Cavid ideallarının işığı və Vahabzadə ruhunun cəsarəti - Hüseyn Cavidin ev-muzeyində

Cavid ideallarının işığı və Vahabzadə ruhunun cəsarəti - Hüseyn Cavidin ev-muzeyində
1 dekabr 2025
# 15:05

Kulis.az Hüseyn Cavidin ev-muzeyinin əməkdaşı Jalə Zeynalovanın Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr etdiyi yazısını təqdim edir.

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,

Tapınar haqqa və insanlığa haqqdan doğulan...

Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, xalq şairi, böyük mütəfəkkir və vətənpərvər ziyalı Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında il ərzində çoxsaylı tədbirlər keçirilir. Belə silsilə tədbirlərlər çərçivəsində daha bir tədbir Hüseyn Cavidin Ev Muzeyi ilə Bakı şəhəri Etibar Cəlilov adına 272 nömrəli orta məktəbin əməkdaşlığı ilə baş tutub.

Muzey və məktəb əməkdaşlığı çərçivəsində hazırlanan tədbir, bütöv bir xalqın mənəvi dirçəlişini, milli özünüdərk prosesini və azadlıq ruhunun davamlılığını ifadə edən dərin ideya yükü ilə səciyyələndi.Tədbir, milli düşüncə tariximizin iki böyük şəxsiyyəti - Hüseyn Cavid və Bəxtiyar Vahabzadənin ideyalarını müasir dövrə daşıyan mənalı bir ədəbi görüş təsiri yaratdı.Məktəbin şagirdləri hər iki ədibin poetik-fəlsəfi irsini özünəməxsus ustalıqla təqdim edərək həm onların yaradıcılığına rəğbətlərini göstərdilər, həm də bu irsin gənc nəsil üçün nə qədər canlı qaldığını sübut etdilər. Tədbirin ab-havasında Cavid ideallarının işığı və Vahabzadə ruhunun cəsarəti duyulurdu.

Proqram çərçivəsində nümayiş olunan yaradıcı səhnələr - “Gülüstan” poemasından kompozisiya, “Bakıyla Təbrizin Arasındayam” şeirinin təqdimatı, eləcə də “Zamanın iki səsi” və “Əbədiyyətin söhbəti” kimi dialoqlar - şagirdlərin söylədikləri hər bir mətnə dərin bağlılığını göstərdi. Onlar Cavidin bəşəri ideyalarını və Vahabzadənin azadlıq düşüncəsini bu günün gəncliyinin baxışı ilə ifadə etdilər. Bu səhnələr həm sözün emosional gücünü, həm də məktəblilərin öz daxili dünyaları ilə qurduqları təmasın səmimiliyini ön plana çıxartdı.

Tədbirin ən təsirli anlarından biri iki böyük şairin ruhən görüşünü əks etdirən bədii dialoqlar idi. Cavidin “Hərb və fəlakət”dəki fəlsəfi ağrısı ilə Vahabzadənin “Gülüstan”dakı milli dərdi bir səhnədə birləşərək tamaşaçıya dərin duyğular yaşatdı. Şagirdlər bu dialoqları elə bir enerji ilə səsləndirdilər ki, onların sözlərə yalnız texniki mətn kimi yanaşmadığı, hər misranı öz düşüncələrinin qatlarından süzdükləri aydın hiss olunurdu.

Bu görüş Cavid və Vahabzadənin yaratdığı mənəvi xəzinənin yeni nəsil üçün nə qədər önəmli olduğunu bir daha göstərdi. Səhnədə səslənən hər söz, hər obraz, hər poetik dönüş həm bu irsin davamlılığını, həm də gənclərin düşüncə dünyasında ədəbiyyatın xüsusi yerini təsdiqlədi. Sözün yaratdığı o işıq şagirdlərin ifasında yenidən parladı və bir daha məlum oldu ki, milli yaddaş canlı saxlandıqca gələcək nəsil də daha inamlı olacaq. Çünki köklərini unutmayan millət gələcəyə daha möhkəm və qətiyyətlə addımlayacaq.

Elə bu mənəvi oyanışın yaratdığı düşüncə müstəvisi bizi Bəxtiyar Vahabzadənin yaradıcılığına, sözün, vicdanın və Vətən ruhunun əbədiyyətini təsdiqləyən böyük sənətkarın ömür yoluna nəzər salmağa aparır.

1925-ci ildə Şəki şəhərində dünyaya göz açan Bəxtiyar Mahmud oğlu Vahabzadə hələ gənc yaşlarından Azərbaycan ədəbiyyatına və dilinə sonsuz sevgi ilə bağlı idi. Onun uşaqlıq və gənclik illəri elə bir dövrə təsadüf etmişdi ki, həmin illərdə millilik, azadlıq və söz azadlığı anlayışları ciddi məhdudiyyətlərlə üzləşirdi. Buna baxmayaraq, o, bu məhdudiyyətləri yararaq, söz azadlığının buxovlarla zəncirlənməsinin əleyhinə çıxmışdır. Onu bu günün Bəxtiyarı edən səbəb məhz bu idi. Bakı Dövlət Universitetində uzun illər müəllim və professor kimi fəaliyyət göstərən Vahabzadə bir tərəfdən gənc nəslə ədəbiyyatı, ana dilini və milli kimliyi sevdirməyə çalışır, digər tərəfdən isə öz poetik yaradıcılığı ilə xalqın ruhunu oyaq saxlayırdı.

Onun poeziyası gənclik duyğuların ifadəsi, insan düşüncəsinin yaşam fəlsəfəsi və vicdanın səsidir. Vahabzadə reallığı romantik baxışla dərk edir, amma bu romantizm həyat həqiqətindən uzaq deyil, əksinə, onu daha aydın göstərən bir işıq rolunu oynayır. O, “millət”, “Vətən”, “dil”, “vicdan”, “azadlıq” kimi anlayışları poeziyanın mərkəzinə gətirərək sözə yeni mənəvi ölçü qazandırmışdır.

O, sözünün geniş və işıqlı dünyası ilə hər bir oxucunun ruhuna yol tapan şair idi: düşüncə dərinliyi axtaran üçün fəlsəfi, Vətən həsrəti daşıyan üçün vətənpərvər, sevgi duyğusunun sevincini, əzabını ürəyində daşıyanlar üçün isə həzin və təsirli bir məhəbbət şairi idi. Bu səbəbdən də onun qələmi bütün nəsillərin qəlbinə xitab edir.

“Gülüstan” poemasında şair bölünmüş Azərbaycanın dərdini, bir xalqın yarısını itirməsinin faciəsini poetik dillə ifadə etmiş, bu əsəri ilə sovet senzurasının sərhədlərini aşaraq milli birliyə çağırış etmişdir. O, bu əsərdə həm iki yerə bölünmüş torpağın, həm də yarıya bölünmüş ruhun ağrısını göstərmişdi. Poema Azərbaycan ədəbiyyatında milli şüurun yenidən dirçəlişinin başlanğıcı oldu. “Ana dili”, “Fəryad”, “Şəhidlər” kimi şeirləri isə azadlıq ideyalarını, milli oyanışı və insanın mənəvi bütövlüyünü ifadə edən bədii manifestlərə çevrildi.

Bəxtiyar Vahabzadə Vətəni sevməyi həm torpağa bağlılıq kimi, həm onun ağrısını duymaq, onu qorumaq, onun gələcəyi üçün düşünmək kimi izah edirdi. Vahabzadə üçün Vətən sevgisi mücərrəd hiss deyil, konkret məsuliyyət idi:

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.

- deyirdi şair. Onun poeziyası həm də dilin və kimliyin qorunması uğrunda mübarizənin bədii ifadəsidir. “Ana dili” şeirində Vahabzadə dilin xalq üçün ünsiyyət vasitəsi olmaqla yanaşı, milli yaddaşın və azadlıq simvolunun təcəssümü olduğunu göstərir. O, dilə münasibətdə bir əxlaqi məsuliyyət formalaşdırırdı. Onun üçün dilini itirən millət yaddaşını, tarixini və mənliyini itirir. Bəxtiyar Vahabzadənin poetik dünyası həm də insanın mənəvi təmizliyi və vicdan azadlığı ideyalarına əsaslanır. “Vicdan” əsərində o, insanı öz vicdanı qarşısında hesabat verməyə çağırır, cəmiyyətin mənəvi sarsıntılarını açıq şəkildə göstərirdi. O, yazırdı:

Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!

Şairin məqsədi dağıtmaq, nifrət oyatmaq deyil, insanı düşünməyə və oyanmağa çağırmaq idi.

Vahabzadə poeziyasının ən güclü tərəflərindən biri onun fəlsəfi dərinliyidir. Onun poetik düşüncəsi klassik ənənələrə söykənir: Füzulinin dərd fəlsəfəsi, Nəsiminin varlıq anlayışı, Sabirin ictimai tənqidi Vahabzadənin yaradıcılığında müasir dövrün reallığı ilə sintez olunur.

Bəxtiyar Vahabzadə 1990-ci illərin əvvəllərində sovet zülmünə qarşı baş verən milli azadlıq hərəkatının liderlərindən biri idi. Parlament tribunasından xalqın haqq səsini ucaldan azsaylı ziyalılardan biri məhz o idi. O dövrün gərgin siyasi şəraitində Vahabzadə öz sözünü deməkdən çəkinmədi. Onun çıxışları və məqalələri xalqın düşüncə istiqamətini formalaşdırır, sözün ictimai gücünü bir daha sübut edirdi.

Ümummilli Lider Heydər Əliyev xalq şairi Bəxtiyar Vahabzadəyə 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərmişdir. Məktubunda Ulu Öndər öz dərin məzmunlu əsərlərilə adını Azərbaycan ədəbiyyatına əbədi həkk elədiyini bildirərək, Bəxtiyar Vahabzadənin həm də vətəndaşlıq mövqeyini yüksək qiymətləndirib: “Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misranızdakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bir örnək olmuşdur. Siz yüksək ideallar tərənnüm edən poeziyanızla millətin birliyinə, ləyaqətinə ehtiram hissləri aşılamış və onların təntənəsi uğrunda səbrlə, yorulmadan, ardıcıl mübarizə aparmısınız”.

Bu ifadə sadəcə tərif deyil, dərin bir həqiqətin təsdiqidir. Çünki Vahabzadə hər dövrdə vicdanlı düşünməyin, qorxmadan danışmağın, milli marağı şəxsi maraqdan üstün tutmağın simvolu idi. O, millətin mənəvi yaddaşını daşıyırdı.
Bu gün müstəqil Azərbaycan dövləti var və onun gəncləri azad, müstəqil düşüncə ilə yetişir. Amma bu azadlığın mənəvi dayaqları məhz o ziyalıların - Bəxtiyar Vahabzadə kimi söz qəhrəmanlarının yaradıcılığında formalaşıb. Onun ideyaları bu gün də aktuallığını qoruyur. Qloballaşmanın, informasiya selinin və mədəni təsirlərin gücləndiyi bir zamanda Vahabzadə poeziyası bizə mənəviyyatın itirilməməsi üçün dirəniş nümunəsi təqdim edir. O, müasir gəncliyə səssiz bir müraciət buraxmış kimi görünür: “Texnologiya ilə silahlan, amma vicdanını itirmə; qloballaş, amma kökünü unutma; azad ol, amma mənəviyyatsız olma.” Bu çağırış XXI əsr üçün də dəyərlidir. Çünki Vahabzadənin sözü zamansızdır, o, dövrləri aşan bir ruha malikdir.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması milli düşüncənin dirçəldilməsi baxımından da mühüm mədəni aksiyadır. Onun yubileyi Azərbaycan ədəbiyyatının zəngin ənənələrinin davamı kimi, həm də xalqın mənəvi özünüdərkinin bayramıdır. Hər bir yeni nəsil onun şeirlərində öz ruhunun təmizliyini, Vətən sevgisini, dilə, torpağa və azadlığa sədaqətini tapır.

Bu yubiley bizə bir daha xatırladır ki, söz gücdür, amma yalnız vicdanla deyilmiş söz qalıcıdır. Bəxtiyar Vahabzadənin irsi məhz bu mənəvi gücün simvoludur. Onun yaradıcılığı milli poeziyamızın, ictimai düşüncəmizin və vətəndaşlıq əxlaqımızın ayrılmaz hissəsidir. O, xalqın içindən doğulmuş, xalqın dili ilə danışmış və xalq üçün yazmışdı. Onun sözündə süni pafos yox, həqiqi yanğı, səmimi ağrı və təmiz vicdan var idi. O, bizi daim düşünməyə, dəyişməyə, lakin mənəvi köklərimizdən uzaqlaşmamağa çağırır. Onun poeziyasının səsi zaman keçsə də susmayacaq. O, poeziyanın və Vətən sevgisinin birləşdiyi nöqtədə dayanır.

Bu gün onun 100 illik yubileyində bir daha anladıq ki, söz ölmür, milli ideallar üzərində yüksələn əqidə yaşayır, unudulmur. Onun poeziyası Azərbaycan xalqının yaddaşında yaşayacaq, yeni nəsillərin ruhunda mənəvi qürurun və Vətən sevgisinin alovunu yandıracaq. Ruhun şad, sözün əbədi olsun, Ustad!


# 55 dəfə oxunub

Oxşar xəbərlər

Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi kim azad etmişdi? - Koroğlu və Heraklın oxşarlıqları

Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi kim azad etmişdi? - Koroğlu və Heraklın oxşarlıqları

15:00 1 dekabr 2025
Rubensin "İsa çarmıxda" tablosu hərracda 2,3 milyon avroya  satıldı

Rubensin "İsa çarmıxda" tablosu hərracda 2,3 milyon avroya satıldı

15:00 1 dekabr 2025
"Aşıq Metyu":  Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm - MÜSAHİBƏ

"Aşıq Metyu": Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm - MÜSAHİBƏ

14:41 1 dekabr 2025
"Buker" mükafatının Azərbaycan versiyası hazırlanır

"Buker" mükafatının Azərbaycan versiyası hazırlanır

13:44 1 dekabr 2025
"Xalqımız elə bilir ki, türkcə sözlərdən istifadə eləsə, daha milli olacaq" - Ağalar Qut

"Xalqımız elə bilir ki, türkcə sözlərdən istifadə eləsə, daha milli olacaq" - Ağalar Qut

13:30 1 dekabr 2025
"Əsəd Cahangir fəlsəfi debata niyə çıxıb?" - Ağalar Qutdan tənqidçiyə cavab

"Əsəd Cahangir fəlsəfi debata niyə çıxıb?" - Ağalar Qutdan tənqidçiyə cavab

12:30 1 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər