Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."
7 avqust 2025
# 12:10

Kulis.az Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın "Elçinə ağı" yazısını təqdim edir.


Mərdəkanda bağ evindəyəm. Məzuniyyətimin ilk günüdür. Telefon zəngi. Telefon dəstəyindən qulağımı ilan kimi çalan acı xəbər: Elçin Əfəndiyev vəfat edib.

Şok xəbər hafizəmdə möcüzəvi bir sürətlə xatirələri canlandırır. Tələsdirilmiş kino kadrları kimi, bütün ötənlər bir an içində gözümün önündən keçib gedir - 60 il birgə yaşanılmış ömrün səhifələri...

Azərbaycan rayonlarına, azad olunmuş Şuşaya birgə səfərlərimiz, Moskvada, Kislovodskda, Parisdə, İstanbulda, Ankarada keçən unudulmaz günlərimiz. Atamı, anamı itirdiyim ağır günlərimdə Elçini yanımda görməyim, İlyas müəllim rəhmətə gedəndə Elçinin yanında olmağım, Rəsul Rzayla İlyas Əfəndiyevin xoş münasibətlərindən başlayan, İlyas müəllimin anam Nigar Rəfibəyli haqqında son dərəcə səmimi yazısından keçən iki ailənin məhrəm ünsiyyəti, hər xoş məclisimizdə, balalarımızın, nəvələrimizin toylarında, nişanlarında, Elçinlə mənim, Nüşabə xanımla Zemfira xanımın yanaşı oturmağımız, qızlarımızın - Günayla Günelin mehriban dostluğu və daha nələr, nələr... Cavanlığımızda demək olar ki, hər gün görüşürdük, son illərdə ayda iki-üç dəfə görüşüb nahar edirdik. Başqa heç kəslə bölüşə bilmədiyimiz məhrəm söhbətlərimizi unutmaq olarmı?

Və bu iki-üç saat ərzində hər yarım saatdan bir Günayın, Humayın, Aysunun Elçinə telefon zəngləri, Elçinin də həmişəki cavabları: - Anar əminlə oturub çay içirik - bütün bunlar və neçə-neçə başqa unudulmayacaqlar an içində gözümün qarşısından keçib gedir. Əlbəttə, iki yazıçının əsas ünsiyyət səbəbi - ədəbiyyatdır. Hər yeni yazımızı ilk növbdə bir-birimizə oxuyardıq, ya oxumağa verərdik. Bütün bunların bir daha təkrar olunmayacağını düşünmək ağırdır. Çox ağır.

Vaxtiylə Elçinə həsr etdiyim şeirdə belə misralar var:

Ömrün mənası nədir,

belə qısadır neçin?

Mən ki bunu bilmədim,

sən bilirmisən Elçin?

Mən hələ də nə ömrün mənasını, nə belə uzun ola-ola belə qısa olmasının səbəbini anlaya bildim. Elçin bilirdisə bu sirri özüylə apardı.

Ədəbiyyatımız böyük nasiri, dramaturqu, tənqidçini, ictimai-siyasi həyatımız mötəbər şəxsiyyəti, yaxınları qayğıkeş ailə başçısını, mən bizim nəsildən olan dostlarımdan sonuncusunu itirdim.

Bunu düşünmək və bu sözləri yazmaq ağırdır. Məntiqə görə, bu vida sözlərini mənim haqqımda məndən beş yaş kiçik olan Elçin yazmalıydı. Amma Əcəlin öz izaholunmaz cədvəli var.

Riyakarlıq edib "itirdiyim dostlarımla, Elçinlə tezliklə görüşməyi arzulayıram" demək istəmirəm.

Hər şeyə rəğmən, yaşamaq istəyirəm. O sıradan qeyd etdiyim munis insanları, yaxınlarımı yaddaşımda, qəlbimdə, yazılarımda yaşatmaq üçün yaşamaq istəyirəm.

Əlvida, Elçin, əlvida, dostum, qardaşım.

3 avqust 2025

# 493 dəfə oxunub

Oxşar xəbərlər

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
"Özünü bakılılara bənzətmək cəhdi..." - Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

"Özünü bakılılara bənzətmək cəhdi..." - Rayon yerində kitab dili ilə danışanları niyə ələ salırdılar?

16:00 6 avqust 2025
"Aquaman" filminin ulduzu ölümdən qayıtdı

"Aquaman" filminin ulduzu ölümdən qayıtdı

14:00 6 avqust 2025
"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi

"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi

13:43 6 avqust 2025
"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun

"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun

12:00 6 avqust 2025
Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər