"Danışanda böyük ədəbiyyat çağırışları edirlər..." - Polemika

"Danışanda böyük ədəbiyyat çağırışları edirlər..." - Polemika
4 iyun 2025
# 10:40

Kulis.az Orxan Həsəninin "Anka" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Bu, balaca Nuh tufanıdır - Qismət Rüstəmov

Qismət Rüstəmov:

"Yaxşı mətn çoxmənzilli bina kimidir, “kupçaları” müəllifdə olan bu binanın bütün evlərini gərək personajlar tutmasın; burada kirayə mənzillər də olmalıdır, oxucular, tənqidçilər, ədəbiyyatşünaslar üçün. Belə olanda mətn-bina zəlzələyə davamlı olur. Orxan Həsəninin bu gün yayımlanmış, Reymon Karverə açıq, Heminqueyə üstüörtülü salam göndərən “Anka” hekayəsi də, bir-iki suvaq işini çıxsaq, zəlzələyə davamlı binadır.

Minimalist prozanın çətinliyini mən həmişə belə başa düşmüşəm: biri var həyatımızı asanlaşdırmaq üçün ağlımızın qayçısı ilə həftəyə, aya, ilə böldüyümüz zamanın təsviri – burada daha çox xarici gerçəkliyin, sosial mühitin üst qatındakı aktlar, əməllər vizuallaşır; biri də var hər bir fərdin içində irəli-geri doğru axan, keçmişlə gələcək arasında yırğlanan individual zamana enmək – bu, arxetiplərin, patologiyaların, itkilərin, mifoloji obrazların dünyasıdır. Birincisi, üfüqidir, ikincisi, şaqulidir. Əgər minimalist proza bu ikinci müstəvini göz ardı etsə, eləcə həyatın surətini, inventarını çıxaran protokola çevrilə bilər. Bu, müəllifdən kəndirbaz diqqətini tələb edir. Orxan “Anka” hekayəsində bu kəndirbazlığı məharətlə bacarıb.

“Anka” hekayəsi aysberq prinsipi ilə yazılıb. Bu prinsipin məntiqi belədir: üzdə gündəlik hadisələr sadə dillə ifadə edilir, ancaq sözlərin, jestlərin, mimikaların altında axıra qədər deyilməyən, sezdirilən, eyham vurulan, örd-basdır edilən duyğular gəzişir. Məsələn, “Anka” hekayəsinin kişi personajı qurbağa səsi eşidir. Bu, çöldən gələn yox, təhtəlşüurdan gələn səsdir. Qurbağa mifoloji mətnlərdə metamorfozu, keçidi ifadə canlıdır, çünki həm quruda, həm suda yaşayır, yəni həm ana bətninə aiddir, həm də işıqlı dünyaya. Qurbağa embrionun uşağa çevrilməsinin (yaxud çevrilməməsinin) metaforasıdır.

...Vaxtilə Cemal Sürəya Sunay Akının ilk kitabı üçün yazdığı önsözdə demişdi ki, zərimi səndən yana atıram. Orxan, bu gözəl hekayədən sonra mən də “ruletka”da daşlarımdan birini sənə oynayıram".

Şəhriyar del Gerani:

"Böyük yazıçıların yerini mətnləri, ortabab yazıçıların yerini başqaları, primitiv yazıçıların yerini özləri nişan verər.

Buna görə də həqiqi müəlliflər mətnlərinə, ortabablar başqalarına, primitivlər özlərinə güvənər.

Nəticə: Özlərinin ölümüylə primitiv yazıçılar ölər, başqalarının ölümüylə də ortabab yazıçılar. Amma gerçək mətnlər ölümsüz olduğundan dolayı böyük yazıçılar həmişə sağ qalar, yaşarlar.

Bu gün yayımlanan “Anka” hekayəsini oxuduqca azlitə böyük bir yazıçının gəlişini duydum. Ədəbi camiədə söhbəti bilənlərə yaxşı məlumdur, hər nədə, hər kimdə yanılsam da, mətndə heç vaxt yanılmıram. Tam əminliklə deyirəm: Orxan Həsəninin bu hekayəsi bütün dövrlərin ən yaxşı Azərbaycan hekayələri sırasına özünü həkk etdi. Yaxşı mətn adına qəlbən sevinə bilən bütün qələm dostlarımı və həqiqi ədəbiyyat oxucularını təbrik edirəm. Eşqlər!".

Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

İlham Əziz:

"Orxan Həsəninin “Anka” hekayəsini və mətn haqqında sosial şəbəkələrdə yazılan fikirləri oxudum. Əsər barədə fikir söyləyənlər də müəllifin həmyaşıdlarıdır.

Son dövrlər gənclər nəsrdə at oynadır. Yazdıqları gündəm olur, müzakirə edilir, tənqidçilərin maraq obyektinə çevrilir.

Təəssüf ki, bunu yaşlı nəsil prozaiklər haqqında demək olmur. Onlar susqundur… nə yazdıqlarından xəbər var, nə mətnlərə fikir bildirirlər.

Bu vəziyyəti qəbul etmək ağrılıdır. Orta və yaşlı nəsil yazıçılarımız ədəbiyyata bu qədər ətalətli, biganə olmamalıdırlar. Çünki danışanda böyük ədəbiyyat çağırışları edirlər. Fikirləşirsən ki, bu əziz-giramilərin işi-gücü ədəbiyyatdır. Di gəl, səs-səmir yoxdur, bütün ağırlıq düşüb gənclərin çiyninə.

Zənnimcə, Orxanın hekayəsi son illərin ən yaxşı hekayələrindəndir. Ola bilsin, hekayəni hadisə güdənlər, açıq cavablar axtaranlar bəyənməsin. Əlbəttə, bu da normaldır, hamı peşəkar olmaq məcburiyyətində deyil.

Orxan hekayədə pessimist aura yaradıb və oxucunu öz ab-havasına sala bilib. Çünki sənət həm də atmosfer məsələsidir.

Ümid edirəm, orta və yaşlı nəsil yazıçılar əllərindəki vacib, təxirəsalınmaz, bəşəri və qlobal işləri qısa müddətə dayandırıb, bu ecazkar hekayə haqqında fikir bildirərlər.

Əgər ədəbiyyat adamı oxumursa və fikri yoxdursa, onda oxucunu ittiham etmək yersiz, lüzumsuz və ədalətsiz işdir".

# 925 dəfə oxunub

Oxşar xəbərlər

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

14:00 5 iyun 2025
"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

12:00 5 iyun 2025
Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

11:00 5 iyun 2025
Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

10:04 5 iyun 2025
"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

18:16 4 iyun 2025
Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

18:03 4 iyun 2025
#
#
# # #