Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim
10 aprel 2024
# 14:28

Kulis.az Nadir Yalçının Qafar Rüstəmovun "Brüs Li zərbəsi" hekayəsi haqqında yazısını təqdim edir.


Nöqsan hesab etdiyin məqamlardan əlavə, xoş təsir bağışlayan nüansları ayırd etmək üçün mətni təhlil etməmişdən əvvəl yenidən oxumaqda fayda var. Ol səbəb, Qafar Rüstəmovun “Brus Li zərbəsi” “xatiratını” iki dəfə oxudum. Məhz xatirat, özü də dırnaqarası xatirat.

Müəllifin hekayə adı altında oxucuya təqdim etdiyi bu cümlələr sicilləməsi xatirə kimi də uğurlu olmamağı ilə yanaşı, ikinci dəfə gözdən keçirməyimə baxmayaraq, işıqlı bir məqamın aşkara çıxmadığı üçün təəssüf doğurur. Qafar Rüstəmovun məğlubiyyətinə səbəb olan bəzi nəsnələrə fokuslanaq.

Mətndəki pinti dil, naqolay üslub, qurama dialoqlar, uğursuz yazı manevrləri, cansıxıcı və çiy təhkiyəni hələlik kənara qoyub müəllifin süjet, hadisələrin cərəyanetmə ardıcıllığı, dramaturji xətt məsələlərinə nəzər salanda təkcə bir harmoniyaya şahidlik etmək mümkündür: alınmayan məzmun və alınmayan forma. Bu iki nəsnəni uğursuzluqdan başqa bir-birinə bağlayan başqa bir şey yoxdur.

Müəllif məşhur mövzuya müraciət edib; əri ölmüş arvad pis yola düşüb (yaxud əvvəldən də belə imiş), evə gəlib-gedən kişilərin ardı-arası kəsilmir, bütün qonşuların dilində gəzən bu qadının da iki oğlu var. Bu oğullardan biri gopçudur. Özünü Brus Li kimi aparır, amma evlərindən yad kişi əskik olmur. Yoldaşları arasında da belədir, yalandan hay-küyü var, amma kiminsə həyətindən meyvə oğurlamaq fikrinə düşəndə də başqasını qabağa verir. Uzun sözün qısası, anası fahişəliklə məşğul olan oğlanın travmaları, şüuraltısında yaranan problemlər, şəxsiyyət ikiləşməsi və sairə...

Çeynəlib, çeynəlib suyu çıxmış, pis yola düşmüş ana və oğul mövzusunu seçən müəllif bir filmlik məsələni beş-altı minlik hekayə ilə oxucuya “sırımaq” arzusuna düşüb. Mətndə heç kimi tanımaq mümkün olmur. Oxucu obrazları gözünün qabağında canlandıra bilmir, onların xarakterinə nüfuz etməkdə çətinlik çəkir. Çünki heç müəllif də öz obrazları ilə yaxşı tanış deyil. Zənnimcə, hər şeydən əvvəl müəllif yaratdığı obrazları ilə həmsöhbət olmalıdır. Onların kim olmağını dəqiqləşdirməlidir. Dünəni, bu günü, gələcəyi barədə ötəri fikirə dalmalıdır. Yazdığını içindən keçirərək həzm edib oxucuya təqdim etməlidir. Biz isə nə hekayəni nəql edəni, nə Səmədi, nə Xanışı, nə də hadisələrin içində olan digərlərini tanıyırıq. Sadəcə, məlumdur ki, hadisəni nəql edənlə Səməd arasında iki yaş fərq var. Səməd sinifdə qalıb. Yalan danışmağa meyillidir. Dərslərini pis oxuyur. Qonşuların həyətindən meyvə oğurlamaq bu iki dostun ən sevdiyi fəaliyyətdir. Bəli, məhz fəaliyyət. Öz mətnini oxucuya təqdim edən müəllif eynilə bu cümləni qələmə alıb: “Hasarlardan çölə sallanan meyvələri oğurlayıb yemək isə ən sevdiyimiz fəaliyyət idi”.

Bu fəaliyyət növüdürmü, peşə xarakterlidirmi, əmək məsuliyyəti daşıyırmı, ya nə? Ümumiyyətlə, bu cümlə niyə mövcuddur? Oxucu bunu niyə oxumalıdır? Bu uyğunsuzluq, əlaqəsizlik müəllifin qulağını heç deşməyibmi? Qafar bəy özü bu yazdığını ürəyində, yaxud səsli neçə dəfə oxuyub? O, həyatda öz uşaqlıq adətlərindən bəhs edəndə belə danışırmı? Məsələn, deyirmi ki, o vaxt qəndqabıdan qənd oğurlamaq bizim ən sevdiyimiz fəaliyyət idi? Maraqlıdır... Əl-qərəz...

Baş verən hadisələr fantastik filmlərdəki kimi sürətlə cərəyan edir, situasiyalar göydəndüşmə təsir bağışlayır. Bilmirsən, harda nə baş verdi, zaman hansı zamandı, gün hayandan çıxıb, hayanda batır...

Məsələn, yazıçı hökm verə bilər ki, günəş şərqdə çıxıb qərbdə batmır, əksinə, qərbdə çıxıb şərqdə batır. Ancaq bir şərtlə ki, bizi buna inandıra bilsin və ani olaraq bu barədə düşünək; bəlkə, doğurdan belədir? Qafar bəy isə hər şeyi öz axarına buraxıb. Sanki baş verənlər heç onun vecinə deyil. Müəllif nəinki mətnin keyfiyyətinə, hətta olanlara, olacaqlara, hadisələrə də laqeyddir: “Əşşşşi, nə ola-ola...”

Hekayələri nəql edən oğlan dostunun anasının ayağısürüşkən olmasını belə öyrənir:

“Bir dəfə qonşuluqdakı qadın bizə gəlmişdi. Həyətdə oynayırdım. Su içmək üçün evə çıxanda anamın səsini eşitdim.

- Kül onun başına, deyir, camaat sırada durub ee. Xanış, Səftər, Əlabbas...

- Qoca kaftar Qulamı onlardan çıxanda görüblər”.

Adətən, ucuz kamera ilə çəkilmiş, baş obrazı canlandıran aktyora qonorar əvəzinə yaxşı bir kiftəbozbaşla, yarım araq qonaqlığı vəd edilən filmlərdə kimsə pünhan xəbəri belə eşidir; təsadüfən gəlir, qapının kanadarında pıçıltı eşidir və bilmədiyi məsələdən xəbərdar olur. “Brus Li” “xatiratı” da həmin filmlərə bənzəyir. Qafar bəyin müəllif kisəsindən, emosional yaddaş baqajından heç nə görünmür.

Bu mətndə Qafar bəydən heç nə yoxdur, o, sadəcə, bir ailənin taleyindən, alın yazısından söhbət açır. Bunu da Qafar bəy etməyib, Allah edib, tale belə gətirib, qismətin işidi, nə bilim nə... Qafar bəy bu gedişatda özü harda dayanıb, gərdişin bu işinə hansı rakursdan baxıb? O özü bu dramaturgiyaya nə qata bilib?

Nə qədər inandırıcıdı ki, bir kişi öz aşnasının oğlu ilə məzələnir və başqasının yanında ona deyir ki, “Mama evdədi?.. axşam qapını arxadan bağlamayın ha, gecə gələcəm”.

Yaxud, bir oğlan uşağı qüruruna sığışdırıb öz dostuna necə deyə bilər ki, gecə alça ağacımızın altında kimsə gizlənmişdi. Özü də anasının kənddə ad çıxardığını bilə-bilə...

Mətn bu cür qurama şeylərlə doludur. Oxucunu inandıran, özünə çəkən bir situasiya belə tapmaq mümkün deyil.

Ümumiyyətlə, müəllifin bu nəql etdiyi hadisə ilə nə demək istədiyi müəmmalıdır. O, hər vəchlə çalışıb ki, bu xatirat hekayəyə çevrilməsin. Belə mətnlərdə çox vaxt finala ümid bağlayırsan ki, müəllif çulunu sudan çıxarsın. “Brus Li” hekayəsinin finalı da tam bir fiaskodur. Razıyam ki, yazıçıdan xüsusi bir ideya tələb etmək doğru deyil, yəni bu olmaya da bilər və kifayət qədər belə nümunələr var. Axı bu tərəfdən baxanda da atmosfer bəlli olmur. Bir az kobud səslənə bilər. Amma mən bu mətnin niyə qələmə alındığını və nə üçün yayımlandığını başa düşmədim.

Qafar Rüstəmovun bu xatiratının hekayəyə çevrilməməyinə baxmayaraq, bir halda yaxşı təsir bağışlaya bilərdi ki, o bu söhbəti yaxşı danışa bilsin. Təəssüf ki, məzmunsuzluğu ilə yanaşı, mətnin redaktə xətaları həddindən artıq çoxdur. Salamat cümlə tapmaq qəlizdir.

“Səməd məndən iki yaş büyük olsa da, bir sinif yuxarıda oxuyurdu. Mən dörd, o da beşinci sinifdə idi. Kəmsavadlığı müəllimləri təngə gətirmişdi, axırda bir il sinifdə qalmışdı”.

Mətn ilk üç cümləsindən oxucunu çimçindirir. Bir cümləlik söhbəti üç cümlə ilə ifadə etməyin adı, ən yaxşı halda, uzunçuluqdur. Məsələn, müəllif belə yaza bilərdi: “Səmədlə iki yaş fərqimiz olsa da, bir il sinifdə qaldığından o, beşinci, mən isə dördüncü sinifdə oxuyurdum”. Heç bu da tam kamil versiya deyil... Bəzən elə cümlə olur ki, düzəltmək mümkün olmur, sadəcə, aciz qalırsan... Bizim redaktə prosesinə yaramayan mətnlərimiz günü-gündən çoxalır...

“Yeni sinifə öyrəşə bilmirdi, daha doğrusu, qüruruna sığışdıra bilmirdi”.

Bir dənə də “bilmirdi” yazsaydı, tam olardı, ikisi azdır... Məgər bu təkrarlar danqıldanan qazanın sabit və kəsilməz səsi kimi müəllifin qulağını döyəcləmirmi? “Qüruruna sığışdıra bilmirdi...” Mətn belə klişelər əlindən dad edir...

Səməd Könül adlı qıza məktub yazıb eşq elan edir, sonra da soruşur: “Az, məktubu oxudun?” Könül də ona “hə” cavabı verir. İndi məktəblərdə məktub yollamaq məsələsi bitib. Lap yollasa belə... Axı məktub yollayacaq qədər saf və təmiz hissləri olan, emosional 5-ci sinif şagirdi qıza “az” deməz... Heç Səməd də göründüyü qədərilə saf, təmiz, emosional deyil, hozu uşaqdı... Yaxud məktub yollayıb “hə” cavabı alan oğlan qızı ədəbiyyat otağına salıb intim şeylər fikirləşməz. Bizim bu Sənan görün nə edir:

“Dedim, az, məktubu oxudun? Gördüm gülür, bilirsən də, hırıldamağı var e, onun kimi. Bildim ki, bu artıq mənlikdi. Gördüm, ədəbiyyat sinifi boşdu, ətrafda da heç kim yox, dedim, gəl ardımca. Əvvəlcə mattım-mattım baxdı. Sonra ardımca gəldi. Qardaşın nə hoqqa qayırdı içəridə!

Səmədin xəyal dünyasındakı sevişmə səhnələrini əzbərləmişdim. O, qızı qucaqlayır, öpür, qız da Hindistan filimlərindəki kimi kənara qaçıb ona tərəf baxır. Sonra yenə Səməd onu qucaqlayır və bu dəfə dodaqlarından öpür. Belə səhnələri təkrar-təkrar danışmaqdan yorulmurdu”.

Bu ziddiyyətli məqamlar imkan vermir ki, mən Səmədi tanıyım, onun xarakterinə bələd olum. O, saf uşaqdımı, ya çoxbilmiş və fəndgirdimi? Qızı ədəbiyyat otağına aparıb öpən Səməd anasının Xanışla sevişməyini başa düşmürmü? Ümumiyyətlə, Səməd keydi, ya özünü keyliyə vurub?..

“Səmədin atası üç il əvvəl vəfat etmişdi. Anası və bir qardaşı ilə təkbaşına qalmışdılar”.

Evdə üç nəfər adam qalıb. Qardaşı da Səməddən böyükdü. Üç nəfərlə təkbaşına qalmaq olur? Ata-ana qəzaya düşüb öləndə deyirlər, uşaq təkbaşına qaldı. Yaxud, cavan gəlin uşağı olmamış dul qalanda təkbaşına qalır. Qafar bəy isə yazır ki, anası və bir qardaşı ilə təkbaşına qalmışdılar. Artıq təkbaşına olmur, “üçbaşına” olurlar. Yaza bilərdi ki, arxasız, köməksiz qalmışdılar və s.

“Sənə deyim, elə onun öhdəsindən o uşaqlar gələcək. Yoxsa kimdi onun əlin-ayağını yığan, abırsız şeydi. Kəndin ortasında elə gəzir, elə bil belə də olmalıdır. Yazıq Xanhüseynin ona görə ürəyi partladı, bu işə hansı ər dözər”.

O? Yəni nə? “O” nədir? Mətndə belə mücərrədlik yaradan işarə və şəxs əvəzlikləri bir-birini müşahidə edir...

“Mirhəsən kişi qoca arvadı ilə tənha yaşadıqlarına görə həyət-bacalarındakı otları təmizləyə bilmirdilər”.

Necə oldu tənhalıq? Axı onlar iki nəfərdilər. Tənha "tək" deməkdir. Mirhəsən kişi tək yaşasaydı, yaxud arvadı tək yaşasaydı, olardı tənha...

“Bu suala cavab vermək üçün çoxdandır hazırlaşırmış kimi ard-arda uzun bir hekayə danışmışdı”.

Mış kimi, dığı kimi... Olurmuş kimi, olduğu kimi... Çox pis ifadədir. Bir neçə müəllifdə rast gəlirəm. Bədii təsvir və ifadə vasitələrindən istifadə etmək naşılığıdır bu... Müəllif yazır ki, ard-arda uzun bir hekayə danışmışdı. Ard-arda cəmlik bildirir. Yazsaydı ki, ard-arda hekayələr danışmışdı, bu, başadüşülən olardı. Sənan isə atasının ölümü ilə bağlı cəmi bir əhvalat danışır. Ard-arda hekayələri görmürük...

“İlan mələyən bu həyətdə hər cür dadlı meyvələr bitirdi”.

İlan mələyən deyəndə, quraqlıq, şoranlıq, susuzluq, kölgəsizlik başa düşülür. Bu həyətdə necə ilan mələyir ki, hər cür dadlı meyvə bitir. Deməli, su boldu, ağac çoxdusa, kölgəlikdi və torpaq da bərəkətlidi...

“Heyvanı hərrə dişlərinə sancanda meyvənin suyu fırçıltıyla ətrafa sıçradı”.

Heyva armud-zaddı suyu sıçrasın? Qafar bəy heyva yeyəndə suyu fırçıltıyla ətrafa sıçrayır? O belə heyvanı harda görüb? Niyə o heyvadan Azərbaycanda bitmir? Mənim dünyagörüşüm çatmır bu cümləni başa düşməyə...

“Heyvadan bir dişləm daha götürüb gülməyə başladı”.

“Dişləm” sözü ilə ilk tanışlığım bu mətndə oldu. Yəqin, dişlək olar... Lap olsun, dişləm. Tutaq ki, belə deyənlər də var... Cümlənin quruluşca naqisliyi bu sözü tez gözə soxur. “Daha” sözü yerində deyil...

Bunlardan əlavə, dialoqlar qurama, sünidir, canlı danışıq dilinə yaddır. Əl-əlxüsus da, 4-cü və 5-ci sinif uşaqlar heç vaxt bu cür danışmazlar.

Bu mətni oxuyandan sonra belə düşündüm ki, bəlkə də, Qafar Rüstəmov uzun illərdi xaricdə yaşayır, Azərbaycana təzə gəlib və bu dildə danışmağa, oxumağa yeni başlayıb.

Müəllifə uğurlar!

# 1169 dəfə oxunub

Oxşar xəbərlər

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #