Maraqlı, qeyri-müəyyən və qüsurlu – Hekayə müzakirəsi

Maraqlı, qeyri-müəyyən və qüsurlu – Hekayə müzakirəsi
1 iyun 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xalid Xancanlının “Sizin Yeni Tanrınız” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Bitməyən müharibə hekayə(t)ləri - Cavanşir Yusifli yazır » Manera.Az

Bu hekayənin fakturasının arxasında çox şeylər var, hekayənin bir yerində, diqqət edin, SYT-nin (Sizin Yeni Tanrınız) işçiləri darısqal bir məhəlləyə gəlib çatanda iki mərtəbəli binanı tetrisə bənzədirlər, – zənnimizcə, bu müəyyən mənada hekayənin mənalarını ifadə edə biləcək detaldır, – bu aspektdən yanaşdıqda həmin “çox şey” hissə-hissə açılır. Hekayənin süjetinin mahiyyətində belə deyək, zaman irəlilədikcə bir-birinin içindən boylanıb çıxan dünyalar, mikro-dünyalar göz önünə gəlir. Bəzi hekayələrdə həyat, gerçəklik, necə deyək, elə ona nüfuz etməklə, onun içinə varmaqla təhlilə, şərhə çəkilir, bu tipli hekayələrdə isə əsas olan həyat və gerçəkliyə paralel müstəvidə “şərh yazmaqdır”. Əslində, hər bir hekayə həyata, insan ömrünə, tanrı və üfüqlərə şərhdən başqa bir şey deyildir.

“Onlar darısqal bir məhəlləyə gəlib çıxdılar. Evlər bir-birinə elə yaxın idi ki, sanki qucaqlaşmaqçün bünövrələrindən qopmağa can atırdılar. 2 mərtəbədən ibarət bu bina evləri tetris oyununu xatırladırdı. Bir-birinə uyğun gəlməyən fiqurlar və sonradan səliqəsiz artırılmış bir neçə otaq”.

Tetris oyununda həmin disharmoniyanı, qatmaqarışıqlığı düzüb-qoşan, bütün rəng və fiqurları uyarınca birləşdirən zəka onsuz, əvvəl-axır tapılır. Bu hekayədəki “ölüm oyunu” insan xarakterinə əsrlər boyunca hopmuş ”ömürdən qaçış” aspektini göstərir, “tamaşaya qoyur”. Bu oyunda artıq düzələcək heç nə yoxdur. Maşın getdikdə və dayandıqda tər damcılarının təsvirləri də bu oyunun içindədir. Bu cümləyə də diqqət edin: “Heç bir ölüm ölən tərəfindən belə təmtəraq və sevinclə qarşılanmamışdı”. Biz həyatın dadsız-duzsuz olmasından, insanı boğaza yığıb bezdirməsindən danışmırıq. Çünki hekayədə də məsələ təkcə bu deyil.

Bəs o yeni tanrı kimdir, daha doğrusu nədir? Bircə şey istənilir. Bunu isə biz yox, O istəyir. Dua. Yalnız ona dua etməyinizi istəyir. Göründüyü kimi, O daha acınacaqlı vəziyyətdədir.

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı - 1000Kitap

Əslində, bir hekayə müəllif haqqında nəsə deməyə çox imkan verməsə də, Xalid Xancanlının “Sizin Yeni Tanrınız” adlı mətni haqqında ilk təəssüratımı belə ifadə edə bilərəm: “Maraqlı, qeyri-müəyyən və qüsurlu”.

Hekayə maraqlı, ağrılı və aktual bir problemin “həlli” ilə bağlı orijinal ideya irəli sürür. Xəstəliklə mübarizədə məğlub olmaqda olan insanların ağrısız ölüm arzusu və belə hallara qarşı yaradılmış “Yeni Tanrı” düşüncəsi. Aktual problem olsa da, ideyanın reallaşdırılması üçün istifadə edilən məzmun sanki yarıda saxlanılır və tamamlanmır. Bu cür mətnlərdə yaradılan marağın təmin edilməsi və düşünülənin sona qədər təsviri daha gözləniləndir. İntihara yardım “komandası”nın fəaliyyətidirmi əsas olan, yoxsa o dünyaya köçməyə hazırlaşanın son arzularını reallaşdırılacaq “Yeni Tanrı”ya inamın təbliğimi, bunun üçün “dua edin” təşviqimi – anlaşılmır. Hər üçü bir aradamı? Bu isə mümkünsüz görünür. Bu səbəbdən də sona çatdıqda “Vəəə?” kimi bir sual istər-istəməz özünü ortaya atır.

Amma buna baxmayaraq, gəncin qələmində maraqlı bir lakoniklik var. Hər zaman olmasa da, var:

“Evə çatırlar. Qırmızı darvaza, dörd dibçək, təzəcə əkilmiş bala söyüd ağacı, ip üzərində əl-ələ verib yallı gedən rəqqas paltarlar”

...Mənzərənin reallığı təsvirə uğurla gətirilir. Düzdür, müəllifin bəzi məqamlarda təsvirin bədiiliyi naminə özünü incitdiyi kimi də bir təəssürat yaranır. Məsələn: “Bunu fürsət bilən tər damcıları onların alnına çıxıb özlərini aşağı atır, ard-arda intihar edirdilər”, yaxud “– Sən niyə yerində oynuyursan? – Gözümə gün düşür. Kənara çəkiləndə də əks sədası əl çəkmir” kimi ifadələr... Bəlkə, başqa bir üslubda yazılmış bir hekayədə bu cür ifadələr maraqlı görünə bilərdi. Amma burada deyil. Burada mətnə bayağılıq gətirir. Xüsusilə də, dialoqda istifadə zamanı... Amma yerinə düşənlər də vardı. Məsələn, cəhənnəm istisində sərinlik arayanların qarşılaşdıqları: “Budur, 7/24 fasiləsiz fəaliyyət göstərən söyüd ağacı”. Situasiyanın təsvirinə uyğun bir intonasiyadır, məncə.

Daha bir məqam: bir çox müəllifin yalnız məzmuna, qaldırılan problemə, onun aktuallığına köklənməsidir. Yazı texnikası, ifadə texnologiyası haqqında düşünməməsidir. Məsələn, fərqinə belə varmırlar ki, adi bir zaman uyumsuzluğu (zaman keçidləri – təbii ki, zaman şəkilçiləri vasitəsilə) oxucunu çaş-baş sala bilə, oxu prosesini ləngidə, mətnə inanılmaz “codluq” verə bilər:

“Salamlaşıb görüşdükdən sonra Cəfər anası ilə bağlı suallar verməyə başlayıb narazılığını bildirdi. Anasını dəfələrlə fikrindən daşındırmaq istəsə də bir fayda verməmişdi. Onlar Cəfərə vəziyyəti izah etdikdən sonra oğlu anası ilə razılaşmalı olur. Başa düşür ki, anası üçün ən yaxşısı budur və itirəcək nəyisə yoxdur”.

Əlbəttə, “bu redaktə qüsurudur” – deyib keçə bilərik, amma yenə də mətndən nəsə alır.

Orxan Həsəni

Arvadı başqasına qoşulub qaçan çobanımız, Ceyrançöldə əlimi öpmək istəyən  mırıq qadın və mənim yenidən doğulmağım – Orxan Həsəni yazır...

Xalid Xancanlının hekayəsi bədii-estetik göstəricilərinə görə zəif təsir bağışlasa da, bu hekayədən onun gələcək potensialını sezmək olur. Uğurlu müəllif üçün olduqca vacib olan təxəyyül gücünün işartısı aydın duyulur. Təxmin edirəm, "Sizin yeni tanrınız" müəllifin ilk hekayəsidir. Ölüm və oyun üzərində inşa olunan mətn eyni zamanda sənədsevər, işgüzar dünyamıza barmaq uzadıb gülür. Xalid yeni, alternativ dünya qurmaq istəyir, lakin bədii-estetik zəiflik ona bu dünyanı tam qurub bitirməyə və oxucuya aşılamağa imkan vermir.

Rəvan Cavid

Rəvan Cavid - 1000Kitap

“Sizin Yeni Tanrınız” ilk qələm cəhdi kimi, məncə, uğurludur. Üslubda, dildə, təhkiyə metodunun seçilməsində müəllifin tərəddüdü hiss olunmur. Sərrast düşünülmüş və sərrast yazılmış hekayədi. Absurd və yeni dünyanın prinsiplərini göstərə bilən bu cür hekayələrə çağdaş nəsrin ehtiyacı var. Burda məsələ, sadəcə, dinlərə və şəriət vərdişlərinə ironiya deyil, həm də kapitalist cəmiyyətlərin müqəddəs dəyərləri biznesə çevirmək cəhdlərinin ifadəsidir. Xalid içində olduğu əsrin “damarını” tutub. Ondan nə istəyirlər, necə olmalıdır, bilir. Hekayənin axıcılığı, sadə strukturu, simvolistikası oxucunu yormur. Məncə, Xalid bundan sonrakı cəhdlərində daha uğurlu, daha şəffaf mətnlər yaza biləcək. Uğurlar.

# 2490 dəfə oxunub

Oxşar xəbərlər

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 25 aprel 2024
Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #