"Fəryad"ın antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi?

"Fəryad"ın  antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi?
2 dekabr 2025
# 11:00

Bu gün görkəmli teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Məlik Dadaşov 1924-cü ilin 7 iyununda Bakıda doğulub. Ailənin sonbeşiyi olan aktyorun adını atası Şöklü Məliyin şərəfinə qoymuşdu. Ailənin böyük oğlu Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay rolunu canlandırıb.

Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci qardaş Süleyman Dadaşov - Brilyant Dadaşovanın atası riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda çalarmış.

Onun səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayıb. 23 yaşlı gənc aktyor Zaqatala teatrında əsas rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı.

Bu tərəf-müqabilliyi bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dadaşov gənc Sofiya ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Ancaq cütlüyün izdivacı çox çəkməyib, onlar bir müddət sonra ayrılıblar. Və Məlik Dadaşov Bakıya qayıdaraq "Azdrama"da işə düzəlib və ikinci dəfə ailə qurub.



Onun ikinci evliliyindən iki qız övladı doğulub. Onlardan biri xərçəngdən vəfat edib, digəri isə ABŞ-a köçüb. İllər sonra isə o, 3-cü dəfə özündən 13 yaş kiçik qadınla evlənib. Onların Gülnarə adında daha bir qız övladı doğulub. Gülnarə Dadaşova atası haqqında xatirələrində yazır: "Bizim soyadımız Dadaşov deyil, Xanbutayevdir. Ata babam Bakı xanlarının nəslindəndir. Sovet hakimiyyəti qurulandan sonra Xanlar sülaləsi Sovet rejimi tərəfindən təzyiqlərə məruz qaldığına görə babam Dadaş soyadını dəyişərək adını soyad kimi götürüb. Elə o vaxtdan da bizim nəslin soyadı Dadaşov gedir. 1937-ci ildə babam Yusif Dadaşovu Sibirə sürgün ediblər. Atam qadınlara qarşı çox diqqətli idi. Həmişə deyirdi ki, qadına nə qədər diqqət göstərsən, bir o qədər yaxşıdır. Qadına əl qaldıran kişiləri başa düşmürdü. Atam sözün əsl mənasında, kişi idi.

Atam "Fəryad" filmində erməni generalı Xaçaturyan rolunu ifa etmək istəmirdi. Ümumiyyətlə, atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Biri bu erməni rolunu, biri də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü son zamanlar namaz qılırdı. Deyirdi Allaha ibadət edirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram.

“Fəryad” filmində isə düşmən obrazını oynamalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev atama yalvarırdı ki, bu rol sizin üçün yazılıb. Atam onun sözündən çıxmadı və o obrazı yaratdı. Bu obraz sovet dövründəki general Baqramyanın obrazı idi. O da keçəl idi. Atamın da saçlarını qırxmışdılar. Atam əvvəl nə qədər çalışırdısa, alınmırdı. Deyirdi ki, ssenari üzrə mən həqiqi erməni düşməni obrazını canlandırmalıyam. Düşmən obrazını yaratmaq, özü də belə mənfi bir obrazı- çətin idi. Yadımdadır ki, çox əsəbiləşirdi, narahat olurdu. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda Milli Qəhrəman kimi qəbul etdilər. Atam AzTV-də çıxış elədi və o “addan” imtina etdi: “O adı heç vaxt özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu olacaq”. Atam bu obrazı necə gözəl oynamışdısa, ermənilər ona qəhrəman adı vermişdilər. Düşünürəm ki, bu onun ən uğurlu rolu idi. Aktyor 100-dən çox tamaşada oynayıb, 50-dən çox filmə çəkilib. Çəkildiyi filmlərlə bağlı maraqlı xatirələr hələ də insanların dilində dolaşır. Belə filmlərdən biri də "Fəryad" idi.

Atamı çox incidiblər. Bilmirəm, bu təzyiqlər bizim millətə məxsus olan paxıllıqdır, ya yox. Əslində, incəsənət aləmində paxıllıq hissi həmişə olub. İstedadlı aktyorların qarşısına həmişə çəpər çəkiblər. Onun hazırladığı və rol aldığı tamaşaları çox vaxt dondururdular. Atam bir çox əsərlərə əl atırdı ki, onu səhnələşdirsin, amma imkan vermirdilər. Buna görə inciyib neçə dəfə teatrdan çıxmışdı. O dərəcədə incik idi ki, ölümündən az əvvəl dili tutulmuşdu, danışa bilmirdi, travma almışdı, əli ilə işarə etdi ki, kağız verin. Bəzi adları da yazdı ki, onları mənim dəfnimə buraxmayın. Anam sözsüz ki, onun vəsiyyətini yerinə yetirdi, həmin insanları atamın dəfninə buraxmadı. Atamın cənazəsini Rəşid Behbudov adına Mahnı Teatrından götürdülər. Anam atamı çox sevirdi və həmin vaxt emosiyalarını cilovlaya bilmirdi. Onu başa düşmək olardı. Məlik Dadaşov kimi həyat yoldaşı itirmişdi..."

Filmdən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də, peşmançılıq çəkirdi: “Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”, deyirmiş.

Onun oynadığı bu erməni obrazı insanlar arasında nifrət yaradırmış. Bir çoxları elə bilirmişlər ki, M. Dadaşov, həqiqətən də, ermənidir. Bir dəfə instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır:

- “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir: “Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə, filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb”.



"Fəryad" filmində bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı “zəhrimar canına, zəhər canına” - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir.

Film başa çatandan sonra təəccüblə atasına deyir: “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”. O, doğrudan da, təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir: “Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”.

Sənətkar kinoda ilk rolunu 1947-ci ildə “Fətəli xan“ filmində oynayıb. Bu rol kiçik də olsa, yaddaqalan olub. Ondan sonra istedadlı aktyor kinomuzda onlarla yaddaqalan, maraqlı, özünəməxsus dəst-xətti ilə seçilən obrazlar yaradıb.

Onun “Axırıncı aşırım”dakı Qəmlo rolu bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır.



1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilib. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyib. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınıb. Məlik Dadaşovu da Pakistana qoymayıblar. Filmin çəkilişləri İçərişəhərdə aparılıb.



Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişib. Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Bu zaman tələbəsinə epizodu başa salan zaman müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırsalar da, M. Dadaşov 6 gün yaşayır...

# 50 dəfə oxunub

Oxşar xəbərlər

Müharibədən sonra Almaniyanın gerçək üzünü göstərən rəssam

Müharibədən sonra Almaniyanın gerçək üzünü göstərən rəssam

11:40 2 dekabr 2025
Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır - Dializə qoşulub

Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır - Dializə qoşulub

10:52 2 dekabr 2025
Bu barışı dünyaya yay... - Günün mahnısı

Bu barışı dünyaya yay... - Günün mahnısı

10:25 2 dekabr 2025
Cəfər Pənahi barədə qiyabi həbs qərarı - Ölkədən çıxışı qadağan olundu

Cəfər Pənahi barədə qiyabi həbs qərarı - Ölkədən çıxışı qadağan olundu

10:06 2 dekabr 2025
Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi kim azad etmişdi? - Koroğlu və Heraklın oxşarlıqları

Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi kim azad etmişdi? - Koroğlu və Heraklın oxşarlıqları

18:30 1 dekabr 2025
"Aşıq Metyu":  Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm - MÜSAHİBƏ

"Aşıq Metyu": Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm - MÜSAHİBƏ

17:52 1 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər