Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?
15 dekabr 2025
# 18:41

Kulis.az Azər Turanın "Təbrizin qarğınmış şairi - Biriya..." yazısını təqdim edir.

"Vurma əl türbətimə, türbəti-Adəm də mənəm. / Nə o dünya, nə bu dünya, iki aləm də mənəm", deyən Biriyanın hər iki dünyası qəfəsdir. Belə şeirlər Azərbaycan ədəbiyyatında tarixən nadir hallarda yazılıb. Yəqin həm də tarixən elə bir şairimiz də olmayıb ki, Biriya kimi Təbrizdə nazir, Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir olsun. Həyatının son günləri də elə yazdığı bu şeirdəki əhvala müvafiq - Təbrizin küçələrində səfil günündə keçsin, ömrü kimsəsizlər evində sona çatsın.

Yəni həm o dünyada olsun, həm də bu dünyada olsun. Həm mövcud olsun, həm də mövcud olmasın.

Biriyanın yetmiş illik ömründə insanca yaşadığı illərin sayı çox azdır. Həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət və məyusluq içindədir. Biriya sanki bütün ömrü boyu qürub edib... Şah hökuməti bir tərəfdən, Stalin hökuməti digər tərəfdən Biriyanın qürubunu tezləşdirib. Onunla ikili oyun oynayıblar. Pişəvəri Bakıya qayıdandan sonra Cənubi Azərbaycanın ən çətin, kimsəsiz vaxtlarında onu Pişəvərinin yerinə Demokratik Firqəyə sədr seçiblər.

Heç Parisin lənətlənmiş şairləri də Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb.

Biriyanın bu şeirində XX yüzil Təbriz neosufizmi XIX yüzil Paris dekadansı ilə iç-içə girib. Belə müstəsna şeirlər predmetləşdirilmədikcə ədəbiyyatşünaslıqda milli cərəyanlar barədə aydın təsəvvür əldə etmək mümkün olmayacaq. Əfsus ki, Biriyanın bu şeiri heç zaman Azərbaycan ədəbiyyatşünaslığının diqqətini ciddi şəkildə cəlb etmədi və indi də etmir.

1944-cü ildə onun Bakıda çıxan ilk kitabına yazdığı Ön sözdə Məmməd Səid Ordubadi nəinki Cənubi Azərbaycanda, hətta bütün İranda - istər Azərbaycan və istərsə də fars dilində yazan şairlər içərisində onun kimi güclü qələmi olan şair tapmaq çətindir - deyirdi.

O zaman Biriya Təbrizdə Həmkarlar Təşkilatının sədriydi, o aralar, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri də olacaq, Avropa ölkələrinin diplomatlarını və Amerikanın konsulunu qəbul edəcəkdi. Maarif Naziri kimi, Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkilində yaxından iştirak edəcək, Universitetdə mühazirələr də oxuyacaqdı.

Beş il sonra - 1950-ci ildə isə yenə də Bakıda Qulam Məmmədlinin tərtib etdiyi "Cənubi Azərbaycan şairləri" adlı başqa bir kitab çıxır. Kitabda 5 il əvvəl əmsalsız güclü qələmini vəsf etdikləri Biriya yoxdur. Çünki artıq 1947-ci ilin martında Təbrizdən oğurlanaraq Bakıya gətirilmiş Biriya, dekabrın 28-də burada həbs olunmuş və Karaqanda həbs düşərgəsinə göndərilmişdi. Günahı nəydi? 33 yaşlı Məhəmməd Biriya siyasətdən bezmişdi. Dünyadan doymuşdu. Evinə, xanımına, tək oğluna qovuşmaq istəyirdi. İmkan vermədilər.

"Mən dedim, gedirəm vətənimə. Onlar dedi, qoymarıq. Mən dedim, İran konsulu məni aparar. Onlar dedi, konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Səni tutub deyərik, bu casusdur. Dedikləri kimi də etdilər..." (M.Biriyanın Malenkova yazdığı məktubdan).

İyirmi il həbsxanalar küncündə qaldı.

Doğrudan da, neçin məhzun olmasın, neçin ürəkdən nalə etməsin? Bir halda ki, taleyi - alın yazısı ona "Hər addımda müəyyəndir, qazılmış bir məzarım var", yaxud:

Cismimdəki atəş qoy ümidim kimi sönsün...

Dön sən də, vücudum, qara daş parçasına dön -

Qoy məsləkim, amalım, əqidəm külə dönsün!

- deyə yazdırırdı...

Məhəmməd Biriyanın bir kitablıq şeirləri arasında, elə onun öz dövrünün poeziya müstəvisində də, məncə, "Vəsiyyət"dən üstün şeir yoxdur. Baxmayaraq ki, zamanında onu milli və vətənsevər şair adlandırıblar. Amma Biriyanın ən yaxşı şeiri olan "Vəsiyyət"də nə millətdən, nə də vətənsevərlikdən söhbət gedir. Şeir başdan-başa melanxolik mətndir. Biriyanın bu şeirini Təbrizdə Vadiyi Rəhmət məzarlığında epitafiya olaraq ümidsiz, laübalı, məhzun, kimsəsiz şairin sinə daşına yazıblar.

Məhəmməd Biriya

Vəsiyyət

Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,

Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.

Neyləyim, pey aparan olmadı bu varlığıma,

Eyşi-işrət də mənəm, möhnəti-matəm də mənəm.

Arama qəbrimi, axtarma mənim baş daşımı,

Rəsmdə Həzrəti Nuh, ismdə Xatəm də mənəm.

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər