Qar Tanrısına kim necə sitayiş edir?

Qar Tanrısına kim necə sitayiş edir?
19 fevral 2015
# 17:44

Kulis.az-ın “Hekayədən sonra” layihəsində yeni yazılmış hekayələr haqqında yazıçılar, tənqidçilər öz fikirlərini bölüşürlər.

Bu dəfə Mübariz Örənin bir müddət öncə işıq üzü görmüş “Qar tanrısı” hekayəsi haqqında fikirləri təqdim edirik.

Cavanşir Yusifli: “Mübariz Örənin yaradıcılığını bir müddət olar izləyirəm. Deyim ki, maraqla izləyirəm, növbəti hekayəsində nələrin baş verməsini izləyirəm. Mübarizin hekayələri, qəribə çıxmasın həm də ədəbiyyat, sənət.. haqqında fikir söyləmək üçün fürsət verən yazılardır. Bu mənada onun “Qar tanrısı” hesab eləyirəm ki, ən uğurlu hekayəsidir. Cəhd mənasında deyirəm, hekayədən hekayəyə çiyinə götürülən yükün çəkisi artır. Adam içindəki gücü bilir, yalandan ah çəkmir, lazım olmayan məqamda “qışqırıb camaatı başına yığmır”.

Bu hekayəsində müəllif əslində olmuş hadisədən əsl əfsanə - fantaziya yoğurmuşdur. Bu hadisə ilə bağlı müxtəlif məqalələr, arxiv sənədləri mövcuddur. Elbrusun şərq və qərb zirvələrinin fəthi, bunun fonunda insan xarakterlərinin açılması, daha çox isə - iradəli, möhkəm xarakterli, ürəkli-qorxmaz insanın yerlə göyü birləşdirən zirvəyə qalxdıqdan sonra keçirdiyi hislər... bütün bunlar “Qar tanrısı”nda yaxşı işlənmişdir. Gənc yaşlarından zirvələrin fəthi işinə qoşulan, bütün fürsətləri əlindən buraxan bir dağlı balasının “ürəyini yerindən oynatmaq üçün” adicə yuxu epizodu bəs eləyir və bu zaman onun yüz neçə yaşı vardı... “.. Bir tərəfdən də Yesara Dionisovnanı görmüşdü yuxuda. Görmüşdü sağdı Yesara, bax, həmən bu günəbaxan səhrasının tən ortasında dayanıb ona əl eləyir. Yaman xoşbəxt görünürdü. Çöhrəsi şəfəq saçırdı. “Axır ki arzuna çatdın, Yexiya. Əvvəl-axır bu baş verməliydi. O zirvə sənindi!” - dedi və durduğu yerdə, təpədən dırnağa ağappaq tüklə örtülü həşəmətli bir varlığa çevrildi. “Sənə alma gətirə bilmədim, Yexiya, - elə bil səsi də kallaşdı. - Əvəzində Qar gətirdim. Daha sənə ölüm yoxdu!..” Ondan əvvəl şərq zirvəsini “fəth edən” dostu-yerlisi haqqında görün nə deyir: fəth etmiş olsaydı, yerdə qalan ömrünü belə rahatlıqla yaşaya bilməzdi. Əsas məsələ insanı, onun xəyalını yerlə göyü birləşdirən, bütün rənglərin, ilmələrin böyük, nəhəng bir AĞIN içində qərq olduğu, itib-batdığı məqamı görsətməkdir. Başqa bir məqam da var. Əslində filan dağın filan zirvəsini fəth eləmək nə deməkdir ki? Bəlkə bizdən qabaq da bu zirvəyə qalxanlar olub, kimsə görməyib, necə ki, indi bizi bizdən başqa kimsələr görmür. İnsanın bütün dava-dalaşları, dava-şavası, dağları yerindən oynadacaq gücə malik ehtirası ... bax, həmən o AĞ nöqtədə heçə dönür, görünmür, sönür... Bax, elə buna görə, nə qədər uzun və ya necə qısa yaşasan da, təbiət səndən çpx böyük, səndən çox güclüdür. Təqribən belə: “...Ağla qaranın cəngindən ağ qalib çıxmışdı, hətta öz kölgəsi belə ağappaq qarın üzərində gah göyümtülə, gah yaşıla çalırdı. Qara həyat rəngiymiş, hə! Buradan - ağın ağuşundan öz keçdiyi həyat, sürdüyü ömür özünə qara gəldi; günahı üzə çıxdı; Yesaranın ömrünü oğurlamışdı o!

Sinəsinin başı göyüm-göyüm göynəyirdi. İndi hər şeyindən keçməyə hazır idi o, təki bu yükü çiyinlərindən ata bilsin. Lakin... nəyi vardı ki, nə də keçə, - həyatdan ona qalan bir boxçaydı, o da boş...”

Kənan Hacı: “Mübariz çox gec yazmağa başlasa da üslubunu qısa bir zamanda yarada bildi. O, hekayələrində Azərbaycan dilinin tamam yeni rəng çalarlarından bacarıqla istifadə edir. "Qar tanrısı" hekayəsində də yeni ifadə formaları diqqəti çəkir. Hekayənin strukturu da ustalıqla qurulub. Zirvəni fəth etməyə gələn xarici ekspedisiya və qocanın yuxularını qaçıran Yesara. Hekayə "zirvə" adlı mistik bir qabığın içindədir. Mən bu hekayəni oxuduqca Edqar Ponun "Sükut" hekayəsini xatırladım. Qayanın başında dayanmış, təbiətin özü qədər güclü, yenilməz insan yadıma düşdü. Bütün zirvələr insanın ömrünü hiss edilmədən oğurlayır. Bu hekayə çoxbucaqlı mətndir və peşəkar yanaşma tələb edir. Və hesab edirəm ki, Mübarizin yaradıcılığında "Qar tanrısı" əlahiddəliyi ilə həmişə seçiləcək. Mübarizə uğurlar arzulayıram!”

Mirmehdi Ağaoğlu: “Qar tanrısı” son vaxtlar oxuduğum ən maraqlı hekayələrdən biridir. Hətta o qədər maraqlı gəldi ki, hekayənin sonluğu və ideyası ilə maraqlanmadım. Mübariz Örən Yeseyadan, generaldan, Kilardan fərqli olaraq olduqca rəvan bir dillə hekayənin “Elbrus”una doğru dırmanır, onu nəql edir. Müəllif əngəlləri məharətlə aşır, uçurum, qar, çovğun bilmir. Və qəhrəmanlardan fərqli olaraq zirvəyə çatanda boşluqla rastlaşmır. Zirvədən əlidolu qayıdır, belə gözəl bir hekayə ilə. Hətta əsərdəki bir cümlə məni heyrətləndirdi: “Yexiya əl verdi, at bel verdi”.

Bəlkə elə buna görə də hekayəni oxuyub qurtarandan sonra ideyası barədə düşünmək istəmədim.

Hekayənin süjeti maraqlı şəkildə qurulub. Hadisələr düzxəttli şəkildə nəql olunmur. Müəllif süjeti dağınıq şəkildə qursa da oxucunu mətndən soyumağa qoymur. Süjeti nəql edən zaman qəfildən kəskin dönüşlər edir, bununla oxucunu gərginlikdə saxlaya bilir.

Mübariz Örənin bu hekayəsi yaşlı nəsil yazarların “cümlədə sözlər kərpic kimi yan-yana otuzdurulmalıdır” fikrini xatırlatdı mənə. Hekayə sanki bu qaydalar çərçivəsində yazılıb”.

“Qar tanrısı” mənim üçün olduqca estetik hekayə təsiri bağışladı. Dünya ədəbiyyatında bu cür nümunələr çoxdur. Belə hekayələr öz ideyalarından daha çox estetik xüsusiyyətləri ilə fərqlənirlər və oxucuda hansısa fikir burulğanı yaratmaqdan çox ona ədəbi həzz vermək məqsədi daşıyırlar. “Qar tanrısı” da bu növ hekayələrin ən yaxşılarındandır”.

Şərif Ağayar: "Maraqlıdır ki, “Qar tanrısı” hekayəsinin mövzusu Mübariz Örənin özünün yaradıcılıq konsepsiyasına çox uyğundur: əsas olan nəticə deyil, prosesin özüdür. Mənim üçün Mübarizin hekayələrində hadisələrin necə bitməsinin elə də ciddi əhəmiyyəti yoxdur. O, bütün hadisələrdən YAXŞI yaza bilir. Bütün cəhd və manevrləri NƏ yox NECƏ yazmalı sualına cavab verir. "Qar tanrısı" da üslub gözəllikləri ilə doludur. Poetikliyi Əkrəm Əylisli nəsrini xatırladır... Amma bu günün gözüylə necədir bu hekayələr? Şeirin nəsrləşdiyi bir zamanda nəsrin şeirləşməyi nə dərəcədə doğru tendensiyadır? Bu istedad və yazı manerası müasir tematika, bir az sosial lad, bir az postmodern fəndlərlə necə zənginləşə bilər, sizcə? Bəlkə müəllif bu barədə düşünməlidir? Bəlkə heç düşünməyib hamının alqışını qazanan bu klassik poetiklikdən əl çəkməməlidir? Şəxsən mən olsam, hökmən özümü sınayardım. Və bu faktı həmişə nəzərdə saxlayardım ki, məsələn, müasir dövrün ən ciddi imzalarından olan rus yazıçısı Viktor Pelevin məhz nəsrin bu cür poetikliyini ələ salaraq, “Milad gecəsi” adlı möhtəşəm struktura və dərin semiotikaya malik ironik-dekonstruktiv əsər yaratmışdır. Burada “Milad gecəsi” kimi şeirsəl ifadə kompüter virusunun adıdır. Bütün bu tale yüklü suallarla yanaşı Mübariz Örənin dil-üslub-mətn səriştəsini gənc yazarlara nümunə kimi göstərməkdən də özümü saxlaya bilmirəm".

# 1340 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
# # #