"Ayılsın qoca Şərq təvəkkülündən"

"Ayılsın qoca Şərq təvəkkülündən"
2 fevral 2013
# 08:30

Layihə- 37

Səadət nəğməsi

Kulis.az xalq şairi Səməd Vurğunun “Kommunist” qəzetinin 12 mart 1937-ci il tarixli sayında dərc edilmiş “Səadət nəğməsi” şeirini təqdim edir

Baxın səhərlərin yaqut rənginə,

Bənzəyir şairin söz ahənginə.

Bir qara quş kibi uçan xəyalım,

Vətən torpağını seyr edir yenə!

Quşqonmaz qayalar vermiş baş-başa,

Xəyalım az qalır oynayıb coşa.

Böyük sənətilə gəlsin Rafael,

Bu dünya sərgidir, ömür tamaşa!

Azaddıq quşların xoş nəşidəsi,

Azaddır yaşamaq, gülmək həvəsi.

Dənizlər mürəkkəb, ormanlar qələm

Olsa da, könlümün bitməz nəğməsi.

Geyinmiş dan yeri yenə qırmızı,

Doğmuş səhərlərin müjdə ulduzu.

Göydə buludlara hayqırır, baxın,

Xalqının yuxudan ayılmış qızı!

Gəlinlər bu yerdə indi al geyir,

Yazda ipək geyir, qışda şal geyir.

Uzanır məclisim Günəş doğana,

Ellər aşiqinə “yenə çal!” deyir.

Hər sözü-söhbəti duzlu-məzəli,

Süzür kəklik kibi ellər gözəli.

Dilsiz əsrlərdən baş qaldıraraq

Dil açmış Vaqifin şirin qəzəli!

Günəşdən rəng alan bir sag qanım var,

Mənim də yurdum var, qəhrəmanım var.

Qıratın üstündə uçur Koroğlu,

Xəyal dünyasında min dastanım var!

Xəbərdar eyləyin Ərəbistanı,

Ocaqda yandırdı anam quranı.

Çinar kölgəsində tüstülənməyir

İxtiyar babamın ağac qəlyanı!..

Xəyalım nə göydə... nə keçmişdədir,

Gecəli-gündüzlü əlim işdədir.

Ayılsın qoca Şərq təvəkkülündən,

Qurtuluş hünərdə, bir də işdədir!

İlhamım zövq alır can sirdaşından,

Sular sonasının qələm qaşından.

Səadət adlı bir saray qurmuşam,

Ölmüş əsrlərin məzar daşından!..

İlanlı çöllərdə güllər əkilir,

Ölüm duman kibi yerdən çəkilir...

Ömürlük yuxudan ayılmış insan,

Torpaqdan Günəşə körpü çəkilir.

Könül hər pərdədə min aləm çalır,

Günəş məhəbbətlə yerə alçalır.

Təbiət bəzənir hünərimizdən,

Axan şəlalələr bizə əl çalır.

Ömrə pəncərədir hər qəlbin gözü,

Heyrandır insana insanın özü.

Ömür təzələnir, gün təzələnir,

Lüğətdən silinir qocalıq sözü.

Oyanmış yuxudan Muğan da, Mil də,

Əsrlər yaşanır hər keçən ildə.

“Şikəstə”m, “Segah”ım, “Çoban-bayatı”m,

Bir şərbət dadıdız ağızda-dildə.

Mən ilham aldıqca eldən, obadan,

Səsimə səs verir quşlar yuvadan.

Aşıq da bağrına basıb sazını,

Deyir Ələsgərdən, Sayat Novadan.

Bu bayram günündə, ey ulu rəhbər!

Oyanır eşqinlə min azad səhər.

Dağda çobanların qoynunda gəzir

Əlinlə yazdığın hər böyük əsər!

Səsin yaxınlarda, uzaqlardadır,

Bülbülün yuvası budaqlardadır.

Nə hüquq dərdi var, nə çörək qəmi,

Adın ürəklərdə, dodaqlardadır!

Yaşarsan ellərin alqışlarında,

Azad insanların baxışlarında.

Adına yurdumuz heykəllər qurur,

Quba xalçasının naxışlarında!

Bu dağlar əks edir sənin səsini,

Beşikdə duymuşam xoş nəfəsini.

Sənin sağlığına qaldırır könül

Sənətin, ilhamın piyaləsini.

Bu sənət, bu hünər, bu gülzar sənin,

Bağbanı olduğun bu bağlar sənin.

Qış demə, yaz demə, gəlsən hər zaman,

Gözümün üstündə yerin var sənin!

Keçək Kür çayını, Araz çayını,

İçək Lənkəranın gözəl çayını.

Yolunu gözləyən talış qardaşın

Saxlamış sənin də limon payını.

Adınla ölkəmiz dolalı yaşa,

Könül salam verir yara, yoldaşa.

Bu qoca Qafqazın dililə sənə

Söyləyirəm: yaşa, yaşa, yüz yaşa!

Səməd Vurğun

Azərbaycan SSRİ-nin ordenli şairi

“Kommunist” qəzeti

12 mart 1937-ci il

# 6044 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər