Ərəb turistlərin etdiyi tərbiyəsizlikərin səbəbi nədir? - "Bizi sevmək məcburi deyil, amma..."

Ərəb turistlərin etdiyi tərbiyəsizlikərin səbəbi nədir? - "Bizi sevmək məcburi deyil, amma..."
18 avqust 2025
# 12:15

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

Dünən ərəb turistlərin Şəhidlər Xiyabanında çəkib paylaşdıqları və bir növ, təhqiramiz formada lentə aldıqları videonu sosial şəbəkələrdə yəqin ki, hamı təəssüf və qəzəb hissi ilə izlədi.

Ümumilikdə baxanda, ölkəyə turistlərin gəlməsi, əlbəttə, çox sevindirici haldır. Ölkənin statusunun, yüksək səviyyədə tanınmasının ən optimal variantlarındandır. Amma mən hələ indiyədək görməmişdim ki, hansısa turist gedib bir ölkədə o ölkə üçün, o xalq üçün canından keçən şəhidlərin məzarı üstə təlxəklik, alçaqlıq edərək belə bir addım atsın.

Məsələ, sadəcə, şəhid məzarı olması deyil, bu, hər hansı bir adamın da məzarı ola bilər. Ümumbəşəri dəyərlər var ki, onlar hansı ölkədə, hansı xalqın nümayəndəsi olmaqdan asılı olmayaraq eyni əhəmiyyəti daşıyır. Yəni ümumiyyətlə, ağlı başında olan normal insanlar kimlərinsə son mənzilinə sayğı göstərməyə borcludur.

Amma söhbət 30 ildən sonra 44 gün ərzində torpaqlarını işğaldan qurtaran bir xalqın şəhidlərindən gedirsə, bu sayğı birə min olmalıdır. Mənə maraqlıdır, adi gigiyenik qaydalara əməl etməyə belə mədəniyyəti çatmayan bəzi ərəb turistlərin, ümumiyyətlə, Şəhidlər Xiyabanında nə işi var? Əgər gedib hörmətlə ziyarət edib çıxmaqdırsa, bunu milli dəyərlərimizə sayğının göstəricisi olaraq qəbul edə bilərdik, amma gedib məzarların önündə meymunluq edəndə, doğrudanmı düşünmürdülər ki, xalqın heysiyyəti ilə oynayıb cəzasız qalacaqlar?

Bizim ölkəmizə gələn turistlər mənəvi dəyərlərimizə hörmət etməyəcəksə, bizə nə belə turist, nə də onların "milli iqtisadiyyatımıza olan qatqısı" lazımdır!

Dövlət daxilində ictimai asayiş, başa düşürük ki, polisin və güc sturkturunun məsuliyyətidir. Və Azərbaycan polisi operativ şəkildə əməliyyat keçirərək onları müəyyənləşdirib lazımi tədbirləri həyata keçirdi. Amma mənə maraqlı olan digər bir məqam da var: Orada heç bir vətəndaş yox idimi bu yerini bilməyənləri o müqəddəs məkandan qovsunlar? Axı milli heysiyyət məsələsində hər bir vətəndaş məsuldur. Əslində, bu sual məni daha çox düşündürür.

Azərbaycan xalqı hər zaman qonaqpərvərliyi və tolerantlığı ilə fərqlənib. Lakin, bu qonaqpərvərlik, təəssüf ki, bəzi xarici qonaqlar tərəfindən bax beləcə - mənasız, hətta alçaldıcı şəkildə sui-istifadə olunur. Şəhidlər Xiyabanında çəkilən hörmətsiz videolar kimi hallarda açıq-aşkar görülür ki, bəzi “qonaqlarımız” ölkəmizin milli dəyərlərinə, tarixinə və ən müqəddəs məkanlarına hörmətsizlik edir.

Belə halların baş verməsi yalnız həmin şəxslərin mədəniyyətsizliyi deyil, eyni zamanda bizdə zəif ictimai nəzarət və təlimat sisteminin də mövcudluğunu göstərir. Biz ölkəmizə gələn hər bir qonağın, milli adət-ənənələrimizi və müqəddəs yerlərimizi hörmətlə qarşılamasını təmin etməliyik.

Xaricilərə qarşı sərgilədiyimiz qonaqpərvərlik onların hərəkətlərində sərbəstlik anlamına gəlməməlidir. Əgər biz milli dəyərlərimizi qorumaqda aciz qalsaq, özümüz özümüzə hörmət etməsək, onda kim bizə hörmət göstərəcək? Şəhidlərimizin qanı ilə müqəddəsləşən məkanlara qarşı bu cür alçaq davranışlara göz yummamaq və sərt tədbirlər görmək hər bir vətəndaşın borcudur.

Keçən il Qız Qalası yaxınlarında dostlarımızla gəzəndə bir neçə ərəb turist oradan keçirdi. Anidən nədənsə dönüb birbaş qalanın girişindəki qapını elə dartdılar ki, elə bil basqına giriblər. Nə yalan deyim, o an çox istədim, Babək çıxa ordan, qılıncını zərblə endirə bunların başına... Biz, əlbəttə ki, lazım olan müdaxiləni etdik, başa saldıq, üzr də istədilər.

Şəhərin ən eleqant küçələrində gəzəndə qışqıra-qışqıra danışan, pulları ilə hər şeyi edə biləcəklərini düşünən, qoruqlarda qırmızı kitaba düşən heyvanları ovlayan, Şəki Xan Sarayında bələdçi “No photo” deyə dəfələrlə xəbərdarlıq etsə də, qulaq asmayanların insan olduğuna şübhəm var. Belələri müəyyənləşdirilib adları qara siyahıya salınmalı, ölkədən ömürlük deport olunmalıdır ki, sayğısızlıq potensialı daşıyan digər turistlər də dərs alsın, gəldiyi ölkənin qanunlarına da, milli dəyərlərinə də hörmət etsinlər...

Bizi sevmək məcburi deyil, amma milli dəyərlərimizə hörmət etmək məcburidir...


# 635 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi “Nu, poqodi!”nin Canavar və Dovşanı "məktəbli" oldu

Əfsanəvi “Nu, poqodi!”nin Canavar və Dovşanı "məktəbli" oldu

14:08 18 avqust 2025
Tanınmış reper həbs olundu

Tanınmış reper həbs olundu

13:45 18 avqust 2025
Hollivud ulduzu vəfat etdi

Hollivud ulduzu vəfat etdi

13:25 18 avqust 2025
Azərbaycan Budapeştdə keçirilən  Beynəlxalq Xalq Yaradıcılığı Festivalında

Azərbaycan Budapeştdə keçirilən Beynəlxalq Xalq Yaradıcılığı Festivalında

13:10 18 avqust 2025
Fərid Hüseynin kitabı Şimali Makedoniyada təqdim edildi

Fərid Hüseynin kitabı Şimali Makedoniyada təqdim edildi

13:00 18 avqust 2025
Molla Vəli Vidadinin nəticəsi, dörd müharibənin şahidi, üçünün içtirakçısı olan azərbaycanlı general

Molla Vəli Vidadinin nəticəsi, dörd müharibənin şahidi, üçünün içtirakçısı olan azərbaycanlı general

12:40 18 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər