Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova

Mental dəyərlərin "Açılmayan çətir"i - Elnarə Qaragözova
23 oktyabr 2025
# 14:00

Kulis.az Elnarə Qaragözovanın "Samirə Əşrəfin "Açılmayan çətir" hekayəsində “atalar-oğullar” problemi: yeni rakurs" yazısını təqdim edir.


Samirə Əşrəf müasir ədəbiyyatımızın yeni etapının milli bədii mətnlərini, xüsusilə, psixoloji nəsrin yeni nümunələrini yaratmağa nail olan qadın imzalardandır. Onun "Açılmayan çətir" hekayəsində ailə dramı fonunda keçmiş-gələcək tandemi, ata-övlad münasibətləri, mənəvi deqradasiya, insani duyğuların deformasiyası kimi həyati məqamlar bədii mətn səviyyəsinə qaldırılır. Samirə Əşrəf incə psixoloji nüanslarla əsas konfliktin məğzinə enməyə çalışır və buna nail olur. Yazıçı müasir cəmiyyətdə ailə bağlarının zəifləməsi, “işıqlı həyat”a doğru qaçan övladın ayaqbağı olacaq valideyndən imtinası fonunda daha dərin mental problemlərə diqqət çəkir.

Hekayədəki xəstə ata obrazı müasir dövrdə missiyası bitmiş mental dəyərləri simvolizə edir. Onun qəzəbi sadəcə fiziki çöküşün məhv etdiyi bir insanın içində yığılmış, boğulmuş acıların, peşmanlıqların partlayışı deyil, həm də mental-mənəvi dəyərlərin gələcəyi ilə bağlı ümidlərin qırılmasından doğan ruhi haraydır.

Ana isə (həm də həyat yoldaşı!) keçmişlə gələcək arasında qalarkən keçmişi susduraraq gələcəyə doğru addımlamağı seçir. Çünki keçmiş artıq ölüb, o isə keçmişin bir parçası olsa da, gələcəkdə özünə sığınacaq tapmaq istəyir.

“Sükutu mən pozdum:

- Sabah gedib atamın meyitini xəstəxanadan götürməliyik.

Bacım bu sözü gözləyirmiş kimi mənə baxıb ilan kimi fısıldadı:

- Sabah olmaz! Toydan sonra nə istəsəniz edərsiniz, ancaq toya qədər olmaz.

Eşitdiklərimə inanmadım:

- Sən nə danışırsan?

O mənə yaxınlaşıb əsəbiliklə gözlərini bərəltdi:

- Qoymaram ki, ata-bala mənim toyumu məhv edəsiniz! Eşidirsən? Elə bu dəqiqə özümü öldürərəm, pəncərədən ataram.

Onun bu sözləri sanki bayaqdan yatmış olan anamı yuxudan ayıltdı. O, qorxa-qorxa ayağa qalxıb bacımı məndən aralaşdırdı. Sual və ümid dolu baxışlarım anamın üzünə dikildi. Anam mənim qəlbimdən keçənləri duydu:

- Sabah gedib baş həkimlə danışıb bir az hörmət edərəm, iki gün orda saxlayarlar, toydan sonra gətirib dəfn edərik.”.

Amma bu xəyanətin bumeranq kimi ana-həyat yoldaşına geri qayıtmayacağı, gələcəyin onu da zamanı gəlincə lazımsız əşya kimi kənara atıb-atmayacağı da bir sualdır...Bəlkə də ritorik sual...

Hekayənin əsas, düyün obrazı qəhrəmanın ailə qurmaq ərəfəsində olan bacısıdır. O, bu savaşdan qalib çıxaraq cəmiyyətdə özünə yer, mövqe qazanmaq istəyir. Bunun üçün isə nəyi isə qurban vermək, bu mövqenin “qan bahası”nı ödəmək lazımdır. Və bu qurban xəstə ata obrazında olan keçmişdir, ailə dəyərləridir, doğmalıqdır, nəsil-kökdür.

“O, keçmişindən qorxurdu, həm də lap çox. Sanki atam bacımın keçmişindən qoparılıb onun arxasınca atılan böyük bir daş parçası idi. O, həmin daş parçasının gec-tez möhkəm zərbə ilə başına dəyib onu yerə yıxacağını hiss edirdi. Bunun üçün də bacım tez bir zamanda qara daşlı keçmişindən, keçmişinin izləri olan evimizdən və bizdən yaxasını qurtarmağa çalışırdı. Ancaq o bir şeyi unudurdu ki, keçmiş heç vaxt insanı tərk etmir. Çünki keçmiş gələcəyə bağlıdır. Dünyanın harasına gedirsən get, fərqi yoxdur, keçmişin ən vəfalı köməkçiləri olan xatirələr, yaşantılar, mütləq sənin qarşına çıxıb gözlərini qırpmadan sənə baxacaq.”

Keçmişə və onun simvolu olan ataya gələcəyə gedən yolda maneə kimi baxan bu obraz “atalar-oğullar” savaşının “oğullar” cəbhəsini təmsil edir. Amma bu savaş psevdo “atalar-oğullar” savaşıdır. Çünki klassik “atalar-oğullar savaşı”nda oğullar – yeni nəsil ataların – keçmişin köhnəlmiş doqmatik dəyərlərinə, nadanlığa, cahilliyə, təhsilsizliyə qarşı mübarizə aparırdılar. Bu hekayədə isə gələcəyə addımlayan qəhrəman keçmişini cəmiyyətin maskasına, yalançı işıltıya qurban verir və onun məqsədi, məramı şəxsi olduğu qədər də cılızdır. Əgər bu, sevdiyinə qovuşmaq, öz fikrini ifadə etmək uğrunda despot atadan qurtulmaq üçün mübarizə olsa idi, o zaman qəhrəmana haqq qazandırmaq olardı. Lakin qız onu yaradan keçmişindən utanır, onu silir, yeni həyatına da yalanla, yalançı bir kimliklə qədəm qoyur. Və əslində, bu obraz nəinki keçmişinə, gələcəyinə də xəyanət edir. Birini danaraq, digərini aldadaraq özünə “cənnət” qurmaq istəyir, əslində isə ömürlük “əraf”a məhkum olur.

Hekayənin nəqledicisi olan qəhrəman isə “atalar-oğullar" problemindən ilk baxışda kənar qalır, əslində isə hekayənin “atalar”, əcdad-nəsil-keçmiş xəttini simvolizə edir.

“Atamın məzarı üstünə gəlib çatanda yağış çisələyirdi. Yarım saat bundan öncə atamın dərman qoxuyan cansız bədənini gətirib bu soyuq torpağa tapşırmışdılar. Məzarlıqdan çıxıb dayanacağa gedəndə yağış gücləndi. Hamı tələsik addımlarla qaçıb yağışdan daldalanmağa çalışırdı. Mən isə əlimdəki çətiri açmadan ağlaya-ağlaya gedirdim. Göz yaşlarım yağışa qarışmışdı. Ətrafdan keçənlər təəccüblə mənə və əlimdə tutmuş olduğum bağlı çətirə baxırdılar.”

Qəhrəmanın atasını dəfn etdikdən sonra, yağışın altında açılmayan çətirlə dayanması yalnız onun yalnızlığını və keçirdiyi ağır sınaqların izlərini simvolizə etməklə qalmır. O, atasının faciəsi, ailəsinin biganəliyi fonunda həm də özünün, daha doğrusu, təmsil etdiyi ənənəviliyin, mental dəyərlərin gələcək taleyini görür. Açılmayan, yağışdan qorumayan çətir həm atanın yoxluğunun soyuqluğunu, həm də mental dəyərlər olmadan gələcəyin qorumasız qalacağını simvolizə edir.

Lakin hekayədə mental dəyərlərin, keçmişin yaşayacağına ümid də ifadə olunur. Keşmişin simvolu olan, hekayəni nəql edən qız bu dağıntıdan, bu qaranlıqdan çıxaraq tənha da olsa, yoluna davam etməyi, var olmağı seçir. Onun varlığı, yola davam etməsi bir qurtuluşdur, bir ümid işığıdır, çünki o, keşmişi gələcəyə ötürmək missiyasının davamıdır, təslim olmayan kök-nəsil-irs simvoludur.

# 507 dəfə oxunub

Oxşar xəbərlər

"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

10:00 22 oktyabr 2025
"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər