar. Nənəm də tədricən yeznə evinin bir sakininə çevrildi. Təkcə atam, bir də Rusiyada yaşayan qardaşları narazıydılar. Analarının yeznə qapısını döyməsini özlərinə sığışdırmırdılar. Məməsinə baş çəkməyə getdiyi hər səfərdə onu özü ilə Bakıya gətirmək istəyinə bibimin bir bəhanə tapıb “yox” deməyi atama lap yer edirdi. Əmilərimlə Vatsapla söhbət edəndə, danışdıqca, kükrəyib daha da özündən çıxır, onların da möhnətini artırırdı. Səkkiz oğul doğmuş ana yeznə qapısında ölsəydi, qardaşları el qınağından heç nə xilas etməzdi. Günü-gündən geri gedən, arıqlayıb çöpə dönmüş qadını Bakıya gətirib bizdə saxlamağın pis tərəfi o idi ki, birdən ölsə, öz evinin hənirini içinə çəkmədən gözlərini yumacaqdı. Təkcə bütün el-obanın yox, ailədə özüqarışıq övladlarının da Ağa deyib çağırdığı əri ilə birlikdə hər cür zəhmətə qatlanıb on bir övlad böyütmüş, ömür boyu kənd-kəsəyin xeyrində-şərində ağbirçəklik etmiş məməmin nicat dalıyca camaatın üz tutduğu seyid ocağında ölməyi bəyəniləndi. Üstəlik məməm də yaddaşının çoxunu itirməsinə baxmayaraq, dindirəndə dəfələrlə “Məni evimə aparın” deməkdən yorulmamaqla elə bil bu fikri təsdiqləyirdi. İndi atamgil pis vəziyyətdə qalmışdılar, çıxış yolu tapa bilmirdilər. Gərgin müzakirələrə Mirxalis əmim son qoydu: Kəndə qayıdıb arvad ölənə qədər ona özü baxacaqdı, vəssalam!

Əmim məmənin qulluğunda elə nəvazişlə dururdu ki, handa bir qız övladı anasının qayğısına o cür qalmazdı: arvadı özü yedirir, içirir, lazım gələndə altını dəyişir, çimizdirirdi.
Əmim təkcə nənəmin qayğısına qalmaqla kifayətlənmir, boş vaxtında bağda yer şumlayıb payızlıq göy-göyərti əkir, arx qazır, mərz çəkir, Ağasından yadigar ağacların quru budaqlarını budayıb onları sağlamlaşdırmaqla yanaşı qışa odun tədarükü görürdü.

Artıq bir ay sonra həyətə girəndə hiss olunurdu ki, buraya bizim tərəflərin əkin-biçin qaydalarından uzaq, zəhmətkeş bir əl dəyib. Mirxalis əmim Moskvadakı daçasında nə yaratmışdısa, burda da onun eynisini tətbiq etmişdi. Bir sözlə, bağ-bağat russayağı bir ab-havaya bürünmüşdü.

Biz hamımız yetmiş yaşında bir kişinin anasının qulluğunda durmaq üçün bütün işini-gücünü atıb Moskva kimi nəhəng, izdihamlı şəhərdən balaca, şəraitsiz kəndə gəlməsinə heyrət və ibrət nümunəsi kimi baxırdıq. Özü də əmim təkcə anasının qulluğunda durmur, bağ-bağçada çalışmır, eyni zamanda ocağımızı məmənin ehtimal olunan ölüm gününə hazırlayırdı: həyət-bacanı sahmana salır, köhnə evin divarlarında bərkitmə işləri aparır, suvayıb boyayır, çən tikirdi...

Ancaq biz məməmin ölümünü gözlədiyimiz vaxt bibim rəhmətə getdi.

Məməm evinə qayıdan gündən bibimin kefi pozuldu. Əvvəldən çəlimsiz olan yazıq qadın Bakıda xəstəxanaları gəzdikdə bir az xəstəlik, bir az da həkimlər yeyə-yeyə günü-gündən əriyib çöpə döndü, uğursuz əməliyyatlara girdi və nəhayət bu gün səhər canını tapşırdı. Xəstəxanadan zəng vurub əmimə bacısının öldüyünü deyəndə xəbər artıq kəndə çatmışdı, bilirdi.

Qəbri torpaqla doldurana kimi molla da “Yasin” surəsini oxuyub bitirdi. Məzarı tamamilə torpaqlayıb, belin sapı ilə artığını sıyırdıq. Qəbrin üstünə qırmızı örpək sərəndə kənd adamlarından kimsə dilləndi ki, gərək yoxdur, köhnəlmiş adətdir. Amma ona fikir verən olmadı, iki nəfər örpəyi torpağın nəm üzünə çəkdi, qıraqlarına da daş-kəsək qoyduq ki, külək qaldırmasın.

Torpağa tapşırma işləri yekunlaşandan sonra molla yenidən fatihə verdi və mərhumənin yas mərasimi barədə ordakıları məlumatlandırdı.

Mən qohumların bir neçəsi ilə görüşsəm də bibimin tələbə oğluna yaxınlaşmağa cürətim çatmadı. Özümdə deyildim. Boğazımın qəhərini arıtlamaqdan hülqumum ağrıyırdı. Hər şey o qədər sürətlə keçib getmişdi ki, gerçəklikliyə yetişə bilmirdim. Bir insanın yox olmağı bu qədər ani baş verməməli idi.

Qəbiristanlıqdan çıxanda gözlərim camaatın içində Mirxalis əmimi axtardı. Yeznəmizə, atama başsağlığı verənlər ona da başsağlığı verməli idilər. Gərək qız-gəlindən kimisə yollayardılar, məmənin yanında qalaydı, əmim də gəlib dəfnə qoşulaydı. Mənim başım yola qarışmışdı-qarışmışdı, o birilərinin fikri hardaydı?

Dəfndən sonra maşına qayıtdıq. Anam, yoldaşım, balaca oğlum bizi gözləyirdilər.

Maşını işə salanda atamdan hara gedəcəyimizi soruşdum. Fikirləşdim, birdən deyər məməgilə sürüm, elə getmişkən, birtəhər əmimin könlünü də alaram. Ancaq atam dedi birbaşa bibimgilə gedək.

Qapıya çatanda gördüm Mirxalis əmim də gəlib. Başına fəslə uyğun olmayan xaki rəngli yay panaması qoymuşdu. Buralarda yaşlı adamlar, xüsusən, məclislərə gedəndə o cür panama qoymazlar. Ancaq əmim qoymuşdu, yazıq bibim görsə, deyərdi, yenə rusluğuna salıb. Beli də elə bil həmişəkindən çox bükülmüşdü, riyaziyyatdakı böyük-kiçik işarəsinə bənzəyirdi.

Yaxınlaşıb görüşdüm.

“Məməni kimin yanında qoydun?” – ehtiyatla soruşdum.

“Qumru sağ olsun, gəldi”, - qonşu qadının adını çəkdi. Səsinə həmişəki həlimliyi qayıtmışdı.

“Onu bayaqdan çağırmaq olmazdı?” – Özümə haqq qazandırmaq naminə dilləndim.

Əmim cavab vermək əvəzinə, başını yana əyib gözlərimin içinə diqqətlə baxdı. Ürəyi dolu olanda bu cür susub baxmaq onun köhnə adəti idi.

Mirxalis adı iki hissədən ibarət olub “saf və pak rəhbər”, “təmiz niyyətli, soyu-kökü hörmətli insan” kimi yozulur.

Məmə - bəzi dialektlərdə anaya müraciət forması.

Yanvar 2026

# 166 dəfə oxunub

Oxşar xəbərlər

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

11:00 15 oktyabr 2026
"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

16:00 14 oktyabr 2026
Bir fincan çay - Katrin Mansfildin hekayəsi

Bir fincan çay - Katrin Mansfildin hekayəsi

15:00 14 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

17:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər