"Tərbiyəmi pozmasın deyə kitabdan adını qaralayıb sildiyim Əkrəm Əylisli..."- Vüqar Van

"Tərbiyəmi pozmasın deyə kitabdan adını qaralayıb sildiyim Əkrəm Əylisli..."- Vüqar Van
8 sentyabr 2026
# 12:00

Kulis.az Vüqar Vanın "Əkrəmvari" yazısını təqdim edir.

On birinci sinfin ədəbiyyat dərsliyində “Ən yeni dövr Azərbaycan ədəbiyyatı” adlı bölmə var idi. Keçən əsrin 50-ci illərindən günümüzə qədərki dövrü əhatə edən bu bölmədə görkəmli şair və yazıçıların hər biri haqqında bir abzaslıq məlumat verilirdi. “60-cılar nəsli” haqqında hissədə bir abzasda da Əkrəm Əylislidən söhbət açılırdı.

Dərsdə gəlib həmin yerə çatanda ədəbiyyat müəllimimiz bütün sinfə tapşırdı ki, Əkrəm Əylisli haqqında abzasın üstündən qalın, çarpaz xətlər çəkək. Səbəbini qısaca belə ifadə elədi: “Onu oxusaz, tərbiyəniz pozulacaq”.

Bu ifadəni on bir illik məktəb həyatım boyunca müəllimlərdən cəmi iki dəfə eşitmişəm. Biologiya dərsində kişi və qadın bədənləri haqqında bölməni keçəndə. İkinci dəfə isə Əkrəm Əylisli haqqında. Beləcə, məktəbdə öyrəndim ki, kişi və qadın bədənləri və bir də Əkrəm Əylisli ayıb şeylərdir, onlar haqqında nəinki danışsaq, hətta düşünsək, tərbiyəmiz pozulacaq.

Bütün sinif ədəbiyyat müəllimimizin tapşırdığı işi həvəslə gördü. Bəlkə, kitabı ilk dəfə müəllimin icazəsiylə yazıb-qaralaya bilmək hamını sevindirmişdi.

Əslində, bu bircə abzas yazıçı və onun yaradıcılığı haqqında ümumi, hamıya deyilə biləcək şablon ifadələrdən ibarət idi, amma mən də tərbiyəmi qorumaq üçün heç nə düşünmədən, hətta sevinə-sevinə Əkrəm Əylisli haqqında yerləri var-gücümlə qaraladım. Qəbul imtahanına da düşməyəcəkdi!

Biz bütün siniflə Əkrəm Əylislini Azərbaycan ədəbiyyatından silmişdik, amma o, necə oldusa, bu ilin yayında Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi, hələ 1968-1970-ci illərdə dərc olunmuş, amma ingiliscə tərcüməsi təzəlikcə işıq üzü görən “Adamlar və ağaclar” trilogiyasına görə Avropa Yenidənqurma və İnkişaf Bankının Ədəbi Mükafatını aldı.

Nəhayət, bizim yazıçılardan da kimsə böyük bir mükafata layiq görülmüşdü. Münsiflər heyəti sədrinin sözləri ilə desək, 1937-ci ildə alman dilində nəşr olunmuş “Əli və Nino” romanının müəllifi Qurban Səiddən və onun fransızca yazan müasiri Banindən sonra ilk dəfə Azərbaycandan bir yazıçı dünya ədəbiyyatının böyük adları sırasında yer alırdı.

Avropa Yenidənqurma və İnkişaf Bankının Ədəbi Mükafatı bizim bildiyimiz mənada, yəni yazıçıların yaradıcılığına yüksək əyar vuran klassik mükafatlardan daha çox, təqdimat xarakterli bir aksiyadır. Səkkiz illik tarixi olan, müəllif və tərcüməçi arasında yarıbayarı bölünən iyirmi min avroluq bu mükafat bir az da bankın fəaliyyət göstərdiyi regionların icmalarına qarşı korporativ sosial məsuliyyətidir. Mükafatın məqsədi – əməkdaşlıq etdiyi ölkələrin zəngin ədəbi irsini dünyaya tanıtdırmaq, fərqli səslərin geniş spektrini ingilisdilli oxuculara və qlobal auditoriyaya çatdırmaq və tərcüməçilərin mədəniyyətlər arasında “körpü” rolunu qiymətləndirməkdir.

Bir sözlə, bu gecikmiş mükafat Əkrəm Əylislinin əyninə çox balacadır. Bu tipli mükafatlar keçən əsrin 60-70-ci illərində dərc olunmuş və artıq klassika sayılan əsərlərə yox, çağdaş müəlliflərin son illərdə dərc olunmuş yeni əsərlərinə verilir. Keçən illərin qaliblərinə baxın – Bürhan Sönmez, Byanka Bellova, Şepan Tvardox, İvana Bodrojiç, Attila Bartiş, Sergey Jadan… Onların əksəriyyəti “Adamlar və ağaclar” trilogiyası dərc olunmuş illərdə və sonrakı onilliklərdə anadan olub.

Əlbəttə, Əkrəm Əylisli daha böyük mükafatlara və daha böyük diqqətə layiqdir, amma vəziyyət hamıya bəllidir. Bizdə hər şey gecikir, Əkrəm Əylislinin də dəyəri gecikir, ardınca avtomatik olaraq başqa işlər də gecikir.

***

Bu yaxınlarda dostum Nadir Yalçın ad günümdə mənə Əkrəm Əylislinin 1983-cü ildə çap olunmuş “Gilənar çiçəyinə dediklərim” kitabını hədiyyə etdi. Əkrəm Əylislinin sovet dövründə çıxmış digər birrəngli, şəkilsiz və sadə tərtibatlı kitablarından bu nəşrin fərqi ondadır ki, üz qapağında gül-çiçək və günəş şəkli var. Bir də içəridə müəllifin nadir rast gəlinən gənclik fotosu.

Kitabın ilk və son vərəqlərində kursivlə “Etibar Müzəffərlinin öz şəxsi kitabxanasından. 13 may 1983-cü il” sözləri yazılıb. Belə görünür ki, Etibar Müzəffərli həmin illərdə müasir ədəbiyyatı yaxından izləyirmiş, elə kitab dərc olunan kimi onu alıb öz şəxsi kitabxanasına əlavə edib. Onun kitabxanasından yola çıxan bu kitab gah birinin, gah o birinin əlinə keçə-keçə, səhifələrinə cürbəcür əcaib-qəraib plyus-minus, sual, nida işarələri qoyula-qoyula, düz qırx üç illik səyahətdən sonra indi də gəlib mənə çatıb. Nadirdən soruşdum, dedi ki, sosial şəbəkələrdə ikinci əl kitablar satan qrupların birindən tapıb.

Kitabdakı povestlərin və hekayələrin bir qismini müxtəlif vaxtlarda oxumuşdum, oxumadığım bəzi əsərlərini də bu kitabdan oxudum. Kitabı oxuyub Əkrəm Əylisli haqqında məqalə yazmağa başlayanda qəfil anladım ki, onun haqqında, demək olar ki, hər şey deyilib və yazılıb, haqqında yazılanlar öz yazdıqlarından çoxdur. Təkrarçılıqdan, ümumi sözlərdən qaçmaq çətin olacaq. Konstantin Paustovskinin Çexov haqqında dediyi kimi – yeri gəlmişkən, həmin məqaləni elə Əkrəm Əylisli tərcümə edib – onun barəsində məqalə yazmaq çətindir, hətta mümkün olan iş deyil, sanki rus dilində Çexov haqqında deyiləcək nə qədər söz varsa, hamısı deyilib qurtarıb. Çexov haqqında bircə şey deyilməyib: onun bizim xarakterlərimizə təsiri və “Çexov duyğusu”.

Əkrəm Əylisli haqqında da bircə şey deyilməyib: onun bizim xarakterlərimizə təsiri və “Əkrəm duyğusu”.

Əkrəm duyğusu, yəni əkrəmvari.

Bu söz bütöv Azərbaycan ədəbiyyatında yalnız ona münasibətdə deyilir. Nə Axundovvari var, nə Çəmənzəminlivari, nə İsmayıl Şıxlıvari, nə İsa Hüseynovvari, nə Anarvari…

Nə deməkdir əkrəmvari?

Birincisi və ən əsası: üslubu o qədər özünəməxsuz, dili o qədər spesifik və poetikdir ki, doğrudan da, Azərbaycan ədəbiyyatı tarixində onun qədər insanı təsirinə salan ikinci müəllif tapmaq olmur. Onun dili – hisslərin, duyğuların, əşyaların, hadisələrin mahiyyəti ilə yüklənmiş ağır dili, nağılvari təhkiyəsi yazmağa təzə başlayan, mütaliəsi zəif olan, bir az da emosional, sentimental müəllifləri asanlıqla toruna sala bilir. Maraqlansaq, təsir məsələsini etiraf edəcək xeyli yazıçı tapa bilərik.

Əkrəm Əylisinin təhkiyəsi insanı asanlıqla təsirinə salır. Ondan xilas olmaq xeyli çətindir. Əkrəm Əylislinin təsirinə düşdünsə, nə yazırsan, yaz – əkrəmvari alınır. Əkrəmvari yazılan bütün bu təqlidi mətnlər də Əkrəm Əylislinin ayağına yazılır.

İkincisi, xarakteri. Məşhur ifadədə deyildiyi kimi, üslub insanın özüdür. Təbiətdə hər canlının özünəoxşar canlı yaratması qanunu var. Əkrəmin yazdıqları da əlbəttə, onun özünə oxşayır, yəni əkrəmvaridir. Bəs onun özü necədir?

Müsahibələrindən, bəyanatlarından, dava-dalaşlarından, yazıçı dostlarının onun haqqındakı xatirələrindən, onunla şəxsən görüşən insanların söhbətindən məndə belə bir ümumi qənaət formalaşıb ki, Əkrəm Əylisli nadinc, dalaşqan, cığal, şuluq adamdır. Onun əsərlərini diqqətlə oxuyanda nə qədər hikkəli, əsəbi, nadinc olduğunu görmək olur. Tövsiyə edirəm, bir dəfə də bu gözlə oxuyasız. Onda görəcəksiz ki, povest və hekayələrində bir-iki sevimli obrazı istisna, başqa obrazlara qarşı necə acıqla, nifrətlə davranır. Əkrəm Əylislinin hətta öz qəhrəmanlarından da zəhləsi gedir.

Populyar psixologiyada “Napoleon kompleksi” deyilən bir anlayış var. Bəstəboy insanların, xüsusilə kişilərin öz boylarının qısalığını kompensasiya etmək üçün həddindən artıq aqressiv və iddialı davranışlarını ifadə edir.

Əkrəm Əylislinin də boyu balacadır.

Kimsə mətbuatda gurultulu bəyanatlar verəndə, illərlə dostluq etdiyi insanları bir andaca mənasız və ya mənalı səbəblərə görə kəsib atanda, bir sözlə, şuluq salanda, cığallıq edəndə, adamın ağlına istər-istəməz bir söz gəlir: əkrəmvari.

Əkrəm Əylislinin bir-iki məşhur povestini, bir neçə hekayəsini çıxsaq, yerdə qalanları mənə ortabab, ortababdan aşağı, bəzən hətta bayağı görünüb. Çünki hər şey təkcə dillə həll olunmur. Bədii əsərin yaxşı alınmağı üçün yüz faktor lazımdır. Bəli, dil bunlardan biri, bəlkə birincisi, yaxud ikincisidir, amma təkcə nağılvari, poetik dillə də iş bitmir.

Açıq demək lazımdır, hətta “Kür qırağının meşələri” və “Gilənar çiçəyinə dediklərim” kimi məşhur povestlərində də xeyli boşluqlar, çatışmazlıqlar, işlənib-artırılmalı yerlər var. Mətnlər zəifdir, estetika aqrardır, başdan ayağa emosional istismar, keçid problemləri, təsadüflər və yuxularla doludur (çünki təsadüflər və yuxular asana qaçmaqdır), konfliktlər sonacan dərinləşmir, final problemləri var, dil və üslub çox zaman məzmundan daha maraqlı və daha güclü olur.

Əkrəm Əylislinin əksər mətnlərində nostalgiya duyğusu ədəbiyyatı üstələyir. Əylis kəndi, itirilmiş dünya və keçmiş günlər həddindən artıq romantikləşdirilir, sentimentallaşdırılır. Keçmişin bayağılığı, kobudluğu, ziddiyyətləri arxa plana keçir, onların yerini isə itirilmiş zamanın ideallaşdırılmış gözəlliyi tutur.

Nadir Yalçının hədiyyə etdiyi kitabla eyni vaxtda kanadalı yazıçı Meyvis Qallantın “Paris hekayələri” kitabını da oxuyurdum. Təxminən eyni dövrün, eyni nəslin yazıçılarıdır. Onun da hekayələri azı əlli səhifədir, yəni bizdə povest, onlarda – uzun hekayə. Amma həcmləri eyni olsa da, əyarlarında çox fərq var. Həm də təkcə Meyvis Qallantla yox.

Azərbaycan ədəbiyyatında yerini və rolunu bir kənara qoysaq, dünyanın müxtəlif yerlərindən nəsildaşları ilə müqayisədə Əkrəm Əylisli böyük hesabla uduzur. Onunla eyni dövrdə amerikalı Reymond Karver də hekayələr yazırdı. İranda öz “Bəyəl əzadarları” ilə Qulamhüseyn Səidi var. Almaniyada elə Əkrəm Əylislinin tərcümə etdiyi, həm də təsirləndiyi Henrix Böll. İtaliyada – İtalo Kalvino.

Siyahını uzatdıqca uzatmaq olar, amma vaxtı və həvəsi olanlar elə təkcə Meyvis Qallantın və Əkrəm Əylislinin hekayələrini paralel oxusun, şərti olaraq, bizim milli ədəbiyyatın A kateqoriyalı yazıçısı ilə digər ölkələrin B və C kateqoriyalı müəlliflərini müqayisə etsin. Əkrəm Əylislinin mətnləri ilə dünya oxucularının görüşünə gedəndə adam bir az da həyəcan keçirir.

İntəhası, Əkrəm Əylisli öz əsərləri və başına gələn qəziyyələrlə, səhvləri və düzləriylə, sarsıntıları və sevincləriylə, bir sözlə, pisiylə-yaxşısıyla öz tərzini yaradıb və doğruldub. Bu tərz nə qədər bizim ədəbiyyatımız üçün spesifik olsa da, Əkrəm Əylisli öz həyat və yaradıcılıq yolunu tapıb. O heç vaxt öz mətnini bir layihənin, intellektual gündəmin daşıyıcısı olaraq görməyib, oxuduğunu-bildiyini unudaraq yazıb. Həmişə onun mətnlərindən öz səsini yox, yazdıqlarının səsini eşitmişəm.

Bəzən ədəbi mühitdən dost-tanışla görüşüb söhbətləşəndə bir şair qəfil soruşur: “Azərbaycan ədəbiyyatının ən yaxşı on yazıçısı kimlərdir?”

Maraqlıdır, nə üçünsə, bu sualı həmişə bir şair ortaya atır. Sonra şairin sualına saat əqrəbi istiqamətində cavablar gəlməyə başlayır. Hamı öz sevimli müəlliflərini deyir, hər kəs bir az da digərlərindən seçilmək üçün fərqli, az tanınan, yada düşməyəcək yazıçılar axtarır. Bütün cavablar veriləndən sonra gərgin müzakirə başlayır. Heç kim heç kimlə razılaşmır, hər kəs öz onluğunu müdafiə edir, yaxud da ümumi əhvaldan asılı olaraq, yekun qənaət belə olur ki, Azərbaycan ədəbiyyatında çəkinmədən meydana çıxaracağımız on fərli-başlı müəllifimiz yox imiş.

Bu kiçik rəy sorğularında az qala bütün siyahıların daimi və dəyişməz sakinlərdən biri mütləq Əkrəm Əylisli olur.

Hətta Əkrəm Əylislinin üslubuna patoloji nifrətini heç cür cilovlaya bilməyən, onun yazdıqlarına və onun kimi yazan başqa müəlliflərə insafsızca “Əylisovski adına kolxoz” yarlığını yapışdıran, dilinə dözə bilmədiyi üçün əsərlərini rusca tərcümələrdən oxuyan Əli Novruzov da bir müsahibəsində “Adamlar və ağaclar” trilogiyasını XX əsr Azərbaycan ədəbiyyatının şedevr əsəri adlanırır.

Riyaziyyatda π rəqəmini sonlu ədədlə ifadə edərkən bərabərlik yox, təxmini bərabərlik işarəsindən “≈” istifadə edirlər. Yəni π 3,14-ə bərabər deyil, təxminən bərabərdir. Bizim ədəbiyyatda da yazıçıların yaradıcılığı və həyatları arasında dəqiq yox, təxmini bərabərlik işarəsi qoyula bilər. Heç onu da hamıya qoymaq olmur. Əkrəm Əylisli tək-tük yazıçılardandır ki, həyatıyla yaradıcılığı arasında dərin uçurum yoxdur, heç olmasa təxmini bərabərlik işarəsi qoymaq olar.

***

Əkrəm Əylislini yalnız bir dəfə kitab sərgisində görmüşəm. Oxucularla görüşə gəlmişdi. Bir az danışdı, bir az da kitab imzaladı. Mən də kitabımı imzaladıb onunla şəkil çəkdirdim. Həmin görüşdən “Kulis” saytı üçün reportaj yazmışdım – indi həmin reportajı bir də oxuyub gördüm ki, əməlli-başlı əkrəmvaridir, lap utandım. Reportaj çıxandan sonra mənə zəng eləyib təşəkkürünü bildirdi, sonra da dedi ki, mən özüm sənin yazılarını, hekayələrini oxuyuram, mənim siz cavanlardan başqa heç kimim yoxdur.

Bu sözləri mənə, tərbiyəmi pozmasın deyə kitabdan adını qaralayıb sildiyim Əkrəm Əylisli deyirdi.

# 142 dəfə oxunub

Oxşar xəbərlər

Əlyazmaları məhv edildi, meşədə güllələndi... - Ədəbi yaddaşımızın xilaskarının faciəli taleyi

Əlyazmaları məhv edildi, meşədə güllələndi... - Ədəbi yaddaşımızın xilaskarının faciəli taleyi

10:00 6 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə...  - Qəzənfər Paşayev

Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev

17:00 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər