“Hə, vallah, sən də düz deyirsən...” - Samir Mirzə

“Hə, vallah, sən də düz deyirsən...” - Samir Mirzə
21 avqust 2024
# 15:19

Kulis.az Samir Mirzənin "Kimdir səviyyəsiz? Mən, sən, yoxsa onlar..." adlı yeni yazısını təqdim edir.

“Vallah, adam Allahdan bu millətə yaxşı gün-güzəran arzu etməyə belə xəcalət çəkir”.

Feysbukda paylaşılan videoya yazılan belə maraqlı bir rəy... Balaəlini səhnədə coşqu ilə qarşılayan insanlara xitabən yazılmış bir rəy. Özü də elə-belə coşqu yox e, belə “ağızvırreeey”indən.

Ardınca belə bir status gördüm: “Səviyyəli saydığın adamların səviyyəsiz statusları ayrı dərddir”.

Bu profilin sahibi məşhur, çox məşhur və olduqca maarifləndirici işlərlə məşğul olan şəxsin yutub efirində kiməsə “xiyarsan?” deyə xitabını paylaşaraq bir növ təqdir etdiyini ifadə etmişdi. Məsələn, bu formada: “aləmsən e, sən”.

Bəlkə, öz kruqudur, ona görə şirin gəlir, bilmirəm. Adətən, öz ətrafından olan adam cinayət belə işlədəndə “nağarsın e, özündə olmayıb” kimi sözlərlə ona haqq qazandırırlar. Doğrudan da kimsə özündə olmaya bilər. Amma bu münasibət digərlərinə göstərilmir və “kruq”dan kənar qalanlara ədalətli və ya obyektiv yanaşılmır. Çoxumuz beləyik zatən. Kimisə linçləməyi qarşımıza məqsəd qoymuşuqsa, bir xırda nöqsanından fil düzəldə bilərik. Nəyi də bacarmasaq, bu işdə mahir ustalar tapılacaq. Çünki “bazar” bu sahədə məhsuldardır, maşallah olmasın.

Yeri gəlmişkən, “camaat nə deyər?!” prinsipi belə məqamlarda da işləyir, hər nə qədər “camaatın başını burax” deyilsə də, yenə də “kruq”da olan camaata əsasən uyğunlaşma olur, nəticədə yenə də “camaat nə deyər?!” prinsipi işləkliyini, fərqli mənada özünü göstərir.

Kimin səviyyəli, kimin səviyyəsiz olduğunu deyə bilməyəcəyəm. Çünki artıq nə meyar qalıb, nə də aydınlıq. Hər şey qeyri-müəyyəndir sanki. Nəyəsə mütləq bir ad qoymaq, tərif vermək olmur. Kimlərsə nəyisə hansısa formada mənalandırır, onu babdan baba salıb ya gözdən salırlar, ya dəbə mindirirlər.

Həqiqi sözümdür, heç kimi qınamaq olmur. Çünki nəyi əsas gətirib qınayasan? Qınadığını dindirsən, elə bir əsas gətirə bilər ki, dönüb deyərsən ki, “hə, vallah, sən də düz deyirsən”.

Onsuz da indi dünən pis baxılan nəsnəyə yaxşı baxılır ki, bir azdan yenidən başqa cür münasibət göstəriləcək. “Srağagün xain idi, dünən qəhrəmandır, bu gün isə bilmirəm nədir” misalına oxşayır.

İlk cümləyə gəlincə, bizim tez-tez tənqid etdiyimiz bayağı mahnılara oxşar mahnıların sədaları altında insanlar toylarda oynayır. Bir qismi isə diskotekanı gözləyir, sonra onlar oturur, bunlar qalxır. Elə iki havaya da oynayanlar az deyil. Amma fakt budur ki, hansı mahnının içərisində “çıkkada-çıkkada” ritmi varsa, hamının sümüyünə düşür. İndi gəl buradan nəticə çıxar. Ya nəyisə bilmirik, ya kimyamız korlanıb.

İnsan zamanla özünə gəlir, özünə qayıdır, nə qədər maskalansa da, özünü nəyəsə inandırmağa çalışsa da, kiməsə oxşamağa çalışsa da, fitrətə uyğun hisslərlə zəngindir.

Bilməliyik biz nə zaman kəndimizdəyik, yəni özümüzdəyik, o zaman aydınlıq olacaq, o zaman nəyə necə qiymət verməyi biləcəyik. Hətta çoxlu kitab oxuyan insanlar belə, özünü itirə bilir, çünki hər ədəbiyyat fərqli düşüncə aşılayır, nəticədə insanın iç dünyasında toqquşmadan doğan anlaşılmazlıq hökm sürür.

# 1597 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər